həyat etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
həyat etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

28 Ağustos 2020 Cuma

Həyatın öyrətdikləri

    



   "İnsan beşikdən məzara qədər öyrənir" ifadəsi nə qədər doğru və yerində söylənmişdir. 


   Yaşa dolduqca həyatdan hər yeni öyrəndiklərimiz bizə əslində bu dünyaya nə üçün gəldiyimizi də xatırladır. 


   Hər birimiz mütləq mənada müəyyən bir mərtəbə atlamaq üçün yaşayırıq. 


   Və hər kəsin mərtəbəsi, mərtəbə atlamaq qabiliyyəti fərqlidir. Düşünsənizə bəzisi 1-2 mərtəbə atlamağı bacarmışlar sadəcə, bəziləri isə çox öndədirlər. 


   Bu qətiyyən bir yarış deyil. İnsanın bir qat daha huzurlu, bir qat daha məsud hiss etməyini reallaşdıran ilahi qanundur. 


   Həyat adlı bu müəllimin tələbəsiyik hamımız. Öyrətdikləri ilə hər dəfəsində Yaradanın bir-birinin içində gizlədiyi o incə sirləri görmək insanı valeh edir.


   Bu sirlərə vaqif olmaq əlbəttə ki, o qədər də asan olmur. Deyərdim ki, yorucu, hətta bəzən dözülməz dərəcədə ağrılı-acılı olur. 


   Ümumiyyətlə, sıxıntılı və depressiv bir dönəmdən keçirsinizsə bilin ki, həyat sizə yeni şeylər öyrətməyə hazırlaşır. Hər kəsə məlum olmayan sirlərini əmanət etmək üçün sizi bərkə-boşa salaraq bərkitməyə çalışır. Sizi o sirri öyrənməyə layiq bir hala gətirir.


   O sıxıntılı, qaranlıq günlərin birində heç gözləmədiyiniz anda bir aydınlıq yaşanır, həyat o sirli həqiqəti gözünüzü qamaşdıran bir aydınlanma ilə gözlərinizin önünə sərir.


Və təbriklər, bir mərtəbəni də uğurla atladınız!


   Bəzən sizin bu gün öyrəndiyiniz başqalarının illərlə aşina olduğu bir bilgidir. Siz heyrətlə və acgözlüklə bu yeniliyi mənimsəməyə çalışarkən başqasının rahat və soyuqqanlı bir şəkildə bunu həyatına tətbiq etdiyini görmək təəccübləndirir.


   Deməli, hər kəsin öyrəndikləri də fərqlidir. Kimində bəzi sirlər tez, kimində isə gec açılır. Bəzilərində isə heç açılmır.


   Odur ki, nə qədər sıxıntılı və ağır bir dövürdə olsanız sonradan gələcək bilginin də bir o qədər önəmli və dərin olduğuna inanın. 


   Və həyatın öz sirlərini hər kəsə açmadığının fərqində olub, o sıxıntılı anlarda dişinizi sıxın, səbir edin, o sirri daşımağa layiq görüldüyünüz üçün özəlliyinizin, fərqliliyinizin dadını çıxarın...

1 Haziran 2020 Pazartesi

Söhbətləşək...



  Həyatın yeni bir axınına doğru istiqamət dəyişdirmiş ikən yazmaq istəyirəm sizlərə canım yazımı oxuyan hər bir oxucu... Uzun müddətdir yazıb dərdləşmirəm sizlərlə... Əslində bu dərdləşməyə çox ehtiyac duyduğum zamanlarım oldu, amma türklər demiş "huyum kurusun"
özümü pis hiss etdiyim zamanlarda özümə qapanıb, duyğularımı təkbaşına yaşamaq daha rahat gəlir nədənsə mənə. Nə isə... 

   "Nə var nə yox?", "həyat necə gedir?" deyə soracaq olsanız yəqin ki, ilk dəfədir hər kəsinki kimi deyəcəyəm... Karonavirus və karantin bütün dünyadakı insanları ortaq bir qədərdə birləşdirdi ötən iki ayda. 

   Yadınızdadırsa 2020-ci ildəki hədəflərimdən və yeni çizdiyim həyat yolumdan bəhs etdiyim "Köhnə ildən yeni ilə" adlı yazımda bir çox yeniliklərdən danışmış, atacağım addımların həyəcanını bölüşmüşdüm sizlərlə... Gəlin əvvəl o gündən bu günə baş verənlər haqqında məlumatlandırım sizləri. Maraqlıdırsa təbii ki... 😊 

   2020 mənim üçün möhtəşəm başlamışdı. Yepyeni bir həyatın astanasına qədəm qoyurdum demək olar ki... (Sonradan olacaqlar kimin ağlına gələrdi?)
   
   Ən başda bir rəfiqəmdən təklif aldım. Mənə gənc analar üçün həyata keçirmək istədikləri layihədən bəhs elədi. Yadımdadır telefonda danışdıqca tam da istədiyim və arzuladığım bir işin içində ola bilmək imkanı məni çox həyəcanlandırmışdı. 

   Az sonra həmin layihəmizi layiqincə hazırlayıb ortaya çıxarmaq üçün təlimlərə başladıq. Müxtəlif mentorlardan çox maraqlı və faydalı bilgiləri əldə etdiyimiz həmin təlimlərə ilk gedişimdə ağzım açıq qalmışdı :) 

   Buradakı bütün xanımalar ayrı-ayrılıqda mənim xəyallarımı həyata keçirmək üçün toplaşmışdılar sanki. Rəssam qrupu, gənc tələbə qrupu, yaşlılar üçün çox maraqlı layihə həyata keçirmək istəyən xanımlar, yeni övlad dünyaya gətirmiş analar üçün mənəvi, psixoloji dəstək dərnəyi, evdar xanımlar üçün xüsusi kafe düşünənlər və s, və ilaxir...

  İlk dəfədir aid olduğum yerdə görürdüm özümü. Eyni amal və bənzər hədəfləri olan bu xanımlarla o qədər səmimi və isti münasibətlər yaranmışdı ki, təlim arasındakı coffee breaklardakı söhbətlərimizdən çətinliklə ayırırdı bizi təlimin təşkilatçıları. Hamımızın ürəyi dolu idi. Durmadan Azərbaycan qadının bugünkü gününü müzakirə edir, özümüzə görə müxtəlif həll yollarını irəli sürürdük. 
 Bir ara rəfiqəmə yavaşdan "Sanki cənnətdəyəm" dediyimi belə xatırlayıram :)

   Əlbəttə ki, bütün həyatım boyu digər işlərimdə olduğu kimi bu təlimlərə getmək də o qədər də asan olmurdu mənim üçün. Adətən həftəsonu hər kəsin evdə olduğu bir vaxtda evin bütün yükü üstündə olan ananın səhərdən axşama kimi olmamağı istər-istəməz  evdə gərginlik və narazılıq yaradırdı. Amma hamısına dişimi sıxırdım. Çünki missiyamız çox gözəl idi. 

   Əslində bir az fərqli məcrada həyata keçirməyi düşündüyümüz layihə mentorların məsləhəti və keçirdiyimiz sosial sorğu, intervyular sayəsində bir az dəyişikliyə uğrayası oldu. 

   Eyni zamanda komandamız da formalaşdı. 3 xanım, 2 kişidən ibarət olan komandamızda biz 3 xanım arasında elə gözəl münasibət var idi ki, tam arzuladığım kimi :) Kitablardan, həyati məsələlərdən danışa biləcəyin, rahatlıqla fikirlərini bölüşə biləcəyin rəfiqələrinin olması ən böyük xoşbəxtlikdir məncə...

   Beləliklə, 2 aylıq təlimlər və çalışmalarımızın nəticəsində mart ayının 1-də Park İnn oteldə keçirilən təqdimetmə mərasimində, elə burda yaxından tanıyıb şəxsiyyətini, xanımlığını çox sevdiyim Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assossiyasının idarəetmə heyətinin, eyni zamanda "Bakı Tekstil Fabrikinin"(o gün karonavirus dövründə tikəcəkləri maskalarla sonradan adını daha çox duyuracağından xəbərsiz idik) sədri Səkinə Babayevanın da içərisində olduğu jüri tərəfindən bizim layihə bəyənilərək onlarla layihə arasından seçildi və 2-ci yerə layiq görüldü.


   Beləcə həmin gün həyatımın ən maraqlı və həyəcanlı günlərindən biri olaraq ömür səhifəmə yazıldı. 

   Artıq yavaş-yavaş layihəni həyata keçirmək üzərində danışırdıq ki, məlum koronavirus və karantin hər şeyi alt-üst etdi :( İşlərimiz yarım qaldı. Başlaya bilmək üçün komanda yoldaşlarımızla görüşmə imkanımız olmayınca təxirə salası olduq. Hər şey yoluna düşdüyündə yeni başdan başlayacağıq biz də...

   Bütün bunlarla yanaşı yuxarıda linkini paylaşdığım yazıda qeyd etdiyim kimi şəxsi biznes üçün də müəyyən addımlar atmağa başlamışdım. İlkin nəticə gözləntimin çox altında, başdan sona xəyal qırıqlığı olsa da, əvvəlcədən özümə söz verdiyim kimi zərrə qədər ümidsizliyə və pessimistliyə qapanmadım. Səbirlə davam etdim. Və yavaş-yavaş hər şey qaydasına düşməyə başladı. Hətta vəziyyət gözlədiyimdən daha sürətli bir şəkildə yaxşılaşdı. Sadəcə, çox yorucu və səbir istəyən bir iş olduğundan sona doğru tükənməyə başlamışdım... Sonra məlum koronavirus, karantin və yenə yarım qalan işlərim...

   Özümü bu dövrdə tanımış oldum bir baxımdan da... Məsələn yuxarıda saydığım məsələlərlə bağlı qəti ümidsizliyə düşmədim. Pozitiv olmağın, həyata pozitiv yanaşmağın mükafatı oldu mənə bütün bunları sakit və təbii qarşılamağım.


   Martın 15-də həm Novruz bayramını qeyd etmək, həm də müəyyən bir müddət qalmaq üçün Lənkərandakı kəndimizə gəldik. Və qısa müddət sonra bütün yollar bağlandı. Yoldaş və uşaqların qeydiyyatı rayonda olduğuna görə tam 2 ay yarımdır biz bura məhkum olunmuşuq sanki. 



   Şükür ki, ən sevdiyim fəslə baharın gəlişinə düşdü burda olmağımız. Həyətdə, bağda ağacların bəyaz, çəhrayı çiçəkləri arasında gəzişib xəyallara dalıb məst olaraq bol-bol şəkil çəkdim. Pəncərə önündə oturaraq quşların cəh-cəhinə qulaq asmaq, ağacların arxasında batan günəşin son şüalarının yenicə açmış firuzəyi yarpaqları bir mücəvhər daşı kimi parlatmasını heyranlıqla müşahidə etmək, o şüaları barmaqlarınla tutmağa çalışmaq, hamının evə qaçıb sığındığı bir zamanda arxa bağdakı hündür armud ağacının altında dayanıb yarpaqlara dəyib süzülən yağmurun tap-tup səsi ilə söhbətləşmək kimi ətrafa dəlicə görünən, məni isə mən edən bir çox gözəllikləri daddım burda.
  

    Həyatın səsindən-küyündən, qarışıqlığından bir az arındığımız üçün, məktəb, kurs arasında yol ölçən, sistemin yorucu boyunduruğu altında ömür sürməyə məcbur edilmiş balalarımın üzünü doyunca görə bildim. Söhbətlərimiz bollaşdı, ortaq maraqlarımız formalaşdı, duyğularımız bənzəşdi... Və bu karantindən bizə qalan ən böyük qazanc oldu...
   
   50-dən çox dünyada öz sözünü demiş və mütləq mənada izləyənə bir şeylər qatan filmlər  izlədim. Bol-bol kitab oxudum. İzlədiklərim və oxuduqlarım sayəsində beynimdə bambaşqa üfiqlər açıldı. O qədər şey dəyişdi ki, məndə...Bununla bağlı ayrıca yazı yazacam inşallah...


   Və Ramazan... İlk dəfədir iftara qonaq çağırmadan, qonaq getmədən bir Ramazan başa vurduq. Düzdür burda yaxın qohumlardan 1-2-si dəvət etdi. Biz də 3-4 dəfə qonaq çağırdıq, amma bu həmişəki Ramazanlardan deyildi yenə də... 

   Evdə çox adam olduğu üçün iftarlar, sahurlar maraqlı oldu şükür. Sahura qədər yatmaq yox idi. Bir şeylər hazırlayır, izləyir və ya Quran oxuyur və göz açıb yumana qədər sahur vaxtının çatdığını görürdük. 13-14 nəfərlik açılan uzun süfrədə ailəmizin hər yaşdan olan üzvləri ilə iftar, sahur edirdik. Bu il evdə biri 4, biri 5 yaşında olan iki balacalarımızdan başqa hər kəs oruc tutdu. 

   Və yenə həvəslə qoğal, paxlava bişirərək hazırlıq gördüyümüz bayramı da yola verdik.  

Bu müddət ərzində hər dəfə karantin təkrar-təkrar uzadıldı. Hər şey, əslində, görünürdə çox yaxşıdır. Və deyərdim ki, bu virusadan ən az zərər görmüşlər arasında sayıla bilərik. 
    

   Lakin insanıq biz, zamanla ən yaxşı şeylər belə yor bilir insanı. İlk zamanlar səbirlə əvəz etməyə çalışdığım qayıtma arzum son günlərdə zirvəyə çıxdı. Artıq evə dönmək zamanı idi. Evimi, düzənimi, gündəlik adi yaşayışımı, yatağımı, fincanımı qısacası evimin hər şeyini özləməyə başladım. 

   Bu özləyiş anlayışlı bir həmdəm tapmayınca, həlli baxımından çarəsizlik duyğusu yaratdığından və uzandıqca uzandığından yavaş-yavaş depressiya quyusuna itələdi məni... Tam düşməyə qoymasam da o quyunun ağzında asılı qalmışam günlərdir... 

   Amma hər şeyin bir hikməti var axı... Bu müddətdə  gözümün önündəki bir çox pərdə qalxdı, dəyər anlayışı, sevgi anlayışı və empatiya duyğusu ilə bağlı bir çox yeni şeylər dərk etdi beyin... Bir çox yeni qərarlar aldım bu sayədə, həyatım və bundan sonrakı mövqeyim, davranışlarımla bağlı... 

   Nə isə ki bu gün qismət olsa evimizə dönürük... Bir çox şeyin artıq əvvəlki kimi olmayacağını bildiyimdəndir bəlkə dörd gözlə gözlədiyim bu gündə zərrə qədər sevinc və həyəcan yoxdur içimdə... Bomboşdur duyğularım da... 

   Mənə tək həyəcan verən yarım qoyduğum işlərimi yenidən yoluna qoymaq imkanımın olacağıdır...

   Beləcə, canım oxucu, həyatın sürətli axan selində sürüklənib dururuq. Biz çox planlar qursaq da bu sel bizi hara istəyir, ora götürür ... Aldığım yeni qərarlar məni hara götürəcək bilmirəm, amma yenə də üzməyə məcburam... Çünki üzərək var oluram... 


Yenə bir axının götürəcəyi naməlum yerlərdən yazana qədər sağollaşıram sizlərlə... Sizin həyatın axını hansı istiqamətədir?.. Bu öz istədiyiniz yönədirmi, yoxsa məcbur sürüklənirsiniz o sel ilə... 

Yorumlarda yazın bilək... Sevgilərlə...

21 Mayıs 2020 Perşembe

Şükrüm...

   


   Dörd möcüzəm, dörd cəngavərim və dörd yaşam səbəbim, hər birinizə ayrılıqda xitabımdır :

   "Həyatımı anlamlı qılan, dünyama ilk baharı gətirən, canım oğlum! Hər gün varlığına şükür edirəm. Bir bilsən səni gözləyişim nə acılı olmuşdu. Yolunu necə gözləmişdim. O ilk səni gördüyüm anın ülviliyini, möhtəşəmliyini əvəz edəcək bir an gəlmir ağlıma... Qəlbimdə körpəcik varlığına qarşı aşıb-doşan sərhədsiz sevgim, şəfqətim heç bitmədi, bitməyəcək... 

   Hər gəlişin göyqurşağıma bir rəng daha qattı, hər gəlişin həyatla aramdakı bağı bir qat daha artırdı.
İlk baxışın, ilk gülüşün, ilk sözün, ilk dişin, ilk oturuşun, ilk iməkləyişin, ilk yerişin... hər biri təntənəli bayram oldu... 
   
   Körpəcə əlini əllərimin arasında tutduğumda ürəyimin düz özəyinə ilıq duyğular axdı ovuclarının içindən... Heyrətlə hiss etdim hər dəfəsində...
    
   Düzənli və yeknəsək evimdə birdən rəngarəng oyuncaqlar çıxdı ortaya, arada ayağımın altında qalaraq məni dəli edən :)  Dizlərimin üstündə oturub bərabər oynadığımız oyuncaqlarınla hekayələr qurduq, rəsimlər boyadıq. Plastilinlə nələr düzəltmədik?!... Səninlə yenidən uşaqlaşdım, səninlə uşaq saflığının ləzzətini daddım... 

   Varlığına nə çox şükür etdim... Hər gün o ən məsum, ən şirin halınla uyuduğunda səni seyr etməkdən doya bilmədiyim anlarda, təkrar-təkrar şükür ettim... 

   İlk məktəb çantanı eyni həyəcanla hazırladıq, ilk dərs günündə hər ikimizin göz yaşları yanaqlarımızdan süzüldü... Sən bu yeni başlayan həyatın həyəcan və qorxusu ilə, mən balamın böyüyüb yavaş-yavaş qanadlarımın altından uçmasının sevinc və üzüntüsü ilə... 

  Bir tərəfim bir an öncə böyüməyini istədi, məktəbə, universitetə getməyini... Xəyalım oldu bir gün boynunu barmaqlarımın ucuna qalxaraq qucaqlamaq...

   Bir tərəfim heç böyüməsin dedi... Həmişə qucağımda, qollarımın arasında olsun... Körpəcə əlləri ovuclarımda...

   Sən mənim həyatımın ən özəl parçası, ən məhrəm dünyası... Başqaları ilə paylaşmaq istəməyəcəyim qədər özəl... 

   Sizi nə qədər sevdiyimi bir gün valideyn olduğunuzda daha yaxşı anlayacaqsınız. Və sevgimin dörd parçaya bölündüyündə azalmadığını, hər dəfəsində bir qat daha artdığını da... 

   Rəbbim gözəl günlərinizi göstərsin hər zaman, qarşınıza yaxşı insanlar çıxarsın... Həyat üzünüzə gülsün, sıxıntılar sizdən uzaq olsun... Daim sevin, sevilin...

   Və sonda həyatımda olduğunuz üçün, məhz sizin ananız olduğum üçün çox şanslıyam çoox..."

   



23 Eylül 2019 Pazartesi

Çəhrayı...



Mavi səmada süzülən bəmbəyaz buludlara dikmiş gözlərini çəhrayı paltarlı qız... Əlindəki səmaya can atan qırmızı şarın ipini bərk-bərk tutur... İpək saçları rüzgarla rəqs edir... Gözləri ümid, qəlbi fərəh doludur... Zövq alır tamaşasına durduğu mənzərədən...  

Və gözləri ilmələrə zillənmiş düşüncəsi uzaq günlərin sorağında toxuyur qadın... Əlindəki qırmızı şərfi övladı üçün toxuyur... Saçlarına yenicə düşməyə başlamış bəyazlar içəriyə süzülən günün xəfif işıltısını əks etdirir... Gözləri yorğun, qəlbi kədər doludur... Bitirməyə çalışır əlindəki işini... 

 Zirvədən aşağıdakı ovalıqları seyr edir qız... Çantası belində, fotoaparatı yaxasında, zirvəni fəthetməyin sevinci qəlbində... Uzaqlara dikir gözlərini, kəşf edəcəyi yeni mənzərələrin həyəcanını duyur bütün iliklərində... 

Pəncərədən həyətə boylanır qadın... Yenicə bitirdiyi ev işlərinin yorğunluğu üzərində, axşamdan altında əzildiyi sözlərin incikliyi qəlbində... Uzaqlara dikir gözlərini, həyatın ağır yükünü hiss edir bütün iliklərində... 

Rəfiqələri ilə yeni açılan məkanda yeni bir ləzzəti dadır qız... Gülüşlər, zarafatlar uçuşur havada... Eyni zövq və eyni düşüncədəki qəlb dostları ilə bir arada olmağın şükrünü edir qəlbində... 

Və yeni öyrəndiyi bir reseptlə ilk dəfə bişirdiyi yeməyin dadına baxır qadın... Yanındakı ərindən və qayınanasından şikayətlənən qonşu qadının qeybətləri uçuşur havada... Sıxılsa da xətrinə dəyməmək üçün dözüm təlqin edir qəlbinə...  

Yeni bitirdiyi kitabı müzakirə edir rəfiqəsilə qız... Anlatdıqca həyəcanlanır, hüzünlənir, bəzən də coşğuyla çuğlayır ruhu... Oxuyacağı növbəti kitabın mövzusunu düşünür, maraq edir... 

 Və qızına yenə çətin uşaqlığından danışır qadın... Anlatdıqca həyəcanlanır, hüzünlənir, bəzən də "kaş ki"lərə bürünür ruhu... Gələcəyin nələr gətirəcəyini düşünür, əndişələnir... 

 İrəliyə dikib gözlərini macəracı, həvəs dolu, həyat dolu çəhrayı paltarlı qız... 

 Və geriyə boylanır itaətkar, səbir dolu, hüzün dolu yorğun qadın... 

 Baxışları bir anda toqquşur eyni nöqtədə... Gəlirlər göz-gözə... Gülümsəyir şıltaq qız... Şirin bir xəyalın dumanı içərisində... "Yaşa" deyir... Və əriyir... Paltarının çəhrayılığı bir işıq kimi yayılır yenə... Qadının gözləri qamaşır... Gözlərini yumub açır... Gülümsəyir xəfifcə... "Axı necə?"...


12 Ağustos 2019 Pazartesi

Yenə gəldim :)




    Bəli... Gəldim... Buralardayam...
   Döndüm dolaşdım yenə bloqumda tapdım özümü...

   Arada gəlirəm. Bir şeylər qaralayıram bura. Sonra gələcəm deyə söz verib yenə qeyb oluram 😑

  Bu aralar çox şey keçdi həyatımdan... Acı, şirin... Qazanclar və itirdiklərim...

30 Ağustos 2018 Perşembe

Bir gerçəyə dirəniş.

   

   Bu aralar lap çox darıxıram sənin üçün atam. Gülümsəyən üzün gəlib durur gözlərimin önündə. Ürəyim soyulmağa başlayır düz içindən. Bu elə bir hissdir ki, təsəvvürü namümkün...

9 Nisan 2018 Pazartesi

Güvən sarsılınca



Gözlərində yaş vardı
İçində təlaş...
Kim bilir həyatın hansı silləsi sarsıdmışdı onu
Ürkək baxırdı...
Bir də güvənsiz...
Ən yaralayanı da bu idi... Güvənsiz baxırdı ətrafına...
Anlayırdı kimsənin qarşılıqsız əl uzatmayacağını...

12 Mart 2018 Pazartesi

9.Mim - Məni mən edən sevdiyim şeylər



  
 Ən sevdiyim mövsümün ən sevdiyim ayından salamlayıram sizləri canlar...               
   Bahar gəlib çatdı yurdumuza şükür... Yaşasın günəşli, çiçəkli-böcəkli bahar günləri !!! Novruz bayramını necə böyük həvəslə gözləyirəm anladamam.

   Bir müddətdir bir çox bloqda bir mimlə qarşılaşıram. Doğrusu kimin başlatdığını bilmirəm. Axtarıb tapmağa da bir az tənbəllik etdim. "Məni mən edən sevdiyim şeylər" adlı bu mim yazılarından elə ilkini oxuduqda mən də yazacam dedim.

15 Ocak 2018 Pazartesi

Sadəcə dinlə...


Dəlib-deşir ürəyi dərd ürəkdə qalanda,
Dərdləşmək gözəl işdi, dərdini duyan ola.
Ürəyindən keçəni gözlərindən oxuyan,
Sənə ömrünü verib, vaxtını qıyan ola.
                                                 Zəlimxan Yaqub

Bəzən bir dinləyənin olsun istəyirsən...
Sadəcə dinləyənin...

22 Aralık 2017 Cuma

İçimdəki mənə...


     
   
    Bir mən vardır məndə məndən içəri...

         (İçimdəki mənə səslənişimdir...)

    Səncə istədiyin budurmu?! Sən istədiyin sənsənmi? Bu cür davam etməyə razısanmı? Məncə... Məncələrim çoxdu...

    Məncə çox kiçik şeylərə taxılıb qalırıq, onlarla məşğul olarkən ömürdən axıb gedən böyük sürprizlərdən bixəbər qalırıq, səncə?