müasir ədəbiyyat etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
müasir ədəbiyyat etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

26 Mayıs 2020 Salı

Hər aya 1 Kitab, 1 Film




   Uzanmaqda olan, artıq səbirlərimizi tükədən karantina günlərindən hər kəsə salam. 
Bu ayın həm kitabını oxuya, həm də filmini izləyə bildim çox şükür. Belə hər ikisini edə bildiyimdə özümü yaxşı hiss edirəm. Digər halda yarımçıq qalmış kimi gəlir.

  Bu arada uzun müddətdir sizinlə söhbətləşmirəm. Son günlərin bir hesabatı mahiyyətində, həm də bir az bloquma, yazılara istilik gətirmək üçün gələn yazımda açacam sandığı, tökəcəm pambığı... 😊 Çünki çox-çox darıxmışam mən də. Əminəm sizlər üçün də o yazılar daha maraqlı olur. Tez-tez yazmaq istəyirəm əslində amma... Əmması çoxdur... Nə isə, keçək əsas mövzumuza.

May ayı 

▪️ Kitab: Zülfü Livaneli - Huzursuzluq
▪️ Film: The Godfather (Xaç atası)

Zülfü Livaneli : Huzursuzluq



✔ "Her şeyini yitiren bir insanın son sığınağı insan onurudur."

   İlk dəfədir kitabın adı ilə hiss etdirdikləri arasında bu qədər güclü bağ gördüm. Oxuduqca içim həqiqətən də huzursuzluqla dolub daşdı. Bir anda özümü metafizik, mistik bir aləmin içərisində gördüm, Qırmızı və qara tonların üstün olduğu bu aləmdə heç bilmədiyim, eşitmədiyim yepyeni məlumatları da öyrənmiş oldum. Yezidiləri tanıdım. 

   Əvvəl yazıçının təxəyyülünün məhsuludurmu deyə şübhəyə düşdüm. İnternetdə araşdırınca belə bir topluluğun həqiqətən də var olduğunu heyrətlə öyrənmiş oldum. 

   Əslində adları Ezidi olan bu topluluq bir mələk olan şeytanın sonradan əfv olunduğuna və Tanrı tərəfindən ən yüksək məqama yüksəldiyinə, ibadət və duaların da məhz ona yönəldilməsinin gərəkliliyinə inanırlar. Əsərin içərisində bu inancın bütün xırda detallarını belə öyrənmə imkanınız var. 

   Belə bir inanışın qəribəliyi hər nə qədər insanı təəccübə düşürsə də, oxucunu bu inancdan daha çox sarsan bambaşqa məqamlar var.  Adını müsəlman qoyub, müsəlmanlıqla heç bir əlaqəsi olmayan, bütün İslam aləmini zənn altında buraxdığı üçün bu dinin hər bir nümayəndəsinin  haqqını alıb, hesab günü altında qalxa bilməyəcək günahlarla ətrafda terror əsdirən, insanlığın üz qarası, əsfəlis safilində sürünən bir qrup hədd bilməz bir çoxları kimi Yezidilərə də qan uddurur. Yolunuzu azmısınız, dindən çıxmısınız bəhanəsi ilə Allahın verdiyi canı Allahın adı ilə, din adı ilə alır, amma necə alır... Kişilərini zülülmlərlə öldürdükdən sonra qadın, qız, uşaqları (oğlan-qız fərq etmir) öz cinsi ehtiraslarının alətinə çevirir, əsir edib əşya kimi pul ilə aralarında alış-veriş obyektinə çevirirlər.

   Beləcə şeytana səcdə edən kiçik bir qrupun inanclarına olan təəccübümüz kölgədə qalır... Bizə huzursuzluq verən də bu fərqli inanış deyil, onlara insanlıqdan kənar münasibət göstərənlərin davrananışlarıdır. 

   Bu arada şeytana tapan bir topluluğun adının Hz.Hüseyni tarixdə gəlmiş-keçmiş ən böyük amansızlıqla qətlə yetirən, İslamı aradan götürməyə çalışan Yezidin adı ilə tanınması təvafüqmü görəsən? İndi guya İslamı qorumaq adına əslində İslamı belə bəd əməlləri ilə qaralamağa çalışanlar da elə o vaxt özünü müsəlman göstərib İslam və insanlığın ən böyük üz qarası olan Yezidin davamçısı olaraq həmin şeytana tapanların özləri deyilmi? 

   Başdan sona insanın içini qaraldan, daraldan da məhz bu huzursuzluqdur... Başqası deyil...

PS: Əsərdə yazıçının Yezidi qızla sirli bir münasibət içərisində olan qəhrəmanın adını Hüseyn seçməsi də qəribə məqamlardan biridir məncə.

   Kitabı həm yeni bilgilər əldə etdiyim üçün, həm də insanlığı mühakimə etdirdiyi, insanın dönüb öz qəlbinə, iç aləminə baxmasına, anlayış və düşüncəsindəki boşluqları müşahidə etməsinə  imkan yaratdığı üçün çox sevdim.

Seçdiklərim:

✔ "O kök salmıştı, ben rüzgârda savruluyordum; büyük şehrin yüzünü silerek birbirine benzettiği, kimliksiz kalmış milyonlarca insandan biriydim."

✔ "Diken yedikçe kanayan, kanadıkça yemeye devam eden, kendi kanında boğulan develer gibiyiz."

✔ "İnsan her acıya bir sorumlu bularak rahatlama yolunu seçmez mi zaten."

✔ "Tüketen insanın üreten insandan daha değerli olduğu bu yanlış ve ahlaksız döneme tahammülüm kalmamıştı artık."

✔ "Merhamet keskin bir kılıç; merhamet gösterenin kabzasından tuttuğu ama karşı tarafı yaralayan bir kılıç."


Film - The Godfather


   Uşaqlıqdan adını eşitdiyim amma bu vaxta qədər izləmək nəsib olmayan bir filmdir Xaç atası. Doğrusu dünya film tarixində önəmli bir yerə sahib olduğunu bildiyim üçün izləməyi düşünsəm də mövzusu mafya olduğuna görə, içərisində silahlı, qanlı səhnələr olduğunu düşünmüş və  mənə izləmək üçün heç cür cazib gəlməmişdi.

   Sağ olsunlar, bloqdaşlarımın bu etkinliyi sayəsində film siyahımdakı bir filmi də izləmiş oldum.

   Film haqqında çox bir şey yaza bilməyəcəm. Amerikada yaşayan italiyalı bir mafya ailəsinin bu aləmdə sağ qala, etibarını qoruya bilməsi üçün verdiyi mücadilə,  bu aləmə məxsus raconlar, ailə içi və dost xəyanətləri, ən təsirlisi isə  bu aləmə qatılmaq istəməyib, normal həyat yaşamağa çalışan evin kiçik oğlunun sonda ailənin qurtarıcısına, mafya dünyasındakı ən güclü ailə olmasının səbəbkarına çevrilməsi kimi mövzusu haqqında qısa məlumat verim sadəcə. Filmin 1972-ci ildə çəkildiyi nəzərə alındıqda keyfiyyəti həqiqətən də heyran edir izləyicini. Hal-hazırda bu tərz film seriallar çox olduğu üçün artıq mafya, dərin dövlət mövzusu hər kəsə məlum məsələlərdir. Lakin Xaç atası filminin bu mövzunu film tarixinə ilk dəfə gətitdiyini düşündüyümüzdə filmin önəmi bir daha bizlərə məlum olur. 


   Filmdə bəzi məqamlar mənə tələsik işlənmiş kimi gəlsə də ( məsələn, Michaelin Sicilyadakı həyat yoldaşının ölümündən sonra nə hiss etdiyi, bu ağır dövrü necə atlatdığı, Amerikaya dönüşü falan...) ümumilikdə həqiqətən də izlənməyə və sevilməyə dəyər film olduğunu söyləyə bilərəm.

   PS: Bu arada bizim oğlanların sevərək izlədiyi yeganə türk serialı olan "Çukur"un ssenarisi ilə bu film arasında xeyli bənzərliklərin olduğu da gözümüzdən qaçmadı.

   Belə... Bu ayın kitab və filmi haqqındakı düşüncələrim bu qədər... Heç biri üçün xərclədiyim zamana heyfim gəlmədiyinə görə bloqdaşlarıma təkrar təşəkkür edərək bitirirəm yazımı... Sevgilər...

Bloq dostlarımın da yazılarını oxumaq üçün ⤵️
 



2 Aralık 2019 Pazartesi

Joje Moyes / Bir üstəgəl bir



   Kitab mağazasında önümdəki rəflərdən mənə gülümsəyən kitablara gözümdən ürəklər fışqıraraq baxarkən dayana bilməyib seriya şəklində və ya üz qabığı eyni rənglərdə çap olunan eyni müəllifin müxtəlif kitablarından birini almaq, oxuyub bitirdikcə digərlərini də alıb kitablığımda müəyyən kateqoriya altında heç olmasa bir qrup da olsa kitab olsun istədim.

   Kitabları bir-bir nəzərdən keçirərkən adı sosial şəbəkələrdə tez-tez qarşıma çıxan Jojo Moyesin "Bir üstəgəl bir" əsərini seçdim.

14 Ekim 2019 Pazartesi

Ahmet Turgut/ Aşkın Şehidi



   Ara-sıra rahatlamaq üçün oxuduğum, əyləndiyim və yeni kitaba keçə bilmək üçün bir an öncə sonuna gəlməsini istədiyim kitablardan olmadı "Aşkın Şehidi"... 

   Həyatım boyu oxuyarkən bu qədər çətinlik çəkdiyim, mənəvi yükü ilə ruhuma ağır gələn, yalnız bütün düşüncə və duyğularımı içindəki mesajları ala bilmək üçün səfərbər etdiyim zaman əsərə bağlı qala bildiyim, ona görə də hər istədiyimdə deyil, özümdə bu gücü gördüyüm və konsantre ola bildiyim zamanlarda oxumağa davam etdiyim və indiyə qədər oxuduqlarımdan fərqli olaraq hadisələrin gedişatını və yaşanacaqları öncədən bildiyim halda bir möcüzə ilə fərqli sonlanmasını istəmək kimi utopik bir xəyala qapıldığım, məntiqimin mənə dirətdiyi gerçəklərə görə isə kitabın sonuna gəlmək istəmədiyim, sanki oxuduqca o sonu gətirməkdə günahkarlardan biriymişəm kimi qəribə bir ruh halına büründüyüm, bütün bu səbəblərə bağlı olaraq da kitabı bitirməyimin 2-3 ay sürməsi, bu dövrdə isə başqa heç bir kitaba yönələ bilmədiyim ilk və tək kitab oldu "Aşkın Şehidi"... 

   Peyğəmbər oğlu, Hz.Əli ilə Hz.Fatimənin ciyərparası, cənnət gənclərinin ağası Hz. Hüseynin son 99 günü və Kərbəla hadisəsi... Əsərin mövzusu budur... 

   Mədinədən Məkkəyə, oradan isə Kərbəlaya uzanan bir yolçuluq, əslində yazıçının özünün də qeyd etdiyi kimi həm irfani, həm də texniki mənada bir yolçuluq, seyri-sülukdur hadisələrin ana xəttində... 

   Və bu səyahət boyu Peyğəmbər oğlunun dilə gətirdiyi ayələr, onlara, bizə və bütün insanlığa verilən mesajlar və bu mesajları öz düha süzgəcindən keçirən peyğəmbər ailəsi... 

   Hər birisinin hadisələrə, söhbətlərə özünəməxsus baxışı... İsrarla haqqın nahaqqa, saf imanın batilə, bir növ mələyin şeytana beyətinin istənməsi... 

   Bu beyətlə babasının min bir əziyyətlə gətirdiyi, atasının həyatı bahasına qoruduğu gerçək İslamın ortadan qalxacağını bilən Hz.Hüseynin etirazı... 

   Bununla daha da alovlanan təqiblər, təzyiqlər və sıxışdırmalar... Və bu səbəbdən ailəsi ilə birlikdə Mədinədən Məkkəyə, dünyanın ən təhlükəsiz və qoruyucu yeri olması gərəkən Allahın evinə pənah gətirilməsi... 

   Amma artıq Məkkə Peyğəmbərimizin qoyub getdiyi Məkkə deyil... Burdan da çıxmalı olur cənnət gənclərinin əfəndisi... 

   Atasına, qardaşına etdikləri vəfasızlıq və dönüklüyü bilə-bilə Kufə əhlinin israrlı çağırışlarına qulaq verir... Sonlarını bilə-bilə qulaq verir... 

   Haqqın nahaqdan, İslamın batildən ayrılması üçün, qiyamətə qədər müsəlmanların Rəblərinə doğru gedəcəyi düzgün və ən qısa yolu qoymaq üçün gedir... 

   Bütün yaşanacaqlara şahid olub, olanları unutdurmamaq, sonrakı nəsillərə çatdırmaq üçün ailəsini də alır yanına... 

   Və Kərbəla çölü... Burda yaşanan insanlığın faciəsi... Peyğəmbər ailəsinin dirayəti və ucalığını, düşmən tərəfin cılızlığı və zülmünü görürük... 

   Son anda qurtuluşun müjdəçisi Hürrün tövbəsi ilə ümidlənib susuz qətl edilən körpələrə göz yaşı tökürük... 

   Bundan artığını anlatmağa nə gücüm yetər, nə qabiliyətim... Bilənlər bilir Kərbəlada yaşananları, bilməyənlər də açıb bir oxusun... Bunu öyrənmək, bilmək, bununla da öz tərəfini, doğru yolu bulmaq hər müsəlmanın borcu və vəzifəsidir Allahın və buna görə canından keçmiş İmamın qarşısında... 

   Yazıçı da Hz.Hüseynin şəhadəti ilə nöqtə qoyub əsərinə... 

   Və bu faciənin ilk romanını yazaraq bir bomba kimi düşür sünni aləminə... "Kitabı yazmaq üçün araşdırma edərkən 15 kilo arıqladım, saçlarım ağardı" deyir... "O zaman İmamın yanında ola bilmədim, heç olmasa kitabını yazmaqla xidmət edərək Hz.Fatimənin şəfqətini və şəfaətini qazanmaqdır ümidim" deyərək də əlavə edir... 

   Bundan sonra ikinci romanı da yazır Ahmet Turgut... Hadisələrin davamı kimi... Hz. Zeynəbin Kərbəladan sonrakı həyatı və mücadiləsini anlatır "Aşkın elçisi" kitabı ilə... 

   Kitab əlimdə olduğu halda bir az ertələdim onu oxumağı... Çünki hələ "Aşkın Şehidi"ni yeni bitirmişəm və yenə belə bir kitaba başlamaq üçün zaman və güc toplamağa ehtiyacım var... 

          (Kitabın arxasındakı qeydən) 

   Kerbela ikazla yetinmez. Kurtuluşun yolunu da gösterir. "Hüseyn'i Allah katından sana üflenen ruh belle!.. Arına paklana yücelirsen sen de Rabbinden bir delil oldun demektir. Aşka şahit isen bu Şehadet kutlu olsun. Sen Aşk ile her dem diri kalanlardansın. Ve "Aşkın Şehidi'sin!.."

30 Eylül 2019 Pazartesi

Sarah Jio - Yağmur sonrası



   Sarah Jiodan dəniz qoxulu bir eşq hekayəsi daha...

  Anne zəngin bir ailənin sevilən qızıdır. Başqa zəngin bir ailənin yaraşıqlı oğlu Gerard ilə nişanlıdır. Hər şey axarında hər şey qaydasındadır sanki...

   Amma Annenin qəlbi tətmin deyil. Həyatındakı boşluğun fərqindədir. Nə istədiyini özü də bilmir, lakin sanki olmaması gərəkən yerdədir. Uzaqlarda davam edən müharibə və sıxıntılar varkən belə rahat yaşamaq onu narahat edir.

   Və nişanlandığı gün dəli-dolu rəfiqəsi Ketty sayəsində bir yol çizir özünə. Onunla birlikdə tibb bacısı kimi Borabora adasına getməyə, orada yaralı əsgərlərə yardım etməyə qərar verir.

   Bu ada Annenin həyatını necə dəyişəcək, Ketty edilən bu fədakarlığa layiq ola biləcəkmi?

   Toz hopmuş xatirələr, müharibə, dostluq, peşmanlıq, cinayət, ədalət, eşq, xəyanət, qürur və ümid hamısından bir çələng hörüb təqdim edib bizlərə Sarah Jio...

   Doğrusu əvvəli sıxıcı gəlmişdi mənə, amma oxuduqca sonlara doğru daha axıcı və maraqlı oldu.

   Sadəcə qəbul edə bilmədiyim məqamlar var əsərdə. Məsələn, Annenin nişanlısı Gerarda bir vəfa borcu var. Onu tam da toy ərəfəsində bir macəra ardına düşüb adaya getməyə razı salır. Lakin gedər getməz başqa bir adama Westry-ə aşiq olur. Onun yolunu gözləyən və hətta onun gözündə yüksəlmək üçün müharibəyə qatılan Gerardın göndərdiyi məktubları oxuya-oxuya başqa bir eşq macərası yaşaması, illər sonra atasının uzun illərdir anası ilə soyuyan əlaqələrinin evdəki sevimli qulluqçuları ilə yaşadığı eşqin səbəb olduğunu öyrənməsi, sakit həyatını buraxıb Kitty ilə müharibə bölgəsinə getmək kimi bir fədakarlıq edən Annenin, uzun illər bacı kimi yaşayan, bir-birindən heç ayrılmayan bu ikiliyin münasibətinin bir adama görə sonsuza qədər pozulması... və sair kimi Qərb dünyasına aid qəribəliklər mənə təsir edir istər-istəməz...

   Yazıçı bütün əsər boyu mövzunu bir növ gerçək eşqin axtarışına yönəldir və nə olur olsun bu eşqi yaşamağa hər kəsin haqqı olduğunu vurğulayır hadisələrin fonunda ...

   Sarah Jio maraqlı yazır, həmişə qeyd etmişəm əsərləri mövzu baxımından bir-birinin təkrarı olsa da, ədəbi-bədii yönü ilə məni tətmin etməsə də oxunaqlıdır.

   Və unutmayaq ki, onu gənclər daha çox oxuyur. Həm də çox bəyənərək oxuyur. Mənim narahatlığım nəfsinə yenik düşən, nə olur-olsun bu qısacıq fani həyatda dadacağı müvəqqəti ləzzətlər üçün vəfa, əhd, qədirşinaslıq, sədaqət kimi daha ülvi məfhumları heçə sayan qəhrəmanların o gənclərdə buraxacağı izlərdir, onların düşüncə və hisslərində yer edəcək neqativ hallardır.

   Kaş ki, gənclər oxuyarkən öz dəyərlərimizi göz önündə tutaraq, məsələyə bu aspektdən yanaşaraq, əsərdəki hadisələri düzgün təhlil edərək oxusalar. Oxuyun deyərdim, maraqlı bir eşq hekayəsi dinləmək üçün oxuyun, amma dediklərimi unutmadan.




   Sarah Jionun digər əsəsrləri haqqındakı düşüncələrimi öyrənmək istəyərsiniz bəlkə:

" Gündüzsefası"

"Mart menekşeleri"




16 Eylül 2019 Pazartesi

Çingiz Abdullayev/ Prezident ovu



   Əsla əsla deməməyi insan bəzən qarşılaşdığı ən kiçik hadisələr, ən kiçik təcrübələrlə də öyrənə bilir.

  Bəli, bir vaxt sadəcə 2-3 səhifəsini oxuyub, çox darıxdırıcı və maraqsız bir əsər hesab edib kənara qoyduğum və əsla sevməyəcəyimi düşündüyüm bu kitaba bir müddət sonra təkrar şans vermək istədim. 

  Bitirə bilmədiyim ilk kitab (oxumaq üçün tıklayın)  başlığı ilə bu kitab haqqındakı o vaxtkı düşüncələrimə yer də vermişdim bloqumda.

   Açığı ən çox da "axı bu qədər kitab oxuduğum halda əsər niyə mürəkkəb gəldi?" sualı narahat edirdi məni.

   Oxudum və anladım ki, bəzi kitabları oxuyarkən xüsusi bir efor sərf etmək lazım olmur, oxuduqca hadisələr axır, sən də o hadisələrin içərisində fərqli bir aləmə qarışıb sürüklənirsən, hətta o anda ətrafında olub bitənlərdən xəbərin belə olmur. Hər şey bitdiyində ayılıb, dərindən nəfəs alırsan, başqa bir dünyanı daha gəzib bitirməyin və şahidi olduğun hadisələrin xoş bir təbəssümü qalır üzündə. Bir müddət ayıq başla düşüncələrində yenidən təhlil edirsən hər şeyi. Götür-qoy edirsən. Bir qənaətə gəlib, kitabı sanki örtərək qəlbindəki və düşüncə dünyandakı fərqli kateqoriyalara bölünmüş rəflərdən birinə yerləşdirib vidalaşırsan... Yeni bir kitaba başlamaq - yenidən fərqli bir aləmə səyahət etmək üçün ...
   Bəzi kitablar isə səni əsər boyu ayıq saxlayır, düşünməyə, hadisələrin ardıcıllığını, başlanğıcını hansı tərəfə istiqamətləndiyini, obrazların xarakterini,  münasibətini tez-rez analiz etmək, bununla yavaş-yavaş yaxınlaşan nəticə arasında əlaqə qurmağa məcbur edir. Bir anlıq xəyala qapılsan, çaşıb digər əsərlərdəki kimi, özünü hadisələrin axarına buraxsan ayıldığında azdığını, həmin çox şaxəli hadisələrin içərisində itib-batdığını görürsən. Və hər şey düyün düşmüş yun kələfinə dönür, çözələ, çözə bilirsənsə... Baxırsan ki, yox buna nə səbrin var, nə həvəsin kitabı örtüb bu mənlik deyil damğası ilə qara boyalı rəfə atırsan, bir daha açmamaq üzərə...
   Çoxmu fəlsəfi anlatdım, bilmirəm :) Amma "Prezident ovunu" təkrar oxuduqdan sonra tam da bu qənaət oluşdu məndə. Və Çingiz Abdullayevi bəyənməyib, tənqid edənlərin eynən mənim düşdüyüm qəflətə qapıldıqlarını anladım.
   Nəticeyi - vəlhasil, təəccüblü də olsa, bu dəfə əsəri çox bəyəndim. Yazıçının təxəyyül dünyasının zənginliyinə heyran qaldım. Detektiv bir əsər kimi nə qədər dəyərli olduğunu dərk etdim.
   Əsər haqqında çox geniş yaza bilməyəcəm, çünki aylar öncə oxuyub bitirmişdim :) Sadəcə, süjet xəttini alışdığımız məişət xarakterli cinayət hadisələri və onların açılması təşkil edən əsərlərdən çox daha fərqli, mürəkkəb və beynəlxalq səviyyəli cinayət, rəsmi və qeyri-rəsmi qurumların çirkli əməlləri, dərin dövlət kimi hadisələrdən bəhs edən bir əsər olduğunu deyə bilərəm. 

   "Mənlik deyil" deyə düşünməyin, sadəcə daha ayıq başla və diqqətli oxumağa çalışın. Sonda damağınızda fərqli bir dadın qalacağından əmin ola bilərsiniz.

19 Ağustos 2019 Pazartesi

Xalid Hüseyni / Min möhtəşəm günəş



   Salam canlar. Necə gədir tətiliniz? Yaxşıca dincələ bilirsinizmi? 

   Aylar öncə oxuyub haqqında düşüncələrimi paylaşdığım yazını indi təqdim edirəm sizlərə. Xoş oxumalar😊❤

   Uzun müddətdir, kitab oxumaq üçün zaman ayıra bilmirdim. Və inanın elə bil boşluğa düşmüşdüm, həyatımda nəsə çatmırdı. Baxdım belə olmur, kitab rəfimdə oxumaq üçün ayırdığım yeni kitablardan birini başladım oxumağa.

19 Kasım 2018 Pazartesi

Səhər yuxum / Ahmet Batman



   Yeni bir kitab rəyi ilə qarşınızdayam dəyərlilərim! 

   Sosial şəbəkələrdə rast gəldiyim Ahmed Batmana aid cümlələr diqqətimi çəkirdi həmişə. Məncə bu adam yazmağı, xüsusən, bəzi duyğuları ən dərindən hiss edib, bu hiss etdiklərini yazıya tökməyi bacarır. 

17 Eylül 2018 Pazartesi

Mart Menekşeleri - Sarah Jio



🔹️Sarah Jio
🔹️Amerika ədəbiyyatı
🔹️336 səhifə
🔹️Qiymət 4/5

   Bu əsər Sarah Jiodan oxuduğum ikinci əsərdir.  İki roman arasındakı bənzərliklər məni təəccübləndirsə də, əsər maraqlı mövzusu ilə yenə də könlümü çaldı.

20 Ağustos 2018 Pazartesi

Öyrəndim ki... - Gülben Ergen



🔸️Müəllif: Gülben Ergen
🔸️Milliyət: Türk
🔸️Səhifə: 193
🔸️Qiymət: 4/5 

   ✔"Öğrendim ki, sözü yemindir iyi insanların."

   Özünə inanan, dəyərləri olan və öz dəyərlərindən nə olur, olsun heç vaxt güzəştə getməyən, qadınlıq aləmini layiqincə təmsil edən qadınları çox sevirəm.
   Gülben Ergen sənətçilər içərisində bir çox sosial layihələrdə canla-başla iştirakını bildiyim və çox nadir bəyəndiyim məşhurlardan biridir.

13 Ağustos 2018 Pazartesi

Möhtəşəm yüz il



🔸️Müəllif: Okay Tiryakioğlu
🔸️Milliyət: Türk
🔸️Səhifə : 228
🔸️Qiymət : Orta - 3/5

✔"Fırtınanın gövdəsində çatlar yaratdığı uçurumun ağzındakı qocaman bir ağacdansa, üstündən küləklər əsərkən əyilən, amma az sonra yenidən dikələn bir buğda sünbülü olmasındadır insanın hünəri!"

    Sətirlərində qan, barıt və yanıq ət qoxusu, qulağınızın dibində yaralı fəryadları, at kişnərtisi, qılınc cingiltisi, top guppultusu sədalarının bir an çəkilmədiyi, qanlı döyüşlər, saray daxili intriqalar, bir kölənin bitməyən nifrəti, qədirşinas bir cəsusun sadiqliyi və adı tarixlərə  keçmiş, az qala bütün dünyaya sahib bir sultanın yalnızlığı... Kitabın qısaca özəti budur...

   Yazıçı əsəri yazarkən maraqlı bir üsula əl atıb. Biz hadisələrə üç mühüm şəxsin nəzərləri ilə baxıb, onların iç dünyasının səsini dinləyərək, nələr hiss etdiklərini və düşüncələrini daha rahat anlaya bilirik.
  
   Vəhimi Orhun Çələbi. Atası Sultan Yavuz Səlim xan tərəfindən öldürülmüş, özü isə  elə həmin xan tərəfindən dustaqlıqdan azad edilərək "Çelik Hilal" adlı məxfi bir təşkilatın qurucusu vəzifəsi ilə vəzifələndirilmişdir. Ömrü boyu atasının ölümünə duyduğu qəzəb ilə, azad olunmağın minnəti arasında qalsa da, əvvəl Səlim xana, sonradan isə Sultan Süleymana sədaqətlə xidmət edən, qeyri-adi strateji zəkası və igidliyi ilə özünü heç vaxt ələ vermədən düşmən tərəfin bütün gizli planlarını ifşa etməyi, onların niyyətlərini öyrənərək sultana əksiksiz çatdırmağı bacaran bir cəsusdur. Sonradan İbrahimdən hökümdara bir zərər gələcək əndişəsi ilə Hürrəmlə yaxınlaşıb Parqalının da gizli niyyətini üzə çıxarır.

   Parqalı İbrahim. Uşaq olarkən atası ilə ticarət məqsədilə çıxdıqları gəmi səfərində türklər tərəfindən əsir götürülmüş, sonradan Aybükə xatun kimi zəngin bir xanım tərəfindən satın alınaraq bir övlad kimi, yaxşı təlim və tərbiyə verilərək böyüdülmüşdür. Hər cür naz-nemət içərisində böyüməsinə baxmayaraq əsir götürülmə, ailə və ölkəsindən uzaq düşmə nisgili onun qəlbində nifrət və intiqam duyğusunu alovlandırmış, bir gün yüksək mövqeyə gələrək bütün bunların qisasını bütün Osmanlı hakimiyyətindən almaq arzusu ilə yaşamışdır. Bu məqsədinə çatmaq üçün plan quraraq gənc sultanla tanış olmağı və onun qəlbinə girməyi bacarır. Süleymanın ona safdilliklə bağlandığını düşünsə də əslində sultanın onun bütün plan və niyyətlərini bildiyindən bixəbərdir.  Sonradan tatar əsirlərin arasından seçdiyi Ruslana (Hürrəm) ilə sultanın yanında və sarayda öz mövqeyini möhkəmlədəcəyini düşünsə də irəliləyən zamanda nədənsə Hürrəm ondan üz döndərərək, ən böyük düşməninə çevrilir.

Sultan Süleyman. Sərt və daha qəddar olan atası Sultan Səlimin ölümündən sonra hakimiyyətə gələn Süleyman daha mərhəmətli və ədalətlidir. Bir çox saray əyanı və xalq onun bu məziyyətləri ilə taxtda çox otura bilməyəcəyini düşünsələr də sonradan onun qərarlı və igidliyi ilə neçə alınmaz qalaları və ölkələri Osmanlı torpaqlarına qatıb, ölkəni gücləndirəcəyinin də şahidi olacaqlar. Süleyman hər şeyə sahib olsa da yalnızdır. O əslində hökümdarlıq dərdində olmayan, qanlı döyüşləri və istilaları arzu etməyən, həssas bir ruha sahib şairdir. Həyatın onun çiyninə yüklədiyi vəzifələr sultana ağır gəlir, onu sıxır. Bu yalnızlıqdır ki, Parqalı İbrahimin saxta olduğunu bilə-bilə dostluğuna ehtiyac hiss edir, onu özündən uzaqlaşdıra bilmir. Eləcə də Hürrəmin bütün qüsurlarını görsə də ona duyduğu yaxınlıq səbəbilə hamısına göz yumur.

   Əsərdə tarixdə məşhur olan bir çox döyüşlərin və onların pərdə arxasının şahidi oluruq.

   Hürrəmlə münasibəti, aralarında keçən hadisələr haqqında daha əfraflı oxuyacağımı zənn etsəm də yanılmışam. Serialdan fərqli olaraq burda Süleymanın hərəminə çox az yer verilib. Daha çox onun siyasi mövqeyi və döyüşlər yer alıb əsərdə. 

   Bir də Hürrəmə həsr etdiyi və eşqi tərənnüm edən bir neçə şeiri
də var səhifələr arasında.

   Diqqətimi çəkən bir məqama toxunmaq istəyirəm burda. Əsər boyunca biz Süleymanın ədalətini və mərhəmətini görürük. Sultan igidliklə döyüşən düşmən, kafir cəngavərlərin, sərkərdələrin, kralların halına acıyır. Onlara xüsusi hörmətlə yanaşır. Bir kralın məğlubiyyətinin və ölümünün ağır olduğunu düşünür. 

   Lakin nədənsə biz Süleymanda  bu kafirlərə duyduğu hörmət və ədalət hissini həmin dövrün digər müsəlman hökmdarı olan Səfəvilər pardşahı Şah İsmayıl Xətaiyə qarşı hiss edə bilmirik. Hətta əksinə hər məqamda ona təhqir edici xitablar yönəldən, hər xoşagəlməz hadisələrin arxasında şiə barmağını axtaran qatı və məzhəbpərəst bir şiə düşməni görürük. 

   Tarixdə çox gənc yaşında taxta oturub, böyük bir Səfəvi imperiyası yaratmağa müvəffəq olan, igidliyi ilə tanınan Şah İsmayılı qorxaq, guya kafir düşmənlərlə əlbir bir xəbis kimi göstərilməsini heç cür anlaya bilmədim. Bu doğurdan da o dövrdə Osmanlı hakimiyyətinin müsəlman qardaşı olan bir hakimiyyətə qarşı ədalətsiz baxışı idimi, yoxsa  yazıçının şiə düşmənliyinin izharıdırmı, tam anlaya bilmədim. Amma nə olur olsun, bu baxış və tutum məni heç açmadı açığı. Və Süleymanın ədalət və mərhəmətini  gözümdə bir mərtəbə düşürdü.

   Bu arada kitabın türkcədəki orginal adı "Qanuni" -dir.  Okay Tiryakioğlu bu səpkidə - Osmanlı dövründə saray və siyasət - seriya şəklində bir neçə kitabı da çapdan çıxmışdır. 
   Nə vaxtsa hamısını tapıb oxumaq ümidilə əsərə orta qiymət verərək sağollaşıram sizinlə...

Seçdiklərim:


   Həqiqət heç vaxt sonadək gizli qala bilməz. Bu, həqiqətin təbiətinə ziddir. Onu nə qədər dərinə basdırırsan basdır, bir gün torpağın üstünə çıxacaq...
                              ***
   Kölə sahiblərinin nə vaxtsa amansızca icad etdikləri ən yaxşı üsuldur bu - əzilən insan başqa birini əzməkdən, eynən özü kimi çarəsiz, məzlum adamlara hökm etməkdən zövq alır...
                             ***
   Mən sənin üçün bir nərdivan olduğumu onsuz da bilirəm, amma əslində sənin mənim üçün bir pilləkən olduğunu heç vaxt bilməyəcəksən...
                            ***
   O yalançı sevgini göstərə bilmək üçün oynadığın rolda o qədər mahirləşəcək, ustalaşacaqsan ki, gün gələcək məni doğrudan da sevəcəksən...
                           ***
   Qərb memarlığı ölümün soyuq üzünü həm də bir dəhşət kimi əks etdirir. Orada şeytanın və pis ruhlarını narahat etdiyi müqəddəs fiqurları belə görmək olar. Şərq isə, ruhlara rahatlıq verən sadə üslubu ilə ölümü yolu intizarla gözlənilən sevgili kimi qucaqlayır.



6 Ağustos 2018 Pazartesi

Niyə susursan polkovnik? - Elxan Elatlı




   "İnsanlar indi bir-birlərinin canını almaq üçün o qədər yerli-yersiz səbəb tapırdılar ki..."

   Hər kəsə salam. Yəni bir kitabla qarşınızdayam.

  Bu Elxan Elatlının oxuduğum 3-cü kitabıdır.  Təbii ki, yenə dedektif, yenə bir cinayətkar axtarışı... Bir-birindən əlaqəsiz görünən hadisə və insanlar... Hər birisini yaxından araşdırdıqca, halqa-halqa daralan mərkəzə-cinayətə yaxınlaşmaq, ən sonda düyünü çözmək...

   Bir 20 yaşlı istedadsız, amma güclü "sponsor" sayəsində məşhurlaşmış müğənni qız çıxır qarşımıza. Ona hər gün sosial şəbəkələrdən nalayiq böhtanlar yazan məchul bir adam, sonra evində işgəncə ilə öldürülmüş qəzet redaktoru, onunla yanaşı qurban getmiş bir qolu olmayan kollecdə müəllim işləyən kasıb bir qonşu, içkidən sızıb qalmış və qısaqapanma nəticəsində partlamış evində ölən bir nəfər daha... Və məşhur bir holdinqin tanınmış simaları... Dediyim kimi bir-birindən uzaq görünən bu qədər insanı birləşdirən səbəbləri ortaya çıxarır Elatlının qəhrəmanı - polkovnik Qanbay Qasımlı...
 
   Əlindəki dünya malı və oturduğu yüksək mənsəbdən başqalarının həyatını məhv etmə haqqını özündə görən mənəviyyatdan yoxsun olanların vicdansız əməlləri sərilir gözlərimizin önünə... Cəmiyyətimizdə hər zaman var olmuş və olacaq mənəviyyatsızların həyatı... 

   Hər şeyin başında gəlir insan mənəviyyatı... Mənəviyyatı ölmüş birindən hər cür davranış gözləyə bilərsən... Çünki vicdanı, mərhəməti, ədaləti, doğruluğu da o ölən  mənəviyyatla birgə çürümüş, buraxmışdır yerini hər cür pislik və zorbalığa... Mənəviyyat öldümü nə hesab verəcəyin günün qorxusu, nə  də etdiyin xətaların peşmanlığı olur ürəyində... Hər kəsə, hər şeyə qalib gələcəyini düşünüb, səni yaradıb, idarə edənə deyil, əlindəki gücə inanırsan sadəcə... Gücünlə hər şeyin öhdəsindən gələcəyini düşünüb, pulunla dünyaları ala biləcəyini zənn edirsən... Və sən bu yuxunu yaşarkən Qüdrətli Yazıçının qədər torunu sənin ətrafında necə ilmə-ilmə toxuduğundan bixəbər qalırsan... Bir də onda oyanırsan ki, bu tor səni elə bir çevrələyib ki, nə adım ata bilirsən, nə tərpənə... Hər şeyi anladığında təslim olursan o qədərə, amma artıq gecdir... Sən öz qiymətini almısan... Artıq Hesab Sahibinə cavab verməyin vaxtı çatmışdır...

   Polkovnik sonda bütün düyünləri açır. Lakin digər əsərlərdən fərqli olaraq burada dəhşətli cinayət sirri polkovniklə oxucular arasında qalır.

   Çünki "təhqiqatı beynində, məntiqi fərziyyələr qurmaqla aparan polkovnikin əlində ciddi dəlil-sübut yoxdur". Və o anlayır ki, bu cinayəti açmaqla pislərin lazımi cəzanı almasına müvəffəq olmayacaq. Əksinə arada qurbanların həyatı məhv olacaq. Buna görə də boşuna qəhrəmanlıq arzusuna düşməkdənsə, başqalarını düşünüb susmağı seçir...

   Gələk əsərlə bağlı təəssüratlarıma. Mən həmişə demişəm deyirəm Elxan Elatlının əsərlərinin mövzusu maraqlı, çoxşaxəli və düşündürücü olur. Amma gəl gör ki, dili çox bəsit gəlir mənə. Bilmirəm, çatışmayan bir şey var. Bəlkə də bədii əsərdə vulqar sözləri sevmədiyim üçün və yazıçı bu cür ifadələrdən bol istifadə etdiyi üçündür heç cürə onun üslub və dilinə isinə bilməməyim. Bəlkə də əsərlərində bədiilik və poetiklik az olduğu üçün... Hər nəsə, yenə də əsəri mövzu baxımdan bəyəndiyim qədər  dil və üslub baxımından bəyənmədim təəssüf ki.

   Məndən bu qədər. Görüşmək diləyilə...😘

                 ***********
Bəlkə bunu da oxumaq istəyərsiniz:

Elxan Elatlı " Pəncərədə görünən kölgə"

23 Temmuz 2018 Pazartesi

Annemi bir kez daha görebilsem - Zana Muhsen



"Bütün qərarlarını başqa insanların verməsinə, edəcək seçiminin olmamasına alışıq isən, azadlıq qorxunc bir şey ola bilər."

Xəbərdarlıq: Yazı başdan sona spoiler tərkiblidir :)

   Çox həyəcanlı idi... Həyatında ilk dəfə təyyarəyə minəcək, ilk dəfə uzaq bir ölkəyə səfər edəcəkdi... Ingiltərədə yaşadığı 16 illik həyatında ilk dəfə atasının çox tərifləyib, dəfələrlə gözəlliklərindən danışdığı vətəninə gedib gəzəcək, qohum-əqrabaları ilə tanış olacaqdı... Üstəlik çox sevdiyi bacısı Nadia da arxadan gələcək bərabərcə ekzotik bir ərəb ölkəsi olan Yəməndə maraqlı tətil  keçirəcəkdilər...
   Bu səfərə əylənmək ümidi və xoş xəyallarla çıxan Zana daha Yəmənə çatar-çatmaz təbiətini, havasını bəyənmədiyi, dilini bilmədiyi insanların arasında özünü qəribə hiss etdiyi, qızmar çöllərin ardında, çılpaq qayaların üzərindəki, dar, işıqsız, susuz, şəraitsiz evləri görmək şokundan ayılmamış, atası tərəfindən satılıb özündən də balaca 13 yaşlı bir uşaqla evləndirildiyi və ömürlük burada qalacağı kimi acı və dəhşətli xəbərlə sarsılır. Üstəlik bir neçə gün sonra eyni saf xəyallarla buraya gələcək 15 yaşlı bacısı Nadianı da eyni aqibətin gözləməsi düşüncəsi Zananı məhv edir...
   Beləliklə, 1980-ci ildə bir tətil sevdası ilə çıxdıqları yolda hər iki bacının ağır həyatı başlayır. Kilometrlərlə uzaqdan su daşımaq, əkin-biçin, heç bitməyən ev işləri, nəfəs alacaqları, bir az olsun günlük qayğılardan sıyrılacaqları bir an, bir gün belə yoxdur. Bütünlükdə evin kişilərindən asılı vəziyyətdə olmaq, heç bir haqlarının olmaması, sadəcə onlara əmr olunduğu kimi yaşamaq iztirablı həyatlarından sadəcə bir neçə fraqmentdir. Üstəlik xəstə olduqlarında onları müayinə edəcək bir həkimin belə olmadığı, körpələrini evdə, heç bir müdaxilə olmadan özlərinin dünyaya gətirməsi insanı oxuduqca dəhşətə gətirir.
   Bütün bunlara alışmaq o qədər də asan olmur ki, Zana da Yəməndə yaşadığı 8 il müddətində bir an olsun bu həyatla barışmır, hər gün, hər an burdan qurtulub vətəninə dönəcəyi günün xəyalını qurur. Və sadəcə bunlarla da kifayətlənmir. Əlindən gəldiyi qədər çırpınır, bacısını və özünü qurtarmaq üçün hər cür təhlükəyə atılır. 
   
   Nəhayət, əziyyətləri bəhrə verir. Anası onların halından xəbərdar olur. Onları xilas etmək üçün məsul şəxslərə, müxtəlif vəzifəli insanlara müraciət edib, kömək istəyir. Bir çox addımlar atılıb, irəliləyişlər əldə edilsə də Zana və bacısı ikili vətandaş olduqları üçün onları Ingiltərəyə geri qaytarmaq mümkün olmur.

   Bundan sonra ana medyanın gücünə əl atıb məsələni ictimailəşdirir.  Qısacası, bütün bu çətinliklərin sonunda Zana Ingiltərəyə qayıtmağa müvəffəq olur. Bacısı Nadianı isə Yəməndən  çıxarmaq mümkün olmur.
   Bütün bu oxuduqlarının yazıçı təxəyyülü deyil, yaşanmış gerçək bir həyat hekayəsi olduğunu bilmək isə bambaşqa nota kökləyir insanı.
   Əsər məndə ziddiyyətli duyğular oyatdı.Kitabdakı hadisələrə, köləliyə, geridə qalmışlığa,  haqsızlığa qarşı əlbəttə ki, hər bir oxucunun qəlbində böyük bir nifrət və qəzəb yaranır. Hətta bir çox yeri göz yaşları içərisində, ürək ağrısıyla oxudum. Bunun izahı, müdafiə ediləcək heç bir tərəfi yoxdur.
   Lakin nədənsə, sanki İslamın qaralanıb, bütün bu haqsızlıqların və vəhşiliklərin mənbəyi kimi göstərildiyi hissinə də qapıldım ki, bu da mənə təbii olaraq xoş çatmadı.
   Bunu niyə dünya bir dəfəlik dərk etmir ki, zalımlıq, zorbalıq, haqsızlıq, köləlik, qəti şəkildə İslamla, müsəlmanlıqla əlaqəsi olmayan, əksinə, müqəddəs kitabımız və Peyğəmbərimizin(s.ə.s) hədislərində hər zaman pislənən məziyyətlərdir.
   Geridə qalmışlığın, cəhalətin İslamla bir bağı yoxdur. Amerikanın, Afrikanın, Uzaq Asiyanın bir çox ölkələrində də biz bu tip zorbalığı, cəhaləti rahatlıqla görə bilirik.

   Bir də ürək ağrıdan məqamlardan biri -  Ingiltərədə rahat bir mühitdə böyüyən Zana Yəmənin dağ kəndlərindəki şəraitsizliyə, ağır həyat şərtlərinə dözə bilmir. Bir an öncə burdan canını qurtarıb qaçmaq istəyir. Bu onun haqqıdır. Səhv anlaşılmasın. Heç kim istəmədiyi həyatı yaşamaq məcburiyyətində deyil. Lakin o şəraitdə dünyaya gəlib, ömrünün sonuna qədər o cür yaşayan ərəb qadınlarının heçmi haqları yoxdur? Onların sırf ərəb olub, o regionda yaşadıqları üçün bütün həyatlarını o ağır şəraitdə keçirmək məcburiyyətində olmaları insanı düşündürür.
   Kitab Zananın özü tərəfindən bəlkə bacısını qurtarmağa köməyi olar məqsədilə yazılıb və Avropada xeyli səs-küyə səbəb olub. Bir çox dilə tərcümə olunaraq böyük oxucu kütləsi toplayıb. Əminəm kitabı oxuyan hər bir kəs Zana və bacısı Nadianın başına gələnlərə təəssüflənir, onların qurtuluşunu ürəkdən arzulayır. Bəs görəsən arxa plandakı, qara çarşaflı və o çağdaş köləlik zənciri altında qalan yerli qadınların halını düşünən oldumu? Ölkələrinin yoxsulluğunda və geridə qalmışlığında o qadınların heç bir günahının olmadığını avropalılar düşündümü heç... İnanmıram...
   Bir də əsərdə hiss və duyğulara çox az yer verilib, əsas olaraq hadisələr dilə gətirilsə də yaşananlar məni doğurdan da çox sarsıtdı, kitabı əlimdən yerə qoya bilmirdim. Nə ilə nəticələnəcəyini böyük maraqla gözləyirdim. Amma bununla yanaşı, bəzi məqamlar düşüncə dünyama taxılıb qaldı. Məsələn, Zananın anasının qızlarını qurtarmaq üçün əlindən gələni etməsi, hər cür yola baş vurması çox təqdirəlayiqdir. Lakin Zananın hələ 3 və 4 yaşlarında ikən Yəmənə, nənə-babasını görmək üçün göndərilən və sonradan bir daha gəlməyəcəkləri, ataları tərəfindən bir dəfəlik göndərildikləri öyrənilən bacısı Leilah və qardaşı Ahmedin qaytarılması üçün niyə ana eyni canfəşanlığı göstərmir. Körpə yaşlarından ailəsindən, yaşadığı mühitdən, ən əsası, ata-anasından ayrı düşən uşaqların sonradan necə ağır bir uşaqlıq yaşadıqlarını biz Zananın sayəsində öyrənirik. Belə bir müsibəti bir dəfə yaşamış ana hansı ürəklə iki qızını Yəmənə tətilə göndərməyə razı olur.
   Bir də Zananın öz azadlığı üçün oğlu Marcusu Yəməndə qoyub getməsi... Onun qarşısına iki seçim qoyulur. Ya övladı ilə Yəməndə qalacaq, ya da oğlunu qoyub gedəcək. Azadlığı üçün illərlə çırpınan bir ana üçün çox ağır seçimdir bilirəm, ancaq övladını qoyub getməsinə heç cür bəraət qazandıra bilmədim qəlbimdə nə yalan deyim. Mən olsam necə hərəkət edərdim heç bir fikrim yoxdur. Lakin məndən başqa heç kimdə qalmayan, bütün günü ətəyimdən yapışıb məni gözdən qoymayan balamı başqasının qucağına buraxıb getməyə də qəlbim dayana bilməzdi yəqin ki...
   Nə bilim anladacaq hələ çooox şey var... Amma bitməz ki...
   Bu arada Zana ölkəsinə döndükdən sonra Ahmed və Leilah  da Ingiltərəyə dönməyə nail olurlar. Nadia sonradan dönə bildimi, başına nələr gəldi  deyə axtardım İnternetdə. Fərqli məlumatlar var. Nadianın 6 uşağının olduğunu və Zanadan fərqli olaraq uşaqlarından ayrılmaq istəmədiyi üçün Yəməndə qalmağa davam etdiyini də oxudum. 2003-də həyat yoldaşı və uşaqlarla birlikdə Ingiltərəyə gəlib orda yaşamağa başladıqlarını hətta Zananın oğlu Marcusu  gətirdiklərini də oxudum. Hansı doğrudur bilmirəm.
   Tək bildiyim Zana Muhsenin " Nadyaya söz verdim" adlı ikinci kitabının da çapdan çıxmasıdır. O kitabı da tapıb oxuya bilsəydim çox sevinərdim. Qismət...

9 Temmuz 2018 Pazartesi

Bir yumak mutluluk - Dabbie Macomber



   "Doğduğumuz andan itibaren hepimize birer yumak iplik veriliyor; bundan mutluluğun desenlerini örmek ise bizim elimizde..."
 
   Qadın dediyin elə bir məxluqdur ki, zərif çiyinlərində dünyanın yükünü daşıyar, qəlbi bəzən sıxıntılardan dayanacaq kimi olar, düşüncələri min cür qayğı məskəni, xəyallarında min cür gələcək əndişəsi...

   Susar, atar içinə bütün mənfilikləri... Çünki ya övladı vardır arxa-dayaq olması gərəkən, ya yoldaşı vardır ondan güc olan, ya ata-anası vardır gözünü ona dikmiş... Qadın hər dəm ayaqda olmalıdır... Güclü, sarsılmaz, möhkəm dayanmalıdır... Dünya öz tarazlığını itirər yoxsa...

   Qadınların həyatın hər sahəsində, yaşının hər dövründə yenə, yenidən başlaya bilmə bacarığından bəhs edən romanlardandır "Bir yumak mutluluk".(Əsəri türkcə oxuduğum üçün adını da olduğu kimi yazdım.)

   Anladığım qədəriylə kitab oxucular tərəfindən təqdir görmüş "Küçük  Muciziler Dükkanı" adlı bir kitabın davamı kimi yazılıb.

   Qadınların özünə inam qazanıb, necə deyərlər, dişi ilə, dırnağı ilə bir yerlərə gələ bilmə hekayəsindən danışan əsərləri hədsiz sevirəm. Bir ruh yüksəkliyi, qadın olma qüruru, ana olmaq sevinci kimi xoş bir haləti-ruhiyyə içərisinə girirəm:)

   "Bir yumak mutluluk" adı qızıl hərflərlə yaddaşıma yazılan kitablardan oldu.
Kitabda xərçəng xəstəliyi ilə uzun illər mübarizə aparıb qalıb gəlmiş və həyata tutunmaq üçün özünə bir dükan açmış Lydia Hoffman elə həmin dükanda corab toxuma kursu başladır.  Kursa gələn bir neçə qadının hər birisi həyatdan fərqli zərbələr almışlar.

   Elise Beaumont kitabxanaçılıqdan pensiyaya ayrıldıqdan sonra illərlə yığdığı pulla şəhərdən kənarda kiçik bağçalı bir evdə təkbaşına rahat yaşaya bilmək üçün bir ərazi alır. Lakin ərazini satan adam fırıldaqçı çıxır. Pulları batan, aylarla məhkəmələrdə sürünən, müvəqqəti olaraq qızının evinə sığınan Elise üçün həyat başqa sürprizlər də hazırlayır. Qızı körpə ikən qumarbazlığına görə boşandığı keçmiş həyat yoldaşı illər sonra onu, qızını və nəvələrini görmək üçün gələcəyini bildirir. Bundan sonra onun həyatı bambaşqa olacaqdır...

   Bethanne Hamlin- mənim favorit obrazım:) Bethanne bir sevgililər günü həyat yoldaşının 2 ildir ona xəyanət etdiyini öyrənir. Yoldaşından dərhal boşanan qadın ailə qurduğundan bəri heç bir işdə işləmədiyi üçün bundan sonra 2 övladı ilə necə  yaşayacaqları ilə bağlı bir əndişə içərisindədir. Üstəlik qızı Annie bu travma ilə atasından qisas almaq üçün pis vərdişlərə qurşanıb böyük problemlər çıxarmağa başlayır. Qısacası, Bethanne sanki bir bataqlığın ortasında əli heç yerə çatmadan batdıqca batır... Amma qədərin  onu daha güclü və özünə inamlı bir qadın olmaq üçün torunu qurduğundan xəbəri yoxdur...

   Vəə Courtney Pulanski... 16 yaşlı gənc qızımız:) Anasını vaxtsız itirən və bununla çox çətinliklə barışan qız atasının uzaq əyalətlərə qazanc dalınca getməsi, özündən böyük qardaş və bacısının fərqli əyalətlərdə oxuması səbəbiylə nənəsi Veranın yanına göndərilir. Köhnə əşyalarla dolu bir evdə yaşlı qadınla yaşamaq onun üçün heç də ürəkaçan bir hal deyil. Bütün dost və rəfiqələrini tərk edib, heç kimi tanımadığı bir yerdə məktəbə başlamaq onu çox narahat edir. Üstəlik Courtneyin kilo problemi də var. Kök olduğu üçün özünə inamı zəif və utancaqdır.

   Beləliklə, bu 4 qadını bir araya gətirən toxuma kursu onların həyatlarında bir şeyi bacara bilmək, bir şeyin öhdəsindən gəlmək, öz güclərini özlərinə sübut etmək üçün atdıqları ilk addım olur. Bundan sonra hədəfləri ilə aralarında duran divarın kərpicləri bir-bir tökülməyə başlayır.

   Əsəri oxuyan oxucu hər qadında özündən bir parça görür. Onların müvəffəqiyətlərinə sevinib, sıxıntılarına kədərlənir. Heç bir şeyin gec olmadığını, içində ümidi hər zaman yaşatmağı, xəyallardından vaz keçməməyi, ömür adlı həyat kitabımızda önümüzə çıxan hər bir hadisə və məsələlərin mütləq bir hikmətə bağlı olduğunu öyrədir "Bir yumak mutluluk".

   Dabbie Macomberin başqa əsərlərini də tapıb oxumağa çalışacam mütləq.

14 Mayıs 2018 Pazartesi

İlqar Fəhmi - Akvarium



Əsərin müəllifi yenilikçi və müasir ədəbiyyat ənənələri əsasında yazmağa çalışan və dəst-xəttini bəyəndiyim yazıçımız Ilqar Fəhmidir. Yazıçını "Qarğa yuvası"əsəri ilə tanınmışdım. Və əsəri çox bəyənmişdim. Bundan başqa əsərin özünü oxumasam da izlədiyim yazıçının yazdığı ssenari əsasında çəkilmış eyni adlı "Aktrisa" film də son dövrlərdə çəkilən ən uğurlu filmlərdən biri kimi təsir bağışlamışdı.
Keçək Ilqar Fəhminin ən son oxuduğum romanı olan "Akvarium"a.

30 Nisan 2018 Pazartesi

Sarah Jio - Gündüzsəfası


  Siz heç hər hansı bir kitabı oxuyarkən yosun qarışıq dəniz qoxusunun oğrun-oğrun pəncərədən otağınıza süzülüşünü, ləpələrin xəfifcə evinizin döşəməsinin altını döydüyünü hiss edib, uzaqlardan paraxodların səsini eşidərək hər cümlədə su  üzərində olmağın ecazkarlığını duymusunuzmu? 

   Cavabınız "xeyr"dirsə Sarah Jionun "Gündüzsəfası"nı oxumağınızı tövsiyə edərdim. 
   Həyatının ən ağrılı zamanlarını yaşayan, böyük bir depressiya içərisində olan Ada Santorini nəhayət ki,böyük bir qərar alır. 

2 Nisan 2018 Pazartesi

Sherlock Holmes - Panik



   Nəhayət, mənə də məşhur Sherlock Holmes kitablarından birini oxumaq nəsib oldu. Panik adlı bu kitab iki bölmədən ibarətdir, yəni Sherlocku məşğul edən iki ayrı əhvalatdan.

   Əsər İkinci Əfqan müharibəsi kimi bir çox döyüşlərdə iştirak etmiş, ağır yaralanıb, üstəlik tifo xəstəliyinə yaxalandıqda döyüş üçün tamamilə yararsız hala düşdüyü qənaəti alınaraq İngiltərəyə geri  göndərilən və bir təsadüf nəticəsində qismətinə Sherlock Holmes-lə eyni evi paylaşmaq düşən, bütün hadisələri birbaşa müşahidə etmə şansını yaxalayan bir həkimin dili ilə anladılır.