7 Mayıs 2016 Cumartesi

Durbin börək






         Hər kəsə salamlar. Bu aralar başım o qədər qarışıq oldu ki, fürsət tapıb heç olmasa əlimdə hazır olan postları belə yayınlaya bilmədim. Həyatımın stressli, amma bir o qədər də ləzzətli dövrlərindən birini yaşadım bu aprel ayında. Körpəmin bir yaşının hazırlığı, üstəgəl çox sevdiyim rəfiqəmin diplom işini türk dilindən azərbaycan dilinə tərcümə ( bunu çox qısa zamanda bitirməm lazım olurdu deyə bütün əsəblərim tarıma çəkilmişdi) eyni vaxta dənk gəlincə birindən-birini çatdıra bilməyəcəyimi, əksik buraxacağımı düşünmək məni dəli edirdi. 3-4 gün gecələri cəmi 1-2 saat yatıb, gündüzləri sadəcə evdə önəmli işləri həll edərək başa çıxmağa çalışdım. Uşaqların götür-qoyu, dərslərini hesaba qatmıram belə...Nə isə ki, çox şükür bütün sıxıntıların sonu gözəl olduğu kimi, mənim stresslərimin də nəhayətində meyvələri şirin oldu.
Qısa zamanda yazıb burda paylaşmağımı düşündüyüm maraqlı, həyəcanlı və tam istədiyim kimi fərqli bir ad günü keçirdik , eyni zamanda tərcümənin mənə verilən hissələrini tam vaxtında tərcümə edib qaytara bildim. Və bütün bunlardan sonra 3 gün hər vaxt tapdığımda başımı qoyub yatdım :)) O qədər yorğun düşmüşdüm yəni...
    Post planımda qeyd etdiyim durbin börəyin reseptini yazmaq istəyirəm nəhayət. Çox uzatmadan başlayıram yazmağa :
Xəmiri üçün:
1 qutu qaymaq (200 ml)
2 yumurta
3,5 stəkan un
1 qabartma tozu
1 çay qaşığı duz
2 çay qaşığı şəkər
İç üçün
2 stəkan qovrulmuş ispanaq
Duz, istiot
( Zövqə görə ispanağı xırda doğranmış soğanla da qovurmaq olar.Amma çox yağ vurmayın.Yoxsa xəmiri büküb kəsmək çətin olar.)
Hazırlanma qaydası:
1. Qaymaq, yumurta, duz, şəkəri bir qabda qarışdırın.
2. Üzərinə yavaş yavaş un  və qabartma tozunu əlavə edin. Ələ yapışmayan, oxlovla yayıla biləcək bir xəmir olmalıdır.Ona görə də az olsa təkrar un əlavə edə bilərsiniz.
3. Alınan xəmiri iki hissəyə ayırın.
4. Bir hissəni götürüb oxlovla uzunsov düzbucaqlı şəklində yayın. İspanağın yarısını xəmirin üstünə töküb, hər tərəfinə yayın.
5. Sonra düzbucaqlı xəmirin uzun tərəflərindən  birini rulet kimi bükərək ortaya qədər gətirib saxlayın.
6. Digər tərəfini də bükərək ortayacan gətirin.
7. İki tərəfdən də ortaya qədər qıvrılmış xəmiri 1 sm ara ilə dilimləyin.
8. Formata dilimlənmiş parçaları üzü yuxarı şəkildə düzün.
9. Eynisini xəmirin digər hissəsinə də edin.
10. Əvvəlcədən isidilmiş sobada 180° dərəcədə üzəri azca qızarana qədər bişirin.
                   Nuş olsun!!!



Hiç yorum yok:

Yorum Gönder