30 Ekim 2020 Cuma

Buna ürək dözmür axı... 🥀



   Çox istəyirəm, canım oxucu, normal yazılarıma dönmək, yığınla yayımlanmağı gözləyən kitab yorumlarımı paylaşmaq istəyirəm. Amma əlim getmir, duyğularım heç cür əl vermir. Vətənin bu günündə normal yaşayırmış kimi davranmaq olmur. 

   Bilirsənmi, böyük coşğu ilə başlayan qələbə sevincləri artıq kölgədə qalır... Hər gün canlar gedir, igid-igid oğullar, balasının üzünü görməyən atalar, çiçəyi burnunda yeni evli gənclər gedir... Vətənin başı sağ olsun, qansız torpaq alınmır deyib qəlbimizə daş basırıq... 

   Amma bir də günahsız körpələr gedir, heç nədən xəbərsiz məsum uşaqlar gedir... Bax buna artıq ürək dözmür... Döyüş meydanından çox-çox uzaqlarda ata-anasının qoynunda mışıl-mışıl yuxusunda ikən cənnət quşu olan uşaqların acısına, hər iki valideynini itirib yalnız qalan, hıçqıra-hıçqıra əlacsız qohumlardan onların geri gəlməsini istəyən körpələrin ahına ürək dayanmır... 

   Düşmənin namərdliyinin, murdarlığının dönə-dönə şahidi olmaqla ümid edirəm ki, qəlbi təmiz unutqan xalqım bu vəhşiliyi heç vaxt yaddaşından silməyəcək... Sadəcə qisasını alaraq deyil, bütün gələcək nəsillərə bu nakişi düşmənlərin əməllərini xatırladaraq bir daha heç bir yolla mənfur qonşuya etibar etməyəcək, heç bir zaman onlara aman verməyəcək...




 Səsləməyin artıq məni

Oyanmaq istəmirəm

Hər səhər bacımla oyanırdım mən,

Anam öpərdi üzümdən...

Atam qucağına alardı,

Saçlarımı oxşardı,

Bacım mənsiz ağlardı.

Yuxumda yenə oynayırıq

Odur ki, oyatmayın məni, 

Qoyun oynadım Mədinəni...


Susdurmayın məni, ağlamaq istəyirəm, 

çığırmaq istəyirəm...

Bəlkə anam eşidər, 

bəlkə lap geri dönər...

Axı o bilir ondan ayrı darıxıram...

Onsuz heç yanda qalmıram...

Susdurmayın, qoyun ağlayım...


Aparmayın məni, mən qalmaq istəyirəm...

Axı mən böyümüşdüm, məktəbə başlamışdım...

"Karona" dedilər, "xəstəlik" dedilər, düz-əməlli gedə bilmədim...

Yarım qaldı məktəbim...

Bilirəm, daha gözəl yerə aparırsınız...

Amma məni məktəbimdən ayırırsınız.

Aparmayın, 

qoyun qalım...


Umman Aslan


20 Ekim 2020 Salı

Bu günlərdə duyğularım...

 

   Salam canım bloqdaşlarım, yazımı oxuyan bütün dəyərli dostlarım. Bu yazımı hazırlamaq üçün blogger səhifəmə girdiyimdə son yazım üçün yazdığınız yorumları görüncə çox duyğulandım. Dostlarımızın mənəvi dəstəyini ürəkdən hiss etmək, birilərinin haqqın, ədalətin yanında olduğunu görmək, inanın, bu günlərdə o qədər təsəlli olur ki, bizə... Çünki dünya görmür, görmək istəmir... Ona görə minnətdaram hər birinizə... 🇦🇿❤🇹🇷

   Duyğularımız isə yenə qarışıqdır. Sevinclə, hüznü heç bu qədər bir-birinə yaxın hiss etməmişdik. 

   Oktyabrın 17-si doğulduğum, torpağında böyüyüb boya-başa çatmaq qismət olmayan, 9 yaşımdan evimizdən, həyət bacamızdan uzaq düşdüyüm,  illərlə həsrətini çəkdiyim Füzulimi düşmən tapdağından azad etdi ordumuz. 

   Bu günü necə həyəcanla gözləyirdim... Bloquma ayrıca yazı yazacaq, bütün sosial şəbəkə hesablarımdan qələbəni hayqıracaqdım. 

   Amma ordudakı məğlubiyyətini həzm edə bilməyən murdar düşmən, namərd düşmən gecə saat 2-də Gəncə şəhərini bombardıman edib dinc əhalini yuxuda ikən vurmaqla öz acığını çıxmaq istədi.

   Ölən uşaqlar, analar, göz yaşları gözlərində donmuş atalar, əlləri ilə uçan binadan övladlarını çıxarmağa çalışanlar... Normal, sakitcə qarşılamağın mümkün olmadığı səhnələr...

   Beləcə sevincimizə kölgə düşürdü terror ölkəsi... Dünya isə yenə də susur... Özünü korluğa qoyub... Amma daha heç yerdən, heç kimdən mədət ummuruq onsuz da... Bizim dostumuz da düşmənimiz də bəllidir. 

   Bu qarışıq duyğulardan yarandı aşağıdakı şeirim də...  Xalqıma, bayrağıma sonsuz sevgi, qürur və hər şəhidin acısı, qəzəbi...

   


🇦🇿İstəyirəm🇦🇿


İstəyirəm uzunca bir qolum olsun,

Kürdən, Arazdan da uzun.

Vətənimin qəlbi gözəl, mərd xalqını,

Səxavətli, sədaqətli övladını

O qollarla qucaqlayım.

Qəlbimdəki aşıb-daşan sevgimi də,

Qürurumu, fərəhimi, fəxrimi də

Bütün dünyaya hayqırım!


Rüzgar olum, əsim durum.

Küçələrdən, eyvanlardan

Pəncərədən, maşınlardan

Dalğalanan bayrağımın hər sapına, ilməsinə,

Yerə düşən kölgəsinə,

Hilalına, ulduzuna üz-göz sürtüm istəyirəm...


Nələr keçmir ki, qəlbimdən?!

Əsgərimin əlindəki silah olum

Düşmənin düz ürəyinə tuşlanım mən.

Öldürülən şəhidimin qisasını, 

Hər ananın bir ahının qisasını,

Körpələrin göz yaşının qisasını

Güllə olub alım düşmən sinəsindən.

                                  

                                    Umman Aslan


13 Ekim 2020 Salı

Xalqımla fəxr edirəm!

   Bu günləri heç bir zaman unutma, əziz dost! Necə bir xalqın nümayəndəsi olduğunu fəxr və qürur hissi ilə həmişə xatırla. 


   Belə bir birlik, belə bir vətənpərvərlik dünya tarixində nə görülüb, nə görüləcək. Bir ananın övladı kimi bir-birinin arxasında dayanıb millətimin hər bir fərdi. 


   Bu günlərdə nə şəxsi arzular qaldı, nə şəxsi sevinclər, nə də şəxsı acılar. Bütün xalqın dərdi də, kədəri də, amalı, sevinci də ortaqdır artıq. Bir ürək olduq vətən üçün döyündük, bir yumruq olduq düşmənin başına endik... Biz belə millətik! 


   Bir an belə düşünmədən atasını - anasını, sevdiyini, evindəki körpəsini geridə qoyub könüllü yazılan, vətəni  üçün canını ortaya qoyan oğullardır sənin xalqın...


    Ön cəbhədə vuruşarkən "siz ailəlisiniz arxada durun, mən subayam, qoy, mən öndə gedim", deyən mərd şəhiddir sənin xalqın...


   Yenicə aldığı yegənə keçim qaynağı olan təqaüdünü götürüb paralanmış ayaqqabısını sürüyə-sürüyə ordu üçün köməklik etməyə tələsən Hikmət babadır sənin xalqın...


   Bir əsgər kotlet istədi deyə bütün məhəllə qadınlarının toplaşıb həvəslə öz balasına hazırladığı kimi minlərlə kotlet çörək hazırlayan anadır sənin xalqın...


   Aldıqları ərzaqlarla yol qırağında cəbhəyə gedən əsgər maşınlarının, avtobusların yolunu gözləyib onlara sovqat vermək üçün yarışandır sənin xalqın...


     Evi düşmən bombası ilə dağılınca, "evdir də, vətən üçün fəda olsun, heç nədən qorxmuruq, təki qələbə bizim olsun" deyən qorxmaz bir sakindir sənin xalqın...


Bunlar ağlıma gələnlərdir sadəcə.O qədər göz dolduran, ürək kövrəldən nümunələr var ki, say-say bitməz... 


Sadəcə unutma, bir gün qəlbindən bu millətə aid ən kiçik bir mənfi duyğu keçmək istəyəndə bu günləri xatırla! "Kim nə deyir desin, mənim xalqım ucalardan uca, əsil, ali, nəcib, mərd, qorxmaz, qəlbi sevgi dolu, şəfqət dolu bir xalqdır" de və gələcək nəsillərə də bunu daşı, aşıla, əzbərlət !


3 Ekim 2020 Cumartesi

🇦🇿Qazanacaq Azərbaycan əsgəri!



  

   Tarixi günlər yaşayırıq, əziz oxucum. İllərdir xəyalını qurduğumuz qələbəyə addım-addım yaxınlaşırıq. Millət olaraq o qədər duyğu, həyəcan, fərəh, qürur və hüzün içərisindəyik ki... Hüznümüz hər gün gələn şəhid xəbərlərinə görədir. Kaş şəhid vermədən azad edə bilsək torpaqlarımızı demək istəyirəm, amma şairimizin "Torpaq əgər uğrunda ölən varsa vətəndir" kəlamlarını xatırlayıb göynəyən sinəmə daş basıram. Olsun deyirəm, təki vətən sağ olsun! Lazım gəlsə, hər birimiz bu vətən üçün qanımızın son damlasına qədər döyüşməyə hazırıq. Təki Qarabağım düşmən tapdağından qurtulsun, təki Qarabağım həsrətini çəkdiyi ona həsrət sakinlərinə qovuşsun. 

Təki sən var ol can Azərbaycan! 

Sənə canımız fəda! 

Qəlbimdəki coşğunun, həyəcanın çox az qismini əks etdirə bildiyim şeirimi paylaşıram sizlərlə. Qələbə müjdəsi ilə görüşmək ümidilə...





🇦🇿Qazanacaq Azərbaycan əsgəri!🇦🇿


O gün gəldi, artıq zaman yetişdi,

Birliyimiz, qüdrətimiz göründü.

Bütün qəlblər ön cəbhədə birləşdi,

Qarabağım həyəcana büründü.


İllər sonra doğma addım səsləri,

Torpağında eşidildi, duyuldu.

İrəliləyən əsgərimin izləri 

Yarasına əlac oldu, həb oldu.


İntizarda qalmış yorğun gözləri

Yaşardımı öz oğlunu görüncə?!

Türk dilinin şirin, doğma sözləri

Həsrətinə son qoydu eşidincə?


Şəhidlərim qanlarıyla yudular,

Düşmən izin hər daşından yurdumun.

Torpaq üçün bu yola baş qoydular

Qələbəyə əhdi vardır ordumun.

 

Dövran elə döndü, elə dəyişdi

Bir günün içində millət bir oldu. 

Döyüşə getməyə hamı and içdi,

"Könüllü" yazıldı hər vətən oğlu.


Döyüşə təşnədir sanki oğullar,

Millətimiz onlara bel  bağlayır.

Əllərində bayraqlarla uşaqlar

Dillərində "Qarabağ"  haraylayır.


Bayraqlarla bəzənibdir eyvanlar,

Qələbəyə hazırlaşır bu millət.

Şəhid verən gözü yaşlı analar

Zəfərlərlə sevinəcəkdir əlbət.


Biz bu günü çox gözlədik, çox dözdük,

Qalmayıbdır taqətimiz, səbrimiz.

Yalanları, hiylələri də çözdük

Olacağa hazırıq hər birimiz.


Biz qələbə istəyirik, vəssəlam

Bütün torpaq qayıdacaqdır geri.

İstəmirik artıq-əksik bir kəlam

Qazanacaq Azərbaycan əsgəri!

Qazanacaq Azərbaycan əsgəri!


Umman Aslan