Hayaller etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Hayaller etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

30 Aralık 2019 Pazartesi

Köhnə ildən yeni ilə



   2019-un son günlərindən hamıya salam. Keçən həftə çox məşğul olduğum üçün yeni bir yazı ilə gələ bilmədim görüşünüzə. Əlimdə yayımlanmağı gözləyən bir yazı və yazılmağı gözləyən bir səyahət, bir də kitab rəyi var. Amma nədənsə bu aralar bir az təmbəlliyim tutub.🙄

   Həm də sanki bütün işlər il qurtarır deyə bir an öncə həll olunmaq üçün ard-arda düzülüb... Nə isə... Önəmli olanı indi burdayam. 🤗

   Bu yazımda sizinlə söhbət etmək istəyirəm. Onu da deyim ki, söhbət yazılarım çox rahatladır məni. Hər birinizlə danışmış kimi oluram, ürəyimi boşaldıram.🥰 Ümid edirəm ki, sizin üçün də xoş olur.🙏

   İlin son yazısı olduğuna görə 2019 necə keçdi mənim üçün, 2020-dən nələr gözləyirəm, hədəflərim nədir?- bunlardan danışaq bir az.

   2019 mənim üçün uğurlu oldu deyə bilərəm. Əslində sancılı və deppresiv günlərim də çox oldu amma ümumilikdə bir çox xəyalımın gerçək olduğu bir il oldu.

   Başlanğıcda getdiyim kursda bir çox səmimi dostlar qazandım ki, bu mənim üçün çox böyük bir önəm ərz edir. 

   Sonrasında yenə həyatıma dəyər qatacaq bir ziyarət - Kərbəla ziyarəti səfərinə çıxdım. Bu səfər mənim üçün bir az ağır keçdi, amma mənəvi qazancı hər şeyə dəyər dedirtdi. 

   Ordan döndükdən sonrakı dövr yenə sıxıntılı idi mənim üçün. Evimizdə kiçik bir yanğın atlatdıq. Üstəlik bəzən səbəbini bilmədiyim can sıxıntıları heç düşmədi yaxamdan... Sonra yay, Quba səyahəti... Və aylardır hazırlaşdığım imtahana girməmək qərarı.🤦‍♀️

Kənddə bir müddət qalmaq... Döndükdən sonra Bakıya köçdük və uşaqlara yeni məktəb, balacama yeni bağça... Hamımız üçün yeni bir həyat başladı...
Oktyabr... Və arzusunda olduğum Avropa səyahəti... Bu il də belə bitdi deyərkən həyatıma girən yeni insanlar... Nəhayət, özüm kimi birilərini tapmaq sevinci... 

   Bunların hamısı çox gözəl, çox pakizə... Hamısını bir tərəfə qoyuram... Mənim üçün ən önəmlisi nədir bilirsinizmi? 

   Nəhayət, məhz bu il mən  həyatdakı yolumu müəyyənləşdirdim... İlk dəfə olaraq gəldiyim qərarda heç bir tərəddüt keçirmədən tam da bu, mən bunu istəyirəm deyə bildim. Və bunu dedikdən sonra qəlbimi dolduran huzur mənə dəydi dedi, çəkdiyin sancılara, sıxıntılara, illərdir sürən axtarışlarına dəydi... Heç bir şeyin gec olmadığını anladım... Bizim bu həyata məhz həmin axtarış və kəşf üçün gəldiyimizi başa düşdüm... Hər birimiz bu həyata özümüzü, yolumuzu tapmaq və var olma səbəbimizi unutmadan o yolda bizim üçün biçilmiş məqama dırmanmaq üçün gəlmişik... Və əslində yolunu tapmaq sancısının hər kəs üçün olmayan gizli bir kompas olduğunu öyrəndim... O sancılar, sıxıntılar səni hər gün bir az daha  öz yoluna yaxınlaşdırır. Bu həyatda nə çox başqa yollarda yeriyib, son anına qədər heç bir şeyin fərqində olmadan digər tərəfə köçənlər var... Qısacası, dərtlisənsə, qəlbini sıxan, beynini davamlı məşğul edən narahatçılıqların varsa bu əslində bir nemətdir sənin üçün... Hər kəsə qismət olmayan, Rəbbinin sənin üçün gizləyib saxladığı bir nemət... Beləcə, sıxıntılarımı, sancılarımı sevməyi öyrəndim ki, bu 2019-cu ili həyat dəftərimə qızıl rəqəmlərlə həkk elədi...

   Əziz oxucum sən necə, bu həyatda istədiyini tapmısanmı? Ümumiyyətlə bu haqda düşünmüsənmi? Bəzən biz həyatı sadəcə önümüzə çıxanlarla yetinərək və başqalarının yönləndirdiyi istiqamətdə yaşayırıq və heç durub ətrafımıza, özümüzə baxıb "mənim istədiyim doğurdanda budurmu?" deyə bir düşünmək ağlımıza belə gəlmir. Bu o qədər qəribə paradoksdur ki... Əslində istəyərək etdiklərimizə bir gün oyanıb nə qədər uzaq olduğumuzu görmək... Ən qəribəsi isə sadəcə bircə yolumuzun olduğuna inanmaq... Siz axtardığınız zaman önünüzə çıxacaq yollara məəttəl qalacaqsınız? Bu zamana qədər necə görməmişəm bu yolları deyə təəccüblənəcəksiniz. Yetər ki, axtarın. Lütfən, başınız önünüzdə, başqalarının sizin üçün çəkdiyi yolla getməyin ancaq... Arada ətrafınıza boylanın, bu yolu getmək istəyirəmmi deyə sorun özünüzə... Çünki özünüzə aid olmayan bir yolda irəliləmək inanın əsla tətmin və xoşbəxt etməyəcək sizi. Artıq gecdir də deməyin... Heç bir şey üçün gec deyil... Necə ki, hər meyvənin yetişmə fəsli ayrıdır, eynən insanların da hər birisinin özünü tapmaq zamanını fərqli yazıb Rəbbim. Yetər ki, axtarın...

   O ki, qaldı 2020-dəki hədəflərim... Hər zamankı kimi yenə boyumu aşacaq şeylər düşünürəm. Amma bu dəfə daha təmkinliyəm. 😊

  İxtisasımla bağlı həyatımda yepyeni səhifə açmağı düşünürəm nəsib olsa... Bu haqda irəliləyən zamanlarda daha geniş şəkildə yazaram bəlkə...

   Kiçik bir şəxsi biznes planı var, bir iki addım atılıb, "tutarsa davam, tutmazsa da canım sağ olsun" şəklində qətiyyən tamahkarlıq etməyəcəyəm və üzülməyəcəm deyə özümə söz verdiyim bir fikir var, baxaq...

   Xüsusən analar üçün nəzərdə tutulmuş bir layihəmiz var, təlimlərə davam edirik. Dəstək görsə çox faydalı və dəyərli bir iş olacaq... 

Yenə ingilis dilimi inkişaf etdirib, sürücülük vəsiqəsi almaq hədəfimi qoyum bura. Bu dəfə olsun artıq...😑

Vəə kitab oxumaq... Bu il bədii kitablara daha az zaman ayırmağı düşünürəm. Fərqli kitablar oxuyacam. Bloqumu izləsəniz necə kitablar olduğunu görəcəksiniz😉

Sağlıqlı yaşamaq, daha yaxşı insan olmaq və təbii ki, mənəvi olaraq qüvvətlənmək üçün ibadətlərimə daha çox sarılmaq da hər ilki dəyişməyən hədəflər arasındadır...

Belə... Yenə uzuuuun bir yazı oldu🤭
Ümid edirəm ki, bezmədən sonuna qədər oxuya bildiniz... 
Hər birinizə yeni ildə uğurlar arzulayıram, əzizlərim. Yollarınız açıq olsun ki, öz yolunuzda addımlaya biləsiniz. Sevdiklərinizlə sevgi, sevinc və huzur dolu neçə-neçə illərə çıxasınız. Hər birinizi çooox sevdiyimi unutmayın... 💕💕💕
   Yorum qismində keçən il və gələn illə bağlı düşüncələrinizi mənimlə paylaşsanız çoox sevinərəm. 
Hələlik, yeni ildə görüşənə qədər...😊❤

2 Eylül 2019 Pazartesi

Səsli kitab / 1



   Yeni evə daşınmaq necə çətin olur bir çoxunuz bilirsiniz yəqin ki. Hələ bir də başqa bir şəhərə daşınmaq...
   Bir tərəfdən əşyaları yerləşdirməyə çalışmaq, evdə yeni bir düzən qurmaq, digər tərəfdən uşaqların məktəb, balacanın bağça işləri ilə məşğul olub, onları da bir baxımdan yerləşdirmək...😊

   Və bütün bunları edərkən də hər kəsin evdə olması 😭 Hər dəqiqə dağılan evi səliqəyə sal, səhər, günorta, axşam yeməklərini hazırla və sair və ilaxir...
 
   Qısacası heç bitməyən, hər gün təkrarlanan işlər...
 
    Və təbii olaraq bu işlərin arasında uzun müddətdir oxumağa başladığım kitabı heç cür bitirə bilməmək...
 
   Yeni bir şey başladı həyatımda... Madam iş görərkən oxuya bilmirəm. Heç olmasa səsli şəkildə dinləyim dedim, youtube-da elə səsli kitab adı ilə axtararkən Akın Altanın səsləndirdiyi 20-40 dəqiqə arasındakı hekayələri dinləməyə başladım. Və bu sanki yeni bir kəşf oldu mənim üçün.
 
   Mən dinləyərkən tez-tez fikri yayınanlardanam, həm də göz yaddaşım daha yaxşı olduğu üçün görərək bir şeyləri yadda saxlamaq və dərk etmək daha rahat gəlir mənə.
 
   Bu baxımdan zənnimcə səsli kitab dinləmək çox yaxşıdır. Çünki ilk kitabda tez-tez yayınan fikrimi zoraki olaraq toparlamağa çalışdığım halda zamanla bunun qeyri-ixtiyari bir hal aldığının şahidi olum. Artıq dinlədiyimi daha yaxşı anlaya və yadda saxlamağa başladım. Zamanla daha da yaxşılaşacağına əminəm. Çox sayda kitab dinlədim. Amma hamısının 40 dəqiqədən çox olmamasına çalışdım. Çünki özümü başlanğıcdan çətinə salmaq istəmədim.
 
   Dinlədiklərimdən kiçik bir qismi haqqında düşüncələrimi aşağıda qeyd edəcəm. Digərlərini də ərinməyib yaza bilsəm irəliləyən zamanlarda bloqumda yer verəcəm inşəAllah.
 
   Qısacası, kitab oxumağa vaxtım çatmır deməyin. Dinləməklə  də o əvəzsiz zövqü yaxalaya və kitab dünyasının sirli səhifələrinə səyahət edə bilərsiniz. Hələ bir də Akın Altanın o ecazkar səsi və mükəmməl diksiyası ilə dinləyirsinizsə...

   Bu arada türkcə dinlədiyim üçün elə oradakı adı ilə qeyd edəcəm hekayələri.


             Aghata Cristie / Çingene
  
   Dənizçi bir gənc uşaqlığından etibarən yuxularında gördüyü qırmızı yaylıqlı qaraçı bir qadından qorxur. Hətta arada bu qadınla qarşılaşır da. Müxtəlif zamanlarda və yerlərdə, müxtəlif şəkillərdə (amma qırmızı rəng hər zaman vardır) qarşılaşdığı bu qadın onu təhlükələrə qarşı xəbərdar edir kimi görünür... Yoxsa başına gələn bütün bədbəxtlik və uğursuzluqların səbəbi bu qadındırmı? Gənc bu xəbərdarlıqlara qulaq verməlidirmi, qaraçı qadından qorxmasının bir əsası varmı, bəs qadının bu gəncdən istədiyi nədir? 
Qısa, amma sirli və gözəl bir hekayə idi. Dinləyin məncə.


Nathaniel Hawthorne / Wakefield
   
Yazıçı elə ilk başdan hekayəsini qəzet və ya jurnalların birindən oxuduğu gerçək bir hekayə əsasında yazdığını bildirir. Hekayəsinin qəhramanına şərti olaraq Wakefield adını qoyur. Bu adamın sadə və alışılmış yeknəsək ailə həyatı vardır. Ara-sıra qəribə, sirli bir havaya bürünən Wakefieldin bu xasiyyətini artıq həyat yoldaşı da mənimsəmişdir. Bir gün axmaq bir fikir gəlir onun ağlına. Heç bir səbəb göstərmədən uzağı bir həftəlik uzaq bir əyalətə gedəcəyini söyləyib evdən çıxır. Və 1-2 küçə aralıqda kiraladığı evə yerləşir. Əslində özünün də tam anlamlandıra bilmədiyi məqsədlərindən biri ailəsinin, xüsusilə, həyat yoldaşının onsuz necə bir həyat yaşayacağını müşahidə etmək olur. Bəs bu müşahidə nə qədər çəkəsək? 1 həftəmi, 1 aymı, 1 ilmi, 10 ilmi... Bu tam 20 il çəkir. Və yazıçı bu müddət ərzində Wakefieldin düşüncələrini, duyğularını təsəvvür etməyə çalışır. Yazıçının sanki oxucu ilə söhbət edirmiş kimi anlatması çox xoşuma gəldi. Həyəcanlı, .... bir hekayə oxumaq istəyənlər üçün bir az sıxıcı gələ bilər. Onu da deyim ki, bu kiçik hekayə əsasında eyni adda Amerikada 2016-cı ildə bir film də çəkilib. Filmi fürsət tapdığım ilk zamanda izləməyi düşünürəm.


Lev Tolstoy / Yoksul köylünün oğlu

Hekayənin adı insana nağılları xatırladır. Tolstoy da elə nağılvari anladıb hekayəni. Amma bu nağıl alışılmış sadəcə sehirli qüvvələrin və ya metafizik varlıqların olduğu bir nağıl deyil. İnsana həyatın gerçəklərinin, bu dünyaya gəlmə səbəbimizin və mənəvi paklığı yaxalaya bilmə yollarının açıb göstərildiyi dəyərli bir öyüddür sanki. Öz qəlbini, ruhunu təmiz tutmadan başqalarının daxilini təmizləyə bilməyin namümkünlüyünü, gerçək imana sahib olduqdan sonra bir çox qorxuları məğlub edə bildiyimizi, yalnız özümüz yanarsaq başqalarını da yandıra biləcəyimizi bir daha göstərir bizə böyük mütəfəkkir. 


Anton Çexov / Hayaller 

Bir xəyal düşünün... Çarəsiz bir xəyalpərəstin özü üçün qurduğu və onunla həyata tutunduğu bir xəyal dünyası... Orda hər şey söylənənlərin əksinə qaydasındadır, gözəldir... Və bu xəyalı ikicə cümlə ilə alt-üst edən, onun həyatla bu yeganə bağına acımasızca balta endirən realistlər... Bəzən xəyal dünyasında xoşbəxt və ümidlə yaşayan bir xəyalpərəst olmaq, bu gerçək həyatın sərt zərbələrini duya-duya, bütün bir həyatı bədgüman yaşayan realist olmaqdan qat-qat yaxşıdır vallah... Hekayənin məndə buraxdığı təəssürat... Mütləq siz də dinləyin.