Şükür etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Şükür etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

15 Ağustos 2020 Cumartesi

Ölməmişəm... 🤗

 

  Salam olsun bütün yazımı oxuyan vəfalı, qəlbi gözəl insanlara... Mən gəldim yenə 🤗🤗🤗 

   Bu dəli qız yenə bir az uzaqlaşdı, döndü, dolaşdı, qaçıb özünü yetirdi bura...

    Beləyəm neyləyək?! Ara-sıra hər şeydən uzaqlaşmaq istəyirəm. Və inanın bu mənə çox yaxşı təsir edir. 

   Yazmadığım bu müddətdə bütün digər sosial şəbəkələrdən də uzaq durdum. Hərdən istəksizcə bir göz atdım, o qədər. 

   Sosial şəbəkələrlə bağlı içimdə get-gəl yaşayıram bu günlərdə. Hərdən dəli şeytan deyir hesablarını bağla, boş ver getsin. Sonra sosial aləmin yüksək bir dəyəri itirməsinə könlüm razı olmur 😜

   Nə isə... Dedim yazım içinizdə kiməsə maraqlıdır bəlkə, ölməmişəm, yaşayıram çox şükür... 😁

   Hərçənd ki, korona bəlasına biz də tutulduq (düzdür heç bir analiz, yoxlama olmadı, əlamətlərinə görə özümüz diaqnoz qoyduq :), amma çox rahat bir şəkildə atlatdıq getdi.

   Kənddən getdikdən sonra bir az Bakıda qaldıq. Yenidən sərt karantin rejiminə keçilincə Sumqayıtadakı həyət  evimizə geçdik. Və deyim ki, bu virus sayəsində həyət evinin necə böyük nemət olduğunu anlamış oldum.

   Orda qaldığımız müddətdə həyətimizdə bir az təmir işləri apardıq. Divarları boyadım məsələn böyük həvəslə(çox əyləncəli idi). Sonra ağaclarımız və güllərimiz üçün təbii gübrə, kompost hazırlamağı öyrənib dərhal tətbiq etməyə başladım. İndi hal-hazırda həyətimizin bir küncündə ağaclarımız üçün payızda dərman olacaq gübrəm çürüyüb hazırlanır. Bu inanın indiyə qədər öyrəndiyim ən faydalı bilgilərdəndir. Həm evdən atılan zibil azaldı, həm də heç bir şeyin israf olmadan lazımlı bir şeyə çevrilməsi içimi rahatlatdı (maraqlıdırsa Youtube-da  "kompost  nasıl yapılır" yazıb bir göz atın). 


   Bütün ailəcək evdə olmaq əlbəttə ki, işimi də birə beş artırdı. Hələ böyümə çağında olan uşaqları vaxtlı-vaxtında yeməklə təmin etmək... 🤦‍♀️
   
   Üstəlik paltaryuyan maşınımız xarab olub, usta falan da qapalı. Bütün paltarları əldə yuyurdum. Axşamdan islat, səhər erdən dur yu... Qısacası, oldum əməllicə əvvəlin qoçaq gəlinlərindən... 😊

   Bunca işin arasında yenə tək təxirə salmadığım işim kitablarımı oxumaq oldu. İyul ayında da 3 kitab oxudum. 



   Bir də həyatıma "yoga" adlı möhtəşəm bir şey girdi ki, bunu anlatmaqla bitməz. Hər səhər günə pozitiv başlamağıma səbəb, bütün tənbəlləşmiş vücudumu hərəkətə gətirən mükəmməl bir sehir... 🤗
 
   Üstəlik "Black Mirror", "Sherlock Holmes", "Unorthodox" seriallarını izləyib bitirdim.

   Və ən möhtəşəmi xaricdə yaşayan və təfsir dərsləri alan canım rəfiqəmlə ingilis dilində dərslərə başladıq. Bu sayədə həm Quranı daha dərindən anlayacağımı, həm də ingilis dilimi inkişaf etdirəcəyimi düşündük. Hərçənd ki, bu bir az diqqət və zaman istədiyi üçün çox yavaş irəliləyir. Amma hər şeyi yoluna qoyub davamlı məşğul olmağa çalışacam önümüzdəki günlərdə.🤲 
   
   Yəni əslində gerçək aləmdə var olmaq mənə sosial aləmdə var olmaqdan daha cazib gəldi bu aralar. 

   Sadəcə bloquma yazmamaq məni narahat edirdi. Amma bu ara verməyin ruhumu bir növ təmizləyib, mənə huzur verməsi hər dəfə qarşımda əngəl oldu.

   Hal-hazırda kənddəyik. Qurban bayramı üçün gəldik. Və Lənkəran zonasında karantin qalxdığı üçün bir müddət burda qalıb gəzməyə, dincəlməyə qərar verdik. 


   Təbiətlə hər görüşə gedişim mənim içimdəki huzuru bir az daha artırır. Qəlbim hədsiz ümid, fərəh hissi ilə dolur. İnsan təbiətin içindən çıxmış bir varlıq olduğu üçün, nə qədər təbiətlə iç-içə olsa, nə qədər ağaca, torpağa, dağa, dənizə, çaya yaxın olsa bir o qədər pozitiv və xoşbəxt hiss edir özünü. Bunu təəssüf ki, çoxları anlamır. 

   Belə... Yəqin ki, yazmağa çalışacam yenə bir müddət. Bir yığın hazır kitab yorumlarım gözləyir yayımlanmağı. Həm də darıxmışam burada içimi tökmək üçün, ürəyimin sözlərini bölüşdürmək üçün 😉

Ara-sıra gəlin siz də... Tək qoymayın məni buralarda... ❤❤❤

21 Mayıs 2020 Perşembe

Şükrüm...

   


   Dörd möcüzəm, dörd cəngavərim və dörd yaşam səbəbim, hər birinizə ayrılıqda xitabımdır :

   "Həyatımı anlamlı qılan, dünyama ilk baharı gətirən, canım oğlum! Hər gün varlığına şükür edirəm. Bir bilsən səni gözləyişim nə acılı olmuşdu. Yolunu necə gözləmişdim. O ilk səni gördüyüm anın ülviliyini, möhtəşəmliyini əvəz edəcək bir an gəlmir ağlıma... Qəlbimdə körpəcik varlığına qarşı aşıb-doşan sərhədsiz sevgim, şəfqətim heç bitmədi, bitməyəcək... 

   Hər gəlişin göyqurşağıma bir rəng daha qattı, hər gəlişin həyatla aramdakı bağı bir qat daha artırdı.
İlk baxışın, ilk gülüşün, ilk sözün, ilk dişin, ilk oturuşun, ilk iməkləyişin, ilk yerişin... hər biri təntənəli bayram oldu... 
   
   Körpəcə əlini əllərimin arasında tutduğumda ürəyimin düz özəyinə ilıq duyğular axdı ovuclarının içindən... Heyrətlə hiss etdim hər dəfəsində...
    
   Düzənli və yeknəsək evimdə birdən rəngarəng oyuncaqlar çıxdı ortaya, arada ayağımın altında qalaraq məni dəli edən :)  Dizlərimin üstündə oturub bərabər oynadığımız oyuncaqlarınla hekayələr qurduq, rəsimlər boyadıq. Plastilinlə nələr düzəltmədik?!... Səninlə yenidən uşaqlaşdım, səninlə uşaq saflığının ləzzətini daddım... 

   Varlığına nə çox şükür etdim... Hər gün o ən məsum, ən şirin halınla uyuduğunda səni seyr etməkdən doya bilmədiyim anlarda, təkrar-təkrar şükür ettim... 

   İlk məktəb çantanı eyni həyəcanla hazırladıq, ilk dərs günündə hər ikimizin göz yaşları yanaqlarımızdan süzüldü... Sən bu yeni başlayan həyatın həyəcan və qorxusu ilə, mən balamın böyüyüb yavaş-yavaş qanadlarımın altından uçmasının sevinc və üzüntüsü ilə... 

  Bir tərəfim bir an öncə böyüməyini istədi, məktəbə, universitetə getməyini... Xəyalım oldu bir gün boynunu barmaqlarımın ucuna qalxaraq qucaqlamaq...

   Bir tərəfim heç böyüməsin dedi... Həmişə qucağımda, qollarımın arasında olsun... Körpəcə əlləri ovuclarımda...

   Sən mənim həyatımın ən özəl parçası, ən məhrəm dünyası... Başqaları ilə paylaşmaq istəməyəcəyim qədər özəl... 

   Sizi nə qədər sevdiyimi bir gün valideyn olduğunuzda daha yaxşı anlayacaqsınız. Və sevgimin dörd parçaya bölündüyündə azalmadığını, hər dəfəsində bir qat daha artdığını da... 

   Rəbbim gözəl günlərinizi göstərsin hər zaman, qarşınıza yaxşı insanlar çıxarsın... Həyat üzünüzə gülsün, sıxıntılar sizdən uzaq olsun... Daim sevin, sevilin...

   Və sonda həyatımda olduğunuz üçün, məhz sizin ananız olduğum üçün çox şanslıyam çoox..."