Qarabağ Azərbaycandır etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Qarabağ Azərbaycandır etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

25 Kasım 2020 Çarşamba

Qarabağım!

 

   Müharibə gedən dövrdə düşüncələrim, ruh halım sadəcə mövcud vəziyyətə fokslanmışdı. Və bu günlərdə əvvəllər aradabir üzünü göstərən ilham pərisi ilə tez-tez görüşəsi oldum.😊 Şeirlərimi ara-ara qeyd edəcəm bura. Vətən qoxulu, birlik, qəhrəmanlıq, qələbə soraqlı bu dəyərli günlərdən xatirə qalsın deyə.


Qarabağım!

Qarabağım, mənim dərdli torpağım,

Necə qismət yazılıbdır bəxtinə?!

İllər boyu oldun düşmən tapdağı,

Bütün dünya durdu sanki qəsdinə.


Görmədilər, duymadılar dərdini,

Baxmadılar nisgilli həsrətinə.

Dağıtdılar, pozdular sərhəddini

Necə dözdün bəs bu qədər çətinə?!


Gözləmişdik illərlə sülh umaraq,

Qulaq verdik, nəhayət ki, səsinə. 

El bir oldu sənin üçün, Qarabağ,

El sel oldu axdı düşmən üstünə.


Bir bayraq altında birləşib qalxdıq

Yumruq olub zərbə vurduq düşmənə.

Can verib uğruna  biz qan axıtdıq

Halalımız, haqqımızdır qələbə!


Umman Aslan 

10/2020

14 Kasım 2020 Cumartesi

Bir hüzünlü qələbə...

 


   Çox xəyal qurmuşdum, qələbəni eşidəndə nələr hiss edəcəm, necə reaksiya verəcəm deyə çox düşünmüşdüm... Həm doğma yurdum Füzulinin azad olunduğu günü, həm də ümumi qələbəni neçə dəfə canlandırmağa çalışmışdım gözlərimdə... Amma heç biri, heç biri xəyal etdiyim kimi olmadı...

   Füzulim alınanda Gəncə bombalandı, sevincimiz ürəyimizdə dondu qaldı... Heç nə hiss edə bilmədik... O günahsız ölürülən canların ağrısı, acısı daha ağır basdı... 

   Olsun dedim, qabaqda böyük qələbə var... Kim olur olsun mane ola bilməyəcək xalqın o böyük sevincinə, coşğusuna...

   Həftəsonu rayon qaçamaqlarından biri idi. Ertəsi səhər tezdən yola düşəcəkdik. Odur ki, erdən başımı atıb yatmışdım. Sübh namazı vaxtı yatmağa gələn yoldaş xəbər verdi mənə müharibənin bitdiyini... Şok oldum, necə yəni? Bir gecədə, bir anda necə bitdi? Özü də o qədər məyus idi ki, sanki ola biləcək ən pis şey olmuşdu. Onun əzginliyi, bu qəfil qələbənin çaşqınlığı ilə toparlanıb çıxdıq. Yolboyu izah etdi bizə məsələnin nə yerdə olduğunu. Əlbəttə ki, hər zaman bizə düşmən mövqeyində olan bir ölkənin  ordusunun vətənimizdə yerləşməsi qəti istədiyimiz bir şey deyildi. Ümumiyyətlə, bu sazişdə bir çox məqamlar var ürəyimizcə olmayan, bizi narahat edən... 

   Amma elə yol boyu bir şey beynimi qurcalayıb durdu - nə olursa olsun, yenə də bu bizim qələbəmiz deyilmi?! Bunu bizim  xalqımızın birliyindən güc alan qəhrəman, igid əsgərlərimiz öz qanları hesabına qazanmadılarmı? Nə olur olsun bu bizim qələbəmiz deyilmi? 

   Bu necə təvafüqdür ki, biz müharibənin başladığı gün də rayondan Bakıya gəlirdik, bitdiyi gün də... O vaxt Bakıya yaxınlaşdıqca yoldan ard-arda keçən hərbi sürsat və əsgər daşıyan maşınlar, təcili tibbi yardımlar məni elə həyəcanlandırmışdı ki, durmadan ağlamışdım, hətta zənglər gəldi yolda, Füzulinin bəzi kəndlərinin azad olunduğu müjdəsi verildi... Qaradağdan keçərkən yol qırağında dəstə-dəstə əllərindəki bayraqlarla cəbhəyə gedən əsgərləri alqışlayan xalqı gördükcə ürəyimin böyüyüb dağa döndüyünü hiss eləmişdim...

   İndi də bir qırıq qələbə sevinci ilə dönərkən yenə yolboyu xalqın qələbə sevincinə şahid olurduq... Bu duyğunu anlatmaqla izah etmək çox çətindir... Əllərində bayraqlarla yenə uşaqlar, böyüklər tökülmüşdülər yol qırağına... Maşınalar siqnal verə-verə keçir, hər kəs qucaqlaşır, bir-birini təbrik edirdi... Hamının üzündə qələbə sevinci var idi... Mən isə iki duyğunun arasına sıxışıb qalmışdım... Bir tərəfim xalqın qələbə sevincinə şərik olmuşkən, bir tərəfim görəsən doğurdanmı nəticə bizim lehimizə oldu deyə düşünüb dururdu... 

   Şəhərə çatdıq... Hələ səhər idi... Xalq dünən gecə yuxusuz qalmışdı, odur ki, gözlədiyim qədər izdiham falan görmədim Bakı küçələrində... Amma yenə də hər yerdən hüzünlü bir qələbə fışqırırdı... Bayraqlara bürünmüş insanlar, maşınlar, ötən maşınların pəncərəsindən çıxıb "qələbə" qışqıran insanlar...

   Qısacası, çox uzatmayım, canım oxucu... O gün axşamacan məni hədsiz yoran düşüncələrlə boğuşdum... Biz indi qələbə çaldıqmı? Yoxsa özümüzümü aldadırıq? Sosial medya hesabalarına göz atdım, oralar da qarışıq idi, eyni mənim başımın içi kimi... Bir ovuc məsələni həqiqətən analiz edə bilən insanlar və bir yığın də sadəcə onların yazdıqlarına etimad edib, öz süzgəcindən keçirməyə ehtiyac belə duymayan təqlidci və pessimist postlar, hər şeyə rəğmən qazanılan qələbənin məhz bizim uğurumuz olduğunu, düşünən optimist postlar... 

   Mənim diqqətimi isə qələbəni böyük sevinc və coşğu ilə qeyd edən insanaların görüntüləri çəkirdi...

   Sonra axşama doğru içimdə böyük bir sıxıntı olduğunu kəşf etdim... Bu sanki bir peşmanlıq, əldən verilmiş bir fürsətin narahatlığı idi... Özümlə baş-başa qalıb uzun-uzun düşündüm... Biz iki ay öncəyə qədər illərdir nə qədər çalışsaq da bir metr torpağı geri ala bilməyən və ədalətsiz dünyanın böyük və öz məqsədlərini güdən güclərinin nəzarəti altında bu torpaqlara bir daha sahib olmağı sadəcə ümidsiz bir şəkildə xəyal edən bir xalq idik... 

   Sonra bir şey oldu... Başçımız bir addım atdı... Xalq ayağa qalxıb bir yumruq kimi birləşib onun arxasında durdu... Saysız-hesabsız oğullar tərəddüd belə etmədən könüllü cəbhəyə yollandı, qadınlarımız bişirdiklərini, toxuyub tikdiklərini və ən əsası gecəli-gündüzlü dualarını göndərdi cəbhəyə... 

   Hər gün gələn şəhid xəbərlərinə bütün xalq evində yas qurdu, qələbə xəbərləri hamı üçün toy-bayram oldu... Yəni bu torpaqları biz, biz özümüz qanımız hesabına qazandıq! Bəs indi bu qələbə bizim deyil də kimin?! Qanlı müharibə zamanı birliyimizin haqlı qürurunu yaşayarkən hər şey bitdiyində düşüncələr parçalandı, fikir ayrılıqlarına düşdük... 

   Nəticə ürəyimizcə deyil, bu çox aydındır... Bəs öz gücümüzlə çaldığımız qələbəni niyə gözdən salırıq? Sonrası necə olacaq heç birimiz bilmirik. Pis də ola bilər, yaxşı da (ki mən yaxşı olacağına bütün qəlbimlə inanıram)... Bu gün qazanadığımız qələbə bizə əsgərlərimizin, şəhidlərimizin əmanətidir... Onu layiqincə qiymətləndirdikmi?...

   Odur ki, əziz oxucu, axşama doğru bütün bu qarışıq duyğu, düşüncələrdən süzülüb ortaya çıxan bir şey oldu - peşmanlıq...

   Bu tarixi və önəmli günü qaçırdığım üçün, sevincini haqqıyla yaşaya bilmədiyim üçün çox peşmanam çox... Meydanalarda qələbə coşğusunu yaşayanları çox qısqandım çox... Və bu fürsət insanın ömründə bir dəfə ələ düşür, fərdilikdən sıyrılıb xalqın sevinci ilə bütünləşmək insana nadirən qismət olur... Və bizə qismət olmadı təəssüf ki...

   İndi gözümü dikmişəm 1 dekabra. Laçın da boşalınca Azərbaycan ərazisi murdar düşməndən tamamilə təmizlənmiş olacaq. Əsas qələbəmiz bəlkə də o gün hesab olunacaq. Əsgərlərimiz qayıdacaq, onların yürüyüşü təşkil olunacaq və biz xalq olaraq belə qarışıq və pərakəndə şəkildə deyil,  təntənəli bir şəkildə onların yürüyüşünü böyük bir qürur və fəxr hissi ilə izləyib, alqışlayacaq, əsl qələbəmizi bütöv bir xalq olaraq qeyd edəcəyik... Bu mənim yenə də xəyallarım təbii ki... Rəbbim qismət eləsin 🤲 


   Hələlik isə gözün aydın, Azərbaycan, deyirəm. Qələbən mübarək! 

   Amma əsl qələbə təbrikim və yazım qalsın 1 dekabra... Sevgilər...


13 Ekim 2020 Salı

Xalqımla fəxr edirəm!

   Bu günləri heç bir zaman unutma, əziz dost! Necə bir xalqın nümayəndəsi olduğunu fəxr və qürur hissi ilə həmişə xatırla. 


   Belə bir birlik, belə bir vətənpərvərlik dünya tarixində nə görülüb, nə görüləcək. Bir ananın övladı kimi bir-birinin arxasında dayanıb millətimin hər bir fərdi. 


   Bu günlərdə nə şəxsi arzular qaldı, nə şəxsi sevinclər, nə də şəxsı acılar. Bütün xalqın dərdi də, kədəri də, amalı, sevinci də ortaqdır artıq. Bir ürək olduq vətən üçün döyündük, bir yumruq olduq düşmənin başına endik... Biz belə millətik! 


   Bir an belə düşünmədən atasını - anasını, sevdiyini, evindəki körpəsini geridə qoyub könüllü yazılan, vətəni  üçün canını ortaya qoyan oğullardır sənin xalqın...


    Ön cəbhədə vuruşarkən "siz ailəlisiniz arxada durun, mən subayam, qoy, mən öndə gedim", deyən mərd şəhiddir sənin xalqın...


   Yenicə aldığı yegənə keçim qaynağı olan təqaüdünü götürüb paralanmış ayaqqabısını sürüyə-sürüyə ordu üçün köməklik etməyə tələsən Hikmət babadır sənin xalqın...


   Bir əsgər kotlet istədi deyə bütün məhəllə qadınlarının toplaşıb həvəslə öz balasına hazırladığı kimi minlərlə kotlet çörək hazırlayan anadır sənin xalqın...


   Aldıqları ərzaqlarla yol qırağında cəbhəyə gedən əsgər maşınlarının, avtobusların yolunu gözləyib onlara sovqat vermək üçün yarışandır sənin xalqın...


     Evi düşmən bombası ilə dağılınca, "evdir də, vətən üçün fəda olsun, heç nədən qorxmuruq, təki qələbə bizim olsun" deyən qorxmaz bir sakindir sənin xalqın...


Bunlar ağlıma gələnlərdir sadəcə.O qədər göz dolduran, ürək kövrəldən nümunələr var ki, say-say bitməz... 


Sadəcə unutma, bir gün qəlbindən bu millətə aid ən kiçik bir mənfi duyğu keçmək istəyəndə bu günləri xatırla! "Kim nə deyir desin, mənim xalqım ucalardan uca, əsil, ali, nəcib, mərd, qorxmaz, qəlbi sevgi dolu, şəfqət dolu bir xalqdır" de və gələcək nəsillərə də bunu daşı, aşıla, əzbərlət !


3 Ekim 2020 Cumartesi

🇦🇿Qazanacaq Azərbaycan əsgəri!



  

   Tarixi günlər yaşayırıq, əziz oxucum. İllərdir xəyalını qurduğumuz qələbəyə addım-addım yaxınlaşırıq. Millət olaraq o qədər duyğu, həyəcan, fərəh, qürur və hüzün içərisindəyik ki... Hüznümüz hər gün gələn şəhid xəbərlərinə görədir. Kaş şəhid vermədən azad edə bilsək torpaqlarımızı demək istəyirəm, amma şairimizin "Torpaq əgər uğrunda ölən varsa vətəndir" kəlamlarını xatırlayıb göynəyən sinəmə daş basıram. Olsun deyirəm, təki vətən sağ olsun! Lazım gəlsə, hər birimiz bu vətən üçün qanımızın son damlasına qədər döyüşməyə hazırıq. Təki Qarabağım düşmən tapdağından qurtulsun, təki Qarabağım həsrətini çəkdiyi ona həsrət sakinlərinə qovuşsun. 

Təki sən var ol can Azərbaycan! 

Sənə canımız fəda! 

Qəlbimdəki coşğunun, həyəcanın çox az qismini əks etdirə bildiyim şeirimi paylaşıram sizlərlə. Qələbə müjdəsi ilə görüşmək ümidilə...





🇦🇿Qazanacaq Azərbaycan əsgəri!🇦🇿


O gün gəldi, artıq zaman yetişdi,

Birliyimiz, qüdrətimiz göründü.

Bütün qəlblər ön cəbhədə birləşdi,

Qarabağım həyəcana büründü.


İllər sonra doğma addım səsləri,

Torpağında eşidildi, duyuldu.

İrəliləyən əsgərimin izləri 

Yarasına əlac oldu, həb oldu.


İntizarda qalmış yorğun gözləri

Yaşardımı öz oğlunu görüncə?!

Türk dilinin şirin, doğma sözləri

Həsrətinə son qoydu eşidincə?


Şəhidlərim qanlarıyla yudular,

Düşmən izin hər daşından yurdumun.

Torpaq üçün bu yola baş qoydular

Qələbəyə əhdi vardır ordumun.

 

Dövran elə döndü, elə dəyişdi

Bir günün içində millət bir oldu. 

Döyüşə getməyə hamı and içdi,

"Könüllü" yazıldı hər vətən oğlu.


Döyüşə təşnədir sanki oğullar,

Millətimiz onlara bel  bağlayır.

Əllərində bayraqlarla uşaqlar

Dillərində "Qarabağ"  haraylayır.


Bayraqlarla bəzənibdir eyvanlar,

Qələbəyə hazırlaşır bu millət.

Şəhid verən gözü yaşlı analar

Zəfərlərlə sevinəcəkdir əlbət.


Biz bu günü çox gözlədik, çox dözdük,

Qalmayıbdır taqətimiz, səbrimiz.

Yalanları, hiylələri də çözdük

Olacağa hazırıq hər birimiz.


Biz qələbə istəyirik, vəssəlam

Bütün torpaq qayıdacaqdır geri.

İstəmirik artıq-əksik bir kəlam

Qazanacaq Azərbaycan əsgəri!

Qazanacaq Azərbaycan əsgəri!


Umman Aslan