Karabakh is Azerbaijan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Karabakh is Azerbaijan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

25 Kasım 2020 Çarşamba

Qarabağım!

 

   Müharibə gedən dövrdə düşüncələrim, ruh halım sadəcə mövcud vəziyyətə fokslanmışdı. Və bu günlərdə əvvəllər aradabir üzünü göstərən ilham pərisi ilə tez-tez görüşəsi oldum.😊 Şeirlərimi ara-ara qeyd edəcəm bura. Vətən qoxulu, birlik, qəhrəmanlıq, qələbə soraqlı bu dəyərli günlərdən xatirə qalsın deyə.


Qarabağım!

Qarabağım, mənim dərdli torpağım,

Necə qismət yazılıbdır bəxtinə?!

İllər boyu oldun düşmən tapdağı,

Bütün dünya durdu sanki qəsdinə.


Görmədilər, duymadılar dərdini,

Baxmadılar nisgilli həsrətinə.

Dağıtdılar, pozdular sərhəddini

Necə dözdün bəs bu qədər çətinə?!


Gözləmişdik illərlə sülh umaraq,

Qulaq verdik, nəhayət ki, səsinə. 

El bir oldu sənin üçün, Qarabağ,

El sel oldu axdı düşmən üstünə.


Bir bayraq altında birləşib qalxdıq

Yumruq olub zərbə vurduq düşmənə.

Can verib uğruna  biz qan axıtdıq

Halalımız, haqqımızdır qələbə!


Umman Aslan 

10/2020

30 Ekim 2020 Cuma

Buna ürək dözmür axı... 🥀



   Çox istəyirəm, canım oxucu, normal yazılarıma dönmək, yığınla yayımlanmağı gözləyən kitab yorumlarımı paylaşmaq istəyirəm. Amma əlim getmir, duyğularım heç cür əl vermir. Vətənin bu günündə normal yaşayırmış kimi davranmaq olmur. 

   Bilirsənmi, böyük coşğu ilə başlayan qələbə sevincləri artıq kölgədə qalır... Hər gün canlar gedir, igid-igid oğullar, balasının üzünü görməyən atalar, çiçəyi burnunda yeni evli gənclər gedir... Vətənin başı sağ olsun, qansız torpaq alınmır deyib qəlbimizə daş basırıq... 

   Amma bir də günahsız körpələr gedir, heç nədən xəbərsiz məsum uşaqlar gedir... Bax buna artıq ürək dözmür... Döyüş meydanından çox-çox uzaqlarda ata-anasının qoynunda mışıl-mışıl yuxusunda ikən cənnət quşu olan uşaqların acısına, hər iki valideynini itirib yalnız qalan, hıçqıra-hıçqıra əlacsız qohumlardan onların geri gəlməsini istəyən körpələrin ahına ürək dayanmır... 

   Düşmənin namərdliyinin, murdarlığının dönə-dönə şahidi olmaqla ümid edirəm ki, qəlbi təmiz unutqan xalqım bu vəhşiliyi heç vaxt yaddaşından silməyəcək... Sadəcə qisasını alaraq deyil, bütün gələcək nəsillərə bu nakişi düşmənlərin əməllərini xatırladaraq bir daha heç bir yolla mənfur qonşuya etibar etməyəcək, heç bir zaman onlara aman verməyəcək...




 Səsləməyin artıq məni

Oyanmaq istəmirəm

Hər səhər bacımla oyanırdım mən,

Anam öpərdi üzümdən...

Atam qucağına alardı,

Saçlarımı oxşardı,

Bacım mənsiz ağlardı.

Yuxumda yenə oynayırıq

Odur ki, oyatmayın məni, 

Qoyun oynadım Mədinəni...


Susdurmayın məni, ağlamaq istəyirəm, 

çığırmaq istəyirəm...

Bəlkə anam eşidər, 

bəlkə lap geri dönər...

Axı o bilir ondan ayrı darıxıram...

Onsuz heç yanda qalmıram...

Susdurmayın, qoyun ağlayım...


Aparmayın məni, mən qalmaq istəyirəm...

Axı mən böyümüşdüm, məktəbə başlamışdım...

"Karona" dedilər, "xəstəlik" dedilər, düz-əməlli gedə bilmədim...

Yarım qaldı məktəbim...

Bilirəm, daha gözəl yerə aparırsınız...

Amma məni məktəbimdən ayırırsınız.

Aparmayın, 

qoyun qalım...


Umman Aslan


13 Ekim 2020 Salı

Xalqımla fəxr edirəm!

   Bu günləri heç bir zaman unutma, əziz dost! Necə bir xalqın nümayəndəsi olduğunu fəxr və qürur hissi ilə həmişə xatırla. 


   Belə bir birlik, belə bir vətənpərvərlik dünya tarixində nə görülüb, nə görüləcək. Bir ananın övladı kimi bir-birinin arxasında dayanıb millətimin hər bir fərdi. 


   Bu günlərdə nə şəxsi arzular qaldı, nə şəxsi sevinclər, nə də şəxsı acılar. Bütün xalqın dərdi də, kədəri də, amalı, sevinci də ortaqdır artıq. Bir ürək olduq vətən üçün döyündük, bir yumruq olduq düşmənin başına endik... Biz belə millətik! 


   Bir an belə düşünmədən atasını - anasını, sevdiyini, evindəki körpəsini geridə qoyub könüllü yazılan, vətəni  üçün canını ortaya qoyan oğullardır sənin xalqın...


    Ön cəbhədə vuruşarkən "siz ailəlisiniz arxada durun, mən subayam, qoy, mən öndə gedim", deyən mərd şəhiddir sənin xalqın...


   Yenicə aldığı yegənə keçim qaynağı olan təqaüdünü götürüb paralanmış ayaqqabısını sürüyə-sürüyə ordu üçün köməklik etməyə tələsən Hikmət babadır sənin xalqın...


   Bir əsgər kotlet istədi deyə bütün məhəllə qadınlarının toplaşıb həvəslə öz balasına hazırladığı kimi minlərlə kotlet çörək hazırlayan anadır sənin xalqın...


   Aldıqları ərzaqlarla yol qırağında cəbhəyə gedən əsgər maşınlarının, avtobusların yolunu gözləyib onlara sovqat vermək üçün yarışandır sənin xalqın...


     Evi düşmən bombası ilə dağılınca, "evdir də, vətən üçün fəda olsun, heç nədən qorxmuruq, təki qələbə bizim olsun" deyən qorxmaz bir sakindir sənin xalqın...


Bunlar ağlıma gələnlərdir sadəcə.O qədər göz dolduran, ürək kövrəldən nümunələr var ki, say-say bitməz... 


Sadəcə unutma, bir gün qəlbindən bu millətə aid ən kiçik bir mənfi duyğu keçmək istəyəndə bu günləri xatırla! "Kim nə deyir desin, mənim xalqım ucalardan uca, əsil, ali, nəcib, mərd, qorxmaz, qəlbi sevgi dolu, şəfqət dolu bir xalqdır" de və gələcək nəsillərə də bunu daşı, aşıla, əzbərlət !