27 Eylül 2018 Perşembe

Toy paltarı (Hekayə)



   İki gün idi həyəcan və sevincindən yata bilmirdi. İki gün idi hər yatağa uzandığında gedəcəyi toyun xəyalını qururdu. 

   Orada yaşıdları ilə edəcəyi rəqsi, hər zaman heyranlıqla izlədiyi  həmin günün qəhrəmanı bəyaz mələk kimi görünən gəlini, şux geyimli bəyi düşünürdü.
   
   Həmişə bir şey maraqlı gəlirdi ona, necə olur bütün toylarda ən gözəl qız gəlin, ən yaraşıqlı oğlan isə bəy olur.

   Ağ gəlinlik necə də gözəl libas idi, ilahi! Bəzi qızlar toyda belə balaca gəlinlik geyinərdilər. Və balaca gəlin kimi onlar da rəqs meydanında süzərdilər. Həmişə onlara qibtə ilə baxardı. Ax bircə belə bir gəlinliyi olsa! Heç olmasa bircə dəfə toyda belə gəlinliklə o da yaşıdları ilə rəqs edə bilsə...
 
   Elə bu vaxt iki gündür duyduğu sevincini acılaşdıran bir həqiqət düşdü yadına...

   Bu toy indiyənəcən getdiyi toylardan fərqlənirdi. Çünki o həmişə kənddə həyət toylarında olmuşdu. İndi isə ilk dəfə şadlıq evində baş tutacaq bir toya gedəcəkdi.
  
   Belə toylar haqqında o kənddən bəzi qohumlarının toyuna gəlib qayıtmış qızlardan eşitmişdi. Çox böyük, bərli-bəzəkli bir saray olduğunu, yerlərin xalı-xalça ilə döşəli, masalara hər cür naz-nemətin düzüldüyünü demişdilər.

   Bu balaca qızcığazın həyacanını daha da artırıdı. O zamanlar qızları dinləyərkən atasının bir neçə ay sonra kənddə ailəsini dolandıra bilməyəcəyini anlayıb, kəndin bir çox sakinləri kimi onları da götürərək şəhərə köçəcəyi və belə bir şəhər toyunda özünün də iştirak edəcəyi qəti ağlına gəlməzdi. 

   Burda qohumlarından birinin iki otaqlı köhnə bir evində ucuz qiymətə kirayə qalırdılar. Atası yeni tikilən binalarda fəhlə işləyirdi. Qazancı evin kirasına və yeməklərinə ancaq yetirdi. Ona görə də kənddən gələndən bir dəst belə olsun təzə paltar alınmamışdı- nə ona, nə də özündən balaca qardaşına... 

   Toy dəvətnaməsi onlara veriləndə çox sevinən qızcığazın əksinə, ata-anasının simasında nədənsə məyusluq peyda olmuşdu. Və qızcığaz bunun səbəbini heç cür anlaya bilmirdi. Axı toya gedən hamı sevinməli, gülməlidir.

   Anasından toy üçün ona nə zaman paltar alacaqlarını soruşanda anası kədərli bir üz ifadəsi ilə onu başa salmışdı ki, hal-hazırda onların yeni bir paltar almağa imkanları yoxdur. Keçən il məktəb üçün alınan ətək və köynəyi yuyub, ütüləyib səliqəli halda ona geyindirəcəyini və bununla çox gözəl görünəcəyini həvəslə anlatmağa çalışmışdı üstəlik.
   İçində etirazlar dolub-daşsa da anasının qəmli siması susmağa məcbur etmişdi qızcığazı. Dinməmişdi. Səssizcə başını yelləmişdi, razılıq əlaməti olaraq.
   İndi hər kəsin al-əlvan geyinərək gələcəyi toya yeganə nisbətən təzə qalmış ağ köynək, qara ətəkdə gedəcəyini düşündüyündə ürəyi sıxılırdı. Amma bunu dəyişdirəcək heç bir gücün olmadığını da bilirdi.
   Beləcə iki gün çox gec də olsa keçib getdi və toy günü yetişdi. Anasının geyindirdiyi paltarda özünü çox yaxşı hiss etməsə də toyun həyəcanı ona unutdururdu hər şeyi. 

   Gedəcəkləri şadlıq sarayını və ümumiyyətlə, şəhəri çox yaxşı tanımadıqları üçün digər əqrəbalar kimi onlar da uzaq bir qohumlarının evlərində toplaşıb oradan gedəcəkdilər toya.
   İndi bayaqdan əynində son dərəcə gözəl bir toy paltarında güzgünün qabağında əyləşib saçını bəzəyən anasına göstəriş verən ev sahibinin onunla eyni yaşda olan qızına tamaşa edirdi. Qız necə də gözəl görünürdü! Ətəyi qat-qat olan mavi uzun libası parıldayırdı, anasının saçına düzdüyü bəyaz və mavi çiçəklər qızı daha da gözəlləşdirirdi. 

   Ara-bir güzgüdən özünə də boylanırdı.  Anası uzun şabalıdı saçlarını yuxarıdan yığmışdı.  Qara sıx kipriklərin çevrələdiyi mavi gözləri gülürdü güzgüdən ona. Əslində heç də pis görünmürdü.  Amma heç olmasa başqa rəngdə olsa idi kaş ki paltarı...
   Bu vaxt qonşudakı nadincliyi və boşboğazlığı ilə tanınan təxminən onlarla eyni yaşda olan qız da gəldi, ev sahibi qızın paltarlarına baxmaq üçün.
Bəh-bəhləyib qızı təriflədikdən sonra, üzünü qızcığaza döndərib başdan ayağa-süzdü onu. Təəccüblü bir üz ifadəsi ilə: "Bəs sən niyə geyinmirsən?"- deyə soruşdu. Qızcığaz tutuldu, yanaqları allandı, bir şey demək istəsə də bacarmadı, sadəcə çiyinini çəkdi. Arxadan ev sahibi qızın nəsə işarə etdiyini hiss elədi. Qonşu qız gözlərini bərəldib "Aaa bununla gedəcək toya?" - dedi, təəccüb içərisində. Qızcığaz artıq burada dayana bilmədi. Dolan gözlərini hər kəsdən gizlətməyə çalışaraq qonşu otaqda digər qohumlarla söhbət edən anasının yanına gedib onun böyrünə qısıldı.
   
   Artıq axşam olacaq toyun dadı qaçmışdı onun üçün. Qəlbinin dərinliklərində bir şeylər qırılmışdı. Amma yaşının azlığına görə nə hiss etdiyini dəqiq anlaya bilmirdi.
Toyun vaxtı isə artıq sürətli bir şəklidə yaxınlaşırdı. 

   Nəhayət, gözlənilən ən son qohumları da gəlib çıxdılar. Nisbətən imkanlı olan bu ailənin gəlişi də digərlərindən fərqlənirdi. Xarici maşınla həyətə girəndə siqnal səsi ilə gəlişlərini elan etdilər. Maşından düşən iki balaca qız evə tərəf qaçdılar. Bizim qızcığaz isə qapıda dayanıb al-bəzəkli geyinmiş bu qızları heyran-heyran seyr edirdi. Qızların ona tərəf gəldiyini və ona nə isə deməyə çalışdıqlarını çox gec anladı. Çünki gözləri başqa, xəyal və düşüncələri başqa dünyada idi. 

   İlkin olaraq çox vaxt soyuq davranan bu qızların indi ona nəsə deməyə çalışarkən üzlərindəki həyəcan və sevinc qəribə gəldi qızcığaza. Sonra nə dediklərini dərk eləməyə çalışdı. Amma hələ də nədən söhbət getdiyini tam anlaya bilmirdi. Ta ki, qızların arxasından gələn analarının əlində tutduğu asılqandan asılmış bənövşəyi rəngli paltarı görənəcən. Bir anda qulaqları uğuldadı, yerində donub qaldı. Anasının minnətdarlıqla dil-ağız etməsi, onu da təşəkkür etməsi üçün arxadan dümsükləməsi ilə qız artıq nələr baş verdiyini anlamağa başladı. Heç gözləmədiyi insanlardan, heç gözləmədiyi bir hədiyyəni, heç gözləmədiyi bir zamanda alması ilə  uşaq ağlı qarışsa da böyük bir sevinclə geyindi paltarı. Tam istədiyi kimi, sevdiyi rəngdə və ətəkləri qat-qat olan bu libasda o bütün gecə toyun ən gözəl qızı kimi hiss etdi özünü. 

   Və əslində hər şeyi bir anda dəyişə biləcək bir gücün var olduğuna inandı. Ömrünün irəliləyən illərində çox az münasibətləri olan bu qohumlarla gözlənilməz hədiyyəni göndərən əsl Rəhmət Sahibinin varlığını dərk etdi... Və həyatının çətin dövrlərində, tam da gücünün tükəndiyini hiss etdiyi zamanlarda O'nun inayət və kərəmini bu şəkildə dəfələrlə gördü... Maddi, mənəvi ehtiyacı olanlara Rəhmətin vəsiləsi olmağı da heç bir zaman unutmadı...
***
Qeyd: Hekayə janrında qələmimi yoxlamaq istədim.😊 Əslində yaşanmış bir hadisənin bədiiləşmiş şəklidir oxuduğunuz.  İlk olduğu üçün qüsurları da vardır mütləq. Sizcə bir şey alınıbmı? Fikir və düşüncələriniz çox maraqlıdır mənim üçün. Yazın ki, bilim. Sevgilər ❤

4 yorum:

  1. Cox maraqli alinmiw qusurda gormey istemesek gormerik eslinde ������

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm bloqumu ziyarət etdiyiniz və dəyərli düşüncələrinizi mənimlə paylaşdığınız üçün. Cansınız😊💓

      Sil
  2. Çox incə, çox zərif bir hekayədir. Qələmindən çıxan yazıları onsuzda çox sevərək oxuyuram, bu isə fərqlidir. Mən oxuduğum əsərlərdə nəsə öyrədici bir şeyin olmasına çox diqqət edirəm. Bu hekayədə həm ədəbi ifadələr, həm də vermək istədiyi mesaj çox gözəl idi. Məncə başa düşən üçün dünyalar gizli idi bu hekayədə...

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm. Kitab oxumağa önəm verən və sevən biri olduğuna görə fikirlərin mənim üçün çox dəyərlidir. Bəyənmənə sevindim.😘

      Sil