17 Eylül 2018 Pazartesi

Mart Menekşeleri - Sarah Jio



🔹️Sarah Jio
🔹️Amerika ədəbiyyatı
🔹️336 səhifə
🔹️Qiymət 4/5

   Bu əsər Sarah Jiodan oxuduğum ikinci əsərdir.  İki roman arasındakı bənzərliklər məni təəccübləndirsə də, əsər maraqlı mövzusu ilə yenə də könlümü çaldı.
 
   Hər iki əsərin baş qahrəmanı bir qadındır və  aldıqları zərbə ilə  həyatdan küsmüş, özləri ilə baş-başa qalmaq, bir az olsun uzaqlaşmaq üçün müvəqqəti olaraq başqa bir əyalətə səyahət edirlər : hər ikisi Nyu Yorkdan  Seatle ştatına, hər ikisi dənizlə iç-içə bir qəsəbəyə... Və hər ikisi köhnə bir günlük tapırlar və yenə nə maraqlı bir təsadüfdür ki, hər iki günlüyün sahibləri bir zamanlar müəmmalı bir şəkildə qeyb olmuş eşq qurbanı qadınlardır. Və hər iki əsərin baş qəhrəmanı bu müəmmanı araşdırarkən sonda,  sirr pərdəsini aralaya bildikləri hadisələr ilə bu yolda bərabər irəlilədikləri və aşiq olduqları adamın bağını ortaya çıxarırlar. Sizcə də yetəri qədər bənzərlik yoxdurmu?

   Sarah Jio bestseller bir yazıçı kimi sadəcə
Amerikada tanınmır, o bir çox ölkələrdə də sevə-sevə oxunan və təqdir edilən bir yazıçıdır. Bu qədər məşhur bir yazıçının bu şəkildə özünü təkrar etməsi məni xəyal qırıqlığına uğratdı, doğrusu. Ən maraqlı məqam isə oxucuların bunu görməməsi və ya görmək istəməməsi. Müasir oxucuların zövqü və maraq dünyası qəribə gəlir mənə.

   Bu məqamda bir düşüncəmi sizinlə bölüşmək istəyirəm. Eyni zamanda fərqli dövrlərin ədəbiyyat nümunələrini oxuyan biri kimi bunu müşahidə edirəm: artıq yazıçılar obrazların daxili aləminə çox enməyə, onların hadisələr qarşısındakı ruh halətini dərindən analiz etməyə, hadisələrin dövr etdiyi zamanı, yeri geniş təsvir etməyə ehtiyac duymurlar. Müasir dövrdə bir çox əsərlər sırf hadisə yüklüdür - tez-tez dəyişən səhnələr keçir gözlərimizin önündən. Çünki müasir oxucu bunu tələb edir. Artıq heç kim uzun-uzun düşündürücü, xəyala daldırıb təsəvvür etdirici yazı oxumaq istəmir. Bu məni çox təəssüfləndirir. Çünki artıq romanlar bol hadisələrlə yüklənərkən, ədəbi-bədii estetikasını itirirlər. Artıq bir zamanlar əsərlərdə bədiiliyin əsas göstəricisi sayılan bədii təsvir vasitələri demək olar ki, yox səviyyəsindədir. Yalnız bu da deyil. Romantiklik bəsitləşib, eşqin aliliyi, ülviliyi unudulub. Sevgi artıq bir neçə dəfə yaşanıla bilən bir duyğu səviyyəsinə endirilib. Sayılası hələ o qədər çox şey var ki... Bunu başqa bir yazıda ələ alsaq daha məqsədəuyğun olar deyəsən.
 
   Sarah Jionun bu əsərini də, yazıçını sevənlər məndən inciməzlərsə, bədii cəhətdən kasad olaraq dəyərləndirsəm də, təkrar olmağına baxmayaraq mövzusunu  maraqlı hesab edirəm. 

   Novellavari, sirli, bir neçə nakam eşqi içində ehtiva edən hadisələr toplusu;
Peşmanlıq, sevgi, ümid, xatirə və hüzün dolu bir əsərdir " Mart bənövşələri".

   Sarah Jionun digər əsərlərini də eyni bənzərliklə qarşılaşmayıb, bambaşqa hekayələr oxuyacağımı ümid edərək oxumağa davam etməyi düşünürəm.

2 yorum:

  1. Sarah Jio kalemini sevdiğim yazarlardan biridir.
    Böğürtlen Kışı ile onunla tanışmıştım. Diğer kitaplarını okuma fırsatım olmadı. Ama en kısa zamanda diğer kitaplarını da okumayı istiyorum. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Mən də cəmi 2 kitabını oxumuşam. Digərlərində də mövzu bənzərliyi varmı bilmirəm. Siz də oxuduqdan sonra bu bənzərlikləri hiss edəcəksinizmi, maraqlıdır mənim üçün.

      Sil