30 Eylül 2019 Pazartesi

Sarah Jio - Yağmur sonrası



   Sarah Jiodan dəniz qoxulu bir eşq hekayəsi daha...

  Anne zəngin bir ailənin sevilən qızıdır. Başqa zəngin bir ailənin yaraşıqlı oğlu Gerard ilə nişanlıdır. Hər şey axarında hər şey qaydasındadır sanki...

   Amma Annenin qəlbi tətmin deyil. Həyatındakı boşluğun fərqindədir. Nə istədiyini özü də bilmir, lakin sanki olmaması gərəkən yerdədir. Uzaqlarda davam edən müharibə və sıxıntılar varkən belə rahat yaşamaq onu narahat edir.

   Və nişanlandığı gün dəli-dolu rəfiqəsi Ketty sayəsində bir yol çizir özünə. Onunla birlikdə tibb bacısı kimi Borabora adasına getməyə, orada yaralı əsgərlərə yardım etməyə qərar verir.

   Bu ada Annenin həyatını necə dəyişəcək, Ketty edilən bu fədakarlığa layiq ola biləcəkmi?

   Toz hopmuş xatirələr, müharibə, dostluq, peşmanlıq, cinayət, ədalət, eşq, xəyanət, qürur və ümid hamısından bir çələng hörüb təqdim edib bizlərə Sarah Jio...

   Doğrusu əvvəli sıxıcı gəlmişdi mənə, amma oxuduqca sonlara doğru daha axıcı və maraqlı oldu.

   Sadəcə qəbul edə bilmədiyim məqamlar var əsərdə. Məsələn, Annenin nişanlısı Gerarda bir vəfa borcu var. Onu tam da toy ərəfəsində bir macəra ardına düşüb adaya getməyə razı salır. Lakin gedər getməz başqa bir adama Westry-ə aşiq olur. Onun yolunu gözləyən və hətta onun gözündə yüksəlmək üçün müharibəyə qatılan Gerardın göndərdiyi məktubları oxuya-oxuya başqa bir eşq macərası yaşaması, illər sonra atasının uzun illərdir anası ilə soyuyan əlaqələrinin evdəki sevimli qulluqçuları ilə yaşadığı eşqin səbəb olduğunu öyrənməsi, sakit həyatını buraxıb Kitty ilə müharibə bölgəsinə getmək kimi bir fədakarlıq edən Annenin, uzun illər bacı kimi yaşayan, bir-birindən heç ayrılmayan bu ikiliyin münasibətinin bir adama görə sonsuza qədər pozulması... və sair kimi Qərb dünyasına aid qəribəliklər mənə təsir edir istər-istəməz...

   Yazıçı bütün əsər boyu mövzunu bir növ gerçək eşqin axtarışına yönəldir və nə olur olsun bu eşqi yaşamağa hər kəsin haqqı olduğunu vurğulayır hadisələrin fonunda ...

   Sarah Jio maraqlı yazır, həmişə qeyd etmişəm əsərləri mövzu baxımından bir-birinin təkrarı olsa da, ədəbi-bədii yönü ilə məni tətmin etməsə də oxunaqlıdır.

   Və unutmayaq ki, onu gənclər daha çox oxuyur. Həm də çox bəyənərək oxuyur. Mənim narahatlığım nəfsinə yenik düşən, nə olur-olsun bu qısacıq fani həyatda dadacağı müvəqqəti ləzzətlər üçün vəfa, əhd, qədirşinaslıq, sədaqət kimi daha ülvi məfhumları heçə sayan qəhrəmanların o gənclərdə buraxacağı izlərdir, onların düşüncə və hisslərində yer edəcək neqativ hallardır.

   Kaş ki, gənclər oxuyarkən öz dəyərlərimizi göz önündə tutaraq, məsələyə bu aspektdən yanaşaraq, əsərdəki hadisələri düzgün təhlil edərək oxusalar. Oxuyun deyərdim, maraqlı bir eşq hekayəsi dinləmək üçün oxuyun, amma dediklərimi unutmadan.




   Sarah Jionun digər əsəsrləri haqqındakı düşüncələrimi öyrənmək istəyərsiniz bəlkə:

" Gündüzsefası"

"Mart menekşeleri"




23 Eylül 2019 Pazartesi

Çəhrayı...



Mavi səmada süzülən bəmbəyaz buludlara dikmiş gözlərini çəhrayı paltarlı qız... Əlindəki səmaya can atan qırmızı şarın ipini bərk-bərk tutur... İpək saçları rüzgarla rəqs edir... Gözləri ümid, qəlbi fərəh doludur... Zövq alır tamaşasına durduğu mənzərədən...  

Və gözləri ilmələrə zillənmiş düşüncəsi uzaq günlərin sorağında toxuyur qadın... Əlindəki qırmızı şərfi övladı üçün toxuyur... Saçlarına yenicə düşməyə başlamış bəyazlar içəriyə süzülən günün xəfif işıltısını əks etdirir... Gözləri yorğun, qəlbi kədər doludur... Bitirməyə çalışır əlindəki işini... 

 Zirvədən aşağıdakı ovalıqları seyr edir qız... Çantası belində, fotoaparatı yaxasında, zirvəni fəthetməyin sevinci qəlbində... Uzaqlara dikir gözlərini, kəşf edəcəyi yeni mənzərələrin həyəcanını duyur bütün iliklərində... 

Pəncərədən həyətə boylanır qadın... Yenicə bitirdiyi ev işlərinin yorğunluğu üzərində, axşamdan altında əzildiyi sözlərin incikliyi qəlbində... Uzaqlara dikir gözlərini, həyatın ağır yükünü hiss edir bütün iliklərində... 

Rəfiqələri ilə yeni açılan məkanda yeni bir ləzzəti dadır qız... Gülüşlər, zarafatlar uçuşur havada... Eyni zövq və eyni düşüncədəki qəlb dostları ilə bir arada olmağın şükrünü edir qəlbində... 

Və yeni öyrəndiyi bir reseptlə ilk dəfə bişirdiyi yeməyin dadına baxır qadın... Yanındakı ərindən və qayınanasından şikayətlənən qonşu qadının qeybətləri uçuşur havada... Sıxılsa da xətrinə dəyməmək üçün dözüm təlqin edir qəlbinə...  

Yeni bitirdiyi kitabı müzakirə edir rəfiqəsilə qız... Anlatdıqca həyəcanlanır, hüzünlənir, bəzən də coşğuyla çuğlayır ruhu... Oxuyacağı növbəti kitabın mövzusunu düşünür, maraq edir... 

 Və qızına yenə çətin uşaqlığından danışır qadın... Anlatdıqca həyəcanlanır, hüzünlənir, bəzən də "kaş ki"lərə bürünür ruhu... Gələcəyin nələr gətirəcəyini düşünür, əndişələnir... 

 İrəliyə dikib gözlərini macəracı, həvəs dolu, həyat dolu çəhrayı paltarlı qız... 

 Və geriyə boylanır itaətkar, səbir dolu, hüzün dolu yorğun qadın... 

 Baxışları bir anda toqquşur eyni nöqtədə... Gəlirlər göz-gözə... Gülümsəyir şıltaq qız... Şirin bir xəyalın dumanı içərisində... "Yaşa" deyir... Və əriyir... Paltarının çəhrayılığı bir işıq kimi yayılır yenə... Qadının gözləri qamaşır... Gözlərini yumub açır... Gülümsəyir xəfifcə... "Axı necə?"...


16 Eylül 2019 Pazartesi

Çingiz Abdullayev/ Prezident ovu



   Əsla əsla deməməyi insan bəzən qarşılaşdığı ən kiçik hadisələr, ən kiçik təcrübələrlə də öyrənə bilir.

  Bəli, bir vaxt sadəcə 2-3 səhifəsini oxuyub, çox darıxdırıcı və maraqsız bir əsər hesab edib kənara qoyduğum və əsla sevməyəcəyimi düşündüyüm bu kitaba bir müddət sonra təkrar şans vermək istədim. 

  Bitirə bilmədiyim ilk kitab (oxumaq üçün tıklayın)  başlığı ilə bu kitab haqqındakı o vaxtkı düşüncələrimə yer də vermişdim bloqumda.

   Açığı ən çox da "axı bu qədər kitab oxuduğum halda əsər niyə mürəkkəb gəldi?" sualı narahat edirdi məni.

   Oxudum və anladım ki, bəzi kitabları oxuyarkən xüsusi bir efor sərf etmək lazım olmur, oxuduqca hadisələr axır, sən də o hadisələrin içərisində fərqli bir aləmə qarışıb sürüklənirsən, hətta o anda ətrafında olub bitənlərdən xəbərin belə olmur. Hər şey bitdiyində ayılıb, dərindən nəfəs alırsan, başqa bir dünyanı daha gəzib bitirməyin və şahidi olduğun hadisələrin xoş bir təbəssümü qalır üzündə. Bir müddət ayıq başla düşüncələrində yenidən təhlil edirsən hər şeyi. Götür-qoy edirsən. Bir qənaətə gəlib, kitabı sanki örtərək qəlbindəki və düşüncə dünyandakı fərqli kateqoriyalara bölünmüş rəflərdən birinə yerləşdirib vidalaşırsan... Yeni bir kitaba başlamaq - yenidən fərqli bir aləmə səyahət etmək üçün ...
   Bəzi kitablar isə səni əsər boyu ayıq saxlayır, düşünməyə, hadisələrin ardıcıllığını, başlanğıcını hansı tərəfə istiqamətləndiyini, obrazların xarakterini,  münasibətini tez-rez analiz etmək, bununla yavaş-yavaş yaxınlaşan nəticə arasında əlaqə qurmağa məcbur edir. Bir anlıq xəyala qapılsan, çaşıb digər əsərlərdəki kimi, özünü hadisələrin axarına buraxsan ayıldığında azdığını, həmin çox şaxəli hadisələrin içərisində itib-batdığını görürsən. Və hər şey düyün düşmüş yun kələfinə dönür, çözələ, çözə bilirsənsə... Baxırsan ki, yox buna nə səbrin var, nə həvəsin kitabı örtüb bu mənlik deyil damğası ilə qara boyalı rəfə atırsan, bir daha açmamaq üzərə...
   Çoxmu fəlsəfi anlatdım, bilmirəm :) Amma "Prezident ovunu" təkrar oxuduqdan sonra tam da bu qənaət oluşdu məndə. Və Çingiz Abdullayevi bəyənməyib, tənqid edənlərin eynən mənim düşdüyüm qəflətə qapıldıqlarını anladım.
   Nəticeyi - vəlhasil, təəccüblü də olsa, bu dəfə əsəri çox bəyəndim. Yazıçının təxəyyül dünyasının zənginliyinə heyran qaldım. Detektiv bir əsər kimi nə qədər dəyərli olduğunu dərk etdim.
   Əsər haqqında çox geniş yaza bilməyəcəm, çünki aylar öncə oxuyub bitirmişdim :) Sadəcə, süjet xəttini alışdığımız məişət xarakterli cinayət hadisələri və onların açılması təşkil edən əsərlərdən çox daha fərqli, mürəkkəb və beynəlxalq səviyyəli cinayət, rəsmi və qeyri-rəsmi qurumların çirkli əməlləri, dərin dövlət kimi hadisələrdən bəhs edən bir əsər olduğunu deyə bilərəm. 

   "Mənlik deyil" deyə düşünməyin, sadəcə daha ayıq başla və diqqətli oxumağa çalışın. Sonda damağınızda fərqli bir dadın qalacağından əmin ola bilərsiniz.

10 Eylül 2019 Salı

Kərbəla ziyarəti və düşündürdükləri



   Hər şey birdən-birə alındı... 

   Qohumlarımızdan bir çox qadını başına yığıb səfərə hazırlaşan anam mənim də getməyimi istədi... Aylar öncəsindən danışılsa da son ana qədər dəqiq bir şey deyə bilmədim...
   
   Rəbbimin həddi-büluğa çatdığı yaşdan etibarən ibadəti qismət etdiklərindənəm... İllər uzunu hər zaman onun yolunda olmağa çalışmışam... Gerçək mənada özünü bu yola adamışlar olub həyatım boyu ətrafımda... Amma fərqli məzhəbdə... Fərqli əqidədə... Bu mövzuya çox girməyəcəm...
   
   Təzəcə addımlamağa başladığım yeni yolda - Əhli beytin yolunda öyrənməm gərəkən hələ çoox şeylər vardı... Bilgisiz idim...
   
   Ona görə tərəddüt keçirirdim... Ora getməyə, Onların hüzuruna çıxmağa layiqəmmi, deyə...
  
   Səfərə bir neçə gün qalmış vaxtı bitmiş şəxsiyyət vəsiqəm və eyni zamanda xarici pasport problemim inanılmaz dərəcədə sürətlə həll olundu... Deməli, Rəbbim yollarımı açdı... Ora getməyimi istədi...
   
   Yalan deməyəcəm, bu səfər üçün yanıb-tutuşan, illərdir fürsət gözləyən və böyük həyəcanla yola düşənlərdən deyildim çox təəssüf ki... Sadəcə qarşıma çıxan imkanı dəyərləndirmək istədim... Ordan mütləq şəkildə mənəvi feyz alacağıma inandım...
  
  Və yola düşdük...
  
  İran sərhəddinə keçər-keçməz... Rəbbim telefonumu aldı əlimdən... Çünki, dünyəvi zövqlərdən sıyırmaq istədi məni... Şəkildir, ailədir başqa heç bir şeylə başımı qatıb, bu dəyərli səfərdən nəsibsiz dönməyimi istəmədi... Bunu da çox gec anladım təəssüf ki...

  İrandan İraqa keçdik...
  Bağdaddan keçdik, Kazimiyyədə uyuyan imamlarımızı ziyarət etdikdən sonra Nəcəfə gəldik...
  Nəcəf...
   İmamlarımızın birincisi, Möminlərin əmiri, mövlası, Allahın aslanı - həzrəti Əlinin hərəmi yerləşən şəhər...
  Digər imamlarımızda olduğu kimi Onu da  ziyarət edərkən sadəcə bir duyğu vardı qəlbimdə : biz sizə layiq möminlər olmadıq... 

   Dəstə rəhbəri imamların həyatından danışdıqca  onların doğru islamı yaşatmaq üçün, bizlərə gerçək müsəlmanlığı miras qoymaq üçün  verdikləri mücadilə və bu yolda etdikləri fədakarlıqları, qatlandıqları əzabları eşitdikcə onların adlarını belə doğru-düzgün bilmədiyim üçün özümdən utanmağa başlamışdım...
   Bu təbii bir hal deyil... Bu qədər mücadilə etmiş və canlarını bu yolda fəda etmiş peyğəmbər nəslinin adını belə bilməmək hələ o vaxtdan başlamış unutdurulma siyasətinin bəlkə də bilincsiz bir şəkildə bu gün də davam edən uzantısının nəticəsidir... Vəssəlam... Bunun başqa bir açıqlaması ola bilməz...

   Nəcəf demişdim... Bu şəhər dünya üzərində mənim həyatımda dərin və unudulmaz bir iz  qoyan şəhər kimi həkk olundu yaddaşıma...

   Dünyəvi bir imtahan... Və Ona açılan əllər... Mən sənin qonağınam dedim göz yaşlarım yumrulanıb aralıqsız bir şəkildə yanağımdan yuvarlanarkən aşağıya... Canım sənə fəda, Ya Əli... Sən ev sahibisən... Məni gözü yaşlımı göndərəcəksən? O anda onun ruhaniyyətinin tam qarşımda olduğunu və məni dinlədiyini bütün iliklərimə qədər hiss etmişdim... Bu duyğu nə sözə sığar, nə yazıya... Sadəcə yaşayaraq anlaşılar...
  
   Bir sutka keçmədən həll olundu problem... Yenə Onun varlığını hiss etdim qarşımda mərhəmətli və gülümsəyən bir sima ilə... "Razı qaldınmı ev sahibliyimdən?" Tam da belə soruşurdu... Bilirəm...
   Dərdimi paylaşdığım bu hər kəsdən gizli sirdaşlığımıza səbəb olan problem Onunla bir bağ oldu aramızda... Məni ona möhkəmcə bağlayan.... Və qəlbimin taa dərinliklərindəki sevgi qığılcımını alovlandıran...

  Onun hərəmi ilə vidalaşarkən  atasından ayrılan bala kimi, balasından ayrılan ana kimi sızıldayan ürəyimin göynərtisi gözlərimdən sellər kimi axıtmışdı yenə göz yaşlarımı...

   "Bir zamanlar məhz Onun həyatından bəhs edən kitabın redaktoru olmağım təsadüfü idimi görəsən?" düşündüm yol boyu...
  
   Nəcəfdə həyatımın ən stressli saatlarını yaşatmağına və ən zəif nöqtəmdən vurub,  heç bir zaman görünmək istəmədiyim bir tabloda məni ətrafıma tanıtdırdığına baxmayaraq, Onu sevməyimə vəsilə olan həmin imtahanla məni sınadığı üçün bu günə qədər də şükür edirəm Rəbbimə... Və də imtahanın səbəbini anlamağıma imkan verdiyi üçün...

   Nəcəfdə ikən Kufəyə də getmiş, Hz. Əlinin mübarək vücudunun yuyulduğu qızının evini və Kufə məscidini ziyarət etmişdik...
   Ah Kufə... Kufə...
   Sən hər zaman dönük çıxdın peyğəmbər nəslinə... Çağırdın, arxa durmadın, yarı yolda buraxdın... Heydəri Kərrarın nəfəsi havana qarışdığı, addımları torpağına dəydiyi üçün Rəbbim səni yerlə-yeksan etmir bəlkə də...

   Yolüstü Müslümün qətl edilmiş iki balaca övladının məzarı yerləşən ziyarətgaha da baş çəkdik. Bu adı və hadisəni də ilk dəfədir eşidirdim. 

   Səfərdə bərabər olduğum yaxın qohum və rəfiqəmin 1 il öncə Məşəd ziyarətindən döndükdən sonra yuxusunda hər ikimizin ziyarətə getdiyimizi və iki uşaq məzarının başında göz yaşı tökdüyümüzü anlatdığı gəldi ağlıma. Çox düşünmüş, çox axtarmışdıq bu iki uşaq kim ola bilər deyə... Fərqli mənalara yozmuşdum... Amma budur iki uşaq məzarı və başucunda göz yaşı tökən biz...

   Bir- bir ziyarət edərək, nəhayət, müsibət səhrasına - (artıq şəhərə çevrilmiş) Kərbəlaya gəlib çıxmışdıq... Sərin, rahat avtobusumuzla o susuz, qupquru çölləri, keçərkən Hz. Hüseyn və onun ailəsinin bu yollarda qanayan ayaqları, susuz dodaqları və yorğun vücudları canlandı gözümüzdə... Bir utanc axdı qanımızda yenə...


   Əbül-fəzl Əl- Abbas
   Yenə bu səfərdə kimliyini öyrəndiyim və Müslümün övladları ilə yanaşı ən çox təsirləndiyim ikinci faciəvi həyat qəhrəmanı... Tək məqsədi uşaqlar üçün su gətirmək olan bu Hz. Hüseynin atabir qardaşının, mərdlər şahının əvvəl su tutan qolları kəsilmiş, dişləri ilə daşımaq istəyərkən də gözündən oxla vurulmuşdu... Bir ömür özünü Hz Hüseynə nökər bilən, özünü ona qardaşlığa layiq görməyən Əbül-fəzl son nəfəsində ilk və son dəfə "qardaş" deyə çağırmışdı Onu...


   Və şəhidlərin başı... 
   Gəlmiş keçmiş ən dəhşətli müsibətlərə düçar edimiş Peyğəmbərin oğlu Hz Hüseyn...
Bu necə ağır imtahandır, Allahım... İgid oğulları, qardaşının əmanətləri gözünün qarşısında şəhid edilərkən, körpə balası qucağında oxlanıb öldürülərkən hansı güc ona dayanma dirayətini vermişdi? Əl atsa çatacaq uzaqlıqdakı Fəratın suyuna həsrət buraxılan, su deyib ağlaşan körpələrin səsinə necə dözmüşdü o şəfqət dolu qəlbi?..

   Ah, sanki Allahın lənətinə gəlmiş kimi qup-quru torpaqlarında ot belə bitməyən, belini dikəltməyə fürsət tapa bilməyən İraq diyarı... İndi küçələrində hər addımbaşı buz kimi su çəlləkləri qoymağın nəyə yarayır? Nəyə lazımdır? Sən ki, peyğəmbər övladlarını suya həsrət göndərdin bu dünyadan... İndi bu günahını yumaq səyi nədir belə? Rahat ürəklə su içə bilərmi möminlər burada?

   Ziyarətimiz hərəmi İranda Məşhəd şəhərində olan şəfa qapısı, şəfqət ocağı İmam Rzanı ziyarət etməklə bitdi...

   Əlbəttə, ziyarətlərimizin çox az qismini sığdıra bildim yazıya... Hər biri haqqında hiss etdiklərimi yazsam bitmək bilməz bu yazı...

   Sadəcə bunu anladım, hər məkanın öz ab-havası var. Və  hansı ziyarətgaha gedirdiksə sanki elə oranın ab-havasına bürünürdük... 

   Uzun müddətdən bəridir ilk dəfə qəlb gözümün açıldığını, içimdə çağlayan eşqi, böyük bir coşqu ilə öyrənmə sevdasını hiss edərkən, bir tərəfdən də Rəbbimə şükürlər edirdim buna səbəb olan ziyarəti heç gözləmədiyim anda nəsib etdiyi üçün... 

   Və qara çarşafın gözəlliyini duyurdum bu əvəzsiz günlərdə... Süni bərbəzəkdən, göstərişdən uzaq bütün qadınlar arasında bərabərlik yaradan çarşafın... Necə oldu sən mövhumatçılığın, fanatizmin, geri qalmışlığın simvolu kimi tanıdılmağa başladın? Necə?
   Sən ki,  o zamandan bu yana qadınlarımızın imamlarımız üçün tutduqları ömürlük matəmin rəmzisən... Sən ki, Hz.Hüseynə ana,  bacı,  qız övladı olaraq ağlayan xanımların simvolusan... Bu da siyasi oyunların nəticəsidirmi yoxsa?

   Və millətimizin illərdir əzizlərinin yasında belə ilk olaraq imam övladlarına ağlamağının gerçək dəyəri anlaşılır burada... Rusiyanın boyunduruğu altında olduğu illərdə  Məhərrəm ayı boyunca toy, əyləncə qurmayıb, evlərdə Aşura günü gizli ehsan verən, mərsiyə deyən və göz yaşı tökən bir millətin nümayəndəsi olmağın haqlı qürurunu yaşadım bütün qəlbimlə...

   Artıq qəbul edək Aşura sadəcə Hz. Adəmin tövbəsinin qəbul edildiyi, Hz. Nuhun gəmisinin Cudi dağına oturduğu, Hz. Musanın qövmünün fironun zülmündən qurtulduğu və s. bayram səbəbi bir gün deyil...
   Aşura eyni zamanda gəlmiş keçmiş ən böyük qəhrəmanlığın, ən böyük adanmışlığın və ən böyük fədakarlığın yaşandığı şərəfli və mötəbər bir gündür...


   Və biz hər il bu gündə o qəhrəmanlığı yad etməyə, o fədakarlığa qarşı qədirşinaslığımızı göstərməyə borcluyuq...
Vəssəlam...

Salam olsun sənə ey Rəsulullah!
Salam olsun sənə ey Əsadullah!
Salam olsun sənə ey Fatimeyi Zəhra!
Salam olsun sənə ey Müctəba!
Salam olsun sənə ey Sarəllah!
Və salam olsun sizə ey Peyğəmbər nəsli!

2 Eylül 2019 Pazartesi

Səsli kitab / 1



   Yeni evə daşınmaq necə çətin olur bir çoxunuz bilirsiniz yəqin ki. Hələ bir də başqa bir şəhərə daşınmaq...
   Bir tərəfdən əşyaları yerləşdirməyə çalışmaq, evdə yeni bir düzən qurmaq, digər tərəfdən uşaqların məktəb, balacanın bağça işləri ilə məşğul olub, onları da bir baxımdan yerləşdirmək...😊

   Və bütün bunları edərkən də hər kəsin evdə olması 😭 Hər dəqiqə dağılan evi səliqəyə sal, səhər, günorta, axşam yeməklərini hazırla və sair və ilaxir...
 
   Qısacası heç bitməyən, hər gün təkrarlanan işlər...
 
    Və təbii olaraq bu işlərin arasında uzun müddətdir oxumağa başladığım kitabı heç cür bitirə bilməmək...
 
   Yeni bir şey başladı həyatımda... Madam iş görərkən oxuya bilmirəm. Heç olmasa səsli şəkildə dinləyim dedim, youtube-da elə səsli kitab adı ilə axtararkən Akın Altanın səsləndirdiyi 20-40 dəqiqə arasındakı hekayələri dinləməyə başladım. Və bu sanki yeni bir kəşf oldu mənim üçün.
 
   Mən dinləyərkən tez-tez fikri yayınanlardanam, həm də göz yaddaşım daha yaxşı olduğu üçün görərək bir şeyləri yadda saxlamaq və dərk etmək daha rahat gəlir mənə.
 
   Bu baxımdan zənnimcə səsli kitab dinləmək çox yaxşıdır. Çünki ilk kitabda tez-tez yayınan fikrimi zoraki olaraq toparlamağa çalışdığım halda zamanla bunun qeyri-ixtiyari bir hal aldığının şahidi olum. Artıq dinlədiyimi daha yaxşı anlaya və yadda saxlamağa başladım. Zamanla daha da yaxşılaşacağına əminəm. Çox sayda kitab dinlədim. Amma hamısının 40 dəqiqədən çox olmamasına çalışdım. Çünki özümü başlanğıcdan çətinə salmaq istəmədim.
 
   Dinlədiklərimdən kiçik bir qismi haqqında düşüncələrimi aşağıda qeyd edəcəm. Digərlərini də ərinməyib yaza bilsəm irəliləyən zamanlarda bloqumda yer verəcəm inşəAllah.
 
   Qısacası, kitab oxumağa vaxtım çatmır deməyin. Dinləməklə  də o əvəzsiz zövqü yaxalaya və kitab dünyasının sirli səhifələrinə səyahət edə bilərsiniz. Hələ bir də Akın Altanın o ecazkar səsi və mükəmməl diksiyası ilə dinləyirsinizsə...

   Bu arada türkcə dinlədiyim üçün elə oradakı adı ilə qeyd edəcəm hekayələri.


             Aghata Cristie / Çingene
  
   Dənizçi bir gənc uşaqlığından etibarən yuxularında gördüyü qırmızı yaylıqlı qaraçı bir qadından qorxur. Hətta arada bu qadınla qarşılaşır da. Müxtəlif zamanlarda və yerlərdə, müxtəlif şəkillərdə (amma qırmızı rəng hər zaman vardır) qarşılaşdığı bu qadın onu təhlükələrə qarşı xəbərdar edir kimi görünür... Yoxsa başına gələn bütün bədbəxtlik və uğursuzluqların səbəbi bu qadındırmı? Gənc bu xəbərdarlıqlara qulaq verməlidirmi, qaraçı qadından qorxmasının bir əsası varmı, bəs qadının bu gəncdən istədiyi nədir? 
Qısa, amma sirli və gözəl bir hekayə idi. Dinləyin məncə.


Nathaniel Hawthorne / Wakefield
   
Yazıçı elə ilk başdan hekayəsini qəzet və ya jurnalların birindən oxuduğu gerçək bir hekayə əsasında yazdığını bildirir. Hekayəsinin qəhramanına şərti olaraq Wakefield adını qoyur. Bu adamın sadə və alışılmış yeknəsək ailə həyatı vardır. Ara-sıra qəribə, sirli bir havaya bürünən Wakefieldin bu xasiyyətini artıq həyat yoldaşı da mənimsəmişdir. Bir gün axmaq bir fikir gəlir onun ağlına. Heç bir səbəb göstərmədən uzağı bir həftəlik uzaq bir əyalətə gedəcəyini söyləyib evdən çıxır. Və 1-2 küçə aralıqda kiraladığı evə yerləşir. Əslində özünün də tam anlamlandıra bilmədiyi məqsədlərindən biri ailəsinin, xüsusilə, həyat yoldaşının onsuz necə bir həyat yaşayacağını müşahidə etmək olur. Bəs bu müşahidə nə qədər çəkəsək? 1 həftəmi, 1 aymı, 1 ilmi, 10 ilmi... Bu tam 20 il çəkir. Və yazıçı bu müddət ərzində Wakefieldin düşüncələrini, duyğularını təsəvvür etməyə çalışır. Yazıçının sanki oxucu ilə söhbət edirmiş kimi anlatması çox xoşuma gəldi. Həyəcanlı, .... bir hekayə oxumaq istəyənlər üçün bir az sıxıcı gələ bilər. Onu da deyim ki, bu kiçik hekayə əsasında eyni adda Amerikada 2016-cı ildə bir film də çəkilib. Filmi fürsət tapdığım ilk zamanda izləməyi düşünürəm.


Lev Tolstoy / Yoksul köylünün oğlu

Hekayənin adı insana nağılları xatırladır. Tolstoy da elə nağılvari anladıb hekayəni. Amma bu nağıl alışılmış sadəcə sehirli qüvvələrin və ya metafizik varlıqların olduğu bir nağıl deyil. İnsana həyatın gerçəklərinin, bu dünyaya gəlmə səbəbimizin və mənəvi paklığı yaxalaya bilmə yollarının açıb göstərildiyi dəyərli bir öyüddür sanki. Öz qəlbini, ruhunu təmiz tutmadan başqalarının daxilini təmizləyə bilməyin namümkünlüyünü, gerçək imana sahib olduqdan sonra bir çox qorxuları məğlub edə bildiyimizi, yalnız özümüz yanarsaq başqalarını da yandıra biləcəyimizi bir daha göstərir bizə böyük mütəfəkkir. 


Anton Çexov / Hayaller 

Bir xəyal düşünün... Çarəsiz bir xəyalpərəstin özü üçün qurduğu və onunla həyata tutunduğu bir xəyal dünyası... Orda hər şey söylənənlərin əksinə qaydasındadır, gözəldir... Və bu xəyalı ikicə cümlə ilə alt-üst edən, onun həyatla bu yeganə bağına acımasızca balta endirən realistlər... Bəzən xəyal dünyasında xoşbəxt və ümidlə yaşayan bir xəyalpərəst olmaq, bu gerçək həyatın sərt zərbələrini duya-duya, bütün bir həyatı bədgüman yaşayan realist olmaqdan qat-qat yaxşıdır vallah... Hekayənin məndə buraxdığı təəssürat... Mütləq siz də dinləyin.