xarici ədəbiyyat etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
xarici ədəbiyyat etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

25 Kasım 2020 Çarşamba

Sam Horn / Tongue Fu

 


✔"Sözcükleri ağzınızdayken yutmak onları daha sonra yemekten daha iyidir." (FRANKLIN D. ROOSEVELT)


   Bu cür kitabları oxuya oxuya bunu anladım. Bəli, müəyyən məsələlərdə fikir sahibi olursan. Amma dəyişmirsən. Ya da o dəyişim zamanla cüzi artımlarla olduğu üçün hiss etmirsən. Çünki, məhz "dil döyüşü" kimi adlandırılan bu kitabı oxuyaraq artıq bütün mübahisələrdə qalib olacağımı düşünmüşdüm. Amma olmadım təbii ki 😅 


   Məncə not alıb arabir mütləq göz atmaq lazımdır, həqiqətən kitabın təsirinin qalıcı olmağını istəyirsənsə. 

   Nə isə... Kitab, yuxarıdan da anlayacağınız kimi, sosial bir varlıq olan insanın başqaları ilə münasibət qurması üçün ən önəmli vasitə olan ünsiyyətini necə tənzimləyəcəyini öyrədir bir növ. Maraqlı, diqqət çəkən bir çox məsələ var içində. Mən not aldım başlayarkən. Lakin təəssüf ki, bir xasiyyətim var, oxuduqca az qala hamısını önəmli hesab etdiyim üçün notlarım o qədər çox olur ki, yarısına gəlməmiş vaz keçirəm not almaqdan😒 Bu kitabda da elə oldu. 


   Oxumağı hər kəsə tövsiyə edərdim. Ümid edirəm ki, aşağıdakı alıntılar kitab haqqında bir fikir formalaşdırar sizdə. Kitabın yazarının özündən çox fərqli mütəfəkkirlərdən seçdiyi cümlələrin hamısı o qədər gözəl idi ki. Burada çox olar deyə sayını azaltmaq üçün seçim etmək mənim üçün çox çətin oldu doğrusu.


Seçdiklərim:


 ✔Dalay Lama'nm önerdiği gibi, "Eğer başkalarının mutlu olmasını istiyorsanız, merhametli davranın. Eğer kendiniz mutlu olmak istiyorsanız, merhametli davranın."


 ✔Dertli insanların ihtiyacı köşeye sıkıştırılmak değil, hislerine kulak verilmesidir.


✔"Lisanı geliştirmiş olmamızın nedeni, bence içimizin en derinlerinde yatan şikâyet etme ihtiyacımızdır."(JANE WAGNER VE LILY TOMLIN)


 ✔"Başkalarının yaşamına ışık kattığınızda bu ışık size de yansır."


 ✔Will Durant'ın belirttiği gibi, "Başkaları hakkında kötü konuşmak kendimizi övmenin onursuz bir yoludur."


 ✔"Her münakaşanın temelinde birisinin cahilliği yatar." (LOUIS D. BRANDEIS)


 ✔"Öfke çoğu zaman ilgi için atılan bir çığlıktır"


 ✔Abartı kendini kaybetmiş hakikattir." (KAHLIL GIBRAN)


 ✔Stanley Horowitz şöyle diyor: "Bir sohbetin düzeyini sesi yükseltmek kadar alçaltan başka bir şey yoktur."


 ✔"Kabalık, zayıf adamın güçlü taklidi yapmasıdır." (ERIC HOFFER)


 ✔"Ancak aptallar suyun derinliğini iki ayağıyla birden kontrol eder." (AFRİKA ATASÖZÜ)


 ✔"Size başarının değil ama başarısızlığın formülünü verebilirim: Herkese hoş görünmeye çalışın." (BILL COSBY)


 ✔"Bir şey için dik duramazsanız her şey için yere düşersiniz." (ANONİM)


 ✔"Dünyanın yarısı söyleyecek bir şeyi olan ama söyleyemeyen, öteki yarısı da söyleyecek bir şeyi olmayan ama durmadan konuşan insanlardan oluşur." (ROBERT FROST)


 ✔"Cesaret, hayatın huzur bağışlamak için talep ettiği fiyattır." (AMELIA EARHART)


 ✔Zorbalar Ancak "Yeter!" Demesini Bilenlere Saygı Duyar


 ✔"Güzel hatıralar mutluluk için ikinci bir şanstır." (KRALIÇE İKINCI ELIZABETH)

18 Mayıs 2020 Pazartesi

Cek London / Martin İden

 


  Cek Londondan bir çox əsərlər oxumuşam. Və doğrusu, bu yazıçının qələmini çox-çox bəyənirəm. Onun orta məktəbdə dərsliyimizdə də olduğu üçün oxuduğum "Həyat eşqi" əsərinin günlərlə təsirində qaldığımı xatırlayıram. Universitet vaxtlarında isə daha çox əsərləri ilə tanış olmuş, oxumuş və sevmişdim. 

  Amma mən necə olub indiyə qədər "Martin İden"i oxumamışam deyə, əsəri bitirəndən bəri hələ də özümə sormaqdayam. Haqqında çox eşitmişdim, niyəsə oxumağı o qədər də arzulamamışdım. Oxuyunca isə bu mənim indiyə qədər  oxuduqlarım içərisində  bu qədər mənə, iç dünyama xitab edən bəlkə də yeganə kitab olduğuna tam qənaət gətirdim. Və əslində, kitabın onu anlayıb, duya biləcəyim zamana qədər məndən uzaq durduğunu düşündüm.

   Martin sadəcə bir əsər qəhrəmanı deyil... O həyatda həmişə fikrən, ruhən başqa buudlarda yaşayan, xəyalları zirvələrdə dolaşan, həyatın hər cür bəsitliyindən, sıradanlığından uzaq düşüncələrə sahib, fərqli olan, fərqli duyan, gücünə inanan, ətrafındakıların basmaqəlib düşüncələrindan yorulsa da əzmindən taviz verməyən və buna görə də anlaşılmayan, kənarlaşdırılan, özgələşədirilən, tənhalaşan bütün Martinlərin simvolik obrazıdır sanki.

   Hər cümləsində içim yandı, hər cümləsində yanındayam deyə hayqırmaq istədim Martinə... Amma nə fayda... Martinlər tənhalığa məhkumdurlar, bu onların alın yazısıdır.

   Əsərin nə mövzusu, nə də digər qəhrəmanlar haqqında heç nə yazmayacağam. Çünki bu Martinin hekayəsi, bu Martinin içində qərib olduğu dünyası...

   Əsəri hər kəsin sevəcəyinə də əmin deyiləm. Amma hər kəsin Martində öz içindən bir şey tapacağına əminəm. Odur ki, oxuyun deyə şiddətlə tövsiyə edirəm. Və məncə bundan  çox yazmaq artıq olar. Sözü buraxıram "Martin İden"dən seçdiklərimə...

                          Seçdiklərim:



"Eh bircə həqiqətən yaxşı danışmağı bacarsaydım - dedi. Başımda o qədər müxtəlif fikir vardır ki, bütün varlığımla onları demək istəyirəm. Lakin bunların hamısı o qədər böyükdür ki, münasib sözlər tapa bilmirəm. Bəzən mənə elə gəlir ki, bütün dünya, bütün canlı xilqət mənə üz tutub ; bizim əvəzimizə sən danış deyə tələb edir. Mən bunu duyuram, lakin necə bunu ifadə edim? Mən hər şeyin əzəmətini hiss edirəm, lakin elə ki, danışmağa başlayıram dilim dolaşır, uşaq kimi kəkələyirəm."


✔ "İlin gözəl bir çağı, günah işləyib peşman olmamış gözəl bir qadın kimi yaşamış, indi belə bir qadın kimi də can verirdi." (Sonbaharın təsviri)

✔ "... yaradıcılıq nəşəsi yer üzündə ən nəcib bir nəşədir. Bu nəşə bütün məhrumiyyətlərimin əvəzini verdi."

✔ "Məhəbbət addımbaşı büdrəyən və yıxılan cılız, eybəcər bir xilqət deyil, əsl böyük məhəbbətdirsə, heç bir zaman yolunu azmaz."

✔ "Gertruda, özümdən başqa heç kəs mənim qüvvəmə inanmır..."

✔ "Dünya qüdrətli olduqları qədər də nəcib olan qüvvətlilərindir, bu qüvvətlilər isə bütün ömürləri boyu alğı-satqı bataqlığında ilişib qalmırlar. Dünya əsl kübarların, sarışın vəhşilərin, heç bir sazişə getməyən və həmişə yalnız "hə" deyən adamlarındır."

✔" O sükansız və kompassız qalmışdı, bir yerə də tələsmirdi. O, baş  alıb gedən axına qoşulanda həyatı daha az duyurdu, həyatı duymaq isə onu incidirdi."


✔❗"Onların hamısı eyni dərəcədə ümumi meyarlara uyğunlaşırlar, hamı həyatını hazır, basmaqəlib miskin bir timsal əsasında qurur. Həm də daim bir-birlərinə baxan, bir-birlərini yamsılayan bu miskin məxluqlar uşaqlıqdan əlində əsir olduqları mənasız qaydaları yalnız pozmamaq xatirinə öz fərdi xüsusiyyətlərini silib atmağa, canlı həyatdan üz döndərməyə razıdırlar." (bu ən ən sevdiyim :))

2 Eylül 2019 Pazartesi

Səsli kitab / 1



   Yeni evə daşınmaq necə çətin olur bir çoxunuz bilirsiniz yəqin ki. Hələ bir də başqa bir şəhərə daşınmaq...
   Bir tərəfdən əşyaları yerləşdirməyə çalışmaq, evdə yeni bir düzən qurmaq, digər tərəfdən uşaqların məktəb, balacanın bağça işləri ilə məşğul olub, onları da bir baxımdan yerləşdirmək...😊

   Və bütün bunları edərkən də hər kəsin evdə olması 😭 Hər dəqiqə dağılan evi səliqəyə sal, səhər, günorta, axşam yeməklərini hazırla və sair və ilaxir...
 
   Qısacası heç bitməyən, hər gün təkrarlanan işlər...
 
    Və təbii olaraq bu işlərin arasında uzun müddətdir oxumağa başladığım kitabı heç cür bitirə bilməmək...
 
   Yeni bir şey başladı həyatımda... Madam iş görərkən oxuya bilmirəm. Heç olmasa səsli şəkildə dinləyim dedim, youtube-da elə səsli kitab adı ilə axtararkən Akın Altanın səsləndirdiyi 20-40 dəqiqə arasındakı hekayələri dinləməyə başladım. Və bu sanki yeni bir kəşf oldu mənim üçün.
 
   Mən dinləyərkən tez-tez fikri yayınanlardanam, həm də göz yaddaşım daha yaxşı olduğu üçün görərək bir şeyləri yadda saxlamaq və dərk etmək daha rahat gəlir mənə.
 
   Bu baxımdan zənnimcə səsli kitab dinləmək çox yaxşıdır. Çünki ilk kitabda tez-tez yayınan fikrimi zoraki olaraq toparlamağa çalışdığım halda zamanla bunun qeyri-ixtiyari bir hal aldığının şahidi olum. Artıq dinlədiyimi daha yaxşı anlaya və yadda saxlamağa başladım. Zamanla daha da yaxşılaşacağına əminəm. Çox sayda kitab dinlədim. Amma hamısının 40 dəqiqədən çox olmamasına çalışdım. Çünki özümü başlanğıcdan çətinə salmaq istəmədim.
 
   Dinlədiklərimdən kiçik bir qismi haqqında düşüncələrimi aşağıda qeyd edəcəm. Digərlərini də ərinməyib yaza bilsəm irəliləyən zamanlarda bloqumda yer verəcəm inşəAllah.
 
   Qısacası, kitab oxumağa vaxtım çatmır deməyin. Dinləməklə  də o əvəzsiz zövqü yaxalaya və kitab dünyasının sirli səhifələrinə səyahət edə bilərsiniz. Hələ bir də Akın Altanın o ecazkar səsi və mükəmməl diksiyası ilə dinləyirsinizsə...

   Bu arada türkcə dinlədiyim üçün elə oradakı adı ilə qeyd edəcəm hekayələri.


             Aghata Cristie / Çingene
  
   Dənizçi bir gənc uşaqlığından etibarən yuxularında gördüyü qırmızı yaylıqlı qaraçı bir qadından qorxur. Hətta arada bu qadınla qarşılaşır da. Müxtəlif zamanlarda və yerlərdə, müxtəlif şəkillərdə (amma qırmızı rəng hər zaman vardır) qarşılaşdığı bu qadın onu təhlükələrə qarşı xəbərdar edir kimi görünür... Yoxsa başına gələn bütün bədbəxtlik və uğursuzluqların səbəbi bu qadındırmı? Gənc bu xəbərdarlıqlara qulaq verməlidirmi, qaraçı qadından qorxmasının bir əsası varmı, bəs qadının bu gəncdən istədiyi nədir? 
Qısa, amma sirli və gözəl bir hekayə idi. Dinləyin məncə.


Nathaniel Hawthorne / Wakefield
   
Yazıçı elə ilk başdan hekayəsini qəzet və ya jurnalların birindən oxuduğu gerçək bir hekayə əsasında yazdığını bildirir. Hekayəsinin qəhramanına şərti olaraq Wakefield adını qoyur. Bu adamın sadə və alışılmış yeknəsək ailə həyatı vardır. Ara-sıra qəribə, sirli bir havaya bürünən Wakefieldin bu xasiyyətini artıq həyat yoldaşı da mənimsəmişdir. Bir gün axmaq bir fikir gəlir onun ağlına. Heç bir səbəb göstərmədən uzağı bir həftəlik uzaq bir əyalətə gedəcəyini söyləyib evdən çıxır. Və 1-2 küçə aralıqda kiraladığı evə yerləşir. Əslində özünün də tam anlamlandıra bilmədiyi məqsədlərindən biri ailəsinin, xüsusilə, həyat yoldaşının onsuz necə bir həyat yaşayacağını müşahidə etmək olur. Bəs bu müşahidə nə qədər çəkəsək? 1 həftəmi, 1 aymı, 1 ilmi, 10 ilmi... Bu tam 20 il çəkir. Və yazıçı bu müddət ərzində Wakefieldin düşüncələrini, duyğularını təsəvvür etməyə çalışır. Yazıçının sanki oxucu ilə söhbət edirmiş kimi anlatması çox xoşuma gəldi. Həyəcanlı, .... bir hekayə oxumaq istəyənlər üçün bir az sıxıcı gələ bilər. Onu da deyim ki, bu kiçik hekayə əsasında eyni adda Amerikada 2016-cı ildə bir film də çəkilib. Filmi fürsət tapdığım ilk zamanda izləməyi düşünürəm.


Lev Tolstoy / Yoksul köylünün oğlu

Hekayənin adı insana nağılları xatırladır. Tolstoy da elə nağılvari anladıb hekayəni. Amma bu nağıl alışılmış sadəcə sehirli qüvvələrin və ya metafizik varlıqların olduğu bir nağıl deyil. İnsana həyatın gerçəklərinin, bu dünyaya gəlmə səbəbimizin və mənəvi paklığı yaxalaya bilmə yollarının açıb göstərildiyi dəyərli bir öyüddür sanki. Öz qəlbini, ruhunu təmiz tutmadan başqalarının daxilini təmizləyə bilməyin namümkünlüyünü, gerçək imana sahib olduqdan sonra bir çox qorxuları məğlub edə bildiyimizi, yalnız özümüz yanarsaq başqalarını da yandıra biləcəyimizi bir daha göstərir bizə böyük mütəfəkkir. 


Anton Çexov / Hayaller 

Bir xəyal düşünün... Çarəsiz bir xəyalpərəstin özü üçün qurduğu və onunla həyata tutunduğu bir xəyal dünyası... Orda hər şey söylənənlərin əksinə qaydasındadır, gözəldir... Və bu xəyalı ikicə cümlə ilə alt-üst edən, onun həyatla bu yeganə bağına acımasızca balta endirən realistlər... Bəzən xəyal dünyasında xoşbəxt və ümidlə yaşayan bir xəyalpərəst olmaq, bu gerçək həyatın sərt zərbələrini duya-duya, bütün bir həyatı bədgüman yaşayan realist olmaqdan qat-qat yaxşıdır vallah... Hekayənin məndə buraxdığı təəssürat... Mütləq siz də dinləyin.

19 Ağustos 2019 Pazartesi

Xalid Hüseyni / Min möhtəşəm günəş



   Salam canlar. Necə gədir tətiliniz? Yaxşıca dincələ bilirsinizmi? 

   Aylar öncə oxuyub haqqında düşüncələrimi paylaşdığım yazını indi təqdim edirəm sizlərə. Xoş oxumalar😊❤

   Uzun müddətdir, kitab oxumaq üçün zaman ayıra bilmirdim. Və inanın elə bil boşluğa düşmüşdüm, həyatımda nəsə çatmırdı. Baxdım belə olmur, kitab rəfimdə oxumaq üçün ayırdığım yeni kitablardan birini başladım oxumağa.

5 Kasım 2018 Pazartesi

Denemeler / Montaigne



   Əsrlər öncə bu günün düşüncəsi ilə yaşamış Monteignenin qələmə aldığı, insanın öz iç dünyasına zahiri bir baxışla, yaşadığı dünyaya mütərəqqi baxışının sintezindən ortaya çıxmış esselər toplusudur Denemeler...

29 Ekim 2018 Pazartesi

Delifişek / Jose Mauro de Vasconselos



   Şəkər portağalı kitabından dərhal sonra "Delifişek"e başladım. Çünki Zezenin aqibəti maraqlı idi mənim üçün. Təssüf ki, Zezenin yeniyetməliyini anladan "Güneşi uyandıralım" kitabını tapıb oxumaq indilik nəsib olmadı.

22 Ekim 2018 Pazartesi

Şeker portakalı / Jose Mauro de Vasconcelos



🔸️Jose Mauro de Vasconcelos
🔸️Brazilya ədəbiyyatı
🔸️200 səhifə
🔸️Qiymət 5 / 5

✔"Çocuk yüreği unutur, ama affetmez."

   Brazilyalı bir yazıçının 20 il qəlbində daşıdığı öz uşaqlıq hekayəsini 12 gündə qələmə aldığı bir əsərdir Şəkər portağalı. Oxuyarkən göz yaşlarınıza hakim ola bilməyəcəyiniz, 5 yaşlı Zezenin geniş qəlbinin dərinliklərində itib-batacağınız bir əsər...

1 Ekim 2018 Pazartesi

Cenni Herhardt / T. Drayzer



🔹️Teodor Drayzer
🔹️Amerika ədəbiyyatı
🔹️340 səhifə
🔹️Qiymət : 4/5
  
   ✔Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyərlər"dir. Onun yeganə ölçüsü özünü mühafizə hissidir.

17 Eylül 2018 Pazartesi

Mart Menekşeleri - Sarah Jio



🔹️Sarah Jio
🔹️Amerika ədəbiyyatı
🔹️336 səhifə
🔹️Qiymət 4/5

   Bu əsər Sarah Jiodan oxuduğum ikinci əsərdir.  İki roman arasındakı bənzərliklər məni təəccübləndirsə də, əsər maraqlı mövzusu ilə yenə də könlümü çaldı.

10 Eylül 2018 Pazartesi

Zeliş / Necati Cumalı



🔹️Necati Cumalı
🔹️Türk ədəbiyyatı
🔹️ 256 səhifə
🔹️ Qiymət : 4/5

✔ "...İçleri ışıl ışıl yanan gözbebeklerinden, yüzlerce, binlerce ışıktan kuş, bir anda uçtular Cemal’in gözlerinin içine kondular. Kalabalıktan biri, o anda aradan geçen on günün küçük küçük kaygılarının, umutlarının, hayal kırıklıklarının, artan sabırsızlıklarının hazırladığı, dillendirdiği bu bakışları görseydi, o gece bir daha gözlerini Zeliş’le Cemal’den ayıramazdı.”

3 Eylül 2018 Pazartesi

Edam məhkumunun son günü - Viktor Hüqo



🔹️Viktor Hüqo
🔹️Fransa ədəbiyyatı
🔹️160 səhifə
🔹️Qiymət 4/5
   ✔"İçinde bulunduğu umutsuz durumda insan, zinciri bir saç teliyle bile kırabileceğine inanır."

   Bir neçə saat sonra həyatınızın sona çatacağını bilsəniz nələr düşünərdiniz? Daha çox keçmişdəki xatirələri mi zehninizdə canlandıracaq, yoxsa sizin olmadığınız bir gələcəkdə baş verəcəkləri mi xəyal edərdiniz?

13 Ağustos 2018 Pazartesi

Möhtəşəm yüz il



🔸️Müəllif: Okay Tiryakioğlu
🔸️Milliyət: Türk
🔸️Səhifə : 228
🔸️Qiymət : Orta - 3/5

✔"Fırtınanın gövdəsində çatlar yaratdığı uçurumun ağzındakı qocaman bir ağacdansa, üstündən küləklər əsərkən əyilən, amma az sonra yenidən dikələn bir buğda sünbülü olmasındadır insanın hünəri!"

    Sətirlərində qan, barıt və yanıq ət qoxusu, qulağınızın dibində yaralı fəryadları, at kişnərtisi, qılınc cingiltisi, top guppultusu sədalarının bir an çəkilmədiyi, qanlı döyüşlər, saray daxili intriqalar, bir kölənin bitməyən nifrəti, qədirşinas bir cəsusun sadiqliyi və adı tarixlərə  keçmiş, az qala bütün dünyaya sahib bir sultanın yalnızlığı... Kitabın qısaca özəti budur...

   Yazıçı əsəri yazarkən maraqlı bir üsula əl atıb. Biz hadisələrə üç mühüm şəxsin nəzərləri ilə baxıb, onların iç dünyasının səsini dinləyərək, nələr hiss etdiklərini və düşüncələrini daha rahat anlaya bilirik.
  
   Vəhimi Orhun Çələbi. Atası Sultan Yavuz Səlim xan tərəfindən öldürülmüş, özü isə  elə həmin xan tərəfindən dustaqlıqdan azad edilərək "Çelik Hilal" adlı məxfi bir təşkilatın qurucusu vəzifəsi ilə vəzifələndirilmişdir. Ömrü boyu atasının ölümünə duyduğu qəzəb ilə, azad olunmağın minnəti arasında qalsa da, əvvəl Səlim xana, sonradan isə Sultan Süleymana sədaqətlə xidmət edən, qeyri-adi strateji zəkası və igidliyi ilə özünü heç vaxt ələ vermədən düşmən tərəfin bütün gizli planlarını ifşa etməyi, onların niyyətlərini öyrənərək sultana əksiksiz çatdırmağı bacaran bir cəsusdur. Sonradan İbrahimdən hökümdara bir zərər gələcək əndişəsi ilə Hürrəmlə yaxınlaşıb Parqalının da gizli niyyətini üzə çıxarır.

   Parqalı İbrahim. Uşaq olarkən atası ilə ticarət məqsədilə çıxdıqları gəmi səfərində türklər tərəfindən əsir götürülmüş, sonradan Aybükə xatun kimi zəngin bir xanım tərəfindən satın alınaraq bir övlad kimi, yaxşı təlim və tərbiyə verilərək böyüdülmüşdür. Hər cür naz-nemət içərisində böyüməsinə baxmayaraq əsir götürülmə, ailə və ölkəsindən uzaq düşmə nisgili onun qəlbində nifrət və intiqam duyğusunu alovlandırmış, bir gün yüksək mövqeyə gələrək bütün bunların qisasını bütün Osmanlı hakimiyyətindən almaq arzusu ilə yaşamışdır. Bu məqsədinə çatmaq üçün plan quraraq gənc sultanla tanış olmağı və onun qəlbinə girməyi bacarır. Süleymanın ona safdilliklə bağlandığını düşünsə də əslində sultanın onun bütün plan və niyyətlərini bildiyindən bixəbərdir.  Sonradan tatar əsirlərin arasından seçdiyi Ruslana (Hürrəm) ilə sultanın yanında və sarayda öz mövqeyini möhkəmlədəcəyini düşünsə də irəliləyən zamanda nədənsə Hürrəm ondan üz döndərərək, ən böyük düşməninə çevrilir.

Sultan Süleyman. Sərt və daha qəddar olan atası Sultan Səlimin ölümündən sonra hakimiyyətə gələn Süleyman daha mərhəmətli və ədalətlidir. Bir çox saray əyanı və xalq onun bu məziyyətləri ilə taxtda çox otura bilməyəcəyini düşünsələr də sonradan onun qərarlı və igidliyi ilə neçə alınmaz qalaları və ölkələri Osmanlı torpaqlarına qatıb, ölkəni gücləndirəcəyinin də şahidi olacaqlar. Süleyman hər şeyə sahib olsa da yalnızdır. O əslində hökümdarlıq dərdində olmayan, qanlı döyüşləri və istilaları arzu etməyən, həssas bir ruha sahib şairdir. Həyatın onun çiyninə yüklədiyi vəzifələr sultana ağır gəlir, onu sıxır. Bu yalnızlıqdır ki, Parqalı İbrahimin saxta olduğunu bilə-bilə dostluğuna ehtiyac hiss edir, onu özündən uzaqlaşdıra bilmir. Eləcə də Hürrəmin bütün qüsurlarını görsə də ona duyduğu yaxınlıq səbəbilə hamısına göz yumur.

   Əsərdə tarixdə məşhur olan bir çox döyüşlərin və onların pərdə arxasının şahidi oluruq.

   Hürrəmlə münasibəti, aralarında keçən hadisələr haqqında daha əfraflı oxuyacağımı zənn etsəm də yanılmışam. Serialdan fərqli olaraq burda Süleymanın hərəminə çox az yer verilib. Daha çox onun siyasi mövqeyi və döyüşlər yer alıb əsərdə. 

   Bir də Hürrəmə həsr etdiyi və eşqi tərənnüm edən bir neçə şeiri
də var səhifələr arasında.

   Diqqətimi çəkən bir məqama toxunmaq istəyirəm burda. Əsər boyunca biz Süleymanın ədalətini və mərhəmətini görürük. Sultan igidliklə döyüşən düşmən, kafir cəngavərlərin, sərkərdələrin, kralların halına acıyır. Onlara xüsusi hörmətlə yanaşır. Bir kralın məğlubiyyətinin və ölümünün ağır olduğunu düşünür. 

   Lakin nədənsə biz Süleymanda  bu kafirlərə duyduğu hörmət və ədalət hissini həmin dövrün digər müsəlman hökmdarı olan Səfəvilər pardşahı Şah İsmayıl Xətaiyə qarşı hiss edə bilmirik. Hətta əksinə hər məqamda ona təhqir edici xitablar yönəldən, hər xoşagəlməz hadisələrin arxasında şiə barmağını axtaran qatı və məzhəbpərəst bir şiə düşməni görürük. 

   Tarixdə çox gənc yaşında taxta oturub, böyük bir Səfəvi imperiyası yaratmağa müvəffəq olan, igidliyi ilə tanınan Şah İsmayılı qorxaq, guya kafir düşmənlərlə əlbir bir xəbis kimi göstərilməsini heç cür anlaya bilmədim. Bu doğurdan da o dövrdə Osmanlı hakimiyyətinin müsəlman qardaşı olan bir hakimiyyətə qarşı ədalətsiz baxışı idimi, yoxsa  yazıçının şiə düşmənliyinin izharıdırmı, tam anlaya bilmədim. Amma nə olur olsun, bu baxış və tutum məni heç açmadı açığı. Və Süleymanın ədalət və mərhəmətini  gözümdə bir mərtəbə düşürdü.

   Bu arada kitabın türkcədəki orginal adı "Qanuni" -dir.  Okay Tiryakioğlu bu səpkidə - Osmanlı dövründə saray və siyasət - seriya şəklində bir neçə kitabı da çapdan çıxmışdır. 
   Nə vaxtsa hamısını tapıb oxumaq ümidilə əsərə orta qiymət verərək sağollaşıram sizinlə...

Seçdiklərim:


   Həqiqət heç vaxt sonadək gizli qala bilməz. Bu, həqiqətin təbiətinə ziddir. Onu nə qədər dərinə basdırırsan basdır, bir gün torpağın üstünə çıxacaq...
                              ***
   Kölə sahiblərinin nə vaxtsa amansızca icad etdikləri ən yaxşı üsuldur bu - əzilən insan başqa birini əzməkdən, eynən özü kimi çarəsiz, məzlum adamlara hökm etməkdən zövq alır...
                             ***
   Mən sənin üçün bir nərdivan olduğumu onsuz da bilirəm, amma əslində sənin mənim üçün bir pilləkən olduğunu heç vaxt bilməyəcəksən...
                            ***
   O yalançı sevgini göstərə bilmək üçün oynadığın rolda o qədər mahirləşəcək, ustalaşacaqsan ki, gün gələcək məni doğrudan da sevəcəksən...
                           ***
   Qərb memarlığı ölümün soyuq üzünü həm də bir dəhşət kimi əks etdirir. Orada şeytanın və pis ruhlarını narahat etdiyi müqəddəs fiqurları belə görmək olar. Şərq isə, ruhlara rahatlıq verən sadə üslubu ilə ölümü yolu intizarla gözlənilən sevgili kimi qucaqlayır.



23 Temmuz 2018 Pazartesi

Annemi bir kez daha görebilsem - Zana Muhsen



"Bütün qərarlarını başqa insanların verməsinə, edəcək seçiminin olmamasına alışıq isən, azadlıq qorxunc bir şey ola bilər."

Xəbərdarlıq: Yazı başdan sona spoiler tərkiblidir :)

   Çox həyəcanlı idi... Həyatında ilk dəfə təyyarəyə minəcək, ilk dəfə uzaq bir ölkəyə səfər edəcəkdi... Ingiltərədə yaşadığı 16 illik həyatında ilk dəfə atasının çox tərifləyib, dəfələrlə gözəlliklərindən danışdığı vətəninə gedib gəzəcək, qohum-əqrabaları ilə tanış olacaqdı... Üstəlik çox sevdiyi bacısı Nadia da arxadan gələcək bərabərcə ekzotik bir ərəb ölkəsi olan Yəməndə maraqlı tətil  keçirəcəkdilər...
   Bu səfərə əylənmək ümidi və xoş xəyallarla çıxan Zana daha Yəmənə çatar-çatmaz təbiətini, havasını bəyənmədiyi, dilini bilmədiyi insanların arasında özünü qəribə hiss etdiyi, qızmar çöllərin ardında, çılpaq qayaların üzərindəki, dar, işıqsız, susuz, şəraitsiz evləri görmək şokundan ayılmamış, atası tərəfindən satılıb özündən də balaca 13 yaşlı bir uşaqla evləndirildiyi və ömürlük burada qalacağı kimi acı və dəhşətli xəbərlə sarsılır. Üstəlik bir neçə gün sonra eyni saf xəyallarla buraya gələcək 15 yaşlı bacısı Nadianı da eyni aqibətin gözləməsi düşüncəsi Zananı məhv edir...
   Beləliklə, 1980-ci ildə bir tətil sevdası ilə çıxdıqları yolda hər iki bacının ağır həyatı başlayır. Kilometrlərlə uzaqdan su daşımaq, əkin-biçin, heç bitməyən ev işləri, nəfəs alacaqları, bir az olsun günlük qayğılardan sıyrılacaqları bir an, bir gün belə yoxdur. Bütünlükdə evin kişilərindən asılı vəziyyətdə olmaq, heç bir haqlarının olmaması, sadəcə onlara əmr olunduğu kimi yaşamaq iztirablı həyatlarından sadəcə bir neçə fraqmentdir. Üstəlik xəstə olduqlarında onları müayinə edəcək bir həkimin belə olmadığı, körpələrini evdə, heç bir müdaxilə olmadan özlərinin dünyaya gətirməsi insanı oxuduqca dəhşətə gətirir.
   Bütün bunlara alışmaq o qədər də asan olmur ki, Zana da Yəməndə yaşadığı 8 il müddətində bir an olsun bu həyatla barışmır, hər gün, hər an burdan qurtulub vətəninə dönəcəyi günün xəyalını qurur. Və sadəcə bunlarla da kifayətlənmir. Əlindən gəldiyi qədər çırpınır, bacısını və özünü qurtarmaq üçün hər cür təhlükəyə atılır. 
   
   Nəhayət, əziyyətləri bəhrə verir. Anası onların halından xəbərdar olur. Onları xilas etmək üçün məsul şəxslərə, müxtəlif vəzifəli insanlara müraciət edib, kömək istəyir. Bir çox addımlar atılıb, irəliləyişlər əldə edilsə də Zana və bacısı ikili vətandaş olduqları üçün onları Ingiltərəyə geri qaytarmaq mümkün olmur.

   Bundan sonra ana medyanın gücünə əl atıb məsələni ictimailəşdirir.  Qısacası, bütün bu çətinliklərin sonunda Zana Ingiltərəyə qayıtmağa müvəffəq olur. Bacısı Nadianı isə Yəməndən  çıxarmaq mümkün olmur.
   Bütün bu oxuduqlarının yazıçı təxəyyülü deyil, yaşanmış gerçək bir həyat hekayəsi olduğunu bilmək isə bambaşqa nota kökləyir insanı.
   Əsər məndə ziddiyyətli duyğular oyatdı.Kitabdakı hadisələrə, köləliyə, geridə qalmışlığa,  haqsızlığa qarşı əlbəttə ki, hər bir oxucunun qəlbində böyük bir nifrət və qəzəb yaranır. Hətta bir çox yeri göz yaşları içərisində, ürək ağrısıyla oxudum. Bunun izahı, müdafiə ediləcək heç bir tərəfi yoxdur.
   Lakin nədənsə, sanki İslamın qaralanıb, bütün bu haqsızlıqların və vəhşiliklərin mənbəyi kimi göstərildiyi hissinə də qapıldım ki, bu da mənə təbii olaraq xoş çatmadı.
   Bunu niyə dünya bir dəfəlik dərk etmir ki, zalımlıq, zorbalıq, haqsızlıq, köləlik, qəti şəkildə İslamla, müsəlmanlıqla əlaqəsi olmayan, əksinə, müqəddəs kitabımız və Peyğəmbərimizin(s.ə.s) hədislərində hər zaman pislənən məziyyətlərdir.
   Geridə qalmışlığın, cəhalətin İslamla bir bağı yoxdur. Amerikanın, Afrikanın, Uzaq Asiyanın bir çox ölkələrində də biz bu tip zorbalığı, cəhaləti rahatlıqla görə bilirik.

   Bir də ürək ağrıdan məqamlardan biri -  Ingiltərədə rahat bir mühitdə böyüyən Zana Yəmənin dağ kəndlərindəki şəraitsizliyə, ağır həyat şərtlərinə dözə bilmir. Bir an öncə burdan canını qurtarıb qaçmaq istəyir. Bu onun haqqıdır. Səhv anlaşılmasın. Heç kim istəmədiyi həyatı yaşamaq məcburiyyətində deyil. Lakin o şəraitdə dünyaya gəlib, ömrünün sonuna qədər o cür yaşayan ərəb qadınlarının heçmi haqları yoxdur? Onların sırf ərəb olub, o regionda yaşadıqları üçün bütün həyatlarını o ağır şəraitdə keçirmək məcburiyyətində olmaları insanı düşündürür.
   Kitab Zananın özü tərəfindən bəlkə bacısını qurtarmağa köməyi olar məqsədilə yazılıb və Avropada xeyli səs-küyə səbəb olub. Bir çox dilə tərcümə olunaraq böyük oxucu kütləsi toplayıb. Əminəm kitabı oxuyan hər bir kəs Zana və bacısı Nadianın başına gələnlərə təəssüflənir, onların qurtuluşunu ürəkdən arzulayır. Bəs görəsən arxa plandakı, qara çarşaflı və o çağdaş köləlik zənciri altında qalan yerli qadınların halını düşünən oldumu? Ölkələrinin yoxsulluğunda və geridə qalmışlığında o qadınların heç bir günahının olmadığını avropalılar düşündümü heç... İnanmıram...
   Bir də əsərdə hiss və duyğulara çox az yer verilib, əsas olaraq hadisələr dilə gətirilsə də yaşananlar məni doğurdan da çox sarsıtdı, kitabı əlimdən yerə qoya bilmirdim. Nə ilə nəticələnəcəyini böyük maraqla gözləyirdim. Amma bununla yanaşı, bəzi məqamlar düşüncə dünyama taxılıb qaldı. Məsələn, Zananın anasının qızlarını qurtarmaq üçün əlindən gələni etməsi, hər cür yola baş vurması çox təqdirəlayiqdir. Lakin Zananın hələ 3 və 4 yaşlarında ikən Yəmənə, nənə-babasını görmək üçün göndərilən və sonradan bir daha gəlməyəcəkləri, ataları tərəfindən bir dəfəlik göndərildikləri öyrənilən bacısı Leilah və qardaşı Ahmedin qaytarılması üçün niyə ana eyni canfəşanlığı göstərmir. Körpə yaşlarından ailəsindən, yaşadığı mühitdən, ən əsası, ata-anasından ayrı düşən uşaqların sonradan necə ağır bir uşaqlıq yaşadıqlarını biz Zananın sayəsində öyrənirik. Belə bir müsibəti bir dəfə yaşamış ana hansı ürəklə iki qızını Yəmənə tətilə göndərməyə razı olur.
   Bir də Zananın öz azadlığı üçün oğlu Marcusu Yəməndə qoyub getməsi... Onun qarşısına iki seçim qoyulur. Ya övladı ilə Yəməndə qalacaq, ya da oğlunu qoyub gedəcək. Azadlığı üçün illərlə çırpınan bir ana üçün çox ağır seçimdir bilirəm, ancaq övladını qoyub getməsinə heç cür bəraət qazandıra bilmədim qəlbimdə nə yalan deyim. Mən olsam necə hərəkət edərdim heç bir fikrim yoxdur. Lakin məndən başqa heç kimdə qalmayan, bütün günü ətəyimdən yapışıb məni gözdən qoymayan balamı başqasının qucağına buraxıb getməyə də qəlbim dayana bilməzdi yəqin ki...
   Nə bilim anladacaq hələ çooox şey var... Amma bitməz ki...
   Bu arada Zana ölkəsinə döndükdən sonra Ahmed və Leilah  da Ingiltərəyə dönməyə nail olurlar. Nadia sonradan dönə bildimi, başına nələr gəldi  deyə axtardım İnternetdə. Fərqli məlumatlar var. Nadianın 6 uşağının olduğunu və Zanadan fərqli olaraq uşaqlarından ayrılmaq istəmədiyi üçün Yəməndə qalmağa davam etdiyini də oxudum. 2003-də həyat yoldaşı və uşaqlarla birlikdə Ingiltərəyə gəlib orda yaşamağa başladıqlarını hətta Zananın oğlu Marcusu  gətirdiklərini də oxudum. Hansı doğrudur bilmirəm.
   Tək bildiyim Zana Muhsenin " Nadyaya söz verdim" adlı ikinci kitabının da çapdan çıxmasıdır. O kitabı da tapıb oxuya bilsəydim çox sevinərdim. Qismət...

9 Temmuz 2018 Pazartesi

Bir yumak mutluluk - Dabbie Macomber



   "Doğduğumuz andan itibaren hepimize birer yumak iplik veriliyor; bundan mutluluğun desenlerini örmek ise bizim elimizde..."
 
   Qadın dediyin elə bir məxluqdur ki, zərif çiyinlərində dünyanın yükünü daşıyar, qəlbi bəzən sıxıntılardan dayanacaq kimi olar, düşüncələri min cür qayğı məskəni, xəyallarında min cür gələcək əndişəsi...

   Susar, atar içinə bütün mənfilikləri... Çünki ya övladı vardır arxa-dayaq olması gərəkən, ya yoldaşı vardır ondan güc olan, ya ata-anası vardır gözünü ona dikmiş... Qadın hər dəm ayaqda olmalıdır... Güclü, sarsılmaz, möhkəm dayanmalıdır... Dünya öz tarazlığını itirər yoxsa...

   Qadınların həyatın hər sahəsində, yaşının hər dövründə yenə, yenidən başlaya bilmə bacarığından bəhs edən romanlardandır "Bir yumak mutluluk".(Əsəri türkcə oxuduğum üçün adını da olduğu kimi yazdım.)

   Anladığım qədəriylə kitab oxucular tərəfindən təqdir görmüş "Küçük  Muciziler Dükkanı" adlı bir kitabın davamı kimi yazılıb.

   Qadınların özünə inam qazanıb, necə deyərlər, dişi ilə, dırnağı ilə bir yerlərə gələ bilmə hekayəsindən danışan əsərləri hədsiz sevirəm. Bir ruh yüksəkliyi, qadın olma qüruru, ana olmaq sevinci kimi xoş bir haləti-ruhiyyə içərisinə girirəm:)

   "Bir yumak mutluluk" adı qızıl hərflərlə yaddaşıma yazılan kitablardan oldu.
Kitabda xərçəng xəstəliyi ilə uzun illər mübarizə aparıb qalıb gəlmiş və həyata tutunmaq üçün özünə bir dükan açmış Lydia Hoffman elə həmin dükanda corab toxuma kursu başladır.  Kursa gələn bir neçə qadının hər birisi həyatdan fərqli zərbələr almışlar.

   Elise Beaumont kitabxanaçılıqdan pensiyaya ayrıldıqdan sonra illərlə yığdığı pulla şəhərdən kənarda kiçik bağçalı bir evdə təkbaşına rahat yaşaya bilmək üçün bir ərazi alır. Lakin ərazini satan adam fırıldaqçı çıxır. Pulları batan, aylarla məhkəmələrdə sürünən, müvəqqəti olaraq qızının evinə sığınan Elise üçün həyat başqa sürprizlər də hazırlayır. Qızı körpə ikən qumarbazlığına görə boşandığı keçmiş həyat yoldaşı illər sonra onu, qızını və nəvələrini görmək üçün gələcəyini bildirir. Bundan sonra onun həyatı bambaşqa olacaqdır...

   Bethanne Hamlin- mənim favorit obrazım:) Bethanne bir sevgililər günü həyat yoldaşının 2 ildir ona xəyanət etdiyini öyrənir. Yoldaşından dərhal boşanan qadın ailə qurduğundan bəri heç bir işdə işləmədiyi üçün bundan sonra 2 övladı ilə necə  yaşayacaqları ilə bağlı bir əndişə içərisindədir. Üstəlik qızı Annie bu travma ilə atasından qisas almaq üçün pis vərdişlərə qurşanıb böyük problemlər çıxarmağa başlayır. Qısacası, Bethanne sanki bir bataqlığın ortasında əli heç yerə çatmadan batdıqca batır... Amma qədərin  onu daha güclü və özünə inamlı bir qadın olmaq üçün torunu qurduğundan xəbəri yoxdur...

   Vəə Courtney Pulanski... 16 yaşlı gənc qızımız:) Anasını vaxtsız itirən və bununla çox çətinliklə barışan qız atasının uzaq əyalətlərə qazanc dalınca getməsi, özündən böyük qardaş və bacısının fərqli əyalətlərdə oxuması səbəbiylə nənəsi Veranın yanına göndərilir. Köhnə əşyalarla dolu bir evdə yaşlı qadınla yaşamaq onun üçün heç də ürəkaçan bir hal deyil. Bütün dost və rəfiqələrini tərk edib, heç kimi tanımadığı bir yerdə məktəbə başlamaq onu çox narahat edir. Üstəlik Courtneyin kilo problemi də var. Kök olduğu üçün özünə inamı zəif və utancaqdır.

   Beləliklə, bu 4 qadını bir araya gətirən toxuma kursu onların həyatlarında bir şeyi bacara bilmək, bir şeyin öhdəsindən gəlmək, öz güclərini özlərinə sübut etmək üçün atdıqları ilk addım olur. Bundan sonra hədəfləri ilə aralarında duran divarın kərpicləri bir-bir tökülməyə başlayır.

   Əsəri oxuyan oxucu hər qadında özündən bir parça görür. Onların müvəffəqiyətlərinə sevinib, sıxıntılarına kədərlənir. Heç bir şeyin gec olmadığını, içində ümidi hər zaman yaşatmağı, xəyallardından vaz keçməməyi, ömür adlı həyat kitabımızda önümüzə çıxan hər bir hadisə və məsələlərin mütləq bir hikmətə bağlı olduğunu öyrədir "Bir yumak mutluluk".

   Dabbie Macomberin başqa əsərlərini də tapıb oxumağa çalışacam mütləq.

25 Haziran 2018 Pazartesi

Prosper Merime - Novellalar



   Əslində bir romandan ibarət kitabları oxumağı sevsəm də, kitabxanada kitab seçərkən öncə üz qabığı ilə sonra da içərisində ilk qarşıma çıxan "Novellalar ustası" başlıqlı rəylə diqqətimi çəkdi bu kitab. Novellaları sevən biri olaraq biganə qala bilmədim və  oxuyacaqlarım sırasına qatdım bu kitabı da. Sonunu öncədən təxmin edə bilmədiyim film və kitabları nə qədər sevdiyimi təkrar qeyd etməyə ehtiyac yoxdur, yəqin ki :)

28 Mayıs 2018 Pazartesi

Ernest Miller Heminquey - Qoca və dəniz



   Tənha bir qoca düşünün ucsuz-bucaqsız bir okeana xırdaca qayığıyla ova çıxan; Öncəki bütün ovları uğursuz nəticələnən bu qocanın nəhayət ki, çoxdan arzuladığı iri bir balıq tutduğunu; Min bir əziyyətlə şikarını ələ keçirdikdən sonra isə evə dönərkən ona hücum edən köpək balıqları ilə gərgin mübarizəsini...
   Əsərin hekayəsi budur. Lakin bu kiçik hekayə o qədər anlamlar ehtiva edir ki içində.

30 Nisan 2018 Pazartesi

Sarah Jio - Gündüzsəfası


  Siz heç hər hansı bir kitabı oxuyarkən yosun qarışıq dəniz qoxusunun oğrun-oğrun pəncərədən otağınıza süzülüşünü, ləpələrin xəfifcə evinizin döşəməsinin altını döydüyünü hiss edib, uzaqlardan paraxodların səsini eşidərək hər cümlədə su  üzərində olmağın ecazkarlığını duymusunuzmu? 

   Cavabınız "xeyr"dirsə Sarah Jionun "Gündüzsəfası"nı oxumağınızı tövsiyə edərdim. 
   Həyatının ən ağrılı zamanlarını yaşayan, böyük bir depressiya içərisində olan Ada Santorini nəhayət ki,böyük bir qərar alır. 

16 Nisan 2018 Pazartesi

Harriyet Biçer - Stou - Tom dayının daxması



    Bəzən hansı müəllifin, hansı kitabın, hansı əsərin qəlbinin dərinliklərinə nüfuz edib orda yatmış vicdanını oyadacağını, mənəvi aləmini sarsaraq səni özünə gətirəcəyini, bütün duyğularına xitab edərək könlünün bam telinə toxunacağını bilə bilmirsən. Və bəzi kitablar səni alıb elə diyarlara götürür ki, oralar sənin üçün tamamilə  qəriblikdir, adət-ənənələri, həyat tərzləri sənə tamam yaddır. Lakin bu uzaqlıq və fərqliliyin içində dəyişməyən, eyni olan  bir şey var insanlıq...  

    Və dilindən, dinindən, irqindən, millətindən asılı olmayaraq hər bir insanın qəlbinə xitab edən ümumbəşər bir dil vardır -  VİCDAN.

Və bəzi kitabları sən məhz o vicdan dilində oxuyursan. Nə qədər yad yaşam tərzi və ənənələri olsa da ideyası ilə, məzmunu ilə sənə doğmadır, əslində bu əsərlər.

    Amerikalı yazıçı Harriyet Biçer - Stounun "Tom dayının daxması" adlı əsəri də məhz bu tip romanlardandır.

2 Nisan 2018 Pazartesi

Sherlock Holmes - Panik



   Nəhayət, mənə də məşhur Sherlock Holmes kitablarından birini oxumaq nəsib oldu. Panik adlı bu kitab iki bölmədən ibarətdir, yəni Sherlocku məşğul edən iki ayrı əhvalatdan.

   Əsər İkinci Əfqan müharibəsi kimi bir çox döyüşlərdə iştirak etmiş, ağır yaralanıb, üstəlik tifo xəstəliyinə yaxalandıqda döyüş üçün tamamilə yararsız hala düşdüyü qənaəti alınaraq İngiltərəyə geri  göndərilən və bir təsadüf nəticəsində qismətinə Sherlock Holmes-lə eyni evi paylaşmaq düşən, bütün hadisələri birbaşa müşahidə etmə şansını yaxalayan bir həkimin dili ilə anladılır.

22 Ocak 2018 Pazartesi

Heynrix Böll - O illərin çörəyi




Nobel mükafatı laureatı alman yazıçısı Heynrix Böllün " Təlxəyin düşüncələri" romanı haqqındakı düşüncələrimi öncəki yazılarımın birində qeyd etmişdim. Bu gün ədibin oxuduğum digər əsəri "O illərin çörəyi" povesti barədə danışmaq istəyirəm.