Vəə oxuduğum yazıçıların cərgəsinə biri də qatıldı - Haynrix Böll.
Haynrix Böllün əsərləri məndə melanxolik, həyatda bir çox şeylə razılaşmayan, qismən də üsyankar ruhlu bir yazıçı imajı oyatdı. 1941-45- ci illərin ağır müharibə şəraiti yazıçını sanki həyatdan küsdürmüşdür. Əsərlərinin hər birində bu illərin aclığını, ümidsizliyini, ədalətsizliyini görmək olur.
Onun qəhrəmanlarının hər biri müharibədən müəyyən travma almış insanlardır.
Oxuduğum kitabda ədibin "Bir təlxəyin düşüncələri" romanı, "O illərin çörəyi" povesti və hekayələri yer alıb.
"Bir təlxəyin düşüncələri" romanı əslində qəti sevmədiyim tərzdə bir əsər olsa da, maraqlıdır ki, sona qədər sıxılmadan oxudum.
Baş qəhrəman Hans Şnir adlı bir təlxəkdir. Zəngin və mötəbər bir ailənin sərt qaydalarla, bir az da şəfqətdən uzaq, yarıtox böyümüş bir nümayəndəsi. Hans öz sənətinə görə ailə tərəfindən xor görülmüşdür. Lakin maraqlı bir nüansı diqqətə çatdırır burada yazıçı. Mötəbər bir ailənin övladı olan Hansa təlxəkliyi layiq görməyən, ailə şərəflərinə xələl gətirdiyini düşünən ailənin əslində özü çox gülünc vəziyyətdədir .
Hansın anası bir zamanlar alman xalqını bütün dünyaya hakim etmək istəyən faşist və nasist düşüncələrə cani-könüldən dəstək verdiyi halda bu düşüncənin süquta uğrayıb, uğursuzluqla nəticələndiyi bir dövrdə "İrqi ziddiyyətləri barışdırma" adlı bir cəmiyyətin prezidentidir. Atası evdə heç bir söz sahibi olmayan, məşuqəsinin yanında özünə rahatlıq tapan, zəif xarakterli bir insandır. Hans uşaqlıqdan imkanları olduğu halda süni bir şəkildə qənaətə öyrəşdirilməyə çalışdırılmış, heç vaxt doyunca yemək yeyə bilməmişdir. Əslində həyatda gördüyü bu zidddiyyətlər onu təlxək etmişdir bəlkə də.
O hal-hazırki ictimai-siyasi vəziyyətlə barışmayan, bir çox məsələyə fərqli mövqedən baxan və bu görüşlərini, tərs mövqeyini özünün hazırladığı pantanim səhnəciklərlə dilə gətirən istedadlı bir aktyordur əslində. Bütün ümidlərini Mariya adlı sevdiyi qıza bağlayıb onunla öz həyatını quran öz sənəti ilə məşhurlaşan Hansın bu xoşbəxtliyi də uzun çəkmir. Nikahsız yaşamaqları qatı katolik olan Mariyanı narahat edir. Ətrafda eyni düşüncəni daşıyanların təlqini ilə o Hansdan ayrılır.
Əslində öz əqidəmə görə bu mövzuda Hansla, dolayısı ilə, yazıçı ilə razılaşmasam da Hansın laqeydliyi və soyuqqanlılığı, diqqətsizliyi bu nəticəni doğurduğunu düşünsəm də, açığı, Mariyanın bu hərəkəti məni də çox təəssüfləndirdi. Əsərin sonuna qədər Mariyanın peşman olub geri dönəcəyinə ümid etdim. Yazıçı Hansın keçirdiyi hiss və həyacanları çox gözəl təsvir edib və bu hissləri oxucuya da sirayət etdirməyi bacarıb.
Hans bu ayrılıq sayəsində böyük mənəvi çöküntü yaşayır. İçkiyə qurşanır, bütün əlaqələri soyuyur. Sonda qəpiyə möhtac hala gəlir ki, ona əl uzadıb bu düşkünlükdən xilas edəcək heç kiminin olmadığını da bu zaman anlayır. Və küçə musiqiçisi olaraq həyatına davam etmək qərarına gəlir.
Ədibin istər bu romanında, istərsə də digər əsərlərində məni qane etməyən məsələ də budur. Əvvəldə də qeyd etdiyim kimi qəhrəmanlar, dolayısı ilə, yazıçı həyata qarşı çox ümidsizdir. Düşdükcə düşür, batdıqca batırlar. Xilas üçün ətrafdan dəstək gözləyirlər. Silkələnib ayağa qalxmaq, özlərini ələ almaq, dərd və problemlərinə özləri çarə tapmaq ağıllarına belə gəlmir.
Hansın sadəcə bir günündən bəhs edən, bu gündə ara-bir keçmişə gedən, o zamanların xatirəsini göz önünə gətirən, Hansın indiki ovqatını və Mariyanın onsuz davam edən həyatını öz xəyalında canlandırarkən keçirdiyi hissləri təsvir edən Haynrix Böllün bu romanını oxumağınızı tövsiyyə edirəm.
Hiç yorum yok:
Yorum Gönder