Hər səhər günəşin doğuşunu izləyirəm,
yataq otağımın pəncərəsindən...
Alnımı, burnumu şüşəyə yapışdırıb uşaq kimi,
verirəm nəfəsimi,
buğlandırıram şüşəni...
Sonra o buğlu pəncərənin arxasından yeni il işıqları kimi işıldayan
işıqlara baxıram...
Nə qədər çox işıq var...
Aydınlandıqca hava
sönür bir-bir işıqlar.
Ortaya tək-tək çıxır
qaranlıqda qalanlar.
Bir-birinə yapışmış
Sıx-sıx evlər, binalar...
Sıxır məni buralar.
Betonların, daşların arasında qalmışam,
Şəhərə uyub mən də onun tək bozarmışam...
Rənglər itib qarışıb ayıra da bilmirəm,
Bəzən olur ki, hətta nəfəs ala bilmirəm...
Cismim burda, xəyalım dolanır uzaqlarda,
Çadır qurur yerimə çiçəkli yaylaqlarda.
Gah meşədə azıram, gah gur çaydan keçirəm.
Hərdən də buz bulaqdan əyilib su içirəm.
Bir taxta daxmacıq var dağın düz ətəyində,
Ağacların altında, ot-ələfin içində.
Pəncərəyə sırmaşıb
Saçaqlı sarmaşıqlar,
Damda yuva qurubdur
qaranquşlar, qumrular.
Ağ boyalı taxtadan çəpəri var,
barı var.
Yanından gecə-gündüz
Şırıltıyla çay axar.
Mən isə yenə erdən
bir səhər oyanmışam .
Bulaq suyu ilə dolu mis çaydanı qaynadan
Çırta-çırt yanan sobaya bir az odun atmışam.
Bir adyala bürünüb büzüşüb oturmuşam.
Əlimdəki kitabı bir kənara qoyaraq
Yenə soyuq şüşəyə
səssizcə yapışmışam.
İzləyirəm qarşı dağdan
doğub qalxan günəşi...
Qulaqlarımda yaxından
axan çayın zümzüməsi.
Uşaq kimi verirəm nəfəsi,
Buğlandırıram şüşəni...
İtir dağlar, dərələr,
O yamyaşıl meşələr...
Yenə çoxlu işıq var
Sıxır məni buralar...
Umman Aslan
Hiç yorum yok:
Yorum Gönder