20 Eylül 2018 Perşembe

Bir az söhbət edək...

   

   Salam, yazımı oxuyan dünyanın ən yaxşı oxucusu, könlümün sultanı!
   
   Bir çox şeydən yazdım, danışdım bu zamana qədər. Bu dəfə bir az da səndən danışaq, söhbətləşək istədim. Ona görə də məhz sənə ithaf edirəm bu yazımı.
  
   Mən həyatımda yaxınlarımdan başqa hər bir kəsə "siz" deyə müraciət edən biriyəm.  Bu gün sənə o cür xitab etməyəcəm. Nə də olsa sən də mənim yaxınım sayılırsan. Çünki qəlbimdəki ən mübhəm hisslərimə şahidsən.
   
   Bilirəm sən həftənin hər bazar ertəsi və cümə axşamı günü saat 10-da yayımlanacaq yazımı gözləyən vəfalı  sirdaşımsan. Demirəm səbirsizliklə, böyük həyəcanla gözləyirsən. Amma ən azı bu dəfə görəsən nədən, hansı kitabdan yazıb deyə lap azacıq da olsa maraq olur qəlbində. Yəni, olur deyə ümid edirəm.🙄
   
   Bəzi yazılarımda bəlkə özünü, iç səsini duyub duyğulanmış, bəzi yazılarımda "wao nə qəşəng yazıb" deyə içindən ilıq hisslər axmış, haqqında danışdığım kitabları oxumaq həvəsi səndə oyanmış, bəzi yazılarımda da "nə danışır ey bu qız?; bu dəfəki yazı çox sıxıcıydı, buna bir quş" deyib vaxtına heyifsilənmisən.
  
   Bunların hamısı olabiləcək və çox təbii ehtimallardır. Amma səndə hansı duyğuları oyatmağımdan asılı olmayaraq bil ki, burda olmağın, bax elə hal-hazırda bu yazımı oxumağın mənim üçün dünyalara dəyər.
   
   Mən bloq yazmağa başlayarkən özümdən başqa bir Allahın qulu yox idi yazılarımı oxuyan. Heç kimə duyurmadım çünki, çəkindim, həm də doğrusu rahat olub, istədiyim kimi yazmaq istədim. Tam bir il. Bir il özüm yazıb özüm oxudum.😊Bloqumun bir yaşında səs saldım ətrafıma. Oxunmaq istədim artıq (Həmin yazını oxumaq üçün çıq-çıq).
   
   Yəni mən həmişə belə olduğunu zənn etdim. İndi düşünürəm də o vaxtlar mən heç vaxt maraqlanmırdım.  Görəsən bloquma gələn olubmu, yazımı oxuyan olubmu, deyə heç vaxt yoxlamırdım statistik məlumatları. Bəlkə də sən elə ilk zamandan mənim yanımdasan. İlk yazılarımdan etibarən oxuyursan bloqumu... Ayy, dur qız, həyəcanlandım lap!🙈

   Bəliiii... Nə vaxt ki, yavaş-yavaş oxunmaq, bəyənilmək adlı ləzzəti duydum damağımda artıq maraqlı oldu mənə həmin məlumatlar. Vəə arada bir yoxlamağa başladım statistik vəziyyəti. İlk vaxtlar təbii ki, ən yüksək göstərici Türkiyə idi. Bu yorumlardan da bəlli olurdu. Sonra Azərbaycan və başqa ölkələr.
   
   Amma bir müddət sonra məni həyəcanlandıran bir dəyişmə oldu. Azərbaycandan oxuyanların sayı artdıqca artdı. Türkiyədən oxuyanların 3-4 qatı oldu. 🙆‍♀️
   
   Dəyişməyən nə oldu bilirsinizmi? - Yorumlar. 😔
   
   Yenə yazan türk bacılarım, fikir bildirən türk oxuyucular. Çox razıyam hər birisindən.  Nə yaxşı ki, varlar. Sağ olsunlar, var olsunlar. Onlar da olmasa heç bilmirəm necə olardı halım.😑
  
   Amma bir bilsən ey Azərbaycanlı oxucum, sənin rəy və düşüncələrinin mənim üçün nə qədər önəmli olduğunu. Hansı yazımı daha çox bəyəndiyin, hansını heç sevmədiyin, daha çox hansı mövzularda yazmağımı istədiyin mənim üçün necə maraqlıdır, bir bilsən. Və kim olduğun, bloqumu necə kəşf etdiyin, səni bu bloqda cəzb edən şeylər və s. 

   Yaz ki, sənin sadəcə gizli nəfəsini duymayım, bloqumda qonaq edib, heç olmasa bir "xoş gəldin" deyə bilim. Yaz ki, nəyi sevdiyini, nəyi xoşladığını bilib zövqünü oxşaya bilim.
   
   Gələk bir oxucunun yorum yazmamaq səbəblərinə...
   Öz təcrübəm və müşahidələrim nəticəsində gəldiyim qənaətə görə, yazılara yorum yazmamağın bir neçə səbəbi ola bilir:
• cəsarət etməmək,
• yorumu yazıb göndərmək üçün bir sıra texniki biliklərə sahib olmaq məcburiyyəti,
• bir də "əşşi oxumağa güclə səbrim çatır, kimdi ey yorum yazmaq üçün məşğul olan" deyib yorum yazmaq zəhmətinə özünü salmaq istəməmək.😊

   İlk səbəbdən yazmayanları bloq aləmini kəşf etdikdən sonra 2-3 ay bloqları sadəcə oxuyaraq yorum yazmaqdan çəkinən biri olaraq çox yaxşı anlayıram.😶 

   Nədənsə insana yorum üçün 1-2 cümlə yazmaq dünyanın ən məsuliyyətli işi kimi gələ bilir bəzən. Sanki nə yazsan qarşı tərəf səhv anlayar, yorumuma gülər kimi mənasız və yalnış bir düşüncə içinə girirsən. Əgər sən bu kateqoriyadansansa (sözün uzunluğunda bax:)), buranı yaxşı oxu. Bil ki, kim olur olsun, hər kəs etdiyi işə görə 1-2 kəlimə rəy eşitməyə ehtiyac duyur. Müəyyən ədəb qaydaları çərçivəsində yazdığın hər bir söz qarşı tərəf üçün  dünyalar qədər dəyərlidir. Heç utanma və qəti çəkinmə. Elə indicə aşağıdakı "yorum yaz" hissəsinə get və bu tilsimi qır.😎 Nə yazım deyə düşünmə. "Salam" yaz, "burdayam" yaz, " Tilsimi qırdım" yaz. Ürəyin nə istəyir onu yaz. Ən çoxu 1-2 dəfədən sonra necə rahat yorum yaza biləcəyinə heyrət edəcəksən.
   Yorum yazmaq zəhmətinə qatlanmaq istəməyənlərə və bu işə həvəsi olmayanlara heç bir şey deyə bilməyəcəm.🙃 Canınız sağ olsun. Yorum yazmasanız da oxuduğunuz üçün təşəkkürlər.

   Bir də texniki səbəblər var demişdik... Yəni sosial şəbəkələrdə yorum yazmaq, fikir bildirmək üçün oxucunun bir hesabının olması və ya başqa ünvanla yaza bilmək üçün həyata keçirəcəyi texniki addımları bilmək məcburiyyəti.
Bu bir az çətin məsələdir. Yəni ən azından mənim kimi bu işlərdən çox başı çıxmayan birinin bu məsələləri izah etməsi doğurdan da çətin məsələdir. İnternetdə axtardım . Təəssüf ki, bir dənə də olsun bu suallara cavab verən bir yazı çıxmadı qarşıma.😔

   Nə isə. Təbii ki, yorum yazmaq məcburiyyətində deyilsiniz. Sadəcə yuxarıda saydığım səbəblərə görə dəli kimi "merak" edirəm sizləri. Yazsanız da, yazmasanız da sağ olun, var olun. Və həmişə yanımda olun.🙏🏻

   Həə ancaq mən danışsam da sizinlə söhbət etməkdən doymadım vallah. "Sohbetinize doyum olmaz yani"😉
Çox böyük keyif alaraq yazdım. Hamınızı bağrıma basaraq bitirirəm bu uzuuun yazımı. Başqa yazılarda görüşmək diləyilə... 😘❤
  

6 yorum:

  1. Uzak yerlerde yaşasakta, tanışıp birbirimizin blogunu okumaktan mutluluk duyuyorum :)

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Yene vefalı bir bloqdaşım. Teşekkür edirem. Men de sizi tanıdığıma çox memnunam❤❤

      Sil
  2. Sevgili Umman,
    sen hep yaz biz de okuyalımm. :)
    Sevgiyle kal! ^-^

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Teşekkür edirem. Cansınız...💓💓💓💓

      Sil
  3. Necə də gözəl izah etmisən fikirlərini Bəli, çoox haqlısan dediklərində insan oxuduğuna dair müsbət və ya mənfi olmasından asılı olmayaraq rəy gözləyir. Yazdığının oxunduğuna dair bir ümid, bir qığılcım. Mən artıq baxmıram statik göstəricilərə, rəyin olub olmamasına, o qədər alışmışam ki rəysizliyə 1 rəy görsəm gözlərim yaşarır sevincdən. Onsuzda blogumu ziyarət edən tək və sadiq oxuyucum sənsən. Təşəkkür edirəm, bacıcan. Səmimi və içdən söhbətin üçün.

    YanıtlaSil
  4. Cannn... Həmişə böyük məmnuniyyətlə oxuyuram yazılarını, hamısını da oxumağa çalışıram. Təəssüf ki,gec- gec ziyarət edirəm bloqunu. İnan əlimdə olsa, hər gün baş çəkərəm də... Bizim işler malum - bol-bol😑
    O ki, qaldı rəy gözləməyə gördüyün kimi yenə yazmadı heç kim 😊 Bir neçə tanış watsapdan yazdı oxuyuruq deyə. Bu qədər🙄

    YanıtlaSil