Gəzinti etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Gəzinti etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

18 Ocak 2020 Cumartesi

Tarix qoxulu Praqa1

    

   Salam olsun bütün yazımı oxuyan canlarıma. Bu aralar yenə hədəflərinin arasında sıxışıb çabalayan, bu budaqdan o budağa atlayaraq ortaya bir şeylər çıxarmağa çalışsa da hələ ki, yerində sayan, bərəkətsiz zamanın hərəkətsiz nümayəndəsi olaraq işlərimi çatdırmaqda çətinlik çəkirəm. Bloq yazılarım da bunların içərisində. 

   Bir xasiyyətim var ki, görəcəyim işi planladığımda o plandan qırağa çıxmağı heç sevmirəm. Uzun müddətdir səyahət yazımı davam etdirmək istəyirəm. Bu yazılar digərlərinə nisbətən çox vaxt alır. Tam 3 kitab bitirmişəm bura yazmalıyam və əlimdə başqa yazım da var. Amma mənim ki, planımda öndə səyahət yazısı var, heç cür digərlərinə keçə bilmədim. Nə isə. 

   Bu yazımı bitirdikdə baxdım ki, çox uzundur. Heç kimin hövsələsi çatmayacaq sona qədər oxumağa. Günlük xarakterli olduğundan şəkilləri də bol-boldur. Odur ki, yarıya bölmək qərarına gəldim. Və yazımı bitirən kimi ilk hissəsini elə həftə sonundaca yayınlayıram. Hər kəsə xoş oxumalar. Ümid edirəm ki, yazını bəyənər, xəyalən mənimlə siz də Praqaya səyahət etmiş olarsınız. 
   

Macarıstana gedərkən başqa bir ölkəyə də gedə biləcəyimiz heç ağlımdan keçməmişdi doğrusu. Dunaujvarosa gedəcək avtobusumuza minmək üçün Nepliget avtovağzalındakı  meydançaya daxil olduğumuzda üzərində Berlin, Vyana və b. şəhərlərin adlarının avtobusların sərlövhələrində görmək çox maraqlı gəldi mənə. Sanki eyni ölkənin fərqli şəhərləriymiş kimi  başqa ölkənin başqa şəhərinə getmək bu qədər asan olarmı? 

   Sən demə yoldaş sürpriz olaraq bir jest tutubmuş ağlında. Dunaujvarosun son günlərində mənə istərsəm başqa şəhərlərə də gedə biləcəyimizi deyəndə təbii ki çox sevindim. Vyanamı, Pragamı? - İki seçimim vardı. 

   Əslində Vyana daha yaxın idi. Amma internetdə araşdırınca və Praqanın Avropanın ən fotogenik şəhəri olduğunu da öyrənincə təbii ki seçimim Praga oldu. 

   Pragada yoldaşın tələbələrindən tanış bir ailə də var imiş. Onunla danışıb otel ayarlamağa çalışsalar da alınmadı. Az qala vaz keçəcəkdik ki, bir də mən əl atım dedim. Və əvvəldə uyğun qiymətə mərkəzə yaxın bir otel tapdığımı desəm də yoldaşı heç cür inandıra bilmədim. Sonra özü dediyim yeri araşdırıb baxınca çaşdı qaldı. Bəli bir şeyin olacağına inanıb, səbir və həmin inancınla işə girişdiyində olmayacaq şey yoxdur - bir daha öyrənmiş olduq 😉

   Nə isə başınızı çox ağrıtmayım. Dunaujvarosdan Budapeştə çatanda Bizi Praqaya aparacaq avtobusumuzun çıxışına hələ 4-5 saat vardı. Onacan bir az Budapeşti gəzək dedik. Narazı qaldığım bu qısa gəzintimizdən gələn dəfəki Budapeşt yazısında bəhs edəcəm. 

   Praqaya gedərkən yoldaşla ikimiz sadəcə bel çantalarımızı götürdük, çamadanımızı sağ olsun burdakı həmyerlimiz alıb saxladı.
Nəhayət, Praqaya yola düşdük. 

   Budapeştdən bura səhv xatırlamıramsa 6 saatlıq yol idi. Məncə Avropa türklərdən çox şey öyrənməlidir. O qədər bahalı avtobusda nə bir çay ikram etdilər, nə də kek, peçenye.😒 Bu cəhətdən həqiqətən türklərə çatan yoxdur. 

   Praqaya çatanda gecə saat 12 idi. Sağolsun həmyerlimiz bizi qarşılayıb otelə qədər ötürdü. Yol boyu qaranlıq da olsa səssiz və sakit bir şəhər həyatının Dunaujvarosda qaldığını anlamış oldum. Burada artıq diqqət çəkən təbiət deyil, tarixi və möhtəşəm binalar idi. 

   Otelimiz də kifayət qədər rahat idi. Gecə yatıb səhər erdən oyandıq. Həmyerlimiz bizi evə səhər yeməyinə dəvət etmişdi. Əşyalarımızı toplayıb çıxdıq, sadəcə bir gecə qaldığımız otellə sağollaşdıq. 



Bu şəhərdə ilk diqqətimi çəkən bina 😊

Ah qürbət eldə həmyerlilərlə olmaq necə gözəl duyğudur... Sağ olsun möhtəşəm süfrə hazırlamışdılar bizim üçün. Bərabər olmaq və söhbət elə maraqlı oldu ki, bir də baxdıq saat 11-dir. Bir az da otursaq Praqanı gəzmək üçün sahib olduğumuz bircə günün yarısını qaçıracaqdıq. 


   Həmyerlimiz bizə gəzintidə yoldaşlıq edəcəkdi. Bu çox yaxşı oldu.
Çünki bilən biri ilə gəzmək bizə zaman qazandıracaqdı.
   Praqada ilk diqqətimi çəkən və xoşuma gələn tramvaylar oldu. Bu tramvaylar sanki Praqanın simvolu kimidirlər. Daş küçələrdə uzanan dəmir yolları, tez tez ötüb keçən qırmızı tramvaylar burada nostalgiya havası əsdirərək şəhərin gözəlliyinə gözəllik qatır.  Həm də şəhər içərisində hər yerə gedə bilən bu tramvaylarla rahatca hərəkət etmək olur. 


   İlk əvvəl yenicə təmirdən çıxmış Praqa Milli muzeyinə və önündəki Wanceslas (Vaslav) meydanına getdik. Vaclav Meydanı  Çexiya  cümhuriyyətinin paytaxtı olan Praqanın əsas meydanlarından biridir. Meydanda bir çox tarixi hadisələr baş vermişdir. Və hal hazırda da mitinqlərin, bir sıra tədbirlərin keçirildiyi ənənəvi toplanma yeridir. Meydanın adı Bohemya dükü I Vaclavın şərəfinə qoyulub. Meydan UNESCO Dünya Mirası siyahısına daxil edilən Praqanın tarixi şəhər mərkəzində yerləşir. 


Praqa Milli Muzeyi


Wanceslas meydanı
   Meydandan sonra ara küçələri gəzdik bir az. Hər tərəf turist qaynayırdı. Bu şəhər çox canlı, səsli-küylü və o qədər ecazkar idi.  Üzəri işləməli, rəngarəng, tarixi binalar, çoxsaylı heykəllər, körpülər, tramvay, hətta küçələrdə arabir rastlaşdığımız turistləri gəzdirən antik maşınlar... 






   Bu şəhərdə ən çox hiss etdiyim də elə tarixilik oldu. Hər binaya, divara sanki tarix hopmuş, keçən zaman bu tilsimi qıra bilməmişdi. Bəlkə də bu qədər çox turisti buralara çəkib gətirən də məhz bu tarixilik, ecazkarlıqdır....





   Yol üstü bir poçt binasına girdik. (Sadəcə bir günümüz olduğu üçün bu içinə girib gəzdiyimiz yeganə bina oldu. Qalanlarını sadəcə çöldən izləyəsi olduq). Yenə köhnə illərdən qalmış  böyük binadakı hündür sütunlar, divarlara işlənmiş rəsmlər və səmanın görüləbiləcəyi şəffaf şüşəli tavan... Gözəl idi. 



   Tarix qoxan küçələrdə gəzə-gəzə nəhayət Şəhərin Tarixi Meydanına (Old Town Square) gəlib çıxdıq. Orta əsrlərdə bazar olaraq istifadə olunan bu meydanda eyni zamanda Çexiya üçün önəmli olan bir sıra şəxslərin edamı da həyata keçirilmişdir. 







   Turistlərlə dolu olan bu meydanda həm də Tarixi bələdiyyə sarayı və bu sarayın bir hissəsi olan Astronomik saat(Orloj) da yerləşir. 

   Bəxtimizə saat tamam olacağı vaxtda gəlib çıxmışdıq. Saatın önündə bir çox turistlə bərabər nələr baş verəcəyini gözləməyə başladıq. Saat tamam olunca insanların həyəcanı artdı və kiçik müddətli bir göstəri izlədik. 

Deməli saatın sağ və sol tərəfində dörd heykəl var : Skelet, qızıl kisəli yəhudi, güzgülü və Osmanlı fiqurları.



   Skelet  şəklində olan birinci heykəlin əlindəki zəngi çalıb digər əlindəki qum saatını çevirməsi ilə hər şey başlayır. Bu hər canlının bir gün ölümü dadacağının və keçən zamanla birlikdə bu mütləq sonun yaxınlaşdığının simvoludur. 
Acgözlülüyü təmsil edən yəhudi, kibirliliyi təmsil edən güzgülü və kef, səfanı təmsil edən osmanlı fiqurları başlarını bulayaraq ölümü qəbul etmədiklərini elan edirlər.

   Təbii ki, mən baxanda o fiqurların tam olaraq nə ifadə etdiyini bilmirdim. Sonradan internetdən tapıb öyrəndim.
Bu dörd heykəlin göstərisi müddətində saatın üstündə açılan pəncərədən 12 həvari bir-bir keçib gedir. Və bu təntənə Astronomik saatın ən üstündə yerləşən xoruzun banlayıb yuvasına girməsi ilə sona çatır.
Proses sona çatdıqda izləyicilər alqışladılar.

   Meydanda yenə tarixiliyi hiss etdirən at arabaları və onları idarə edənlərin üzərindəki qədimi paltarlar sanki keçmişdən bir fraqment təsiri bağışlayırdı.

   Meydandan ayrılıb yenə ara küçələrdə gəzdik bir az. Bizi gəzdirən həmyerlimiz dondurma yeyilən bir məkanı çox təriflədi, ora getdik. Kiçik, maraqlı dizaynlı, butik bir yerdi bura. Çiyələkli və şokoladlı dondurmanın hərəsindən bir az qoydurub bu həqiqətən də dadını əsla unutmayacağım (xüsusən, şokaladlının) ləzzətdən yeyib yolçu yolda gərək dedik. 




   Frans Kafkanın şərəfinə qoyulmuş, onun başı formasında hərəkət edən modern heykələ də baş çəkib, izlədik bir az. 


Günorta namazı üçün birtəhər bir cür tapdığımız bir binanın ambarındakı ərəblər tərəfindən düzəldilmiş məscid çox mütəəsir elədi düzü məni. Çünki namaz belə tozlu və qaranlıq məkanda yerinə yetiriləcək bir ibadət deyil. Nə zaman bizim dinimiz layiq olduğu yerə çatacaq bilmirəm. İbadət etmək üçün çətinliklə belə küncdə bucaqda yer tapmaq ağır gəldi mənə. Hamısı da dinini layiqincə yaşamayan bizlərin günahıdır. Vəssəlam.

Ardı gələn postda 🤗❤

   

11 Kasım 2018 Pazar

Lənkəranda festival



    Hamınızı salamlayıram, əzizlərim. Bu həftə uzun müddətdən bəridir pozmamağa çalışdığım qaydanı pozası oldum. Cümə axşamı günü yazı yayımlaya bilmədim. Çünki son zamanlar yazını elə həmin gün yazıb yayımlayıram. Əvvəlcədən yazı hazırlamağa təəssüf ki, vaxtım olmur. Və cümə günü böyük oğlumun ad günü olduğu üçün bloquma heç cür vaxt ayıra bilmədim. Həmin günün əvəzinə bu gün bir yazıyla qarşınızda olmaq istədim. 

18 Ekim 2018 Perşembe

Payız gəzintisi - Lənkəran



   Salam olsun payız günlərində xəzanla hüzünlənən, qara buludlu səma ilə qüssələnən, yağışla yuyunub, küləklə daranan ağacları pəncərənin arxasından isti çayı ilə seyr edən və hər şeyə rəğmən bu sonuncu baharın gözəlliyini layiqincə duyan həmzövqlərimə, yəni payızsevərlərə.

13 Eylül 2018 Perşembe

Bu da son - Təngaltı, Afurca.



   Hər kəsə salam olsun. Beləliklə, Quba ilə  bağlı bu yazımızla, gəzinti yazılarımıza da son veririk.
   Qubada ən son getdiyimiz yerlər Təngaltı kəndində yerləşən Təngaltı dərəsi və Afurca kəndində axan eyni adlı şəlalə oldu. Qeyd edək ki, bunların hər ikisi təbiət abidəsi kimi qorunub saxlanılır.

6 Eylül 2018 Perşembe

Qusarın sərhədlərində (Laza, Şahdağ)



   Beləliklə gəzinti yazımıza qaldığımız yerdən davam edirik. Qubada olduğumuz bir gün Qusar rayonuna keçib oradakı məşhur gəzməli yerlərə də baş çəkmək istədik. Və ilk olaraq dağların qoynundakı şəlalələr məskəni Laza kəndinə getdik.

23 Ağustos 2018 Perşembe

Tətil gəzintimiz 2. Quba-Çənlibel gölü.



   Hər kəsə qucaq dolusu salamlar. Beləliklə gəzməyə keçən həftə qaldığımız yerdən davam edirik.😊

   İlk gəzintinin yorğunluğunu çıxarandan sonra bu dəfə qaldığımız yerə daha yaxın bir yerlərə çıxmaq istədik. Yaxınlıqda Çənlibel adlı bir gölün olduğunu eşidib gedib görək dedik.

16 Ağustos 2018 Perşembe

Tətil gəzintimiz 1. Qubanı tanıyaq.

 

   Tətil günlərini fürsət bilib bu qızmar yayın istisindən,  qaynar şəhər həyatının səsindən-küyündən, boğucu havasından, boz beton yığınından qaçıb dənizə, dağa, bağa, meşəyə, çay qırağına, qısacası, süni bir yaşayışdan, təbiətin qoynundakı təbii həyata hər kəs qaçmaq istəyir yəqin ki. 

2 Eylül 2017 Cumartesi

Lerikdə bir gün


        

   Ah ahhh... Mən nə xəyallar qurmuşdum bu yay tətili ilə əlaqədar. Guya bu il gedib görməyi çoxdan arzuladığım Şəkiyə salacaqdıq yolumuzu. Həm gözəl təbiətini müşahidə edəcək, həm tarixi binalarını gəzəcək, həm də dadlı halvasından dadacaqdıq. Amma deyir sən saydığını say, gör fələk nə sayır...

18 Ağustos 2017 Cuma

İstirahət seçimi

 
    Qızmar yay günlərindən hər kəsə salamlar. Belə istilərdə yəqin ki, bir çoxunuz həm sərinləmək, həm də tətil fürsətini qaçırmamaq üçün istirahət yerlərinə üz tutmusunuz.

   Tətildə dincəlmək üçün hər kəs özünə görə fərqli məkanlar seçir. Yəni hər kəsin istirahət anlayışı fərqlidir.

2 Haziran 2017 Cuma

Yenə bir səfər, yeni bir səfər


   Ramazan günlərindən hər kəsə salamlar...    Çoxdandır yazıb hazırlayıb bu gün yayımlamaq imkanı tapdığım bir gəzinti yazımı təqdim etmək istəyirəm sizə. Bu yazılarımla,  əslində, Azərbaycanımın necə gözəl məkanları və təbiəti olduğunu az da olsa göstərmək istəyirəm. Oxuyanlara gedib gəzmək üçün bir fikir olar bəlkə də.

14 Mayıs 2017 Pazar

Uşaqlığıma səfər



    Salam olsun sevgili bloqqer olan və olmayan məni oxuyan hər kəsə. Neçə vaxtdır aranızda ola bilmirəm yazmışdım keçən yazımda. Şükür yaxşı səbəblərə görə vaxtım olmurdu. İnstagramdan təqib edənlər bilirlər bu aralar həm balacamızın ferma konseptli ad gününü keçirdik, həm də xeyli gəzdik :)