Qəlbdən əsintilər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Qəlbdən əsintilər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

7 Aralık 2020 Pazartesi

Həmsöhbətim...

  


   Heç qeyri-canlı, müxtəlif məfhumlarla söhbətləşdiyiniz olurmu? Mənim olur, doğrusu. Bir saralmış yarpaq, bir qurumuş budaq, yastığım, kitabım, fincanım, pəncərəyə qonan quş və divarıma düşən işıq bəzən çox gözəl həmsöhbətim ola bilirlər...


Həmsöhbətim...


Pəncərəmdən düşən işıq, 

divarlarda nur fırçanla nə çəkirsən?

Kölgələrlə hey savaşıb

Mənə kimdən xəbər vermək istəyirsən?

Gah tutulub, gah açılıb

Çırpınırsan divarlarda.

Söylə, dilinmi tutulub?

Qalıb səsin-küyün harda?

Güc verirsən işığına,

Ağarırsan, parlayırsan.

Otağın hər bucağına

Öz nurundan paylayırsan.

Dərdin-sərin var bəlkə də ?!

Danış səni eşidirəm.

Elə belə səssizcə də,

Anlaşarıq, hiss edirəm.


Umman Aslan

23 Eylül 2019 Pazartesi

Çəhrayı...



Mavi səmada süzülən bəmbəyaz buludlara dikmiş gözlərini çəhrayı paltarlı qız... Əlindəki səmaya can atan qırmızı şarın ipini bərk-bərk tutur... İpək saçları rüzgarla rəqs edir... Gözləri ümid, qəlbi fərəh doludur... Zövq alır tamaşasına durduğu mənzərədən...  

Və gözləri ilmələrə zillənmiş düşüncəsi uzaq günlərin sorağında toxuyur qadın... Əlindəki qırmızı şərfi övladı üçün toxuyur... Saçlarına yenicə düşməyə başlamış bəyazlar içəriyə süzülən günün xəfif işıltısını əks etdirir... Gözləri yorğun, qəlbi kədər doludur... Bitirməyə çalışır əlindəki işini... 

 Zirvədən aşağıdakı ovalıqları seyr edir qız... Çantası belində, fotoaparatı yaxasında, zirvəni fəthetməyin sevinci qəlbində... Uzaqlara dikir gözlərini, kəşf edəcəyi yeni mənzərələrin həyəcanını duyur bütün iliklərində... 

Pəncərədən həyətə boylanır qadın... Yenicə bitirdiyi ev işlərinin yorğunluğu üzərində, axşamdan altında əzildiyi sözlərin incikliyi qəlbində... Uzaqlara dikir gözlərini, həyatın ağır yükünü hiss edir bütün iliklərində... 

Rəfiqələri ilə yeni açılan məkanda yeni bir ləzzəti dadır qız... Gülüşlər, zarafatlar uçuşur havada... Eyni zövq və eyni düşüncədəki qəlb dostları ilə bir arada olmağın şükrünü edir qəlbində... 

Və yeni öyrəndiyi bir reseptlə ilk dəfə bişirdiyi yeməyin dadına baxır qadın... Yanındakı ərindən və qayınanasından şikayətlənən qonşu qadının qeybətləri uçuşur havada... Sıxılsa da xətrinə dəyməmək üçün dözüm təlqin edir qəlbinə...  

Yeni bitirdiyi kitabı müzakirə edir rəfiqəsilə qız... Anlatdıqca həyəcanlanır, hüzünlənir, bəzən də coşğuyla çuğlayır ruhu... Oxuyacağı növbəti kitabın mövzusunu düşünür, maraq edir... 

 Və qızına yenə çətin uşaqlığından danışır qadın... Anlatdıqca həyəcanlanır, hüzünlənir, bəzən də "kaş ki"lərə bürünür ruhu... Gələcəyin nələr gətirəcəyini düşünür, əndişələnir... 

 İrəliyə dikib gözlərini macəracı, həvəs dolu, həyat dolu çəhrayı paltarlı qız... 

 Və geriyə boylanır itaətkar, səbir dolu, hüzün dolu yorğun qadın... 

 Baxışları bir anda toqquşur eyni nöqtədə... Gəlirlər göz-gözə... Gülümsəyir şıltaq qız... Şirin bir xəyalın dumanı içərisində... "Yaşa" deyir... Və əriyir... Paltarının çəhrayılığı bir işıq kimi yayılır yenə... Qadının gözləri qamaşır... Gözlərini yumub açır... Gülümsəyir xəfifcə... "Axı necə?"...


27 Eylül 2018 Perşembe

Toy paltarı (Hekayə)



   İki gün idi həyəcan və sevincindən yata bilmirdi. İki gün idi hər yatağa uzandığında gedəcəyi toyun xəyalını qururdu. 

   Orada yaşıdları ilə edəcəyi rəqsi, hər zaman heyranlıqla izlədiyi  həmin günün qəhrəmanı bəyaz mələk kimi görünən gəlini, şux geyimli bəyi düşünürdü.

2 Temmuz 2018 Pazartesi

Empatiya lazımdır bizə!



   Ölməyəcəkmişik kimi yaşayırıq biz həyatı...

   Daim var olacaq, dünyanı tutub gedəcəkmişik kimi...

   Hər şeyin sahibi olduğumuzu düşünüb, hər şeydən sonuna qədər ləzzət alaraq yaşamağa çalışırıq ömrümüzü...

   "Mən" adlı dar bir küncə sığınıb qapadırıq duyğularımızı ətrafa...

21 Mayıs 2018 Pazartesi

Hekayəm



Bir hekayəm var uzaqlarda bilirəm... Yazılmağı gözləyən...

Bir xəyalın qanadında,  
bir ümidin sorağında, 
bir ümmanın qırağında,
yazısının marağında 
bir hekayəm var bilirəm...

23 Nisan 2018 Pazartesi

Bir də yazmaq var...



Bir də yazmaq var...

Tərtəmiz səhifələrə içini tökmək...

Duyğu adlı ruhi və sirli bir aləmi cisimləşdirmək...

Xəyallarını əl çatan etmək...

Könlündəki yükləri etibarlı bir limana əmanət etmək...

29 Ocak 2018 Pazartesi

Oxumaq...



Oxumaq...
Oxuduqca zənginləşmək...
Hər kitabda özündən bir parça tapmaq...
Dilinə gətirib sözlərə tökə bilmədiyin duyğularınla səhifələrdə qarşılaşmaq...
Başqa bir aləmdə aşiq olmaq...

6 Ekim 2017 Cuma

Mücərrəd dünyanın inciləri - Yalnızlıq

  Qəriblikdə ağır həyat imtahanı verən can dostuma ...


   Biri var imiş, biri yox imiş... Biri var imiş, biri yox imiş... Bir gün anlayırsan ki, əslində o biri və ya biriləri heç vaxt yox imiş... 

   Sənin var sayıb sarıldığın, var sayıb ovunduğun heç bir zaman yox imiş... Arzularını, ümidlərini pərvaz etdirən, səni sevgi qanadlarında xəyal buludlarına daşıyan var olmayıb heç bir zaman... 

   Bir ömür arxalanıb güvəndiyin dağlara çoxdan qarlar yağıb lopa-lopa xəbərin yox... O qarlar donub, buza dönüb... Soyuğu səni tir-tir titrədir... İlıq nəfəsin, isti qəlbin də buz tutmağa başlayıb çoxdan, xəbərin yox...

6 Mayıs 2017 Cumartesi

Xınalı sona


     Yenə Rəbbimizin cənnətdən bağçalar bəxş etdiyi bir mövsümdəyik. Fəsillərin ən bərli-bəzəkli, ən nazlı-qəmzəli, ən füsunkar, ən gözəl qoxulusu olan bahar yurdumuzun qonağıdır. Başında gül-çiçəkdən çələngi, zümrüd libası, çəhrayılı-ağlı naxışları ilə, zərif, işvəli, bir az da utancaq yeni gəlinlərə bənzər xınalı sonamızdır bahar.

3 Mart 2017 Cuma

Mücərrəd dünyanın inciləri - Ümid


         
   Nələr vermədi ki, Rəbbim bizə... Bu kirli dünyada yaşaya bilməyimiz üçün nələr lütf etmədi ki, öz sonsuz xəzinəsindən?!

   Heç düşündükmü ümidimiz olmasaydı necə olardı halımız? Necə irəliləyərdi həyatımız? Ümidsiz gəlməzdimi bir an öncə dünyanın sonu?!

   Çünki ümid  yuvarlanarkən uçurumlara doğru əlini atıb tutuna bildiyimiz, sağlam bir budaqdır ;

9 Şubat 2017 Perşembe

Həyat sadəcə gördüyündən ibarət deyil

   
           

   Payızın ilk günləri idi. Qatarın vaqonuna uca boylu, saçları qar kimi ağappaq bir kişi və 25-26 yaşlarında bir oğlan daxil olub yerlərini tutdular. Oğlan pəncərə tərəfdə əyləşmişdi. Qatar tərpənən kimi o, hava axınını hiss etmək üçün əlini pəncərədən bayıra çıxardı və birdən heyrətlə qışqırdı:

30 Ocak 2017 Pazartesi

Böyük nemət

 
               
    Bu yaxınlarda arayış almaq üçün getdiyim bir idarədə eşitdiklərim mənə çox dərindən təsir etdi doğrusu. Bizim yaşadığımız qəsəbənin xeyli yaşı var. Sonradan köçənlər, burdan daşınıb gedənlərlə yanaşı burda dünyaya gəlib, burda ailə qurub və hazırda burda oğul-uşaq, nəvə sahibi olanlar da var. Ona görə də qəsəbə sakinlərinin arasında hələ sovet dövründən burda ilişib qalmış tək-tük rus ailələrinə də rast gəlinir.

24 Ocak 2017 Salı

1. Mimləndim. İlk mimim.

             
       
Dünən hamımızın çox sevdiyi, gözəl qəlbli Deep Tone tərəfindən mimləndim. Digər bloqlarda hər zaman qarşıma çıxan mim ənənəsinə mən bloq həyatımda ilk dəfədir qatılıram. Bu həyəcanı mənə yaşadan Deep Tone-a sonsuz təşəkkürlər. Tanımıyan yoxdur əminəm amma, əgər onu hələ də tanımırsınızsa çox şey itirmişsiniz deməkdir.  Adı kimi Sadə və Dərin bloquna mütləq bir göz atmağınızı tövsiyə edirəm.

"Çocukluğumuza dair" adlı bu mim sayəsində üç sualla  xatirələrimizi qurdalayır, uşaqlıq dövrünə qayıdaraq həmin dövrün bəlkə də çoxdan unutduğumuz məqamlarını yada salmağa çalışırıq.

16 Ocak 2017 Pazartesi

Bəyaz mələk

                                     
     Soyuq nəfəsilə, ağappaq qarı, çovğunu ilə qonağımızdır qış fəsli bu gün... Çoxları sevmir hərəkətlərimizi, həyatımızı məhdudlaşdıran soyuğu, şaxtası ilə sərt görünən, lakin par-par yanan qarı ilə yumyumşaq qəlbə sahib olan bu fəsli... 
    Lakin qış bizə Rəbbimizin ən gözəl ərmağanıdır əslində... Çünki yalnız qış bizə hədiyyə edir zərif, bəyaz çiçək-çiçək, ləçək-ləçək yağan  qar adlı bir gözəlliyi. Yalnız qışda nəsib olur bizə bu əsrarəngiz təbiət hadisəsini seyr etmək.
  Sanki bəmbəyaz bir mələkdir o... Hər tərəfi şəfqətilə bəyaz yorğanına bürüyən, evlərdə isti ocaqlar yandırıb digər fəsillərdə ətrafa səpələnib işə-gücə başı qarışıb bir-birlərini unutmuş ailə üzvlərini, qohum əqrabanı bir damın altına, bir isti ocağın başına yığmağa müəəssər olan bir mələk... Qış insanları bir araya gətirən ən isti fəsildir deyilməyib boşuna.

30 Aralık 2016 Cuma

Ötən ilin son postu

    
            
   Artıq köhnə il yavaş-yavaş tərk etməyə hazırlaşır bizi, yeni il isə qapıda bir an öncə gəlib köhnə ili əvəz etmək həvəsindədir. Hər birimiz həyatımızda yeniliklər, başlanğıclar etməyi sevirik. Hər gələn təzə il isə həyatımızda yeni, tərtəmiz bir səhifə açır. Bəzimiz köhnə ildən qalan sıxıntılarımızı, dərdlərimizi, peşmançılıqlarımızı, qısacası bizi narahat edən şeylərin bir parçasını israrla özümüzə yük edib daşıyırıq yeni ilə... Bəzimiz isə hər şeyi köhnə ildə buraxıb yepyeni ümidlər, arzular, xəyallarla atılırıq təzə ilin tərtəmiz ağuşuna...

23 Aralık 2016 Cuma

İrəliləyən zamanda geriləyən dünya

    

              
    Biz nə zaman bu hala gəldik? Nə zaman qəlblərimiz bu qədər qatılaşdı? Nə zamandan bəridir ətrafımızda baş verən hadisələrə, müharibələrə, güllələrin altında həyat mücadiləsi verən insanlara, ac qalan, yetim qalan, ölən uşaqlara göz yumuruq, heç yoxmuşlar kimi yaşaya bilirik? Belə bir dövrə nə zaman gəlib çatdıq? Yaşamağa həvəssiz, gələcəyə ümidsiz, duyğuları buz tutmuş bir nəsilə necə çevrildik? 
    Axı guya dünya inkişaf edir, yeni ixtiralar, elmi nəaliyyətlər... insana bənzər robotlar... Dünya irəli getdiyi halda insanlıq niyə geriləyir bəs? Allahın hər şeyi yaradaraq əmrinə, xidmətinə verdiyi bəşər niyə özünü hər şeyin quluna çevirir? Niyə özlərinə bənzər dəmir robot düzəltmək yerinə öz dəmirləşmiş qəlblərini həyata döndürməyə çalışmırlar?! 
           
    Bu gün var, sabah olmayacaq dünyamızda tökülən qanlar niyə? Başqasının torpağına, malına göz dikən gedərkən sadəcə bir metrlik torpağa sığacağını, bir parça bezdən başqa heç nə apara bilməyəcəyini unudurmu görəsən? Üç günlük dünya üçün didinib durarkən əbədi həyatını məhv etdiyinin fərqində deyilmi?

1 Aralık 2016 Perşembe

Yaradılış qayəsi



     Ətrafımıza baxdıqda hər şeyin mükəmməl bir nizam və gözəllik içərisində olduğunu görürük. Hətta özümüzə nəzər saldıqda belə istər fiziki,  istərsə də mənəvi təchizatlarımızın nə qədər incə bir hesabla yaradıldığının şahidi oluruq. Və bir gün bütün bu mükəmməl yaranmışlığın məhv olacağı düşüncəsi insanda istər istəməz belə bir sual yaradır: Sonlu olan bu möhtəşəm kainat və ölümlü olan bu insanın yaradılışındakı qayə nədir? Daha bəsit bir cümlə ilə - Biz nə üçün yaradıldıq?

15 Kasım 2016 Salı

Sarı gəlin

      Rəbbimin öz qüdrətli sənətini sərgilədiyi təbiətə vurğun olduğumu qeyd etmişdim. Bu təbiətin hər mövsümdə fərqli ab-hava, fərqli ovqat və fərqli rəngə bürünməsi isə başlı başına bir möcüzədir... Hər fəsildə hiss etdiklərimi, internetdən topladığım ən gözəl rəsmləri ilə təqdim etmək istəyirəm. İlk fəslimiz isə gözəlliyinin dəyərini yeni hiss etməyə başladığım xəzan fəsli - qızıl payızdır...

22 Eylül 2016 Perşembe

Mücərrəd dünyanın inciləri 1 - Sevgi

 

     Birinə bənd olursunuz ... Ya ilk baxışdan, ya da müəyyən müddətdə... Yavaş-yavaş hər şey dəyişir sizin üçün, həyat daha anlamlı, daha yaşanılır gəlir artıq... İndiyə qədər mənasız bir ömür yaşadığınızı düşünürsünüz... Sonra bənd olduğunuz aşiq olduğunuz insana çevrilir... Artıq onun varlığı bütün həyatınızı istila edir... Xəyallarınız, düşüncələriniz, yuxularınız bütünlükdə ondan ibarət olur... Hər an yanınızda, hər an qəlbinizdədir... Şahid olduğunuz bütün hadisələri qəlbinizdə onunla paylaşırsınız, dinlədiyiniz bütün musiqilərin sanki sadəcə siz ikinizə həsr edildiyini düşünüb heyrətlənirsiniz, baxdığınız hər simada onun cizgilərini arayırsınız... Hər kəs, hər şey sizə onu xatırladır... Onu hər gördüyünüzdə qəlbiniz yerindən oynayır, içinizdə bir həyəcan çağlayır... Səsi, gülüşü, danışığı, hər şeyi sizə qeyri-adi dərəcədə gözəl görünür... Hamıya ondan danışmaq istəyirsiniz ... Bəzən də onun sadəcə sizin, sizin isə onun üçün yaradıldığını düşünürsünüz... Könül dünyalarınız bir-birinə görülməz simlərlə bağlıymış kimi hiss edirsiniz... Eyni duyğuları yaşayıb, eyni hissiyatı paylaşırsınız sanki... Heç kimin anlamayacağı, sadəcə sizin ikinizə məxsus olan hissləri...

1 Eylül 2016 Perşembe

Yaza bilmirəm

      
      Uzun zaman oldu bu bloqa heç nə yazmamağım... Doğrusu bu müddətdə heç açıb baxmadım belə çox əzizlədiyim bloquma... Çünkü mən yazmağa başlayanda dünyamız bambaşqa idi... Sevgi dolu, ümid dolu, həyat dolu...Həmişə gözəl şeylərdən bəhs edib, gözəl məlumatlar paylaşmağı düşünmüşdüm... Sonra elə şeylər yaşandı ki, hər şey alt-üst oldu... Bütün gözəllikləri məhv etməyə, onsuz da tək-tük qalmış vicdanları susdurmağa, məsumiyyəti, təmizliyi kirlətməyə özünü adamış biri dünyamızı öz qara, kəsvətli, zəhərli buludları ilə elə bürüdü ki, nəfəs alamaz olduq... Boğuluruq... Bu pis havanın ağırlığında boğuluruq... İyrənirik... Bu yaltaqlıq, ikiüzlülük, iftiralar və yalanlar qarşısında iyrənirik... İnciyirik... Xoş günümüzdə həmişə yanımızda olub bizə dost görünənlərin indi üz çevirib zalımın yanında yer almasından inciyirik... Üzülürük... Allah rızası üçün görülən bütün işlərin qarşısının alınıb, bu işi görənlərin xalq düşməni kimi ən ağır şəkildə cəzalandırıldığını görüb üzülürük... Bircə təsəllimiz var... Allah hər şeyə şahid... O görür, o bilir... Gerisi boş... Bom boşşş...
     Yenə bir həvəs, bir həyəcan tapacammı yazmağa bilmirəm... Bir də nə vaxt, hansı mövzuda yazaram, onu da bilmirəm... Tək bildiyim şey - indi yaza bilmirəm...