15 Aralık 2016 Perşembe

Ev Işlərini necə asanlaşdırmalı

Nəhayət, post planımda qeyd etdiyim yazı seriyasının sonuncusuna gəlib çatdıq. Beləliklə verdiyim sözü də tutmuş oldum. Bunun üçün çox şadam. İndi keçək postumuza...
     Biz qadınlar hər nə qədər zərif olsaq da, həyatın bir çox sahəsinə aid işlər çiynimizə yükləndiyi üçün güclü, eyni zamanda, bütün bu işlərin altından layiqincə çıxa bildiyimiz üçün də qəhraman varlıqlarıq. Kişilər, çətin də olsa, sadəcə işə gedib pul qazanmaq, ailənin keçimini təmin etməklə mükəlləf olduqları halda qadınlar həm evdə büdcənin idarəsi, həm təmizlik, həm biş-düş işləri, həm uşaqların tərbiyəsi, onların dərsləri və siyahını daha da uzada biləcəyimiz bir çox işlərin öhdəsindən gəlmək məcburiyyətindədirlər. Həm də kişilərdən fərqli olaraq qadınlar gün boyu nə qədər çox iş görsələr də axşam ayaqlarını uzadıb "bu gün çox yoruldum" deyib çay-çörəyin hazır şəkildə önünə qoyulmasını təmənni etmək şansından da məhrumdurlar. Hər kəsin evdə olduğu və töküb dağıtdığı həftəsonunda bütün gün nəfəsi kəsilən xanımlar istirahət gününü də beləcə yola vermiş olurlar. Hələ mən həm işə gedib, həm ev işlərini çatdırmağa çalışan xanımların halını düşünmək belə istəmirəm.
      
    Belə olduğu halda bütün bu çətin işləri hər qadın özünə uyğun bir iş üsulu ilə həll edir. İlk öncə onu qeyd edim ki, evdə nənəsinin ərköyün balası olan, əlindən heç bir iş gəlməyən və bu şəkildə gənc yaşda ailə quran məndənizin təbii ki, evliliyin ilk illərində ev işlərini çatdırmaqda xeyli əziyyət çəkmişliyi var:) Ona görə də indi illərin təcrübəsi və böyüklərdən, ətrafdan öyrənib əldə etdiklərimlə formalaşan öz iş üsulumu yazmaq istəyirəm. Hələ də ev işlərində çətinlik çəkən və ya yeni evli olan gənc xanımlara bəlkə faydası olar deyə...

     Beləliklə ev işlərini necə asanlaşdırmalı sualına maddələr halında cavab axtaraq:
1. Evdə hər şeyin öz yeri olmalıdır.
Bu doğurdan da çox önəmli və ən birinci maddəmizdir. Evdə kibrit qutusu, iynədən tutmuş, plastik torbaların, oyuncaqların qısacası hər bir şeyin mütləq öz yeri olmalıdır. Belə olduqda dağınıq evi hər şeyi yerinə qoymaqla tez bir zamanda səliqəyə salmaq olur. Yoxsa bunu hara qoyum, filan şey harda idi deyə düşünə-düşünə günü başa vurmuş olarıq.
       
2. Bu günün işini sabaha qoyma.
Məsələn bu gün paltar ütüləməlisiniz. Bir-iki iş gördükdən sonra tənbəllik edib "bu gün yoruldum sabah ütüləyərəm" deməyin. Çünkü sabahın da öz işi var. Gücünüzü toplayın mən bunu edəcəm deyib elə ağlınıza gələn anda o işi həll edin. Səhəri gün anam demiş, "qurban olum öz ağlıma" deyə özünüzü təqdir edəcəyinizdən əmin ola bilərsiniz. Yoxsa sabahısı gün də etmək istəmədiyiniz bir iş çıxacaq və beləcə üst-üstə bir yığın iş toplanacaq.
       
3. Görəcəyiniz işlərin siyahısını tutun.
Günə başlarkən mütləq görəcəyiniz işləri bir vərəqə qeyd edin. Həll etdiyiniz hər bir işdən sonra vərəqdə həmin işin üstündən xətt çəkin. Bu işlərin bir-bir azaldığını görməklə sizi həvəsləndirib, stimul verəcək, həm də heç bir işi unutmadan həmin gün həll etmə imkanı yaradacaq. Hətta mənim kimi ləngsinizsə və bəzən əlinə keçən kitaba, qəzetə, telefona dalıb zaman itirmək adətiniz varsa yazdığınız işlərin qabağına həmin işi bitirə biləcəyiniz zamanı qeyd edin. Belə olduqda zamanla yarış içində olur insan və işləri təxmin etdiyindən daha tez bir zamanda bitirə bilir. Məsələn qabları yumağın qarşısına 15 dəqiqə yazdınız. Həmin qabları 15 dəqiqədən tez qurtarmağa çalışın. Bu həyəcan sizin üçün işləri də daha əyləncəli bir oyuna çevirəcəkdir.

4. Evin digər sakinlərindən kömək istəyin.
Burda daha çox uşaqları nəzərdə tuturam doğrusu. Təəssüf ki, bir çox analar "uşaq nə bilir təmizlik nədir", "uşağın gördüyü iş nə olar" kimi yalnış düşüncə içərisindədirlər. Belə düşüncə uşağın təmizlik, səliqə, yardımlaşma anlayışının inkişafına mane olur, eyni zamanda da ömür boyu bütün işlərin ananın boynunda qalmasına gətirib çıxarır. İcazə verin balaca köməkçiləriniz sizə dəstək olsun: otaqlarını yığışdırsınlar, öz dolablarını səliqəyə salsınlar, yeri gəldikdə, toz alsınlar, qab yusunlar... Əvvəl ürəyinizcə etməsələr də zamanla onların sizin üçün necə böyük kömək olduğunun fərqinə varacaqsınız. Həftə sonları səhər yeməyini yoldaşınıza hazırlatdıraraq onu da bu yardımlaşma kompaniyasına daxil edə bilərsiniz :)

5. Dərindən təmizlik işlərini bir gündə etməyə çalışmayın.
Biz qadınların adətidir - bayramqabağı və ya qarşıdakı ad günündə bir çox qohum- əqrəbanın evə gələcəyi nəzərə alınaraq ev mütləq dərindən təmizlənir. Bunu isə 1 və ya maksimum 2 günə sığışdırmağa çalışırıq. Belə olduqda həddən artıq yorğun düşürük, bir dahakı dərindən təmizlik də gözümüzdə kabusa dönür. Bunun olmaması üçün işi daha geniş zamana yaymaq və hər günə bir iş qoymaq lazımdır. Məsələn ya hər gün bir otağı təmizləmək, ya da bir gün şüşələri silmək, digər gün evdəki bütün dolabları səliqəyə salmaq və s.
                
6. İşlərin arasında özünüzə istirahət zamanı qoyun.
Bütün günü işləmək sizi həm bezdirər, həm də çox yorar. Arada özünüzə çay və ya kofe dəmləyib 15-20 dəqiqəlik istirahət vaxtı ayırın və ya yarım saat yatın, uşaqlarla oynayın, televizor izləyin, kitab oxuyun, qısacası, sizə özünüzü yaxşı hiss etdirəcək məşğuliyyətlər tapın.

7. Ev işlərini sevin.
Onları əziyyət olaraq deyil, sizə savab qazandıran bir ibadət və kalori yandırıb sizi hər zaman formada saxlayan bir məşğuliyyət kimi baxın :)
     Hələlik ağlıma gələn bunlar oldu. Sizin də əlavə etmək istədiyiniz bir maddə varmı? İnşallah faydalı bir yazı olmuşdur ümidilə digər yazılarda görüşmək üzərə Allaha əmanət olun...♡♡♡








6 yorum:

  1. Ayyy ne gözel yazmısan canım menim.eslinde bunlar seni tanıdığımdan beri sende gördüyüm iş prinsipleridi hansıki men de öz tecrübemde bu prinsipleri istifade edib çox faydalanmışam.ama her zaman xarici saytlarda görüb oxuduğumuZ bele postların öz ana dilimizde oxumaq lezet edir.ellerine sağlıq canım menim.xüsusile de "qurban olaram ağıllı canıma"😂😂😂

    YanıtlaSil
  2. :))) Çox sağ ol canım bacım. Mənim də səndən öyrəndiyim biiir sürü şey var. Oxumana sevindim. Çox gec görmüşəm yorumunu. Sorry...

    YanıtlaSil
  3. Salam canım bacım.Yazdiqlarını oxudum. Cox beyendim.Her zaman her konuda senden destek alıb ve cox şey qazanmışam.Amma cox teessüf ki uşaqlara iş gördürmek konusunda başarılı olmamışam.Yazdıqların mene stimul verdi.Calışacağam ki bundan sonra dediyin kimi edim.İnşaallah bu defe de yanılmaram.Canım menim öpurem seni . Teşekkürler

    YanıtlaSil
    Yanıtlar
    1. Əstağfurullah bacı. Sən özün o qədər qoçaqsan ki, uşaqlara gördürmək ehtiyacı hiss etmirsən :) Amma belə həm özünə , həm də onlara çox şey qazandırmış olarsan inan mənə. Sənə uğurlar :))

      Sil
  4. merhaba, yeni açtığım blog'un tanıtıma ve ziyaretçiye ihtiyacı vardır, isterseniz blogger destekçisi olalım, saygılarımla.

    http://gezgiccift.blogspot.com.tr/

    YanıtlaSil
    Yanıtlar
    1. Bloğunuzu ziyaret etdim bile. Hayırlı uğurlu olsun inşallah.

      Sil