24 Ocak 2020 Cuma

Hər ay 1 Kitab, 1 Film

   

   Mübarək cümə günündə hər kəsi salamlayıram. Bu aralar bir az vaxtsız yayınlayıram yazılarımı... Siz fikir verməyin. 😊 İnşəAllah tezliklə qaydaya salmağa çalışacam.

   Yeni ilə başlarkən bloqların birində 2020-də hər ay ortaq 1 kitab oxuyub, 1 film izləmək təklifini eşidincə dərhal qatılmaq istədim. Və bu ay bu vəzifəni uğurla yerinə yetirdiyimi söyləmək istəyirəm.🤗
   Hələ də gec deyil qatılmaq istəsəniz Mor düşler kitaplığıGonca'nın Dünyasından... bloqlarını bir ziyarət edin məncə...

Yanvar ayında:

▪️ Kitab : Virginia Woolf - Kendine ait bir oda.
▪️ Film: Your name

     Əvvəl kitab haqqında:

Virginia Woolf / Kendine ait bir oda


   ✔“Para kazanın, kendinize ait ayrı bir oda ve boş zaman yaratın. Ve yazın, erkekler ne der diye düşünmeden yazın!..”

   Hər nə qədər pdf variantda, çətinliklə oxusam da ( telefon və planşetdən oxumağı qəti sevmirəm😒) Virginia Woolf bu əsəri ilə məni dərin-dərin düşüncələrə daldırdı... Qadınlar... Və onların heç zaman bitməyən dərdləri... Səslərini duyura bilməmələri... Səssizlikləri...
Niyə bir Şekspir kimi yazan çıxmayıb qadınların arasından... Niyə şah əsərləri həmişə kişilər yaratmışlar?! Virginianı düşündürən və oxucusu ilə bölüşdüyü suallardır bunlar...

   Bu sualın axtarışına çıxaraq müəllif fərqli yazıçıların əsərləri ilə tarixə səyahət edir. Şekspirin zamanından başlayır, onun xəyali bacısını təsvir edir və bir yazıçı kimi o dövrdə qarşısına çıxa biləcək maneələri və aqibətini canlandırır gözlərimizin önündə... 

   Virginia qadınların yaza bilməməyinə bir neçə səbəb göstərir...
   Birincisi, o dövrdə sadəcə oğlanlar oxutdurulur, qızlar diqqətdən kənarda qalırdı. Odur ki, oxumaqla dünyagörüşü artan oğlanlar qızlardan fərqli olaraq düşüncələrini vərəqə tökə bilmə qabiliyyətinə yiyələnirdilər. 
   
   İkincisi, yazmağa istedadı çatan qızlar bu xüsusiyyətlərini çox açıb ağarda bilmirdilər. Çünki bu qızlar üçün ayıb sayılır, qınanırdı. 

   Bir başqa səbəb qızlar ev işləri və başqa məşğuliyyətləri, qayğları sayəsində yazmağa vaxt  ayıra bilməzdilər. 

   Və nəhayət, bir səbəb daha - qızların, qadınların özlərinə aid bir otaqları yoxdur ki... Onlar salonda, hər kəsin girib-çıxdığı, məşğuliyyətlərinin gözlərinin önündə olduğu bir yerdə bəzən gizli, bəzən aşkar yazmağa çalışır, buna görə də fikirlərini doğru-düzgün cəm edə bilmir, beləliklə də kişilər qədər önəmli əsərlər yarada bilmirdilər. 

   İstər istəməz məni də düşündürdü bu məsələ. Nəyə görə bizim qadınlarımızın arasından bir Nizami Gəncəvi, Füzuli, Nəsimi çıxmayıb sualı keçdi beynimdən dəfələrlə... Və Virginianın nə qədər haqqlı olduğunu anladım.
  
    Virginia bu əsəri ilə  bütün yazmaq istəyən qadınlara səslənir - özünüzə aid bir otağınız olsun deyir. Tam qadınlara xitab edən, qəlbimizdəki duyğulara tərcüman bir kitabdır "Kendine ait bir oda"... Oxuyun, mütləq məncə...

Seçdiklərim:

   Pdf oxuduğum üçün istədiyim kimi seçə bilmədim, xoşuma gələn cümlə olunca ekran şəklini çəkdim, ona görə seçdiklərim ardıcıl olmaya bilər.🙄

   ✔   Bütün bu yüzyıllar boyunca kadınlar erkeği olduğundan iki kat büyük gösteren bir ayna görevi gördüler, büyülü bir aynaydı bu ve müthiş bir yansıtma gücü vardı... eğer kadın gerçeği söylemeye başlarsa aynadaki görüntü büzülür; erkek hayata uyum sağlayamaz olur.

   ✔ İnsanların sessiz hayatlarında kimbilir  kaç isyan mayalanmaktadır.
  
    ✔ İsterseniz kitaplıklarınıza kilit vurun; ama zihnimin özgürlüğüne vurabileceğiniz ne bir kilit var ne bir sürgü ne de kapatabileceğiniz bir kapı.

    ✔ Kısaca ve basit sözcüklerle, insanın kendi olması her şeyden daha önemlidir derken buluyorum kendimi. Başkalarını etkilemeyi hayal etmeyin, derdim, sizleri coşturacak biçimde söylemesini bilseydim.

   ✔ Örneğin zenginler çoğunlukla öfkelidirler, çünkü yoksulların onların servetine göz diktiğinden kuşkulanırlar.

***

  İndi keçək filmə:

Your Name


   O ki, qaldı "Your Name" animesinə "ba-yıl-dım"... 😍 Onsuz da animasiya sevən biri olaraq bu romantik filmi sevməməyim qeyri-mümkün idi. Və ikili arasındakı sirli bağı, sevgini qısqanmamaq da əldə deyil yəni.🤗



   Sadəcə kiçik bir ipucu verim - şəhərdə yaşayan bir gənc və kiçik bir qəsəbədə yaşayan qız... Və arada bir bu gənclərin ruhlarının yer dəyişməsi... Bir gün bu yerdəyişmə dayanır. Görəsən nə baş verib? İzləyin öyrənin.😊

Mor Düşler Kitaplığı və Gonca'nın Dünyasından bloqlarına bu gözəl etkinlik üçün qucaq dolusu sevgi göndərib sağollaşıram sizinlə canlarım... 

Növbəti postda görüşənədək.😘❤🌹

18 Ocak 2020 Cumartesi

Tarix qoxulu Praqa1

    

   Salam olsun bütün yazımı oxuyan canlarıma. Bu aralar yenə hədəflərinin arasında sıxışıb çabalayan, bu budaqdan o budağa atlayaraq ortaya bir şeylər çıxarmağa çalışsa da hələ ki, yerində sayan, bərəkətsiz zamanın hərəkətsiz nümayəndəsi olaraq işlərimi çatdırmaqda çətinlik çəkirəm. Bloq yazılarım da bunların içərisində. 

   Bir xasiyyətim var ki, görəcəyim işi planladığımda o plandan qırağa çıxmağı heç sevmirəm. Uzun müddətdir səyahət yazımı davam etdirmək istəyirəm. Bu yazılar digərlərinə nisbətən çox vaxt alır. Tam 3 kitab bitirmişəm bura yazmalıyam və əlimdə başqa yazım da var. Amma mənim ki, planımda öndə səyahət yazısı var, heç cür digərlərinə keçə bilmədim. Nə isə. 

   Bu yazımı bitirdikdə baxdım ki, çox uzundur. Heç kimin hövsələsi çatmayacaq sona qədər oxumağa. Günlük xarakterli olduğundan şəkilləri də bol-boldur. Odur ki, yarıya bölmək qərarına gəldim. Və yazımı bitirən kimi ilk hissəsini elə həftə sonundaca yayınlayıram. Hər kəsə xoş oxumalar. Ümid edirəm ki, yazını bəyənər, xəyalən mənimlə siz də Praqaya səyahət etmiş olarsınız. 
   

Macarıstana gedərkən başqa bir ölkəyə də gedə biləcəyimiz heç ağlımdan keçməmişdi doğrusu. Dunaujvarosa gedəcək avtobusumuza minmək üçün Nepliget avtovağzalındakı  meydançaya daxil olduğumuzda üzərində Berlin, Vyana və b. şəhərlərin adlarının avtobusların sərlövhələrində görmək çox maraqlı gəldi mənə. Sanki eyni ölkənin fərqli şəhərləriymiş kimi  başqa ölkənin başqa şəhərinə getmək bu qədər asan olarmı? 

   Sən demə yoldaş sürpriz olaraq bir jest tutubmuş ağlında. Dunaujvarosun son günlərində mənə istərsəm başqa şəhərlərə də gedə biləcəyimizi deyəndə təbii ki çox sevindim. Vyanamı, Pragamı? - İki seçimim vardı. 

   Əslində Vyana daha yaxın idi. Amma internetdə araşdırınca və Praqanın Avropanın ən fotogenik şəhəri olduğunu da öyrənincə təbii ki seçimim Praga oldu. 

   Pragada yoldaşın tələbələrindən tanış bir ailə də var imiş. Onunla danışıb otel ayarlamağa çalışsalar da alınmadı. Az qala vaz keçəcəkdik ki, bir də mən əl atım dedim. Və əvvəldə uyğun qiymətə mərkəzə yaxın bir otel tapdığımı desəm də yoldaşı heç cür inandıra bilmədim. Sonra özü dediyim yeri araşdırıb baxınca çaşdı qaldı. Bəli bir şeyin olacağına inanıb, səbir və həmin inancınla işə girişdiyində olmayacaq şey yoxdur - bir daha öyrənmiş olduq 😉

   Nə isə başınızı çox ağrıtmayım. Dunaujvarosdan Budapeştə çatanda Bizi Praqaya aparacaq avtobusumuzun çıxışına hələ 4-5 saat vardı. Onacan bir az Budapeşti gəzək dedik. Narazı qaldığım bu qısa gəzintimizdən gələn dəfəki Budapeşt yazısında bəhs edəcəm. 

   Praqaya gedərkən yoldaşla ikimiz sadəcə bel çantalarımızı götürdük, çamadanımızı sağ olsun burdakı həmyerlimiz alıb saxladı.
Nəhayət, Praqaya yola düşdük. 

   Budapeştdən bura səhv xatırlamıramsa 6 saatlıq yol idi. Məncə Avropa türklərdən çox şey öyrənməlidir. O qədər bahalı avtobusda nə bir çay ikram etdilər, nə də kek, peçenye.😒 Bu cəhətdən həqiqətən türklərə çatan yoxdur. 

   Praqaya çatanda gecə saat 12 idi. Sağolsun həmyerlimiz bizi qarşılayıb otelə qədər ötürdü. Yol boyu qaranlıq da olsa səssiz və sakit bir şəhər həyatının Dunaujvarosda qaldığını anlamış oldum. Burada artıq diqqət çəkən təbiət deyil, tarixi və möhtəşəm binalar idi. 

   Otelimiz də kifayət qədər rahat idi. Gecə yatıb səhər erdən oyandıq. Həmyerlimiz bizi evə səhər yeməyinə dəvət etmişdi. Əşyalarımızı toplayıb çıxdıq, sadəcə bir gecə qaldığımız otellə sağollaşdıq. 



Bu şəhərdə ilk diqqətimi çəkən bina 😊

Ah qürbət eldə həmyerlilərlə olmaq necə gözəl duyğudur... Sağ olsun möhtəşəm süfrə hazırlamışdılar bizim üçün. Bərabər olmaq və söhbət elə maraqlı oldu ki, bir də baxdıq saat 11-dir. Bir az da otursaq Praqanı gəzmək üçün sahib olduğumuz bircə günün yarısını qaçıracaqdıq. 


   Həmyerlimiz bizə gəzintidə yoldaşlıq edəcəkdi. Bu çox yaxşı oldu.
Çünki bilən biri ilə gəzmək bizə zaman qazandıracaqdı.
   Praqada ilk diqqətimi çəkən və xoşuma gələn tramvaylar oldu. Bu tramvaylar sanki Praqanın simvolu kimidirlər. Daş küçələrdə uzanan dəmir yolları, tez tez ötüb keçən qırmızı tramvaylar burada nostalgiya havası əsdirərək şəhərin gözəlliyinə gözəllik qatır.  Həm də şəhər içərisində hər yerə gedə bilən bu tramvaylarla rahatca hərəkət etmək olur. 


   İlk əvvəl yenicə təmirdən çıxmış Praqa Milli muzeyinə və önündəki Wanceslas (Vaslav) meydanına getdik. Vaclav Meydanı  Çexiya  cümhuriyyətinin paytaxtı olan Praqanın əsas meydanlarından biridir. Meydanda bir çox tarixi hadisələr baş vermişdir. Və hal hazırda da mitinqlərin, bir sıra tədbirlərin keçirildiyi ənənəvi toplanma yeridir. Meydanın adı Bohemya dükü I Vaclavın şərəfinə qoyulub. Meydan UNESCO Dünya Mirası siyahısına daxil edilən Praqanın tarixi şəhər mərkəzində yerləşir. 


Praqa Milli Muzeyi


Wanceslas meydanı
   Meydandan sonra ara küçələri gəzdik bir az. Hər tərəf turist qaynayırdı. Bu şəhər çox canlı, səsli-küylü və o qədər ecazkar idi.  Üzəri işləməli, rəngarəng, tarixi binalar, çoxsaylı heykəllər, körpülər, tramvay, hətta küçələrdə arabir rastlaşdığımız turistləri gəzdirən antik maşınlar... 






   Bu şəhərdə ən çox hiss etdiyim də elə tarixilik oldu. Hər binaya, divara sanki tarix hopmuş, keçən zaman bu tilsimi qıra bilməmişdi. Bəlkə də bu qədər çox turisti buralara çəkib gətirən də məhz bu tarixilik, ecazkarlıqdır....





   Yol üstü bir poçt binasına girdik. (Sadəcə bir günümüz olduğu üçün bu içinə girib gəzdiyimiz yeganə bina oldu. Qalanlarını sadəcə çöldən izləyəsi olduq). Yenə köhnə illərdən qalmış  böyük binadakı hündür sütunlar, divarlara işlənmiş rəsmlər və səmanın görüləbiləcəyi şəffaf şüşəli tavan... Gözəl idi. 



   Tarix qoxan küçələrdə gəzə-gəzə nəhayət Şəhərin Tarixi Meydanına (Old Town Square) gəlib çıxdıq. Orta əsrlərdə bazar olaraq istifadə olunan bu meydanda eyni zamanda Çexiya üçün önəmli olan bir sıra şəxslərin edamı da həyata keçirilmişdir. 







   Turistlərlə dolu olan bu meydanda həm də Tarixi bələdiyyə sarayı və bu sarayın bir hissəsi olan Astronomik saat(Orloj) da yerləşir. 

   Bəxtimizə saat tamam olacağı vaxtda gəlib çıxmışdıq. Saatın önündə bir çox turistlə bərabər nələr baş verəcəyini gözləməyə başladıq. Saat tamam olunca insanların həyəcanı artdı və kiçik müddətli bir göstəri izlədik. 

Deməli saatın sağ və sol tərəfində dörd heykəl var : Skelet, qızıl kisəli yəhudi, güzgülü və Osmanlı fiqurları.



   Skelet  şəklində olan birinci heykəlin əlindəki zəngi çalıb digər əlindəki qum saatını çevirməsi ilə hər şey başlayır. Bu hər canlının bir gün ölümü dadacağının və keçən zamanla birlikdə bu mütləq sonun yaxınlaşdığının simvoludur. 
Acgözlülüyü təmsil edən yəhudi, kibirliliyi təmsil edən güzgülü və kef, səfanı təmsil edən osmanlı fiqurları başlarını bulayaraq ölümü qəbul etmədiklərini elan edirlər.

   Təbii ki, mən baxanda o fiqurların tam olaraq nə ifadə etdiyini bilmirdim. Sonradan internetdən tapıb öyrəndim.
Bu dörd heykəlin göstərisi müddətində saatın üstündə açılan pəncərədən 12 həvari bir-bir keçib gedir. Və bu təntənə Astronomik saatın ən üstündə yerləşən xoruzun banlayıb yuvasına girməsi ilə sona çatır.
Proses sona çatdıqda izləyicilər alqışladılar.

   Meydanda yenə tarixiliyi hiss etdirən at arabaları və onları idarə edənlərin üzərindəki qədimi paltarlar sanki keçmişdən bir fraqment təsiri bağışlayırdı.

   Meydandan ayrılıb yenə ara küçələrdə gəzdik bir az. Bizi gəzdirən həmyerlimiz dondurma yeyilən bir məkanı çox təriflədi, ora getdik. Kiçik, maraqlı dizaynlı, butik bir yerdi bura. Çiyələkli və şokoladlı dondurmanın hərəsindən bir az qoydurub bu həqiqətən də dadını əsla unutmayacağım (xüsusən, şokaladlının) ləzzətdən yeyib yolçu yolda gərək dedik. 




   Frans Kafkanın şərəfinə qoyulmuş, onun başı formasında hərəkət edən modern heykələ də baş çəkib, izlədik bir az. 


Günorta namazı üçün birtəhər bir cür tapdığımız bir binanın ambarındakı ərəblər tərəfindən düzəldilmiş məscid çox mütəəsir elədi düzü məni. Çünki namaz belə tozlu və qaranlıq məkanda yerinə yetiriləcək bir ibadət deyil. Nə zaman bizim dinimiz layiq olduğu yerə çatacaq bilmirəm. İbadət etmək üçün çətinliklə belə küncdə bucaqda yer tapmaq ağır gəldi mənə. Hamısı da dinini layiqincə yaşamayan bizlərin günahıdır. Vəssəlam.

Ardı gələn postda 🤗❤

   

6 Ocak 2020 Pazartesi

Ahmet Turgut / Aşkın Elçisi

 

   ✔ Yokluklar, ıstıraplar yahut aşağılanmalar içerisinde yürüdükleri bu yol, her türlü kirden arındırılmaları murad edilen Ehl-i Beyt'in Hakk'a olan temiz seferinin şahidiydi.

   "Aşkın şehidi" kitabından bir müddət sonra qüvvəmi toplayıb nəhayət, "Aşkın elçisi"ni oxumaq qərarına gəldim.

   İlk kitab şəhidlik kitabı idi. Burada bir səfər var idi şəhadətə gedən bir səfər - Hz. Hüseyn ailəsi ilə birgə bilə-bilə, gələcək nəsillərə, babasının ümmətinə gerçək islamın yolunu qoymaq üçün şəhadətə gedirdi. 

   İkinci kitab isə şahidlik kitabıdır. Kərbəlada yaşananlar və bunlara şahid olan peyğəmbər ailəsinin azsaylı üzvlərinin səfəri var Yezidin sarayına qədər uzanan.

   İlk kitabda Hz. Hüseynin qəhrəmanlığı sərilir gözlərimizin önünə, ikinci kitabda isə gözlərinin önündə qardaşları, övladları, qardaşı balalarının zalımca şəhid edilməsinə baxmayaraq, Hz. Hüseynin "ağlama" xəbərdarlığına duyduğu böyük ehtiramın nəticəsi kimi sinəsinə və göz yaşlarının qaynağına daş basıb, böyük dirayət göstərən Hz. Zeynəbi tanıyır, bu dəfə də ona heyran oluruq. 

   Rüqəyyanın ata həsrətinə sızlayan qəlbimiz, İmam Səccadın imamətə bağlı dərrakəsi ilə çağlayır, İbn-i Ziyad, Şümr, Yezid kimi qəlbləri kəsvətlə dolu zalımların zülmünə hiddətlənir və onların saraylarında hər cür naz-nemət içərisində olmasına baxmayaraq ölümləri bahasına belə olsa peyğəmbər övladlarının nuru ilə aydınlanmağa çalışan Mariyaların, Leylaların, Kiçik Müaviyələrin gerçək islam arayışı ilə həyəcanlanır və tövbə, istiğfar ilə əl uzadan Naimlərin, Şahabların bağışlanma və  bəraəti ilə ümidlənir. 

   Amma ən çox Hz. Zeynəbin hekayəsidir bu... Qanla dolmuş qəlbinə səbrlə kəmənd vurmuş, ağrılarını, acılarını içindəki atəşdən barmaqlıqlara həbs edərək, dimdik duruşu ilə ətrafındakıları da ayaqda tutmağa çalışan o peyğəmbər nəvəsi, Hz. Fatimənin narın çiçəyi Zeynəbin hekayəsi... 

   Qardaşının şəhadəti ilə yaşatmağa çalışdığı gerçək islamı o şahidliyi ilə davam etdicəkdi... Hər cümləsi hikmət dolu, az qala hamısının altı xətlənəcək, mütləq oxunmalı bir kitabdır "Aşkın elçisi"...
Seçdiklərim:

✔Herkestekine muadil dünyevi gözler bile azıcık akledince arzın hakikatlerine ulaşabiliyordu. Yeter ki, insan fıtratı tanıyıp onu görmeyi arzu edebilsindi.

✔Aslan ava çıkarsa kan dökmekle, çıkmazsa miskinlikle suçlanacaktı.

✔ Sizler kadir kıymet bilseydiniz; iman kuş gibi konup göçmek yerine aslanlar gibi yuvasını beklerdi.

✔İmam Seccad'ın zihninde dedesi Aliyy'el Murteza'nın bir sözü belirmişti. "Yeryüzünün hilekar yollarını da, gökyüzünün Rahmani yolları kadar iyi bilirim." 
Ama, amaydı işte!..
Ahlakı Muhammedi olan, hakkaniyet ve rıza üzere yürüyen Haydar ve Oğulları kendilerini de, davalarını da kirletemezlerdi. Kirletmemişlerdi.

✔"Sence gurbet neresi?"
"Nereden baktığına bağlı!.. Aradığın 'Dost' veçhiyse, her nereye dönersen O var. Bu durumda gurbette olduğunu söylemen haramdır sana. Derdin 'Dost'a kavuşmaksa yaşadığın her an gubettesin. Ta ki son nefesini verip Ona rücu edene değin..."

✔Başkalarından korkanlar, Allahtan korkmayı unuturlar.

✔Demini bulmayan ilim, erken gelmiş bahar havası misali tohumu fetretmek yerine meyveleri henüz dalındayken vurup çürütebilirdi.

✔Yaşamı her türlü hazdan kam alıp gönül eğlemek sananlar için bu tür imkanlar fark edilmeden kayıp gidiyordu belki. Lakin hayrı arayan bakışlar bulabildikleri her fırsatı kendileri için rahmet vesilesi kılma telaşındaydılar.

✔Kuran'a gözleriyle bakanlar sözcükleri görürler. Zira ellerindeki sadece Mushaftır. 
Ona akılla bakanlar farkları seçerler. O artık Furkan'dır.
Basiret ile Furkan'a bakanlar Rabbin ayetlerini okurlar. 
Kitabı kalpleriyle gözleyenlerse ondakı aşkı yaşarlar. Aşk dile gelmez. Anlatılmaz. Ve kitap gayrı 'Nur' olmuştur sana. Bundan nasibi olanlarsa kalpleriyle akledebilenlerdir.

✔ Allah sadece beyazı yaratıp insanı ve kainatı da beyaz kılmış olsaydı, karayı görmemiş gözler akı asla tanıyamazdı.

2 Ocak 2020 Perşembe

🎉Bloqum 4 yaşında!🎉

 
 
    Vəə gəldi yenə o böyük gün. Bu gün bloqumda ilk yazımı yazdığım, nəhayət, öz dünyamdan kənardakı dünyaya həyəcanlı, lakin ürkək-ürkək  səsləndiyim bir gündür. 

   Sanki böyük bir boşluğa səslənmiş, duyan biri olacaqmı deyə səbirlə tam bir il gözləmişdim. O bir ildə duyan olmuşdumu bilmirəm. (Hələ də məni ilk yazılarımdan bəri ziyarət edən birilərinin olduğuna ümid edirəm.😊)

   Amma səsimə səs verən olmamışdı. Mən isə yazılarım oxunsun istəyirdim artıq, məni tanısınlar, mən də yeni birilərini tanıyım istəyirdim. Odur ki, yavaş-yavaş səsimi bir az da möhkəm çıxardım😊. 
  
   İlk öncə ətrafıma səsləndim, sonra bloq dünyasına. Ətrafım ilk vaxtlar bir az əlaqə göstərsələr də, tez bir zamanda unutdular buraları (hələ də yazımı mütəmadi olaraq oxuyan can dostlarım istisna).

   Doğrusu bloq dünyasının açdığı qucaq daha isti və vəfalı çıxdı. Bir çox bloq dostlarım oldu, qarşılıq gözləmədən hər zaman ziyarət edən, yazılarıma, bloquma dəstək olan. 

   Sürətli zamanın axınına düşmüş səbirsiz insanların bol olduğu bir zamanda uzun-uzun yazı oxuyacaq azsaylı dəyərli qədirbilənlərin elə bloqqerlərin olduğunu da anlamış oldum.

   Buludlu günlərim, özümü diblərdə hiss etdiyim günlərim oldu. Hər şeydən soyuduğum kimi, bloqumdan da soyuyub ara verdiyim günlərim oldu. Amma səni tərk etməyi, səndən vaz keçməyi bir an olsun ağlıma belə gətirmədim, canım bloqum.

   Bu bağlılığımı, sənə məhəbbətimi görüb təəccüblənən "burda yazmaq sənə nəsə qazandırırmı?" deyə soruşan, bloq yazıları boş işlərdir, bekarçılıq məşğuliyyətidir deyənlərə, hər şeyi maddiyyatda axtaran yaxınlarıma inad, məhz onlara yalnız insanın maddi qazanc gətirən şeylərlə özünü xoşbəxt hiss etməyəcəyini, mənəvi zövqün bəxş etdiyi huzurun hər şeyin fövqündə olduğunu isbat etmək üçün səndən əsla vaz keçməyəcəm də. 

   Sən mənim təəssüf ki, qəlbimi çox vaxt üstüörtülü də olsa aça bildiyim yeganə dostumsan.

   2020-nin və yeni yaşının hər ikimizə uğur gətirməsini bütün qəlbimlə diləyirəm Rəbbimdən. Və inanıram, bilirsənmi, ilk dəfə olaraq bütün qəlbimlə inanıram bu ilin həyatımın dönüm nöqtəsi olacağına. 

   Nə olur olsun, məkan, zaman, imkan fərqliliklərində belə sən mənim bu həyatdakı ən dəyərli əməyim(övladlarımdan sonra 😉), göz bəbəyim olaraq qalacaqsan, söz verirəm...

   Və 4 yaşın mübarək olsun, dostum!🎉 Daha neçə-neçə yaşlarını qeyd edəcəyik bərabər... Sonda bunu da unutma səni çoox sevirəm! 💕💕💕

Bəlkə bunları da oxumaq istəyərsiniz deyə düşündüm 

İlk yazım : Yepyeni ildə yepyeni ümidlərlə
1 yaş : Bloqum 1 yaşında
2 yaş : Bloqum 2 yaşında
3 yaş : Bloqum 3 yaşında