18 Ekim 2018 Perşembe

Payız gəzintisi - Lənkəran



   Salam olsun payız günlərində xəzanla hüzünlənən, qara buludlu səma ilə qüssələnən, yağışla yuyunub, küləklə daranan ağacları pəncərənin arxasından isti çayı ilə seyr edən və hər şeyə rəğmən bu sonuncu baharın gözəlliyini layiqincə duyan həmzövqlərimə, yəni payızsevərlərə.
😊
   
   
   Bəli bu il tam qənaətə gəldim ki, mən yalnız yazı, baharı sevmirəm. Baharla yanaşı payıza da aşiqəm. Çünki təbiətə vurğunam. Və təbiət daha çox bu iki fəsildə rəngdən-rəngə keçdiyi, haldan-hala düşdüyü üçün onlara olan sevgim digərlərindən bir qat daha çoxdur. 


   Fəsilləri bütün ruhumuzla duymaq üçün gedib meşənin ortasında və ya dağın yamacında kiçik bir daxma tikib yaşamalıyıq, məncə. Bu mümkün olmadığına görə heç olmasa hər fəsildə ən az bir dəfə gedib gəzməli, təbiətdə baş verən dəyişiklikləri müşahidə edib təfəkkürə dalmalıyıq. 



   Mən də payız başlar-başlamaz tutdurdum xəzan görmək istəyirəm deyə. Nəhayət, keçən həftə sonu üz tutduq cənuba. 


   Amma nə yalan söyləyim kəndə çatanda xəyal qırıqlığına uğradım. Çünki burada təbiət payız deyil yaz yaşayırdı sanki. Aramsız yağan yağışlar yarpaqları yuyub parıldadıb, otu-ələfi elə bir göyərtmişdi ki, bir anda yamyaşıl bir baharın ortadındaymışıq kimi gəldi. Nə sarı yarpaqlardan əsər-əlamət vardı, nə də xəzandan.  


   Məndən olsa çıxar, yağışda təpədən-dırnağa islana-islana  torpağın qoxusunu bol-bol ciyərlərimə ala-ala,  ayaqqabılarımı bulaşdıran palçığa heç aldırmadan doya-doya gəzərdim. Amma gəl gör ki, dünyalılar belə havada gəzməyi mümkünsüz hesab edirlər.😊


   Nə isə bir gün evdə oturası olduq. Amma bir yerdə duraram mı heç?! Nə yağışa fikir verdim nə də ətəyimi isladan otlara düşdüm bağın-bostanın canına.


   İlahi, bu nə gözəllik! Bostanın tağı dağılmış, sovulmaqda olan son məhsullar azca saralmağa başlayan yarpaqların altından işarır. 


   Payız armudlarını saxlamağa gücü çatmayan ağac barını sərmiş kölgəsinə... 


   Xurma, heyva, əzgil ağacdakı mövqelərini itirməməkdə israr edən yaşıl yarpaqların arasından üzərində büllur dənələri düzülmüş şəkildə boylanır...



   Bağ, bostan da bir başqa dünyadır məncə. Öz qayğıları, kədərləri, sevincləri olan... Mənə sehirli bir dünya təsiri bağışlayan...


   Sabahısı gün yağış ara-ara yağsa da günortaya doğru bir az səngidi. Biz də bunu fürsət bilib kəndimizə ən yaxın olan istirahət məkanına qaçdıq - Baba bulağı.  


   Bura çox qəribə yerdir. Kiçik bir ərazidə həm meşəsi, həm gölü, həm oturma yerləri, həm gəzinti üçün istirahət məkanını dörd dönən cığırları, xiyabanı, qısacası, bizə lazım olan hər bir şeyi var. Ən az saat yarım, iki saat vaxt lazım olur ərazini tam şəkildə gəzib dolanmaq üçün. 


   Və burada payızı az da olsa hiss edə bildik. Vaxtımız az olduğuna görə bol gəzə bilməsək də, buraları çox yaxşı tanıdığım üçün ən gözəl yerlərini gəzib dolaşdıq. 


   Gölün qırağı ilə gəzə-gəzə başa çıxdıq. Xəzəl tökülmüş yolda xış-xış yarpaq
axtarsaq da nafilə.😑 Bunu anladım ki, Cənub zonasının nəmişli bir iqlimi olduğu üçün yerə tökülən yarpaq dərhal rəngini dəyişib çürəməyə başlayır. Burada payızda yerlərə sarı yarpaqdan çox qəhvəyi yarpaqlar sərilir.


   Ordan gəzə-gəzə və yağışın naxış vurduğu otu, yarpağı heyran-heyran müşahidə edə-edə mənim mistik məkanıma - körpüyə gəlib çıxdıq. Yenə eyni qəlb coşğusi ilə izləyib, məhzun körpünün şəklini çəkib, üzərində foto üçün pozalar verib ( həm də nə pozalar:)) düzəldik hündür palıd ağaclarının arası ilə yenidən gölə doğru. 


   Gölün üzərində qurulmuş oturma yerlərindən birində oturub salxım söyüdlərlə bəzənmiş, üzən qazlarla daha da gözəl görünən bu gözəlliyi çay içə-içə seyr etdik. Kişilər qarmaq atıb balıq tutmağa çalışsalar da, bəxtləri gətirmədi.😊


   Və heç ayrılmaq istəməsəm də cənubun bu özünəməxsus payız mənzərələri ilə vidalaşıb geri döndük. 

   Təkrar-təkrar söyləmək istəyirəm. Vətənimiz o qədər gözəldir ki, hər küncündə, hər bucağında bir gözəllik yatır. Mütləq gedin gəzin. Bu fürsəti əldən verməyin.  Vaxt, imkan deməyin. Bir günlük belə olsa yetir. Özünüzü bu gözəllikdən məhrum buraxmayın. Və cənuba yolunuzu salsanız bilin ki, burada bambaşqa bir payız qarşılayacaq sizi.

   Nə yalan söyləyim mənim bu gəzintidən nə gözüm doydu, nə də könlüm. Başqa bir bölgəyə, gerçək xəzan görəcəyim məkanlara getmək və o gəzinti haqqındakı düşüncələrimi sizinlə də paylaşmaq ümidi ilə bitirirəm yazımı. Oxuduğunuz üçün təşəkkürlər. ❤

PS: Gəzintimizi varlığıyla daha da maraqlı edən və heç bezmədən, böyük bir səbirlə şəkillərimi çəkib məni tarixin yaddaşına salan(😁)  can bacıma burdan təşəkkürlər.

Qeyd:
2016-nın qışında eyni yerləri gəzmişdik. Və qışda payızı daha çox hiss etmişdik. Bununla əlaqədar yazdığım bir postun adına da sirayət etmişdi bu hal :
Payızdan qalma qış. (Oxumaq üçün toxunun)

8 yorum:

  1. Çok güzel fotoğraflar, sabah sabah gönül gözüm açıldı.
    Elinize, yüreğinize sağlık, selamlarımla...

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm. Fotoları bəyənmənizə sevindim. Gününüz hep aydın olsun😊 Sevgilər.

      Sil
  2. Yazını oxuyarken bele insana pozitif enerji veren,zerif,ince ruhu yazısındakı her kelmesine yansıyan,gelbinde pisliye zerre geder yer olmayan,sadece gözellikle dolu olan canım bacım.Mene tebieti gezmekden daha cox,seninle beraber zaman kecirmek oldu.Ruhun o geder saf ve temizdir ki,seninle bir saatlig yürüyüş bele yetir insanın sıxılan ruhunun dinceltmeye .Tebieti seven insanlar mene ele gelir dunyanın en mesum insanlarıdır.Rebbimin yaratdığı her gozelliyi goren,her şeyde gözellik axtaran bacim.Yazıların huzur verir.Sen hemişe yaz,sen yaz ki,bizde oxuyag..

    YanıtlaSil
    Yanıtlar
    1. Ayy çox təşəkkür edirəm can bacım. Nə qədər iltifat etmisən bir yorumla🙈 Utandırdın məni. Mənim üçün də səninlə keçirdiyim vaxt çox dəyərlidir. Və siz oxuduğunuz üçün yaza bilirəm mən. Sənin timsalında bütün yazılarımı oxuyanları bağrıma basıram. Yaxşı ki, varsınız.❤❤❤

      Sil
  3. Fotoğraflara bayıldım çok güzeller <3<3<3.

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Teşekkür edirem. Beyenmenize çox sevindim.❤

      Sil
  4. allam bu nasıl güzel bir yer böyleeeee :)

    YanıtlaSil
    Yanıtlar
    1. 😁 Hem de nece gözel. Kaş ki gelib geze bilseniz buraları Deep. Vetenim cennetden bir parça 😍

      Sil