7 Mart 2021 Pazar

Tükənməyən arzularımız...

 


   İnsanoğlunun istək və arzuları tükənməzdir. Arzularımızın arxasınca getmək, bu uğurda maneələri aşmaqdır bəlkə də həyatımıza rəng qatan, "yaşamağa dəyər" dedirtən. Dünya yaranandan bu yana nə qədər fərqli arzular, nə qədər rəngarəng diləklər gəlib keçib qəlblərdən kim bilir?!...

  Günümüzdə isə arzularımız  qəlibləşib, ucsuz-bucaqsız xəyallar sanki tikanlı məftillərlə çevrələnib. Kapitalizmin hər yerdən gözümüzə soxub, beynimizə yeritməyə çalışdığı geyimlər, yeyəcəklər, əşyalar və hətta "mükəmməl" həyatlar o rəngbərəng arzu və xəyalların yerini alaraq bizi dəyərsiz diləklərin ovçusuna çevirib. Ehtiyacımız olmayan bir çox şey təmtəraqlı reklamları ilə gözümüzü boyayıb dolabımıza, evimizə, həyatımıza girməyə müyəssər olurlar. 

  Bəs bu ucuz arzuları əldə etmək bizi tətmin edirmi?- Etmir. Dərhal yeni bir arzunun ardınca düşürük. Əldə edə bilmədiyimiz zaman nə baş verir? - Başqalarının həyatına baxıb, onlarla özümüzü müqayisə edib, həyatda bir çox şeydən məhrum qalmış kimi hiss edərək qəm dəryasına qərq oluruq. Bu bitməyən döngüdə dolanıb dururuq. Nəticədə bədbəxt hiss edən, həyatından narazı insanlara çevrilirik.

  Çünki unuduruq, bunun üçün yaradılmadığımızı unuduruq. Biz daha ali məqsədlərə can atmaq, daha dəyərli olanları arzulamaq üçün yaradıldıq. 

  Bircə duyğularımızın yaradılış hikmətinin mahiyyətinə vara bilsək, inanın, yaşamaq çox daha asan olar...


Hiç yorum yok:

Yorum Gönder