duyğular etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
duyğular etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

21 Mayıs 2020 Perşembe

Şükrüm...

   


   Dörd möcüzəm, dörd cəngavərim və dörd yaşam səbəbim, hər birinizə ayrılıqda xitabımdır :

   "Həyatımı anlamlı qılan, dünyama ilk baharı gətirən, canım oğlum! Hər gün varlığına şükür edirəm. Bir bilsən səni gözləyişim nə acılı olmuşdu. Yolunu necə gözləmişdim. O ilk səni gördüyüm anın ülviliyini, möhtəşəmliyini əvəz edəcək bir an gəlmir ağlıma... Qəlbimdə körpəcik varlığına qarşı aşıb-doşan sərhədsiz sevgim, şəfqətim heç bitmədi, bitməyəcək... 

   Hər gəlişin göyqurşağıma bir rəng daha qattı, hər gəlişin həyatla aramdakı bağı bir qat daha artırdı.
İlk baxışın, ilk gülüşün, ilk sözün, ilk dişin, ilk oturuşun, ilk iməkləyişin, ilk yerişin... hər biri təntənəli bayram oldu... 
   
   Körpəcə əlini əllərimin arasında tutduğumda ürəyimin düz özəyinə ilıq duyğular axdı ovuclarının içindən... Heyrətlə hiss etdim hər dəfəsində...
    
   Düzənli və yeknəsək evimdə birdən rəngarəng oyuncaqlar çıxdı ortaya, arada ayağımın altında qalaraq məni dəli edən :)  Dizlərimin üstündə oturub bərabər oynadığımız oyuncaqlarınla hekayələr qurduq, rəsimlər boyadıq. Plastilinlə nələr düzəltmədik?!... Səninlə yenidən uşaqlaşdım, səninlə uşaq saflığının ləzzətini daddım... 

   Varlığına nə çox şükür etdim... Hər gün o ən məsum, ən şirin halınla uyuduğunda səni seyr etməkdən doya bilmədiyim anlarda, təkrar-təkrar şükür ettim... 

   İlk məktəb çantanı eyni həyəcanla hazırladıq, ilk dərs günündə hər ikimizin göz yaşları yanaqlarımızdan süzüldü... Sən bu yeni başlayan həyatın həyəcan və qorxusu ilə, mən balamın böyüyüb yavaş-yavaş qanadlarımın altından uçmasının sevinc və üzüntüsü ilə... 

  Bir tərəfim bir an öncə böyüməyini istədi, məktəbə, universitetə getməyini... Xəyalım oldu bir gün boynunu barmaqlarımın ucuna qalxaraq qucaqlamaq...

   Bir tərəfim heç böyüməsin dedi... Həmişə qucağımda, qollarımın arasında olsun... Körpəcə əlləri ovuclarımda...

   Sən mənim həyatımın ən özəl parçası, ən məhrəm dünyası... Başqaları ilə paylaşmaq istəməyəcəyim qədər özəl... 

   Sizi nə qədər sevdiyimi bir gün valideyn olduğunuzda daha yaxşı anlayacaqsınız. Və sevgimin dörd parçaya bölündüyündə azalmadığını, hər dəfəsində bir qat daha artdığını da... 

   Rəbbim gözəl günlərinizi göstərsin hər zaman, qarşınıza yaxşı insanlar çıxarsın... Həyat üzünüzə gülsün, sıxıntılar sizdən uzaq olsun... Daim sevin, sevilin...

   Və sonda həyatımda olduğunuz üçün, məhz sizin ananız olduğum üçün çox şanslıyam çoox..."

   



30 Aralık 2019 Pazartesi

Köhnə ildən yeni ilə



   2019-un son günlərindən hamıya salam. Keçən həftə çox məşğul olduğum üçün yeni bir yazı ilə gələ bilmədim görüşünüzə. Əlimdə yayımlanmağı gözləyən bir yazı və yazılmağı gözləyən bir səyahət, bir də kitab rəyi var. Amma nədənsə bu aralar bir az təmbəlliyim tutub.🙄

   Həm də sanki bütün işlər il qurtarır deyə bir an öncə həll olunmaq üçün ard-arda düzülüb... Nə isə... Önəmli olanı indi burdayam. 🤗

   Bu yazımda sizinlə söhbət etmək istəyirəm. Onu da deyim ki, söhbət yazılarım çox rahatladır məni. Hər birinizlə danışmış kimi oluram, ürəyimi boşaldıram.🥰 Ümid edirəm ki, sizin üçün də xoş olur.🙏

   İlin son yazısı olduğuna görə 2019 necə keçdi mənim üçün, 2020-dən nələr gözləyirəm, hədəflərim nədir?- bunlardan danışaq bir az.

   2019 mənim üçün uğurlu oldu deyə bilərəm. Əslində sancılı və deppresiv günlərim də çox oldu amma ümumilikdə bir çox xəyalımın gerçək olduğu bir il oldu.

   Başlanğıcda getdiyim kursda bir çox səmimi dostlar qazandım ki, bu mənim üçün çox böyük bir önəm ərz edir. 

   Sonrasında yenə həyatıma dəyər qatacaq bir ziyarət - Kərbəla ziyarəti səfərinə çıxdım. Bu səfər mənim üçün bir az ağır keçdi, amma mənəvi qazancı hər şeyə dəyər dedirtdi. 

   Ordan döndükdən sonrakı dövr yenə sıxıntılı idi mənim üçün. Evimizdə kiçik bir yanğın atlatdıq. Üstəlik bəzən səbəbini bilmədiyim can sıxıntıları heç düşmədi yaxamdan... Sonra yay, Quba səyahəti... Və aylardır hazırlaşdığım imtahana girməmək qərarı.🤦‍♀️

Kənddə bir müddət qalmaq... Döndükdən sonra Bakıya köçdük və uşaqlara yeni məktəb, balacama yeni bağça... Hamımız üçün yeni bir həyat başladı...
Oktyabr... Və arzusunda olduğum Avropa səyahəti... Bu il də belə bitdi deyərkən həyatıma girən yeni insanlar... Nəhayət, özüm kimi birilərini tapmaq sevinci... 

   Bunların hamısı çox gözəl, çox pakizə... Hamısını bir tərəfə qoyuram... Mənim üçün ən önəmlisi nədir bilirsinizmi? 

   Nəhayət, məhz bu il mən  həyatdakı yolumu müəyyənləşdirdim... İlk dəfə olaraq gəldiyim qərarda heç bir tərəddüt keçirmədən tam da bu, mən bunu istəyirəm deyə bildim. Və bunu dedikdən sonra qəlbimi dolduran huzur mənə dəydi dedi, çəkdiyin sancılara, sıxıntılara, illərdir sürən axtarışlarına dəydi... Heç bir şeyin gec olmadığını anladım... Bizim bu həyata məhz həmin axtarış və kəşf üçün gəldiyimizi başa düşdüm... Hər birimiz bu həyata özümüzü, yolumuzu tapmaq və var olma səbəbimizi unutmadan o yolda bizim üçün biçilmiş məqama dırmanmaq üçün gəlmişik... Və əslində yolunu tapmaq sancısının hər kəs üçün olmayan gizli bir kompas olduğunu öyrəndim... O sancılar, sıxıntılar səni hər gün bir az daha  öz yoluna yaxınlaşdırır. Bu həyatda nə çox başqa yollarda yeriyib, son anına qədər heç bir şeyin fərqində olmadan digər tərəfə köçənlər var... Qısacası, dərtlisənsə, qəlbini sıxan, beynini davamlı məşğul edən narahatçılıqların varsa bu əslində bir nemətdir sənin üçün... Hər kəsə qismət olmayan, Rəbbinin sənin üçün gizləyib saxladığı bir nemət... Beləcə, sıxıntılarımı, sancılarımı sevməyi öyrəndim ki, bu 2019-cu ili həyat dəftərimə qızıl rəqəmlərlə həkk elədi...

   Əziz oxucum sən necə, bu həyatda istədiyini tapmısanmı? Ümumiyyətlə bu haqda düşünmüsənmi? Bəzən biz həyatı sadəcə önümüzə çıxanlarla yetinərək və başqalarının yönləndirdiyi istiqamətdə yaşayırıq və heç durub ətrafımıza, özümüzə baxıb "mənim istədiyim doğurdanda budurmu?" deyə bir düşünmək ağlımıza belə gəlmir. Bu o qədər qəribə paradoksdur ki... Əslində istəyərək etdiklərimizə bir gün oyanıb nə qədər uzaq olduğumuzu görmək... Ən qəribəsi isə sadəcə bircə yolumuzun olduğuna inanmaq... Siz axtardığınız zaman önünüzə çıxacaq yollara məəttəl qalacaqsınız? Bu zamana qədər necə görməmişəm bu yolları deyə təəccüblənəcəksiniz. Yetər ki, axtarın. Lütfən, başınız önünüzdə, başqalarının sizin üçün çəkdiyi yolla getməyin ancaq... Arada ətrafınıza boylanın, bu yolu getmək istəyirəmmi deyə sorun özünüzə... Çünki özünüzə aid olmayan bir yolda irəliləmək inanın əsla tətmin və xoşbəxt etməyəcək sizi. Artıq gecdir də deməyin... Heç bir şey üçün gec deyil... Necə ki, hər meyvənin yetişmə fəsli ayrıdır, eynən insanların da hər birisinin özünü tapmaq zamanını fərqli yazıb Rəbbim. Yetər ki, axtarın...

   O ki, qaldı 2020-dəki hədəflərim... Hər zamankı kimi yenə boyumu aşacaq şeylər düşünürəm. Amma bu dəfə daha təmkinliyəm. 😊

  İxtisasımla bağlı həyatımda yepyeni səhifə açmağı düşünürəm nəsib olsa... Bu haqda irəliləyən zamanlarda daha geniş şəkildə yazaram bəlkə...

   Kiçik bir şəxsi biznes planı var, bir iki addım atılıb, "tutarsa davam, tutmazsa da canım sağ olsun" şəklində qətiyyən tamahkarlıq etməyəcəyəm və üzülməyəcəm deyə özümə söz verdiyim bir fikir var, baxaq...

   Xüsusən analar üçün nəzərdə tutulmuş bir layihəmiz var, təlimlərə davam edirik. Dəstək görsə çox faydalı və dəyərli bir iş olacaq... 

Yenə ingilis dilimi inkişaf etdirib, sürücülük vəsiqəsi almaq hədəfimi qoyum bura. Bu dəfə olsun artıq...😑

Vəə kitab oxumaq... Bu il bədii kitablara daha az zaman ayırmağı düşünürəm. Fərqli kitablar oxuyacam. Bloqumu izləsəniz necə kitablar olduğunu görəcəksiniz😉

Sağlıqlı yaşamaq, daha yaxşı insan olmaq və təbii ki, mənəvi olaraq qüvvətlənmək üçün ibadətlərimə daha çox sarılmaq da hər ilki dəyişməyən hədəflər arasındadır...

Belə... Yenə uzuuuun bir yazı oldu🤭
Ümid edirəm ki, bezmədən sonuna qədər oxuya bildiniz... 
Hər birinizə yeni ildə uğurlar arzulayıram, əzizlərim. Yollarınız açıq olsun ki, öz yolunuzda addımlaya biləsiniz. Sevdiklərinizlə sevgi, sevinc və huzur dolu neçə-neçə illərə çıxasınız. Hər birinizi çooox sevdiyimi unutmayın... 💕💕💕
   Yorum qismində keçən il və gələn illə bağlı düşüncələrinizi mənimlə paylaşsanız çoox sevinərəm. 
Hələlik, yeni ildə görüşənə qədər...😊❤

23 Eylül 2019 Pazartesi

Çəhrayı...



Mavi səmada süzülən bəmbəyaz buludlara dikmiş gözlərini çəhrayı paltarlı qız... Əlindəki səmaya can atan qırmızı şarın ipini bərk-bərk tutur... İpək saçları rüzgarla rəqs edir... Gözləri ümid, qəlbi fərəh doludur... Zövq alır tamaşasına durduğu mənzərədən...  

Və gözləri ilmələrə zillənmiş düşüncəsi uzaq günlərin sorağında toxuyur qadın... Əlindəki qırmızı şərfi övladı üçün toxuyur... Saçlarına yenicə düşməyə başlamış bəyazlar içəriyə süzülən günün xəfif işıltısını əks etdirir... Gözləri yorğun, qəlbi kədər doludur... Bitirməyə çalışır əlindəki işini... 

 Zirvədən aşağıdakı ovalıqları seyr edir qız... Çantası belində, fotoaparatı yaxasında, zirvəni fəthetməyin sevinci qəlbində... Uzaqlara dikir gözlərini, kəşf edəcəyi yeni mənzərələrin həyəcanını duyur bütün iliklərində... 

Pəncərədən həyətə boylanır qadın... Yenicə bitirdiyi ev işlərinin yorğunluğu üzərində, axşamdan altında əzildiyi sözlərin incikliyi qəlbində... Uzaqlara dikir gözlərini, həyatın ağır yükünü hiss edir bütün iliklərində... 

Rəfiqələri ilə yeni açılan məkanda yeni bir ləzzəti dadır qız... Gülüşlər, zarafatlar uçuşur havada... Eyni zövq və eyni düşüncədəki qəlb dostları ilə bir arada olmağın şükrünü edir qəlbində... 

Və yeni öyrəndiyi bir reseptlə ilk dəfə bişirdiyi yeməyin dadına baxır qadın... Yanındakı ərindən və qayınanasından şikayətlənən qonşu qadının qeybətləri uçuşur havada... Sıxılsa da xətrinə dəyməmək üçün dözüm təlqin edir qəlbinə...  

Yeni bitirdiyi kitabı müzakirə edir rəfiqəsilə qız... Anlatdıqca həyəcanlanır, hüzünlənir, bəzən də coşğuyla çuğlayır ruhu... Oxuyacağı növbəti kitabın mövzusunu düşünür, maraq edir... 

 Və qızına yenə çətin uşaqlığından danışır qadın... Anlatdıqca həyəcanlanır, hüzünlənir, bəzən də "kaş ki"lərə bürünür ruhu... Gələcəyin nələr gətirəcəyini düşünür, əndişələnir... 

 İrəliyə dikib gözlərini macəracı, həvəs dolu, həyat dolu çəhrayı paltarlı qız... 

 Və geriyə boylanır itaətkar, səbir dolu, hüzün dolu yorğun qadın... 

 Baxışları bir anda toqquşur eyni nöqtədə... Gəlirlər göz-gözə... Gülümsəyir şıltaq qız... Şirin bir xəyalın dumanı içərisində... "Yaşa" deyir... Və əriyir... Paltarının çəhrayılığı bir işıq kimi yayılır yenə... Qadının gözləri qamaşır... Gözlərini yumub açır... Gülümsəyir xəfifcə... "Axı necə?"...


26 Ağustos 2019 Pazartesi

Yağmur olmaq istəyirəm...



Yağmur olmaq istəyirəm... 

Asimanı tərk edərək, 
yerə enmək istəyirəm... 

    Bir çiçəyin ləçəyinə, 
bir sərçənin dimdiyinə,
 bir körpənin kipriyinə 
mən toxunmaq istəyirəm... 

23 Mayıs 2019 Perşembe

Haralardayam?



    Sevdiyim, sevdiciyim, öz dünyam, blog aləmim, salamlar!
   
   Uzun müddətdir arabir yolumu salıb nəzər yetirsəm də, yazmıram bloqumda.
Buralar üçün necə darıxdığımı təsəvvür belə edə bilməzsiniz. Hələ bir də günün müəyyən saatlarında  südlü qəhvəmi yudumlayarkən sakitcə kitab oxuduğum zamanları necə özləyirəm, ah necə...

20 Eylül 2018 Perşembe

Bir az söhbət edək...

   

   Salam, yazımı oxuyan dünyanın ən yaxşı oxucusu, könlümün sultanı!
   
   Bir çox şeydən yazdım, danışdım bu zamana qədər. Bu dəfə bir az da səndən danışaq, söhbətləşək istədim. Ona görə də məhz sənə ithaf edirəm bu yazımı.

30 Ağustos 2018 Perşembe

Bir gerçəyə dirəniş.

   

   Bu aralar lap çox darıxıram sənin üçün atam. Gülümsəyən üzün gəlib durur gözlərimin önündə. Ürəyim soyulmağa başlayır düz içindən. Bu elə bir hissdir ki, təsəvvürü namümkün...

2 Temmuz 2018 Pazartesi

Empatiya lazımdır bizə!



   Ölməyəcəkmişik kimi yaşayırıq biz həyatı...

   Daim var olacaq, dünyanı tutub gedəcəkmişik kimi...

   Hər şeyin sahibi olduğumuzu düşünüb, hər şeydən sonuna qədər ləzzət alaraq yaşamağa çalışırıq ömrümüzü...

   "Mən" adlı dar bir küncə sığınıb qapadırıq duyğularımızı ətrafa...

21 Mayıs 2018 Pazartesi

Hekayəm



Bir hekayəm var uzaqlarda bilirəm... Yazılmağı gözləyən...

Bir xəyalın qanadında,  
bir ümidin sorağında, 
bir ümmanın qırağında,
yazısının marağında 
bir hekayəm var bilirəm...

23 Nisan 2018 Pazartesi

Bir də yazmaq var...



Bir də yazmaq var...

Tərtəmiz səhifələrə içini tökmək...

Duyğu adlı ruhi və sirli bir aləmi cisimləşdirmək...

Xəyallarını əl çatan etmək...

Könlündəki yükləri etibarlı bir limana əmanət etmək...

9 Nisan 2018 Pazartesi

Güvən sarsılınca



Gözlərində yaş vardı
İçində təlaş...
Kim bilir həyatın hansı silləsi sarsıdmışdı onu
Ürkək baxırdı...
Bir də güvənsiz...
Ən yaralayanı da bu idi... Güvənsiz baxırdı ətrafına...
Anlayırdı kimsənin qarşılıqsız əl uzatmayacağını...

26 Mart 2018 Pazartesi

Eşq qoxan qadına


Eşq qoxan qadına❤

  Bir qadın tanıdım qəlbi Allah sevgisi ilə dolub daşan. Gözlərinin içi gülən. Bir "yaxşı olacaq" sözü ilə sanki bütün dünyanın axışını dəyişdiyini düşünərsən.

   Baxdığı hər yerdə gözəllik görər. Qəlbindəki sevinci, xoşbəxtliyi hər kəslə bölüşməyə çalışar.

20 Mart 2018 Salı

🌸Bərəkət bayramı gəlmiş🌸



Yenə gəldi, könüllərimizdə qurduğu o sarsılmaz taxtına buyur etdi Novruzum!

Yenə gəldi mis qoxulu ot-ələfi, ənbərbar gül-çiçəyilə...

Doğma yurda qovuşmağın sevinci və bir an öncə  yuva qurmağın  təlaşı ilə ordan-ora uçan haçaquyruq qaranquşları ilə...

12 Mart 2018 Pazartesi

9.Mim - Məni mən edən sevdiyim şeylər



  
 Ən sevdiyim mövsümün ən sevdiyim ayından salamlayıram sizləri canlar...               
   Bahar gəlib çatdı yurdumuza şükür... Yaşasın günəşli, çiçəkli-böcəkli bahar günləri !!! Novruz bayramını necə böyük həvəslə gözləyirəm anladamam.

   Bir müddətdir bir çox bloqda bir mimlə qarşılaşıram. Doğrusu kimin başlatdığını bilmirəm. Axtarıb tapmağa da bir az tənbəllik etdim. "Məni mən edən sevdiyim şeylər" adlı bu mim yazılarından elə ilkini oxuduqda mən də yazacam dedim.

22 Aralık 2017 Cuma

İçimdəki mənə...


     
   
    Bir mən vardır məndə məndən içəri...

         (İçimdəki mənə səslənişimdir...)

    Səncə istədiyin budurmu?! Sən istədiyin sənsənmi? Bu cür davam etməyə razısanmı? Məncə... Məncələrim çoxdu...

    Məncə çox kiçik şeylərə taxılıb qalırıq, onlarla məşğul olarkən ömürdən axıb gedən böyük sürprizlərdən bixəbər qalırıq, səncə?