3 Şubat 2025 Pazartesi

Geriyə yol yoxdur (hekayə)

 



   Gözlərimi açanda bir it yanağımı yalayırdı. Nəmli, yumşaq dilin təması ətimi ürpəşdirir. Başımı yana çevirəndə sağ qulağımda kəskin ağrı hiss edirəm. Deyəsən qulağımın dibi qanayır. Bir anda harda olduğumu xatırlamağa çalışıram. Heç nə alınmır. Başımın üstündə hündür ağaclar ucalır. Günün alatoran vaxtıdır. Uzandığım yerin nəmi bədənimi üşüdür. Durub oturmaq üçün cəhd eləyirəm, bacarmıram. Bu çarəsizlik hövsələdən çıxarır məni. Heç olmasa xatırlasam, nə baş verdiyini anlaya bilsəm... Gözlərimi yumub dərindən ağrılı bir nəfəs alıram. Sinəm, kürəyim hamısı ağrı içindədir. Səsimi çıxarıb, kimisə haylamağa belə gücüm çatmır. Bayaq yanağımı yalayan it indi kənarda ləhləyə-ləhləyə şonquyub oturub. Arada bir mənə baxıb astadan zingildəyir, sonra yenə ləhləməyinə davam edir. Başımı ona çevirdiyimdə qəfil beynimdə şimşək çaxır sanki. Onun tullanaraq kiminsə qolunu qapdığı səhnə gəlir gözümün önünə. Ətrafda adamlar var. Amma üzləri buğlu şüşə arxasından baxır sanki. Heç birini xatırlaya, tanıya bilmirəm. Ürəyimi sıxır bu görüntü. Gözlərimi möhkəm yumub təkrar açıram. Hündür ağacların arasından görünən bir parça göy üzünə baxıram. Yağış çisələməyə başlayıb.

   "Alçaq!" bir fəryad gəlir qulağıma bu dəfə də... Amma səsin zehnimin dərinliklərindənmi, yoxsa kənardanmı gəldiyini anlamıram. İtə nəzərlərimi çevirirəm təkrar. Oturduğu yerdə ləhləyir yenə. Yox dəyəsən səs zehnimdən gəldi. Bir anda tənginəfəs ağacların arası ilə qaçdığımı xatırlayıram, arxamca kimsə qaçır... Yox-yox, kimsə yox, kimlərsə... Yoxsa mən hücuma məruz qalmışdım?! Yoxsa oğrular tərəfindən qarət olunmuşdum?! Məndən nə istəyirdilər? Yavaş-yavaş görüntülər çoxaldıqca yorğunluq basır məni. Yatmaq istəyirəm. Onsuz da gözlərim axır, bütün vücudum da onunla birgə harasa sürüklənir sanki... Nə qədər yatdığımı bilmirəm. Gözlərimi açanda görürəm ki, it yanımda yoxdur. Yenə qışqırıq, ah-nalə səsləri... Kimdir görəsən qışqıran? Bəlkə sevgilimdir? Mənə edilənlərəmi parçalanır ürəyi? Bəs indi hardadır? Niyə burda tənhayam? Görəsən axtaran varmı məni? Bəs birdən tapmasalar?.. Heç nə tapmasalar elə burdaca ölüb gedəcəm. Səssiz -səmirsiz...  

Bir az zehnimi işə salmağa, hər şeyi xatırlamağa çalışıram. Amma niyəsə içimdə hər şeyi yadıma salmağa çalışan tərəflə mübarizə aparan bir digər tərəf var sanki...

"Sənin kimi övlad olmaz olsun!"... Dayan dayan... Kim dedi bunu?! Atam... Atam... Qəzəbdən üz-gözü əyilmiş halda önümdədir... Xatırlayıram, atamı xatırlayıram... Bəs niyə elə dedi mənə? "Ocağımızı söndürdün balaaa!..." anamı görürəm bu dəfə də... Bir küncdə dizlərinə döyə-döyə zarıyır... 

" - Bircə günün qalıb! Ya gəlib kişi kimi ödə borcunu, ya da olacaqlara hazır ol! 

- Niyə başa düşmürsən? Dedim ki, tapıb gətirəcəm! 

- Xoruzlanma əəə üstümə, nə deyirəm tap gətir də, mən nə deyirəm ki, guya? 

- İki-üç gün də vaxt ver.

- Sən nə danışırsan əə... Daha nə qədər uzatmalıyam?!"

Ziyaaa... Terminator Ziyaa... İndi düşdün yadıma... Neylədin sən? Neylədin mənə? Dayan... Niyazi?! Yox yoox... Yox yuxudu, səhv xatırlayıram. Ola bilməz! Olmamalıdır! 

   Bir tərəfdən anamın həmişəki "A bala bir dəfə arayıb axtarmırsan, soruşmursan halımızı. Sən kimə oxşadın belə? Bu qədər də soyuqqanlı olar adam? Bilmirik nə iş görürsən, haralardasan. Nə dərdini bilirik, nə sevincini..." şikayəti gəlir qulağıma, bir tərəfdən isə mənim tam əksim olan qardaşım Niyazi...

Yenə etmişdi edəcəyini. Məsələni öyrənib səssiz səmirsiz gedib qumar borclarım üçün danışıb həll etməyə çalışmışdı hər şeyi... 

Nə danışmışdılar, necə dönmüşdü söhbət bilmirəm... Niyazinin cansız bədəni evə gətiriləndə anam havalanmışdı az qala...

   İlahi... Xatırlayıram, dəliyə dönüb necə Ziyanın məkanına hücum çəkdiyimi xatırlayıram... Hansı ağılla tək başına getmişdim ora?! Bircə Mişa vardı yanımda. Bu həyatda qayğısını çəkdiyim yeganə varlıq... Dayanmadan hürürdü. Nə edəcəkdim ki?! Həə ölmək istəyirdim... Qoy vursunlar ölüm... Qurtarsın canım bir dəfəlik... Bəs niyə ölmədim? Bəs niyə indi burdayam? 

Havadakı son işıq zərrələri yox olmağa başlamışkən, bədənimdə həyat əlamətlərini də yavaş-yavaş itirdiyimi hiss edirəm... Mişa hardansa qaçıb gəlib yenə, oturub başımın üstündə. Və tənhalığın anlamını ilk dəfədir bu qədər dərindən anlayıram... Mən həmişəmi belə tək olmuşam?! Yoxsa təklik də, belə bir son da öz seçimimdir? İndi zehnimdə, içimdə acı dolu sadəcə bir səs dolanır: "Kaş ki..."


Umman Aslan

Tapşırıq : Qəhrəmanı mənfi obraz olan fleqmatik birinin hekayəsi. Ya hekayə boyunca mənfi obraz olduğu açılsın, məlum olsun, ya da niyə mənfi obraz olduğunun altındakı səbəblər göstərilsin.

29 Ocak 2025 Çarşamba

Ağrıyan saniyələr (şeir)


Elə ağlasam, elə ağlasam

Buludlar qopub yerə düşsə

Elə qışqırsam, elə qışqırsam...

Göylər çiliklənib tökülsə

Hər ahım bir quş olub

Yüksəldikcə yüksəlsə

Onun çiyninə qonub

"Çox yorulmuşam" desə...

Çağır məni yanına 

Ağrıdır hər saniyəm

Onsuz da yaşamıram

Elə ölü kimiyəm.


Umman Aslan

Bəxtəvərin balası (hekayə)



"Cəhənnəmə olsun... Ölmək ölməkdir, xırıldamaq nə demək..." Siqaretinə sonuncu dəfə dərindən qullab vurub, bir tərəfdən gözünü acışdıran tüstünü havaya buraxarkən, bir tərəfdən də əlindəki artıq kötüyünə çatmış siqareti yerə atıb ayağının altında əzib söndürdü. Öskürüb boğazını arıtladı, bununla sanki evə girmək üçün bir güc tapdı özündə. 

   Köhnə dəmir qapıya yanaşıb zəngi basdı. Balaca qızı qapını açdı, içəriyə "atam gəldi" deyə səslənib yarım qalmış oyununun ardınca qaçdı. Burnu didilib bozarmış ayaqqabılarını qapının ağzında çıxaranda yadına düşdü ki, bu ay təzə ayaqqabı almalıydı özünə."Yaman da aldım..." deyə keçirdi içindən. Vəsilənin mətbəxdə başı qarışıq idi deyəsən. Arabir böyük qızına göstərişlər verirdi, "taxta qaşığı ver", "çaydanın altını söndür", "boşqabları çıxar"... Əynindəki gödəkcəni çıxarıb girişdəki asılqandan asdı. Divardakı boy aynasından üzündəki ifadəni görüb dayandı. Alnındakı, ağız ətrafındakı qırışları artmış, qocalmışdı sanki... İri qəhvəyi gözlərinin parlaqlığı sönmüş, kül rəngli saçlarının arasında bəyaz tüklər çoxalmışdı. Yad dərdli bir adamın baxışlarının soyuqluğu altında hiss etdi özünü... 

- Hə, nə oldu, doymadınmı özündən?

Vəsilənin səsinə diksindi. Əlləri qoynunda mətbəxin qapı çərçivəsinə söykənmiş həyat yoldaşının kinayəli baxışları xoşuna gəlmədi.

- Axşamın xeyir.

- Neynək, xeyir deyək, xeyir olsun.

- Nə olub yenə?

- Heç nə, nə olacaq? Nə problemimiz var ki, şükür? İki gündən bir qapısına evin yiyəsi dirənib pul istəyən biz deyilik ki... Üzümüzün suyu töküldü day... Nə qədər "sabah, sabah" demək olar. 

   Tərlikləri geyinib əlini yumaq üçün vanna otağına keçərkən arvadının üzünə baxmadan:

- Gəlmişdi yenə? - deyə soruşdu.

- Bəliii, gəlmişdi, - Vəsilə onun ardınca gəlib, bu dəfə də vanna otağının qapısına söykəndi. Sanki çox önəmli bir suala cavab gözləyən baxışlarını dikdi yoldaşının üzünə.

- Yaxşı, həll edərik, inşəAllah... Üz-gözünü dəsmalla qurulayıb, mövzunu bir an öncə dəyişmək üçün:

- Yeməyə nə var? -deyə soruşdu.

- Makaron eləmişəm, qovrulmuş soğanla. Hə nədir, bəyənmədin? Bəxtəvərin balası, gərək başqa şey olsun ki, bişirəm də. Dayan ey, dayan. Sən danışdın Kazım müəllimlə, başa saldın ona vəziyyətimizi? 

- Yox imkan olmadı.

- Nə oldu ey, bir həftədir o imkanı tapmadın sən? Sən nə təhər adamsan? Özünü fikirləşmirsən, bir bizi fikirləş. Bir az buzlarını ərit, bir az dilini şirin elə, bir danış dərdini-məramını anlat. Kazım müəllim dünyagörmüş adamdır halından anlayar əlbət. Bir ətrafına bax da, hamı özün bir yerə çıxardı, a zalım, sən elə olduğun yerdə sayırsan ey. Bu sosurluğun evdə öldürür məni, nə isə... Heç olmaya işdə yalandan da olsa özünü işə-gücə canıyanan göstər ki, səni də çəksinlər də qabağa... Neməti görürsən? Səndən sonra gəldi ey o idarəyə. İndi gör hardadır? Elə bilirsən sən oturub gözləyəcəksən, deyəcəklər buyur sən Allah keç başa? 

- Yeməyimi gətir.

Vəsilə bir az hirslə yoldaşının üzünə baxdıqdan sonra köksünü ötürüb mətbəxə keçdi.

- Ata, xoş gəlmisən, - axır ki, araya girmə şansı yaxalayan 12 yaşlı böyük qızı masa arxasında oturmuş atasının boynunu qucaqladı. 

- Xoş gördük, mənim balam,- qızının saçlarından öpərkən ürəyində "Eybi yox bu gün də qalsın" dedi. "İndi desəm dəli olar. Amma sabahdan geci yox, deyəcəm. Daha uzatmağın adı yoxdur. Onsuz da əvvəl-axır öyrənməlidir də işdən çıxmağımı..."


Son.

Umman Aslan


Özümə qeyd:

Bu hekayə"Uğurlu yazarın sirləri" adlı yazıçılıq kursu üçün tapşırığımdır.

Qəhrəmanı fleqmatik tempramentə sahib bir hekayə yazmaq.

12 Temmuz 2024 Cuma

Sənə qəzəl yazdım (şeir)




Nədir səni mənə çəkən, ey həbibim, adəmizad.

Əvvəl çəkib indi edir bütün qəlbim ahü-fəryad.


Sən ki zalım, sən ki yola gedilməyən bir bədnihad.

Sənlə keçən an bəs niyə olur mənə bəhcətavad?

 

Özün cəllad, danışdığın hər bir sözün cəfəngiyyat.

Di gəl səsin mənim üçün çağlayan bir eynülhəyat.


Rəhm elə gəl məhbubuna, qıyma ona dilisəyyad,

Etmə bu Ümmana zülüm, olmaginən bədetiqad.


Umman Aslan