28 Ekim 2019 Pazartesi

Qurban Səid / Ali və Nino

 
   Salam olsun yazımı oxuyan bütün gözəl qəlbli insanlara🤗. 

   Birdən hiss elədim ki, uzun müddətdir sizinlə salamlaşmıram. Yazılarımı öncədən hazırladığım üçün, həm də söhbət tərzində deyil, adətən ya yazdıqlarımı, ya da oxuduqlarımı yayınladığım üçün bunu etmək imkanı çox olmur. 

   Amma bu gün salamla başlamaq istədim. Və bundan sonra axtarıb ürəyimə yatan bir mim yazısı ilə gələcəm görüşünüzə söz verirəm. Çünki sizinlə söhbət etmək, qəlbimdən keçənləri bölüşmək üçün çooox darıxmışam. 

   Bu günlük isə oxuduğum növbəti kitab haqqında danışacam sizə...

21 Ekim 2019 Pazartesi

Enneagram və 7.tip


   Uşaqlığımdan bu yana ətrafımdakılardan fərqli olduğumu düşünmüşəm hər zaman. Bəzən müsbət, bəzən də mənfi mənada ...

14 Ekim 2019 Pazartesi

Ahmet Turgut/ Aşkın Şehidi



   Ara-sıra rahatlamaq üçün oxuduğum, əyləndiyim və yeni kitaba keçə bilmək üçün bir an öncə sonuna gəlməsini istədiyim kitablardan olmadı "Aşkın Şehidi"... 

   Həyatım boyu oxuyarkən bu qədər çətinlik çəkdiyim, mənəvi yükü ilə ruhuma ağır gələn, yalnız bütün düşüncə və duyğularımı içindəki mesajları ala bilmək üçün səfərbər etdiyim zaman əsərə bağlı qala bildiyim, ona görə də hər istədiyimdə deyil, özümdə bu gücü gördüyüm və konsantre ola bildiyim zamanlarda oxumağa davam etdiyim və indiyə qədər oxuduqlarımdan fərqli olaraq hadisələrin gedişatını və yaşanacaqları öncədən bildiyim halda bir möcüzə ilə fərqli sonlanmasını istəmək kimi utopik bir xəyala qapıldığım, məntiqimin mənə dirətdiyi gerçəklərə görə isə kitabın sonuna gəlmək istəmədiyim, sanki oxuduqca o sonu gətirməkdə günahkarlardan biriymişəm kimi qəribə bir ruh halına büründüyüm, bütün bu səbəblərə bağlı olaraq da kitabı bitirməyimin 2-3 ay sürməsi, bu dövrdə isə başqa heç bir kitaba yönələ bilmədiyim ilk və tək kitab oldu "Aşkın Şehidi"... 

   Peyğəmbər oğlu, Hz.Əli ilə Hz.Fatimənin ciyərparası, cənnət gənclərinin ağası Hz. Hüseynin son 99 günü və Kərbəla hadisəsi... Əsərin mövzusu budur... 

   Mədinədən Məkkəyə, oradan isə Kərbəlaya uzanan bir yolçuluq, əslində yazıçının özünün də qeyd etdiyi kimi həm irfani, həm də texniki mənada bir yolçuluq, seyri-sülukdur hadisələrin ana xəttində... 

   Və bu səyahət boyu Peyğəmbər oğlunun dilə gətirdiyi ayələr, onlara, bizə və bütün insanlığa verilən mesajlar və bu mesajları öz düha süzgəcindən keçirən peyğəmbər ailəsi... 

   Hər birisinin hadisələrə, söhbətlərə özünəməxsus baxışı... İsrarla haqqın nahaqqa, saf imanın batilə, bir növ mələyin şeytana beyətinin istənməsi... 

   Bu beyətlə babasının min bir əziyyətlə gətirdiyi, atasının həyatı bahasına qoruduğu gerçək İslamın ortadan qalxacağını bilən Hz.Hüseynin etirazı... 

   Bununla daha da alovlanan təqiblər, təzyiqlər və sıxışdırmalar... Və bu səbəbdən ailəsi ilə birlikdə Mədinədən Məkkəyə, dünyanın ən təhlükəsiz və qoruyucu yeri olması gərəkən Allahın evinə pənah gətirilməsi... 

   Amma artıq Məkkə Peyğəmbərimizin qoyub getdiyi Məkkə deyil... Burdan da çıxmalı olur cənnət gənclərinin əfəndisi... 

   Atasına, qardaşına etdikləri vəfasızlıq və dönüklüyü bilə-bilə Kufə əhlinin israrlı çağırışlarına qulaq verir... Sonlarını bilə-bilə qulaq verir... 

   Haqqın nahaqdan, İslamın batildən ayrılması üçün, qiyamətə qədər müsəlmanların Rəblərinə doğru gedəcəyi düzgün və ən qısa yolu qoymaq üçün gedir... 

   Bütün yaşanacaqlara şahid olub, olanları unutdurmamaq, sonrakı nəsillərə çatdırmaq üçün ailəsini də alır yanına... 

   Və Kərbəla çölü... Burda yaşanan insanlığın faciəsi... Peyğəmbər ailəsinin dirayəti və ucalığını, düşmən tərəfin cılızlığı və zülmünü görürük... 

   Son anda qurtuluşun müjdəçisi Hürrün tövbəsi ilə ümidlənib susuz qətl edilən körpələrə göz yaşı tökürük... 

   Bundan artığını anlatmağa nə gücüm yetər, nə qabiliyətim... Bilənlər bilir Kərbəlada yaşananları, bilməyənlər də açıb bir oxusun... Bunu öyrənmək, bilmək, bununla da öz tərəfini, doğru yolu bulmaq hər müsəlmanın borcu və vəzifəsidir Allahın və buna görə canından keçmiş İmamın qarşısında... 

   Yazıçı da Hz.Hüseynin şəhadəti ilə nöqtə qoyub əsərinə... 

   Və bu faciənin ilk romanını yazaraq bir bomba kimi düşür sünni aləminə... "Kitabı yazmaq üçün araşdırma edərkən 15 kilo arıqladım, saçlarım ağardı" deyir... "O zaman İmamın yanında ola bilmədim, heç olmasa kitabını yazmaqla xidmət edərək Hz.Fatimənin şəfqətini və şəfaətini qazanmaqdır ümidim" deyərək də əlavə edir... 

   Bundan sonra ikinci romanı da yazır Ahmet Turgut... Hadisələrin davamı kimi... Hz. Zeynəbin Kərbəladan sonrakı həyatı və mücadiləsini anlatır "Aşkın elçisi" kitabı ilə... 

   Kitab əlimdə olduğu halda bir az ertələdim onu oxumağı... Çünki hələ "Aşkın Şehidi"ni yeni bitirmişəm və yenə belə bir kitaba başlamaq üçün zaman və güc toplamağa ehtiyacım var... 

          (Kitabın arxasındakı qeydən) 

   Kerbela ikazla yetinmez. Kurtuluşun yolunu da gösterir. "Hüseyn'i Allah katından sana üflenen ruh belle!.. Arına paklana yücelirsen sen de Rabbinden bir delil oldun demektir. Aşka şahit isen bu Şehadet kutlu olsun. Sen Aşk ile her dem diri kalanlardansın. Ve "Aşkın Şehidi'sin!.."

7 Ekim 2019 Pazartesi

Günəş və çiçəyin nağılı




   Qönçəsindən ləçəklənib gözlərini mavi səmaya açar-açmaz görmüşdü onu. İlk gördüyü andan da aşiq olmuşdu. Əzəməti, yaraşığı, şəfqəti sehirləmişdi elə bil çiçəyi.

   Hər səhər ləçəklərini oxşayan isti, mehriban barmaqları onu günü-gündən bağlamışdı özünə...

   Onsuz bir həyat düşünə bilmirdi... Hər gün axşama yaxın, sevdiyi bütün istisini, işığını da toplayıb qarşıdakı dağın arxasına istirahə çəkiləndə ertəsi səhərəcən kiçicik qəlbində aşıb-daşan özləmlə gözləyərdi yolunu...

   Bir müddət sonra sevgisinin təktərəfli olmadığını anlamışdı. Sanki günəş də onu görmək üçün daha erkəndən aydınladırdı göy üzünü.

   Sonsuz saylı barmaqları ilə bir-bir bütün yer üzündəki çiçəklərə xəfifcə toxunub onları yeni bir günə oyadanda bizim çiçəyə toxunuşu bir başqa olardı sanki ... O qədər xəfif, o qədər sevgi dolu idi ki bu toxunuş çiçək ləçəklərindən köklərinə qədər axan sevginin coşğusuyla bütün gününü dünyanın ən məsud canlısı olaraq keçirərdi. 

   Günəş isə yerindən tərpənmədən vəzifəsini qüsursuz bir şəkildə yerinə yetirərkən çiçək olurdu hər zaman ağlında, qəlbində... Hara baxsa onu görürdü sanki... Uçan kəpənəklər, əsən küləklər, rəqs edən yarpaqlar hamısında çiçəyi görürdü.

   Nə zaman nəzərini ona çevirsə çiçəyin ona zillənmiş məsum baxışlarına şahid olurdu. Və bu ona elə bir sevinc, elə bir qürur hissi bəxş edirdi ki, o baxışlardan başqa heç nə düşünə bilmirdi...

    Günəş hamıya aid idi... Hamının ona ehtiyacı vardı. O da bunu bilirdi. Var olduğu gündən hər zaman məsuliyyətinin və önəminin fərqində idi. Lakin indi ilk dəfə idi ki, kiçicik bir qəlbdə ehtiyacın çox üstündə, bambaşqa bir duyğunun ona qarşı bəsləndiyini görmək həyatına fərqli bir rəng qatırdı... Sanki o hər gün dünyanın indiyənəcən dadmadığı ləzzətlərini kəşf edirdi.

    Bu duyğu onu ağuşuna elə bir almışdı ki, zamanla çiçəyin tək sahibi hiss etdi özünü. Bu əvəzsiz, məhrəm hissləri ondan başqa birinə yaşada bilməzdi çiçək... Bu sadəcə ikisinin də qəlblərində gizlicə qurduqları sevgi dünyasına aid duyğulardı, hər kəsdən uzaq, hər şeydən arınmış...

   Bütün günü ona baxan baxışların başqa yerə yönəlməsi qəbuledilməz idi günəş üçün. Çiçək sadəcə ona baxır, o da bütün sevgisi ilə gur şüalarını yağdırırdı çiçəyin üzərinə...

   Bir zaman sonra bu işığın istisindən çiçəyin bəzi ləçəkləri ucundan yanıb saralmağa başladı... Başı böyük eşqinə qarışmış çiçək yavaş-yavaş bu eşq sərxoşluğundan oyanmağa başladı. Bütün gün sadəcə günəşə boylanmağın ona zərər verdiyini anlamağa başladı...

   Bu böyük eşq çiçəyin həyatının sonu ola bilərdi... Eşqini daha çox yaşamaq, sevdiyinin simasına daha çox baxa bilmək, ona olan duyğularını daha çox elan edə bilmək üçün çiçək bəzi zamanlar gözlərini günəşdən çəkməli idi. Ötən buludların, yanındakı ağacın rüzgarla xış-xış nəğməsini oxuyan yarpaqlarının kölgəsində gizlənməli, özünü qurumaqdan xilas etməli idi...

   Bunu anlatdığında üzüntü və qəzəbdən rəngi tutulan günəş heç bir anlam verə bilməmişdi bu istəyə... Necə ola bilərdi... Çiçək ondan başqasına necə baxa, arada onsuz qalmağı necə istəyə bilərdi... Hər şeyə həyat verən işıq və istisinin necə zərəri dəyə bilərdi axı çiçəyə... Anlamamışdı günəş... Çiçəyin bambaşqa bir yaradılışı olduğunu unutmuş, onun istəyini bu eşqdən yorulmuşluq kimi dəyərləndirmişdi öz aləmində... Deməli çiçək artıq ondan bezmişdi... Deməli indiyə qədər sadəcə özünə aid olduğunu düşündüyü çiçəyinin ondan başqa, onun olmadığı bir həyatı da olmalı imiş...

   Özü hər axşam çiçəkdən ayrılıb istirahətə çəkilsə də çiçəyin ondan ayrılıb onsuz bir neçə an istəməsi ağır gəlmişdi günəşə...

   Həyatının onun olmadığı başqa yönlərini kəşf etdikcə, onsuz bir dünyada yaşadıqca soyuyacaqdı çiçək ondan, bilirdi... Bəlkə də zamanla unudacaqdı onu, boylanmayacaq, baxmayacaqdı üzünə... Bəlkə də ona daddırdığı o ecazkar hissləri başqa birinə də bəsləyəcəkdi...

   Yox, çiçək bu aidlik duyğusunu başqasına da hiss etdirə bilməzdi... Çiçək sadəcə ona aid olmalı idi, sadəcə ona...

   Odur ki, qəti şəkildə etiraz etdi bu təklifə: "Sən mənimsən. Məndən başqa bir an da keçirməyini istəmirəm."

   Çiçək nə qədər başa salmağa çalışsa da günəş anlamaq istəmədi... Sevdiyinin qəlbini daha çox qırmamaq üçün susdu çiçək. 

   Günəş eşqi ilə birgə artan istisi ilə hər gün sarıldı çiçəyə... Sadəcə ona aid olan çiçəyi dünyanın ən xoşbəxt canlısı etdiyinə inandı... Çiçəyin hər gün bir az daha solduğunu, quruduğunu isə görə bilmədi... 

   Çiçək günəşin yandırıcı istisindən vaxt keçdikcə halsızlaşır, bütün vücudundan suyu çəkildikcə ayaqda qalacaq gücü qalmırdı... Ləçəkləri yarıya qədər saralmış, yarpaqlarının ucundan da yanmağa başlamışdı. Sonunun yaxınlaşdığını anlayırdı...

   Qısa zamanda ətrafında bütün gün onun eşqini öz aralarında pıçıldaşan yüzlərlə rəngbərəng çiçəklərlə dolu yaşıl çəməndən, qonşuluqdakı yarpaqları hər zaman rəqs edən, qırmızı almalarla bəzənmiş məğrur, hündür ağacdan, bəyaz buludları ordan-oraya qovalayan mavi səmadan və ən əsası gözlərini ona açdığı və qısacıq ömründə sadəcə ona bağlandığı sevdiyindən ayrılıb gedəcəyini görürdü...

   Bir neçə dəfə təkrar günəşlə bu məsələ haqqında danışmağa cəhd etsə də günəş ardını gətirməsinə izin verməmişdi belə... 

   Beləcə, sonunu gözləyə-gözləyə ayaqda durmağa çalışırdı çiçək... Zaman ötür, hər gün 2-3 ləçəyini və 1 yarpağını itirir, solduqca solur bizim kiçicik çiçək... Bütün qəlbi ilə ona bağlanmış sevdiyinin onun bu ölümünü görməməsinə isə üzüldükcə üzülürdü...

   Bir gün yenə istirahətə çəkilərkən son işığı və istisi ilə artıq boynu bükülmüş çiçəyinə boylandı günəş..."Sabahacan sevdicəyim, görüşərik can çiçəyim" -dedi şən səslə. Yeni bir günə ilk olaraq sevgilisini işıqlandırıb, onu görərək başlamaq ümidi və təmənnisi ilə dağın arxasında yavaş-yavaş görünməz oldu günəş...

   Çiçək isə başını qaldıra bilməsə də baxışlarını son dəfə yuxarı qaldırıb, kədərli, xəfif gülümsəmə ilə yola saldı ilk və son eşqini...

   Ertəsi gün günəş yenə sevdiyini görmə həyəcanı ilə yüksəldi göy üzünə... Çiçəyin heç dəyişməyən yerinə saldı nəzərlərini... Və o anda qəlbi oynadı yerindən... Əvvəl görə bilmədisə də çiçəyini, sonradan yerə sərilmiş solğun vücuduna ilişdi gözləri... Nə olmuşdu, nə olmuşdu sevdiyinə?!

   Çox səsləndi, çox çağırdı... Bütün nəvazişi, bütün şəfqəti, sevgisi ilə səsləndi... Amma artıq gec idi... Çiçəyin sadəcə ona yönəlməsini istədiyi üzü əbədi olaraq torpağa düşmüşdü...

   O anda anlamağa başladı çox sevməyin hər şey olmadığını, o anda anladı bəzən vaz keçməyin, öz duyğularında fədakarlıq etməyin əsl eşq olduğunu... Və o anda anladı qiyamətə qədər sürəcək həyatında çiçəyin öz qısacıq həyatını ona bağlamasının dəyərini... Bu fədakarlığın qarşısındakı qısqanclığının hədərliyini və öz eşqinin o kiçicik qəlbdəki eşqdən kiçikliyini indi anladı...

   Göy üzü günəşin utancını bütün dünyaya elan edərcəsinə qıpqırmızı rəngə bürünmüşdü...

   Həyat isə qaldığı yerdən davam edirdi - çəmən çiçəkləri pıçıldaşır, alma ağacının yarpaqları rəqs edir, buludlar yenə mavi səmada qaçdı-tutdu oynayırdı...