15 Ağustos 2016 Pazartesi

Qabriel Qarsia Markes

      


      Aylar öncə bitirdiyim  kitab haqqında təəssüf ki, indi yazmağa imkan tapıram. Çox məşhur bir yazıçı olsa da bu kitab mənim Markeslə ilk tanışlığım idi. Kitab 3 roman ( Gözlənilən bir qətlin tarixcəsi, Küskün gözəllərimi xatırlarkən, Patriarxın payızı), 2 povest ( Bizlərdə oğru yoxdur, Polkovnikə məktub yoxdur) və bir sıra (7) hekayələrdən ibarətdir.
      İlk əvvəl yazıçı haqqında bir-iki söz söyləmək istəyirəm. Markes Nobel mükafatı laureatı, dünya şöhrətli bir yazıçı olsa da mənim yazılarından çox da baş açmadığım, könül dünyamda özünə yer tapmayan, deyil əsərlərindən tərbiyəvi bir nəticə çıxarmaq, ordakı xaos və qarışıqlıqda nə başa düşdüyümü heç cür anlaya bilmədiyim bir yazıçı oldu mənim üçün. Bu sayədə  yeni baş açmağa çalışdığım postmodern ədəbiyyatın da mənlik olmadığını anlamış oldum. Çünkü ədəbiyyat mənim aləmimdə bir mənəvi doyurucu, ruha qida, incə zövqləri oxşayan incə sənətdir. Xaos, söz oyunu, beyin bulanıqlığı və nəticədə ruh yorğunluğu deyil. Markes də əsərlərində postmodern ədəbiyyatın bütün kriteriyalarına uyaraq qeyd etdiyimiz qarışıqlıq(zaman, məkan, şəxs), mətnlərarası keçiş, plüralizm, üstqurmaca və s. kimi bu ədəbiyyatın ünsürlərindən yerli-yerində istifadə etmişdir.
      " Gözlənilən bir qətlin tarixcəsi" ərəb mənşəli, Santyaqo Nasar adlı bir gəncin bir növ ölüm tarixcəsidir. Maraqlı və qeyri-adi cəhəti budur ki, bu ölümün baş verəcəyini bütün şəhər əhli və hətta Santyaqonun özü də bilir. Hətta onun qatilləri bu cinayəti işləməkdə könülsüz olub, sanki birilərinin mane olmasını gözləyirlər. Lakin qədər müəmmalı bir şəkildə gənci bu aqibətə sürükləyir. O Anxela Vikario adlı bir qızın bakirəliyini əlindən alması iftirası ilə, həmin qızın qardaşları tərəfindən öldürülür. Lakin qızın bakirəliyinin kim tərəfindən pozulması əsərdə axıra qədər qeyd olunmur. Əsər bir az mistik və fantastik xarakterlidir.
" Küskün gözəllərimi xatırlayarkən" əsərinə başlayarkən yazıçı : "Bu kitab sevgi haqqındadır. Bədənini sevgisiz fiziki əlaqələrə sərf edərək ruhunu xərcləmədən həyatını hədər yerə yaşamış insanı ömrünün sonunda haqlayan sevgi haqqında" deyə bir açıqlama verərək əsərə məna yükləməyə çalışsa da mənim üçün onu oxumaq sadəcə bir vaxt itkisi idi. Doxsan yaşlı qadın düşgünü bir qocanın ahıl yaşında sarsaqlaması kimi izah verə bilərəm sadəcə bu əsərə. Bədii ədəbiyyat nümunəsi sadəcə söz oyunu və əyləncə deyil, müəyyən humanist ideyaları,mənəvi dəyərləri və tərbiyəvi fikirləri aşılamaq üçün bir vasitədir. Bunu unutmayaq.
      " Patriarxın payızı" əsəri mənə çox uzun və sıxıcı gəlsə də tarixin hər dövründə mövcud olmuş, taxtdan düşmək bilməyən, insanların gözündə ölümsüzləşdirilən, insanüstü bir varlıq təəssüratı oyandırılan, hər şeyə və hər kəsə hökm edən Nemrudvari firovnların və hətta bəzən belə görüntünün altındakı boş qəlibi və ya teatr kuklaları kimi görünməz iplə oynadılan,  amma özünü hər şeyə qüdrəti çatan bir qadir kimi görən zavallı diktatorların ümumiləşmiş bir obrazının həyat və yaşayış tərzini təsvir edən dəyərli bir əsərdir.
    Çoxdan oxuduğumu və gecənin bir aləmi yuxusuz yazdığımı nəzərə alaraq mənə bu qədər kifayət edər kimi gəldi. Yeni-yeni kitablar haqqında yeni-yeni yazılarda görüşmək ümidi ilə...

1 yorum:

  1. Markesin indiye qeder iki romanını oxudum. En mehşur eseri Yüzyıllık Yalnızlık oxumağa deyer.

    YanıtlaSil