Uzanmaqda olan, artıq səbirlərimizi tükədən karantina günlərindən hər kəsə salam.
Bu ayın həm kitabını oxuya, həm də filmini izləyə bildim çox şükür. Belə hər ikisini edə bildiyimdə özümü yaxşı hiss edirəm. Digər halda yarımçıq qalmış kimi gəlir.
Bu arada uzun müddətdir sizinlə söhbətləşmirəm. Son günlərin bir hesabatı mahiyyətində, həm də bir az bloquma, yazılara istilik gətirmək üçün gələn yazımda açacam sandığı, tökəcəm pambığı... 😊 Çünki çox-çox darıxmışam mən də. Əminəm sizlər üçün də o yazılar daha maraqlı olur. Tez-tez yazmaq istəyirəm əslində amma... Əmması çoxdur... Nə isə, keçək əsas mövzumuza.
May ayı
▪️ Kitab: Zülfü Livaneli - Huzursuzluq
▪️ Film: The Godfather (Xaç atası)
Zülfü Livaneli : Huzursuzluq
✔ "Her şeyini yitiren bir insanın son sığınağı insan onurudur."
İlk dəfədir kitabın adı ilə hiss etdirdikləri arasında bu qədər güclü bağ gördüm. Oxuduqca içim həqiqətən də huzursuzluqla dolub daşdı. Bir anda özümü metafizik, mistik bir aləmin içərisində gördüm, Qırmızı və qara tonların üstün olduğu bu aləmdə heç bilmədiyim, eşitmədiyim yepyeni məlumatları da öyrənmiş oldum. Yezidiləri tanıdım.
Əvvəl yazıçının təxəyyülünün məhsuludurmu deyə şübhəyə düşdüm. İnternetdə araşdırınca belə bir topluluğun həqiqətən də var olduğunu heyrətlə öyrənmiş oldum.
Əslində adları Ezidi olan bu topluluq bir mələk olan şeytanın sonradan əfv olunduğuna və Tanrı tərəfindən ən yüksək məqama yüksəldiyinə, ibadət və duaların da məhz ona yönəldilməsinin gərəkliliyinə inanırlar. Əsərin içərisində bu inancın bütün xırda detallarını belə öyrənmə imkanınız var.
Belə bir inanışın qəribəliyi hər nə qədər insanı təəccübə düşürsə də, oxucunu bu inancdan daha çox sarsan bambaşqa məqamlar var. Adını müsəlman qoyub, müsəlmanlıqla heç bir əlaqəsi olmayan, bütün İslam aləmini zənn altında buraxdığı üçün bu dinin hər bir nümayəndəsinin haqqını alıb, hesab günü altında qalxa bilməyəcək günahlarla ətrafda terror əsdirən, insanlığın üz qarası, əsfəlis safilində sürünən bir qrup hədd bilməz bir çoxları kimi Yezidilərə də qan uddurur. Yolunuzu azmısınız, dindən çıxmısınız bəhanəsi ilə Allahın verdiyi canı Allahın adı ilə, din adı ilə alır, amma necə alır... Kişilərini zülülmlərlə öldürdükdən sonra qadın, qız, uşaqları (oğlan-qız fərq etmir) öz cinsi ehtiraslarının alətinə çevirir, əsir edib əşya kimi pul ilə aralarında alış-veriş obyektinə çevirirlər.
Beləcə şeytana səcdə edən kiçik bir qrupun inanclarına olan təəccübümüz kölgədə qalır... Bizə huzursuzluq verən də bu fərqli inanış deyil, onlara insanlıqdan kənar münasibət göstərənlərin davrananışlarıdır.
Bu arada şeytana tapan bir topluluğun adının Hz.Hüseyni tarixdə gəlmiş-keçmiş ən böyük amansızlıqla qətlə yetirən, İslamı aradan götürməyə çalışan Yezidin adı ilə tanınması təvafüqmü görəsən? İndi guya İslamı qorumaq adına əslində İslamı belə bəd əməlləri ilə qaralamağa çalışanlar da elə o vaxt özünü müsəlman göstərib İslam və insanlığın ən böyük üz qarası olan Yezidin davamçısı olaraq həmin şeytana tapanların özləri deyilmi?
Başdan sona insanın içini qaraldan, daraldan da məhz bu huzursuzluqdur... Başqası deyil...
PS: Əsərdə yazıçının Yezidi qızla sirli bir münasibət içərisində olan qəhrəmanın adını Hüseyn seçməsi də qəribə məqamlardan biridir məncə.
Kitabı həm yeni bilgilər əldə etdiyim üçün, həm də insanlığı mühakimə etdirdiyi, insanın dönüb öz qəlbinə, iç aləminə baxmasına, anlayış və düşüncəsindəki boşluqları müşahidə etməsinə imkan yaratdığı üçün çox sevdim.
Seçdiklərim:
✔ "O kök salmıştı, ben rüzgârda savruluyordum; büyük şehrin yüzünü silerek birbirine benzettiği, kimliksiz kalmış milyonlarca insandan biriydim."
✔ "Diken yedikçe kanayan, kanadıkça yemeye devam eden, kendi kanında boğulan develer gibiyiz."
✔ "İnsan her acıya bir sorumlu bularak rahatlama yolunu seçmez mi zaten."
✔ "Tüketen insanın üreten insandan daha değerli olduğu bu yanlış ve ahlaksız döneme tahammülüm kalmamıştı artık."
✔ "Merhamet keskin bir kılıç; merhamet gösterenin kabzasından tuttuğu ama karşı tarafı yaralayan bir kılıç."
Film - The Godfather
Uşaqlıqdan adını eşitdiyim amma bu vaxta qədər izləmək nəsib olmayan bir filmdir Xaç atası. Doğrusu dünya film tarixində önəmli bir yerə sahib olduğunu bildiyim üçün izləməyi düşünsəm də mövzusu mafya olduğuna görə, içərisində silahlı, qanlı səhnələr olduğunu düşünmüş və mənə izləmək üçün heç cür cazib gəlməmişdi.
Sağ olsunlar, bloqdaşlarımın bu etkinliyi sayəsində film siyahımdakı bir filmi də izləmiş oldum.
Film haqqında çox bir şey yaza bilməyəcəm. Amerikada yaşayan italiyalı bir mafya ailəsinin bu aləmdə sağ qala, etibarını qoruya bilməsi üçün verdiyi mücadilə, bu aləmə məxsus raconlar, ailə içi və dost xəyanətləri, ən təsirlisi isə bu aləmə qatılmaq istəməyib, normal həyat yaşamağa çalışan evin kiçik oğlunun sonda ailənin qurtarıcısına, mafya dünyasındakı ən güclü ailə olmasının səbəbkarına çevrilməsi kimi mövzusu haqqında qısa məlumat verim sadəcə. Filmin 1972-ci ildə çəkildiyi nəzərə alındıqda keyfiyyəti həqiqətən də heyran edir izləyicini. Hal-hazırda bu tərz film seriallar çox olduğu üçün artıq mafya, dərin dövlət mövzusu hər kəsə məlum məsələlərdir. Lakin Xaç atası filminin bu mövzunu film tarixinə ilk dəfə gətitdiyini düşündüyümüzdə filmin önəmi bir daha bizlərə məlum olur.
Filmdə bəzi məqamlar mənə tələsik işlənmiş kimi gəlsə də ( məsələn, Michaelin Sicilyadakı həyat yoldaşının ölümündən sonra nə hiss etdiyi, bu ağır dövrü necə atlatdığı, Amerikaya dönüşü falan...) ümumilikdə həqiqətən də izlənməyə və sevilməyə dəyər film olduğunu söyləyə bilərəm.
PS: Bu arada bizim oğlanların sevərək izlədiyi yeganə türk serialı olan "Çukur"un ssenarisi ilə bu film arasında xeyli bənzərliklərin olduğu da gözümüzdən qaçmadı.
Belə... Bu ayın kitab və filmi haqqındakı düşüncələrim bu qədər... Heç biri üçün xərclədiyim zamana heyfim gəlmədiyinə görə bloqdaşlarıma təkrar təşəkkür edərək bitirirəm yazımı... Sevgilər...
Bloq dostlarımın da yazılarını oxumaq üçün ⤵️