oxumaq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
oxumaq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

18 Mayıs 2020 Pazartesi

Cek London / Martin İden

 


  Cek Londondan bir çox əsərlər oxumuşam. Və doğrusu, bu yazıçının qələmini çox-çox bəyənirəm. Onun orta məktəbdə dərsliyimizdə də olduğu üçün oxuduğum "Həyat eşqi" əsərinin günlərlə təsirində qaldığımı xatırlayıram. Universitet vaxtlarında isə daha çox əsərləri ilə tanış olmuş, oxumuş və sevmişdim. 

  Amma mən necə olub indiyə qədər "Martin İden"i oxumamışam deyə, əsəri bitirəndən bəri hələ də özümə sormaqdayam. Haqqında çox eşitmişdim, niyəsə oxumağı o qədər də arzulamamışdım. Oxuyunca isə bu mənim indiyə qədər  oxuduqlarım içərisində  bu qədər mənə, iç dünyama xitab edən bəlkə də yeganə kitab olduğuna tam qənaət gətirdim. Və əslində, kitabın onu anlayıb, duya biləcəyim zamana qədər məndən uzaq durduğunu düşündüm.

   Martin sadəcə bir əsər qəhrəmanı deyil... O həyatda həmişə fikrən, ruhən başqa buudlarda yaşayan, xəyalları zirvələrdə dolaşan, həyatın hər cür bəsitliyindən, sıradanlığından uzaq düşüncələrə sahib, fərqli olan, fərqli duyan, gücünə inanan, ətrafındakıların basmaqəlib düşüncələrindan yorulsa da əzmindən taviz verməyən və buna görə də anlaşılmayan, kənarlaşdırılan, özgələşədirilən, tənhalaşan bütün Martinlərin simvolik obrazıdır sanki.

   Hər cümləsində içim yandı, hər cümləsində yanındayam deyə hayqırmaq istədim Martinə... Amma nə fayda... Martinlər tənhalığa məhkumdurlar, bu onların alın yazısıdır.

   Əsərin nə mövzusu, nə də digər qəhrəmanlar haqqında heç nə yazmayacağam. Çünki bu Martinin hekayəsi, bu Martinin içində qərib olduğu dünyası...

   Əsəri hər kəsin sevəcəyinə də əmin deyiləm. Amma hər kəsin Martində öz içindən bir şey tapacağına əminəm. Odur ki, oxuyun deyə şiddətlə tövsiyə edirəm. Və məncə bundan  çox yazmaq artıq olar. Sözü buraxıram "Martin İden"dən seçdiklərimə...

                          Seçdiklərim:



"Eh bircə həqiqətən yaxşı danışmağı bacarsaydım - dedi. Başımda o qədər müxtəlif fikir vardır ki, bütün varlığımla onları demək istəyirəm. Lakin bunların hamısı o qədər böyükdür ki, münasib sözlər tapa bilmirəm. Bəzən mənə elə gəlir ki, bütün dünya, bütün canlı xilqət mənə üz tutub ; bizim əvəzimizə sən danış deyə tələb edir. Mən bunu duyuram, lakin necə bunu ifadə edim? Mən hər şeyin əzəmətini hiss edirəm, lakin elə ki, danışmağa başlayıram dilim dolaşır, uşaq kimi kəkələyirəm."


✔ "İlin gözəl bir çağı, günah işləyib peşman olmamış gözəl bir qadın kimi yaşamış, indi belə bir qadın kimi də can verirdi." (Sonbaharın təsviri)

✔ "... yaradıcılıq nəşəsi yer üzündə ən nəcib bir nəşədir. Bu nəşə bütün məhrumiyyətlərimin əvəzini verdi."

✔ "Məhəbbət addımbaşı büdrəyən və yıxılan cılız, eybəcər bir xilqət deyil, əsl böyük məhəbbətdirsə, heç bir zaman yolunu azmaz."

✔ "Gertruda, özümdən başqa heç kəs mənim qüvvəmə inanmır..."

✔ "Dünya qüdrətli olduqları qədər də nəcib olan qüvvətlilərindir, bu qüvvətlilər isə bütün ömürləri boyu alğı-satqı bataqlığında ilişib qalmırlar. Dünya əsl kübarların, sarışın vəhşilərin, heç bir sazişə getməyən və həmişə yalnız "hə" deyən adamlarındır."

✔" O sükansız və kompassız qalmışdı, bir yerə də tələsmirdi. O, baş  alıb gedən axına qoşulanda həyatı daha az duyurdu, həyatı duymaq isə onu incidirdi."


✔❗"Onların hamısı eyni dərəcədə ümumi meyarlara uyğunlaşırlar, hamı həyatını hazır, basmaqəlib miskin bir timsal əsasında qurur. Həm də daim bir-birlərinə baxan, bir-birlərini yamsılayan bu miskin məxluqlar uşaqlıqdan əlində əsir olduqları mənasız qaydaları yalnız pozmamaq xatirinə öz fərdi xüsusiyyətlərini silib atmağa, canlı həyatdan üz döndərməyə razıdırlar." (bu ən ən sevdiyim :))

2 Eylül 2019 Pazartesi

Səsli kitab / 1



   Yeni evə daşınmaq necə çətin olur bir çoxunuz bilirsiniz yəqin ki. Hələ bir də başqa bir şəhərə daşınmaq...
   Bir tərəfdən əşyaları yerləşdirməyə çalışmaq, evdə yeni bir düzən qurmaq, digər tərəfdən uşaqların məktəb, balacanın bağça işləri ilə məşğul olub, onları da bir baxımdan yerləşdirmək...😊

   Və bütün bunları edərkən də hər kəsin evdə olması 😭 Hər dəqiqə dağılan evi səliqəyə sal, səhər, günorta, axşam yeməklərini hazırla və sair və ilaxir...
 
   Qısacası heç bitməyən, hər gün təkrarlanan işlər...
 
    Və təbii olaraq bu işlərin arasında uzun müddətdir oxumağa başladığım kitabı heç cür bitirə bilməmək...
 
   Yeni bir şey başladı həyatımda... Madam iş görərkən oxuya bilmirəm. Heç olmasa səsli şəkildə dinləyim dedim, youtube-da elə səsli kitab adı ilə axtararkən Akın Altanın səsləndirdiyi 20-40 dəqiqə arasındakı hekayələri dinləməyə başladım. Və bu sanki yeni bir kəşf oldu mənim üçün.
 
   Mən dinləyərkən tez-tez fikri yayınanlardanam, həm də göz yaddaşım daha yaxşı olduğu üçün görərək bir şeyləri yadda saxlamaq və dərk etmək daha rahat gəlir mənə.
 
   Bu baxımdan zənnimcə səsli kitab dinləmək çox yaxşıdır. Çünki ilk kitabda tez-tez yayınan fikrimi zoraki olaraq toparlamağa çalışdığım halda zamanla bunun qeyri-ixtiyari bir hal aldığının şahidi olum. Artıq dinlədiyimi daha yaxşı anlaya və yadda saxlamağa başladım. Zamanla daha da yaxşılaşacağına əminəm. Çox sayda kitab dinlədim. Amma hamısının 40 dəqiqədən çox olmamasına çalışdım. Çünki özümü başlanğıcdan çətinə salmaq istəmədim.
 
   Dinlədiklərimdən kiçik bir qismi haqqında düşüncələrimi aşağıda qeyd edəcəm. Digərlərini də ərinməyib yaza bilsəm irəliləyən zamanlarda bloqumda yer verəcəm inşəAllah.
 
   Qısacası, kitab oxumağa vaxtım çatmır deməyin. Dinləməklə  də o əvəzsiz zövqü yaxalaya və kitab dünyasının sirli səhifələrinə səyahət edə bilərsiniz. Hələ bir də Akın Altanın o ecazkar səsi və mükəmməl diksiyası ilə dinləyirsinizsə...

   Bu arada türkcə dinlədiyim üçün elə oradakı adı ilə qeyd edəcəm hekayələri.


             Aghata Cristie / Çingene
  
   Dənizçi bir gənc uşaqlığından etibarən yuxularında gördüyü qırmızı yaylıqlı qaraçı bir qadından qorxur. Hətta arada bu qadınla qarşılaşır da. Müxtəlif zamanlarda və yerlərdə, müxtəlif şəkillərdə (amma qırmızı rəng hər zaman vardır) qarşılaşdığı bu qadın onu təhlükələrə qarşı xəbərdar edir kimi görünür... Yoxsa başına gələn bütün bədbəxtlik və uğursuzluqların səbəbi bu qadındırmı? Gənc bu xəbərdarlıqlara qulaq verməlidirmi, qaraçı qadından qorxmasının bir əsası varmı, bəs qadının bu gəncdən istədiyi nədir? 
Qısa, amma sirli və gözəl bir hekayə idi. Dinləyin məncə.


Nathaniel Hawthorne / Wakefield
   
Yazıçı elə ilk başdan hekayəsini qəzet və ya jurnalların birindən oxuduğu gerçək bir hekayə əsasında yazdığını bildirir. Hekayəsinin qəhramanına şərti olaraq Wakefield adını qoyur. Bu adamın sadə və alışılmış yeknəsək ailə həyatı vardır. Ara-sıra qəribə, sirli bir havaya bürünən Wakefieldin bu xasiyyətini artıq həyat yoldaşı da mənimsəmişdir. Bir gün axmaq bir fikir gəlir onun ağlına. Heç bir səbəb göstərmədən uzağı bir həftəlik uzaq bir əyalətə gedəcəyini söyləyib evdən çıxır. Və 1-2 küçə aralıqda kiraladığı evə yerləşir. Əslində özünün də tam anlamlandıra bilmədiyi məqsədlərindən biri ailəsinin, xüsusilə, həyat yoldaşının onsuz necə bir həyat yaşayacağını müşahidə etmək olur. Bəs bu müşahidə nə qədər çəkəsək? 1 həftəmi, 1 aymı, 1 ilmi, 10 ilmi... Bu tam 20 il çəkir. Və yazıçı bu müddət ərzində Wakefieldin düşüncələrini, duyğularını təsəvvür etməyə çalışır. Yazıçının sanki oxucu ilə söhbət edirmiş kimi anlatması çox xoşuma gəldi. Həyəcanlı, .... bir hekayə oxumaq istəyənlər üçün bir az sıxıcı gələ bilər. Onu da deyim ki, bu kiçik hekayə əsasında eyni adda Amerikada 2016-cı ildə bir film də çəkilib. Filmi fürsət tapdığım ilk zamanda izləməyi düşünürəm.


Lev Tolstoy / Yoksul köylünün oğlu

Hekayənin adı insana nağılları xatırladır. Tolstoy da elə nağılvari anladıb hekayəni. Amma bu nağıl alışılmış sadəcə sehirli qüvvələrin və ya metafizik varlıqların olduğu bir nağıl deyil. İnsana həyatın gerçəklərinin, bu dünyaya gəlmə səbəbimizin və mənəvi paklığı yaxalaya bilmə yollarının açıb göstərildiyi dəyərli bir öyüddür sanki. Öz qəlbini, ruhunu təmiz tutmadan başqalarının daxilini təmizləyə bilməyin namümkünlüyünü, gerçək imana sahib olduqdan sonra bir çox qorxuları məğlub edə bildiyimizi, yalnız özümüz yanarsaq başqalarını da yandıra biləcəyimizi bir daha göstərir bizə böyük mütəfəkkir. 


Anton Çexov / Hayaller 

Bir xəyal düşünün... Çarəsiz bir xəyalpərəstin özü üçün qurduğu və onunla həyata tutunduğu bir xəyal dünyası... Orda hər şey söylənənlərin əksinə qaydasındadır, gözəldir... Və bu xəyalı ikicə cümlə ilə alt-üst edən, onun həyatla bu yeganə bağına acımasızca balta endirən realistlər... Bəzən xəyal dünyasında xoşbəxt və ümidlə yaşayan bir xəyalpərəst olmaq, bu gerçək həyatın sərt zərbələrini duya-duya, bütün bir həyatı bədgüman yaşayan realist olmaqdan qat-qat yaxşıdır vallah... Hekayənin məndə buraxdığı təəssürat... Mütləq siz də dinləyin.

13 Ağustos 2018 Pazartesi

Möhtəşəm yüz il



🔸️Müəllif: Okay Tiryakioğlu
🔸️Milliyət: Türk
🔸️Səhifə : 228
🔸️Qiymət : Orta - 3/5

✔"Fırtınanın gövdəsində çatlar yaratdığı uçurumun ağzındakı qocaman bir ağacdansa, üstündən küləklər əsərkən əyilən, amma az sonra yenidən dikələn bir buğda sünbülü olmasındadır insanın hünəri!"

    Sətirlərində qan, barıt və yanıq ət qoxusu, qulağınızın dibində yaralı fəryadları, at kişnərtisi, qılınc cingiltisi, top guppultusu sədalarının bir an çəkilmədiyi, qanlı döyüşlər, saray daxili intriqalar, bir kölənin bitməyən nifrəti, qədirşinas bir cəsusun sadiqliyi və adı tarixlərə  keçmiş, az qala bütün dünyaya sahib bir sultanın yalnızlığı... Kitabın qısaca özəti budur...

   Yazıçı əsəri yazarkən maraqlı bir üsula əl atıb. Biz hadisələrə üç mühüm şəxsin nəzərləri ilə baxıb, onların iç dünyasının səsini dinləyərək, nələr hiss etdiklərini və düşüncələrini daha rahat anlaya bilirik.
  
   Vəhimi Orhun Çələbi. Atası Sultan Yavuz Səlim xan tərəfindən öldürülmüş, özü isə  elə həmin xan tərəfindən dustaqlıqdan azad edilərək "Çelik Hilal" adlı məxfi bir təşkilatın qurucusu vəzifəsi ilə vəzifələndirilmişdir. Ömrü boyu atasının ölümünə duyduğu qəzəb ilə, azad olunmağın minnəti arasında qalsa da, əvvəl Səlim xana, sonradan isə Sultan Süleymana sədaqətlə xidmət edən, qeyri-adi strateji zəkası və igidliyi ilə özünü heç vaxt ələ vermədən düşmən tərəfin bütün gizli planlarını ifşa etməyi, onların niyyətlərini öyrənərək sultana əksiksiz çatdırmağı bacaran bir cəsusdur. Sonradan İbrahimdən hökümdara bir zərər gələcək əndişəsi ilə Hürrəmlə yaxınlaşıb Parqalının da gizli niyyətini üzə çıxarır.

   Parqalı İbrahim. Uşaq olarkən atası ilə ticarət məqsədilə çıxdıqları gəmi səfərində türklər tərəfindən əsir götürülmüş, sonradan Aybükə xatun kimi zəngin bir xanım tərəfindən satın alınaraq bir övlad kimi, yaxşı təlim və tərbiyə verilərək böyüdülmüşdür. Hər cür naz-nemət içərisində böyüməsinə baxmayaraq əsir götürülmə, ailə və ölkəsindən uzaq düşmə nisgili onun qəlbində nifrət və intiqam duyğusunu alovlandırmış, bir gün yüksək mövqeyə gələrək bütün bunların qisasını bütün Osmanlı hakimiyyətindən almaq arzusu ilə yaşamışdır. Bu məqsədinə çatmaq üçün plan quraraq gənc sultanla tanış olmağı və onun qəlbinə girməyi bacarır. Süleymanın ona safdilliklə bağlandığını düşünsə də əslində sultanın onun bütün plan və niyyətlərini bildiyindən bixəbərdir.  Sonradan tatar əsirlərin arasından seçdiyi Ruslana (Hürrəm) ilə sultanın yanında və sarayda öz mövqeyini möhkəmlədəcəyini düşünsə də irəliləyən zamanda nədənsə Hürrəm ondan üz döndərərək, ən böyük düşməninə çevrilir.

Sultan Süleyman. Sərt və daha qəddar olan atası Sultan Səlimin ölümündən sonra hakimiyyətə gələn Süleyman daha mərhəmətli və ədalətlidir. Bir çox saray əyanı və xalq onun bu məziyyətləri ilə taxtda çox otura bilməyəcəyini düşünsələr də sonradan onun qərarlı və igidliyi ilə neçə alınmaz qalaları və ölkələri Osmanlı torpaqlarına qatıb, ölkəni gücləndirəcəyinin də şahidi olacaqlar. Süleyman hər şeyə sahib olsa da yalnızdır. O əslində hökümdarlıq dərdində olmayan, qanlı döyüşləri və istilaları arzu etməyən, həssas bir ruha sahib şairdir. Həyatın onun çiyninə yüklədiyi vəzifələr sultana ağır gəlir, onu sıxır. Bu yalnızlıqdır ki, Parqalı İbrahimin saxta olduğunu bilə-bilə dostluğuna ehtiyac hiss edir, onu özündən uzaqlaşdıra bilmir. Eləcə də Hürrəmin bütün qüsurlarını görsə də ona duyduğu yaxınlıq səbəbilə hamısına göz yumur.

   Əsərdə tarixdə məşhur olan bir çox döyüşlərin və onların pərdə arxasının şahidi oluruq.

   Hürrəmlə münasibəti, aralarında keçən hadisələr haqqında daha əfraflı oxuyacağımı zənn etsəm də yanılmışam. Serialdan fərqli olaraq burda Süleymanın hərəminə çox az yer verilib. Daha çox onun siyasi mövqeyi və döyüşlər yer alıb əsərdə. 

   Bir də Hürrəmə həsr etdiyi və eşqi tərənnüm edən bir neçə şeiri
də var səhifələr arasında.

   Diqqətimi çəkən bir məqama toxunmaq istəyirəm burda. Əsər boyunca biz Süleymanın ədalətini və mərhəmətini görürük. Sultan igidliklə döyüşən düşmən, kafir cəngavərlərin, sərkərdələrin, kralların halına acıyır. Onlara xüsusi hörmətlə yanaşır. Bir kralın məğlubiyyətinin və ölümünün ağır olduğunu düşünür. 

   Lakin nədənsə biz Süleymanda  bu kafirlərə duyduğu hörmət və ədalət hissini həmin dövrün digər müsəlman hökmdarı olan Səfəvilər pardşahı Şah İsmayıl Xətaiyə qarşı hiss edə bilmirik. Hətta əksinə hər məqamda ona təhqir edici xitablar yönəldən, hər xoşagəlməz hadisələrin arxasında şiə barmağını axtaran qatı və məzhəbpərəst bir şiə düşməni görürük. 

   Tarixdə çox gənc yaşında taxta oturub, böyük bir Səfəvi imperiyası yaratmağa müvəffəq olan, igidliyi ilə tanınan Şah İsmayılı qorxaq, guya kafir düşmənlərlə əlbir bir xəbis kimi göstərilməsini heç cür anlaya bilmədim. Bu doğurdan da o dövrdə Osmanlı hakimiyyətinin müsəlman qardaşı olan bir hakimiyyətə qarşı ədalətsiz baxışı idimi, yoxsa  yazıçının şiə düşmənliyinin izharıdırmı, tam anlaya bilmədim. Amma nə olur olsun, bu baxış və tutum məni heç açmadı açığı. Və Süleymanın ədalət və mərhəmətini  gözümdə bir mərtəbə düşürdü.

   Bu arada kitabın türkcədəki orginal adı "Qanuni" -dir.  Okay Tiryakioğlu bu səpkidə - Osmanlı dövründə saray və siyasət - seriya şəklində bir neçə kitabı da çapdan çıxmışdır. 
   Nə vaxtsa hamısını tapıb oxumaq ümidilə əsərə orta qiymət verərək sağollaşıram sizinlə...

Seçdiklərim:


   Həqiqət heç vaxt sonadək gizli qala bilməz. Bu, həqiqətin təbiətinə ziddir. Onu nə qədər dərinə basdırırsan basdır, bir gün torpağın üstünə çıxacaq...
                              ***
   Kölə sahiblərinin nə vaxtsa amansızca icad etdikləri ən yaxşı üsuldur bu - əzilən insan başqa birini əzməkdən, eynən özü kimi çarəsiz, məzlum adamlara hökm etməkdən zövq alır...
                             ***
   Mən sənin üçün bir nərdivan olduğumu onsuz da bilirəm, amma əslində sənin mənim üçün bir pilləkən olduğunu heç vaxt bilməyəcəksən...
                            ***
   O yalançı sevgini göstərə bilmək üçün oynadığın rolda o qədər mahirləşəcək, ustalaşacaqsan ki, gün gələcək məni doğrudan da sevəcəksən...
                           ***
   Qərb memarlığı ölümün soyuq üzünü həm də bir dəhşət kimi əks etdirir. Orada şeytanın və pis ruhlarını narahat etdiyi müqəddəs fiqurları belə görmək olar. Şərq isə, ruhlara rahatlıq verən sadə üslubu ilə ölümü yolu intizarla gözlənilən sevgili kimi qucaqlayır.



16 Temmuz 2018 Pazartesi

Mim - Kitablar qəlbimdən vurur



   Salam olsun hər bir kəsə. Ümid edirəm ki, hamınız bu nəfəs kəsən yayın istilərinə baxmayaraq, yaxşısınız. 

   Tətilə çıxa bildinizmi? Ahhh, biz ara bir rayona get-gəl eləsək də hələ ki şəhərdəyik :( 
  Bir mim yazısı görmüşdüm qardaş bloqqerlərin səhifəsində - kitab və də oxumaqla əlaqəli.  Oxumağa aşiq biri olaraq laqeyd qala bilərdimmi bu mimə?! Elə isə başlayaq. 

   Mimi başladan Hayat kitapla güzel bloqunun sahibəsi gözəl bloqdaşımıza burdan qocaman təşəkkür edib, onun yazısını da oxumaq istəyərsiniz bəlkə deyib bura qoyuram.

1. Oxumağı sizə sevdirən nə oldu?

   Oxumağı mən nənəmin sayəsində sevmişəm.  5 yaşından üzdən oxumağı çözüb, evdəki əlinə keçən hər cür kitabı vərəqlədiyimi görən nənəm işlədiyi bağçaya uşaq qoyan bir kitabxanaçıdan mənim üçün kitablar gətirməsini xahiş etmişdi. 3-3 gətirilən kitabları qısa müddətdə böyük həvəslə bitirib, yeni kitabların yolunu gözləyirdim. Hələ məktəbə belə başlamadan kitabxanadan  kitab götürüb oxuya bilmək hər kəsə nəsib olmur məncə. Bunun üçün rəhmətlik nənəmə çox şey borcluyam.

   2. Heç hər hansı bir kitabı səhifələrini çevirərək biri ilə oxudunuzmu?

   Oxudum. Uşaq vaxtı yadıma gəlir ki, bir dəfə nağıl kitabı oxuyurdum. Nənəm dedi "yüksək səslə oxu mən də qulaq asım". Nənəm nağılı necə bəyəndisə bir müddət bütün nağılları yüksək səslə oxuyası oldum 😊 Sonrakı dövrlərdə də övladlarımla bir çox kitabları bərabər oxuduq.

3. Səyahətə gedərkən yanınızda nə qədər kitab götürürsünüz?

   Yola çıxarkən çox yaxın bir yerə belə getsəm mütləq çantamda 1 kitab olur. Avtobusda gedərkən və ya hər hansı bir yerdə gözləmək məcburiyyətim olanda kitab sayəsində zamanı sürətləndirmiş oluram. Əgər bir neçə gün qalacağım yerə getsəm az qala oxumağı planladığım bütün kitablarımı götürməkdən özümü güclə saxlayıram, hətta bəzən götürürəm də. Sanki səyahətdə sehirli gücü tapıb qısa müddətdə hamısını oxuyub qurtaracaqmış kimi😊

4. Əsla oxumaram dediyiniz kateqoriya hansıdır?

   Yəqin ki, sarı ədəbiyyat nümunələrindən hər hansı birini əsla oxumaq istəmərəm. Qalan hər növ kitaba qapım açıqdır

5. Kitablarınızı rənglərinə görə, yoxsa əlifba sırası ilə düzürsünüz?

   Doğrusu qalınlığına və ölçüsünə görə Əvvəl iri və qalın kitablar, ardınca sırasıyla qalın və böyükdən nazik və balacaya. Kitab rəfinin dağınıq olması ürəyimi ağrıdan məsələlərdəndir.

6. Yanınızda hər hansı bir heyvanla birlikdə kitab oxumaq istəyərsinizmi?

   Xeyr desəm. Açığı, heç insan da istəmirəm yanımda kitab oxuyarkən. Tək oturub oxuyacam ki, ordakı aləmə daxil ola bilim. Amma sağ olsun "Balaca"(pişiyimiz) Nə vaxt ki, həyətdə oturub oxumaq istəsəm ayaqlarımın arasında var-gəl edir. Konsantrasiya falan saxlamır məndə😊

7. Bookstagram olarak kendi özgün stilinizi oluşturduğunuzu düşünüyor musunuz?

   O nədir?🤔 Zarafat bir yana bookstagramın nə olduğunu hələ indi-indi anlamağa başlamışam. Stil falan bilmərəm mən. Arada kitab, arada da  telefonumun ekranına yansımış və bəyəndiyim fotoları paylaşıram, o qədər.

   Vəə bir mim yazısının da sonuna gəldik. Bəyənəcəyinizi ümid edərək sağollaşıram hər birinizlə.

9 Temmuz 2018 Pazartesi

Bir yumak mutluluk - Dabbie Macomber



   "Doğduğumuz andan itibaren hepimize birer yumak iplik veriliyor; bundan mutluluğun desenlerini örmek ise bizim elimizde..."
 
   Qadın dediyin elə bir məxluqdur ki, zərif çiyinlərində dünyanın yükünü daşıyar, qəlbi bəzən sıxıntılardan dayanacaq kimi olar, düşüncələri min cür qayğı məskəni, xəyallarında min cür gələcək əndişəsi...

   Susar, atar içinə bütün mənfilikləri... Çünki ya övladı vardır arxa-dayaq olması gərəkən, ya yoldaşı vardır ondan güc olan, ya ata-anası vardır gözünü ona dikmiş... Qadın hər dəm ayaqda olmalıdır... Güclü, sarsılmaz, möhkəm dayanmalıdır... Dünya öz tarazlığını itirər yoxsa...

   Qadınların həyatın hər sahəsində, yaşının hər dövründə yenə, yenidən başlaya bilmə bacarığından bəhs edən romanlardandır "Bir yumak mutluluk".(Əsəri türkcə oxuduğum üçün adını da olduğu kimi yazdım.)

   Anladığım qədəriylə kitab oxucular tərəfindən təqdir görmüş "Küçük  Muciziler Dükkanı" adlı bir kitabın davamı kimi yazılıb.

   Qadınların özünə inam qazanıb, necə deyərlər, dişi ilə, dırnağı ilə bir yerlərə gələ bilmə hekayəsindən danışan əsərləri hədsiz sevirəm. Bir ruh yüksəkliyi, qadın olma qüruru, ana olmaq sevinci kimi xoş bir haləti-ruhiyyə içərisinə girirəm:)

   "Bir yumak mutluluk" adı qızıl hərflərlə yaddaşıma yazılan kitablardan oldu.
Kitabda xərçəng xəstəliyi ilə uzun illər mübarizə aparıb qalıb gəlmiş və həyata tutunmaq üçün özünə bir dükan açmış Lydia Hoffman elə həmin dükanda corab toxuma kursu başladır.  Kursa gələn bir neçə qadının hər birisi həyatdan fərqli zərbələr almışlar.

   Elise Beaumont kitabxanaçılıqdan pensiyaya ayrıldıqdan sonra illərlə yığdığı pulla şəhərdən kənarda kiçik bağçalı bir evdə təkbaşına rahat yaşaya bilmək üçün bir ərazi alır. Lakin ərazini satan adam fırıldaqçı çıxır. Pulları batan, aylarla məhkəmələrdə sürünən, müvəqqəti olaraq qızının evinə sığınan Elise üçün həyat başqa sürprizlər də hazırlayır. Qızı körpə ikən qumarbazlığına görə boşandığı keçmiş həyat yoldaşı illər sonra onu, qızını və nəvələrini görmək üçün gələcəyini bildirir. Bundan sonra onun həyatı bambaşqa olacaqdır...

   Bethanne Hamlin- mənim favorit obrazım:) Bethanne bir sevgililər günü həyat yoldaşının 2 ildir ona xəyanət etdiyini öyrənir. Yoldaşından dərhal boşanan qadın ailə qurduğundan bəri heç bir işdə işləmədiyi üçün bundan sonra 2 övladı ilə necə  yaşayacaqları ilə bağlı bir əndişə içərisindədir. Üstəlik qızı Annie bu travma ilə atasından qisas almaq üçün pis vərdişlərə qurşanıb böyük problemlər çıxarmağa başlayır. Qısacası, Bethanne sanki bir bataqlığın ortasında əli heç yerə çatmadan batdıqca batır... Amma qədərin  onu daha güclü və özünə inamlı bir qadın olmaq üçün torunu qurduğundan xəbəri yoxdur...

   Vəə Courtney Pulanski... 16 yaşlı gənc qızımız:) Anasını vaxtsız itirən və bununla çox çətinliklə barışan qız atasının uzaq əyalətlərə qazanc dalınca getməsi, özündən böyük qardaş və bacısının fərqli əyalətlərdə oxuması səbəbiylə nənəsi Veranın yanına göndərilir. Köhnə əşyalarla dolu bir evdə yaşlı qadınla yaşamaq onun üçün heç də ürəkaçan bir hal deyil. Bütün dost və rəfiqələrini tərk edib, heç kimi tanımadığı bir yerdə məktəbə başlamaq onu çox narahat edir. Üstəlik Courtneyin kilo problemi də var. Kök olduğu üçün özünə inamı zəif və utancaqdır.

   Beləliklə, bu 4 qadını bir araya gətirən toxuma kursu onların həyatlarında bir şeyi bacara bilmək, bir şeyin öhdəsindən gəlmək, öz güclərini özlərinə sübut etmək üçün atdıqları ilk addım olur. Bundan sonra hədəfləri ilə aralarında duran divarın kərpicləri bir-bir tökülməyə başlayır.

   Əsəri oxuyan oxucu hər qadında özündən bir parça görür. Onların müvəffəqiyətlərinə sevinib, sıxıntılarına kədərlənir. Heç bir şeyin gec olmadığını, içində ümidi hər zaman yaşatmağı, xəyallardından vaz keçməməyi, ömür adlı həyat kitabımızda önümüzə çıxan hər bir hadisə və məsələlərin mütləq bir hikmətə bağlı olduğunu öyrədir "Bir yumak mutluluk".

   Dabbie Macomberin başqa əsərlərini də tapıb oxumağa çalışacam mütləq.

25 Haziran 2018 Pazartesi

Prosper Merime - Novellalar



   Əslində bir romandan ibarət kitabları oxumağı sevsəm də, kitabxanada kitab seçərkən öncə üz qabığı ilə sonra da içərisində ilk qarşıma çıxan "Novellalar ustası" başlıqlı rəylə diqqətimi çəkdi bu kitab. Novellaları sevən biri olaraq biganə qala bilmədim və  oxuyacaqlarım sırasına qatdım bu kitabı da. Sonunu öncədən təxmin edə bilmədiyim film və kitabları nə qədər sevdiyimi təkrar qeyd etməyə ehtiyac yoxdur, yəqin ki :)

30 Nisan 2018 Pazartesi

Sarah Jio - Gündüzsəfası


  Siz heç hər hansı bir kitabı oxuyarkən yosun qarışıq dəniz qoxusunun oğrun-oğrun pəncərədən otağınıza süzülüşünü, ləpələrin xəfifcə evinizin döşəməsinin altını döydüyünü hiss edib, uzaqlardan paraxodların səsini eşidərək hər cümlədə su  üzərində olmağın ecazkarlığını duymusunuzmu? 

   Cavabınız "xeyr"dirsə Sarah Jionun "Gündüzsəfası"nı oxumağınızı tövsiyə edərdim. 
   Həyatının ən ağrılı zamanlarını yaşayan, böyük bir depressiya içərisində olan Ada Santorini nəhayət ki,böyük bir qərar alır. 

29 Ocak 2018 Pazartesi

Oxumaq...



Oxumaq...
Oxuduqca zənginləşmək...
Hər kitabda özündən bir parça tapmaq...
Dilinə gətirib sözlərə tökə bilmədiyin duyğularınla səhifələrdə qarşılaşmaq...
Başqa bir aləmdə aşiq olmaq...