"Bütün qərarlarını başqa insanların verməsinə, edəcək seçiminin olmamasına alışıq isən, azadlıq qorxunc bir şey ola bilər."
Xəbərdarlıq: Yazı başdan sona spoiler tərkiblidir :)
Çox həyəcanlı idi... Həyatında ilk dəfə təyyarəyə minəcək, ilk dəfə uzaq bir ölkəyə səfər edəcəkdi... Ingiltərədə yaşadığı 16 illik həyatında ilk dəfə atasının çox tərifləyib, dəfələrlə gözəlliklərindən danışdığı vətəninə gedib gəzəcək, qohum-əqrabaları ilə tanış olacaqdı... Üstəlik çox sevdiyi bacısı Nadia da arxadan gələcək bərabərcə ekzotik bir ərəb ölkəsi olan Yəməndə maraqlı tətil keçirəcəkdilər...
Bu səfərə əylənmək ümidi və xoş xəyallarla çıxan Zana daha Yəmənə çatar-çatmaz təbiətini, havasını bəyənmədiyi, dilini bilmədiyi insanların arasında özünü qəribə hiss etdiyi, qızmar çöllərin ardında, çılpaq qayaların üzərindəki, dar, işıqsız, susuz, şəraitsiz evləri görmək şokundan ayılmamış, atası tərəfindən satılıb özündən də balaca 13 yaşlı bir uşaqla evləndirildiyi və ömürlük burada qalacağı kimi acı və dəhşətli xəbərlə sarsılır. Üstəlik bir neçə gün sonra eyni saf xəyallarla buraya gələcək 15 yaşlı bacısı Nadianı da eyni aqibətin gözləməsi düşüncəsi Zananı məhv edir...
Beləliklə, 1980-ci ildə bir tətil sevdası ilə çıxdıqları yolda hər iki bacının ağır həyatı başlayır. Kilometrlərlə uzaqdan su daşımaq, əkin-biçin, heç bitməyən ev işləri, nəfəs alacaqları, bir az olsun günlük qayğılardan sıyrılacaqları bir an, bir gün belə yoxdur. Bütünlükdə evin kişilərindən asılı vəziyyətdə olmaq, heç bir haqlarının olmaması, sadəcə onlara əmr olunduğu kimi yaşamaq iztirablı həyatlarından sadəcə bir neçə fraqmentdir. Üstəlik xəstə olduqlarında onları müayinə edəcək bir həkimin belə olmadığı, körpələrini evdə, heç bir müdaxilə olmadan özlərinin dünyaya gətirməsi insanı oxuduqca dəhşətə gətirir.
Bütün bunlara alışmaq o qədər də asan olmur ki, Zana da Yəməndə yaşadığı 8 il müddətində bir an olsun bu həyatla barışmır, hər gün, hər an burdan qurtulub vətəninə dönəcəyi günün xəyalını qurur. Və sadəcə bunlarla da kifayətlənmir. Əlindən gəldiyi qədər çırpınır, bacısını və özünü qurtarmaq üçün hər cür təhlükəyə atılır.
Nəhayət, əziyyətləri bəhrə verir. Anası onların halından xəbərdar olur. Onları xilas etmək üçün məsul şəxslərə, müxtəlif vəzifəli insanlara müraciət edib, kömək istəyir. Bir çox addımlar atılıb, irəliləyişlər əldə edilsə də Zana və bacısı ikili vətandaş olduqları üçün onları Ingiltərəyə geri qaytarmaq mümkün olmur.
Bundan sonra ana medyanın gücünə əl atıb məsələni ictimailəşdirir. Qısacası, bütün bu çətinliklərin sonunda Zana Ingiltərəyə qayıtmağa müvəffəq olur. Bacısı Nadianı isə Yəməndən çıxarmaq mümkün olmur.
Bütün bu oxuduqlarının yazıçı təxəyyülü deyil, yaşanmış gerçək bir həyat hekayəsi olduğunu bilmək isə bambaşqa nota kökləyir insanı.
Əsər məndə ziddiyyətli duyğular oyatdı.Kitabdakı hadisələrə, köləliyə, geridə qalmışlığa, haqsızlığa qarşı əlbəttə ki, hər bir oxucunun qəlbində böyük bir nifrət və qəzəb yaranır. Hətta bir çox yeri göz yaşları içərisində, ürək ağrısıyla oxudum. Bunun izahı, müdafiə ediləcək heç bir tərəfi yoxdur.
Lakin nədənsə, sanki İslamın qaralanıb, bütün bu haqsızlıqların və vəhşiliklərin mənbəyi kimi göstərildiyi hissinə də qapıldım ki, bu da mənə təbii olaraq xoş çatmadı.
Bunu niyə dünya bir dəfəlik dərk etmir ki, zalımlıq, zorbalıq, haqsızlıq, köləlik, qəti şəkildə İslamla, müsəlmanlıqla əlaqəsi olmayan, əksinə, müqəddəs kitabımız və Peyğəmbərimizin(s.ə.s) hədislərində hər zaman pislənən məziyyətlərdir.
Geridə qalmışlığın, cəhalətin İslamla bir bağı yoxdur. Amerikanın, Afrikanın, Uzaq Asiyanın bir çox ölkələrində də biz bu tip zorbalığı, cəhaləti rahatlıqla görə bilirik.
Bir də ürək ağrıdan məqamlardan biri - Ingiltərədə rahat bir mühitdə böyüyən Zana Yəmənin dağ kəndlərindəki şəraitsizliyə, ağır həyat şərtlərinə dözə bilmir. Bir an öncə burdan canını qurtarıb qaçmaq istəyir. Bu onun haqqıdır. Səhv anlaşılmasın. Heç kim istəmədiyi həyatı yaşamaq məcburiyyətində deyil. Lakin o şəraitdə dünyaya gəlib, ömrünün sonuna qədər o cür yaşayan ərəb qadınlarının heçmi haqları yoxdur? Onların sırf ərəb olub, o regionda yaşadıqları üçün bütün həyatlarını o ağır şəraitdə keçirmək məcburiyyətində olmaları insanı düşündürür.
Kitab Zananın özü tərəfindən bəlkə bacısını qurtarmağa köməyi olar məqsədilə yazılıb və Avropada xeyli səs-küyə səbəb olub. Bir çox dilə tərcümə olunaraq böyük oxucu kütləsi toplayıb. Əminəm kitabı oxuyan hər bir kəs Zana və bacısı Nadianın başına gələnlərə təəssüflənir, onların qurtuluşunu ürəkdən arzulayır. Bəs görəsən arxa plandakı, qara çarşaflı və o çağdaş köləlik zənciri altında qalan yerli qadınların halını düşünən oldumu? Ölkələrinin yoxsulluğunda və geridə qalmışlığında o qadınların heç bir günahının olmadığını avropalılar düşündümü heç... İnanmıram...
Bir də əsərdə hiss və duyğulara çox az yer verilib, əsas olaraq hadisələr dilə gətirilsə də yaşananlar məni doğurdan da çox sarsıtdı, kitabı əlimdən yerə qoya bilmirdim. Nə ilə nəticələnəcəyini böyük maraqla gözləyirdim. Amma bununla yanaşı, bəzi məqamlar düşüncə dünyama taxılıb qaldı. Məsələn, Zananın anasının qızlarını qurtarmaq üçün əlindən gələni etməsi, hər cür yola baş vurması çox təqdirəlayiqdir. Lakin Zananın hələ 3 və 4 yaşlarında ikən Yəmənə, nənə-babasını görmək üçün göndərilən və sonradan bir daha gəlməyəcəkləri, ataları tərəfindən bir dəfəlik göndərildikləri öyrənilən bacısı Leilah və qardaşı Ahmedin qaytarılması üçün niyə ana eyni canfəşanlığı göstərmir. Körpə yaşlarından ailəsindən, yaşadığı mühitdən, ən əsası, ata-anasından ayrı düşən uşaqların sonradan necə ağır bir uşaqlıq yaşadıqlarını biz Zananın sayəsində öyrənirik. Belə bir müsibəti bir dəfə yaşamış ana hansı ürəklə iki qızını Yəmənə tətilə göndərməyə razı olur.
Bir də Zananın öz azadlığı üçün oğlu Marcusu Yəməndə qoyub getməsi... Onun qarşısına iki seçim qoyulur. Ya övladı ilə Yəməndə qalacaq, ya da oğlunu qoyub gedəcək. Azadlığı üçün illərlə çırpınan bir ana üçün çox ağır seçimdir bilirəm, ancaq övladını qoyub getməsinə heç cür bəraət qazandıra bilmədim qəlbimdə nə yalan deyim. Mən olsam necə hərəkət edərdim heç bir fikrim yoxdur. Lakin məndən başqa heç kimdə qalmayan, bütün günü ətəyimdən yapışıb məni gözdən qoymayan balamı başqasının qucağına buraxıb getməyə də qəlbim dayana bilməzdi yəqin ki...
Nə bilim anladacaq hələ çooox şey var... Amma bitməz ki...
Bu arada Zana ölkəsinə döndükdən sonra Ahmed və Leilah da Ingiltərəyə dönməyə nail olurlar. Nadia sonradan dönə bildimi, başına nələr gəldi deyə axtardım İnternetdə. Fərqli məlumatlar var. Nadianın 6 uşağının olduğunu və Zanadan fərqli olaraq uşaqlarından ayrılmaq istəmədiyi üçün Yəməndə qalmağa davam etdiyini də oxudum. 2003-də həyat yoldaşı və uşaqlarla birlikdə Ingiltərəyə gəlib orda yaşamağa başladıqlarını hətta Zananın oğlu Marcusu gətirdiklərini də oxudum. Hansı doğrudur bilmirəm.
Tək bildiyim Zana Muhsenin " Nadyaya söz verdim" adlı ikinci kitabının da çapdan çıxmasıdır. O kitabı da tapıb oxuya bilsəydim çox sevinərdim. Qismət...