🔸️Müəllif: Okay Tiryakioğlu
🔸️Milliyət: Türk
🔸️Səhifə : 228
🔸️Qiymət : Orta - 3/5
✔"Fırtınanın gövdəsində çatlar yaratdığı uçurumun ağzındakı qocaman bir ağacdansa, üstündən küləklər əsərkən əyilən, amma az sonra yenidən dikələn bir buğda sünbülü olmasındadır insanın hünəri!"
Sətirlərində qan, barıt və yanıq ət qoxusu, qulağınızın dibində yaralı fəryadları, at kişnərtisi, qılınc cingiltisi, top guppultusu sədalarının bir an çəkilmədiyi, qanlı döyüşlər, saray daxili intriqalar, bir kölənin bitməyən nifrəti, qədirşinas bir cəsusun sadiqliyi və adı tarixlərə keçmiş, az qala bütün dünyaya sahib bir sultanın yalnızlığı... Kitabın qısaca özəti budur...
Yazıçı əsəri yazarkən maraqlı bir üsula əl atıb. Biz hadisələrə üç mühüm şəxsin nəzərləri ilə baxıb, onların iç dünyasının səsini dinləyərək, nələr hiss etdiklərini və düşüncələrini daha rahat anlaya bilirik.
Vəhimi Orhun Çələbi. Atası Sultan Yavuz Səlim xan tərəfindən öldürülmüş, özü isə elə həmin xan tərəfindən dustaqlıqdan azad edilərək "Çelik Hilal" adlı məxfi bir təşkilatın qurucusu vəzifəsi ilə vəzifələndirilmişdir. Ömrü boyu atasının ölümünə duyduğu qəzəb ilə, azad olunmağın minnəti arasında qalsa da, əvvəl Səlim xana, sonradan isə Sultan Süleymana sədaqətlə xidmət edən, qeyri-adi strateji zəkası və igidliyi ilə özünü heç vaxt ələ vermədən düşmən tərəfin bütün gizli planlarını ifşa etməyi, onların niyyətlərini öyrənərək sultana əksiksiz çatdırmağı bacaran bir cəsusdur. Sonradan İbrahimdən hökümdara bir zərər gələcək əndişəsi ilə Hürrəmlə yaxınlaşıb Parqalının da gizli niyyətini üzə çıxarır.
Parqalı İbrahim. Uşaq olarkən atası ilə ticarət məqsədilə çıxdıqları gəmi səfərində türklər tərəfindən əsir götürülmüş, sonradan Aybükə xatun kimi zəngin bir xanım tərəfindən satın alınaraq bir övlad kimi, yaxşı təlim və tərbiyə verilərək böyüdülmüşdür. Hər cür naz-nemət içərisində böyüməsinə baxmayaraq əsir götürülmə, ailə və ölkəsindən uzaq düşmə nisgili onun qəlbində nifrət və intiqam duyğusunu alovlandırmış, bir gün yüksək mövqeyə gələrək bütün bunların qisasını bütün Osmanlı hakimiyyətindən almaq arzusu ilə yaşamışdır. Bu məqsədinə çatmaq üçün plan quraraq gənc sultanla tanış olmağı və onun qəlbinə girməyi bacarır. Süleymanın ona safdilliklə bağlandığını düşünsə də əslində sultanın onun bütün plan və niyyətlərini bildiyindən bixəbərdir. Sonradan tatar əsirlərin arasından seçdiyi Ruslana (Hürrəm) ilə sultanın yanında və sarayda öz mövqeyini möhkəmlədəcəyini düşünsə də irəliləyən zamanda nədənsə Hürrəm ondan üz döndərərək, ən böyük düşməninə çevrilir.
Və Sultan Süleyman. Sərt və daha qəddar olan atası Sultan Səlimin ölümündən sonra hakimiyyətə gələn Süleyman daha mərhəmətli və ədalətlidir. Bir çox saray əyanı və xalq onun bu məziyyətləri ilə taxtda çox otura bilməyəcəyini düşünsələr də sonradan onun qərarlı və igidliyi ilə neçə alınmaz qalaları və ölkələri Osmanlı torpaqlarına qatıb, ölkəni gücləndirəcəyinin də şahidi olacaqlar. Süleyman hər şeyə sahib olsa da yalnızdır. O əslində hökümdarlıq dərdində olmayan, qanlı döyüşləri və istilaları arzu etməyən, həssas bir ruha sahib şairdir. Həyatın onun çiyninə yüklədiyi vəzifələr sultana ağır gəlir, onu sıxır. Bu yalnızlıqdır ki, Parqalı İbrahimin saxta olduğunu bilə-bilə dostluğuna ehtiyac hiss edir, onu özündən uzaqlaşdıra bilmir. Eləcə də Hürrəmin bütün qüsurlarını görsə də ona duyduğu yaxınlıq səbəbilə hamısına göz yumur.
Əsərdə tarixdə məşhur olan bir çox döyüşlərin və onların pərdə arxasının şahidi oluruq.
Hürrəmlə münasibəti, aralarında keçən hadisələr haqqında daha əfraflı oxuyacağımı zənn etsəm də yanılmışam. Serialdan fərqli olaraq burda Süleymanın hərəminə çox az yer verilib. Daha çox onun siyasi mövqeyi və döyüşlər yer alıb əsərdə.
Bir də Hürrəmə həsr etdiyi və eşqi tərənnüm edən bir neçə şeiri
də var səhifələr arasında.
də var səhifələr arasında.
Diqqətimi çəkən bir məqama toxunmaq istəyirəm burda. Əsər boyunca biz Süleymanın ədalətini və mərhəmətini görürük. Sultan igidliklə döyüşən düşmən, kafir cəngavərlərin, sərkərdələrin, kralların halına acıyır. Onlara xüsusi hörmətlə yanaşır. Bir kralın məğlubiyyətinin və ölümünün ağır olduğunu düşünür.
Lakin nədənsə biz Süleymanda bu kafirlərə duyduğu hörmət və ədalət hissini həmin dövrün digər müsəlman hökmdarı olan Səfəvilər pardşahı Şah İsmayıl Xətaiyə qarşı hiss edə bilmirik. Hətta əksinə hər məqamda ona təhqir edici xitablar yönəldən, hər xoşagəlməz hadisələrin arxasında şiə barmağını axtaran qatı və məzhəbpərəst bir şiə düşməni görürük.
Tarixdə çox gənc yaşında taxta oturub, böyük bir Səfəvi imperiyası yaratmağa müvəffəq olan, igidliyi ilə tanınan Şah İsmayılı qorxaq, guya kafir düşmənlərlə əlbir bir xəbis kimi göstərilməsini heç cür anlaya bilmədim. Bu doğurdan da o dövrdə Osmanlı hakimiyyətinin müsəlman qardaşı olan bir hakimiyyətə qarşı ədalətsiz baxışı idimi, yoxsa yazıçının şiə düşmənliyinin izharıdırmı, tam anlaya bilmədim. Amma nə olur olsun, bu baxış və tutum məni heç açmadı açığı. Və Süleymanın ədalət və mərhəmətini gözümdə bir mərtəbə düşürdü.
Bu arada kitabın türkcədəki orginal adı "Qanuni" -dir. Okay Tiryakioğlu bu səpkidə - Osmanlı dövründə saray və siyasət - seriya şəklində bir neçə kitabı da çapdan çıxmışdır.
Nə vaxtsa hamısını tapıb oxumaq ümidilə əsərə orta qiymət verərək sağollaşıram sizinlə...
Seçdiklərim:
Seçdiklərim:
Həqiqət heç vaxt sonadək gizli qala bilməz. Bu, həqiqətin təbiətinə ziddir. Onu nə qədər dərinə basdırırsan basdır, bir gün torpağın üstünə çıxacaq...
***
Kölə sahiblərinin nə vaxtsa amansızca icad etdikləri ən yaxşı üsuldur bu - əzilən insan başqa birini əzməkdən, eynən özü kimi çarəsiz, məzlum adamlara hökm etməkdən zövq alır...
***
Mən sənin üçün bir nərdivan olduğumu onsuz da bilirəm, amma əslində sənin mənim üçün bir pilləkən olduğunu heç vaxt bilməyəcəksən...
***
O yalançı sevgini göstərə bilmək üçün oynadığın rolda o qədər mahirləşəcək, ustalaşacaqsan ki, gün gələcək məni doğrudan da sevəcəksən...
***
Qərb memarlığı ölümün soyuq üzünü həm də bir dəhşət kimi əks etdirir. Orada şeytanın və pis ruhlarını narahat etdiyi müqəddəs fiqurları belə görmək olar. Şərq isə, ruhlara rahatlıq verən sadə üslubu ilə ölümü yolu intizarla gözlənilən sevgili kimi qucaqlayır.
Alıntılar çok güzel...Emeğine sağlık :)
YanıtlaSilBeyenmenize sevindim. Teşekkür edirem.❤
Silkeyifli okumalar diliyorum.
YanıtlaSilTeşekkürler💖
Sil