1 Ekim 2018 Pazartesi

Cenni Herhardt / T. Drayzer



🔹️Teodor Drayzer
🔹️Amerika ədəbiyyatı
🔹️340 səhifə
🔹️Qiymət : 4/5
  
   ✔Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyərlər"dir. Onun yeganə ölçüsü özünü mühafizə hissidir.
   
   Tələbə ikən Dahi və Kerri bacı əsərlərini oxuyub həyata baxışını bir az fərqli hesab edib, öz aləmimdə əsərlərinin ideyasını müzakirə etdiyim yazıçılardandır Teodor Drayzer. Cenni Herhardtı da oxuduğumu düşünmüşdüm. Amma mövzusu ilə bağlı heç bir məlumat qalmamışdı yaddaşımda.
   Cenni Herhardtda da bir qadının həyatını, bu həyatında qarşısına çıxan, onun yaşamında öz izini qoyan insanları anladıb Drayzer. Bu baxımdan Kerri bacı ilə bənzərlikləri olsa da obrazların daxili aləmi, dünyaya və həyata baxışı tamamilə fərqlidir.

   Xatırladığım qədərilə Kerri sadəcə öz həyatını qurtarmağa çalışan, şöhrətpərəstlik arzuları ilə yüksəlmək xəyalları quran bir qız idi. Cenni isə Kerridən fərqli olaraq bir növ qurbandır.
   Onun əvvəl senator Brenderlə, sonra isə Lesterlə olan əlaqəsi sırf ailəsinin maddi imkansızlıqları ucbatından yaranır. Corc Brenderin göstərdiyi mehribanlıq və qayğıkeşlik Cenniyə xoş təsir bağışlasa da ona qarşı duyduğu hisslər əkscinsə qarşı olan sevgidən fərqlidir. Lesteri isə o elə ilk andan sevir. Lakin keçmişdəki uğursuz münasibətdən gözü qorxmuş Cenni onunla Lesterin israrlarına və ailədəki ehtiyaclara görə görüşməyə başlayır.
   T. Drayzerin bu əsərində sevgi izləri gözə çarpsa da yazıçının məqsədi və anlatmaq isdədikləri başqadır.
   Cenni aşağı təbəqənin Lester isə yüksək mövqenin nümayəndələrindəndir. Onların arasındakı münasibət ilk əvvəl Lesterin bütün qadınlar kimi Cenniyə də sahib olmaq həvəsi və Cenninin evdə ac və ehtiyac içində olan ata-ana, bacı-qardaş və yeganə övladını xilas etmək kimi qeyri-təbii və hesablı bir birlikdəliyə dayansa da zamanla iki gənc bir-birlərini daha çox sevirlər. Lester Cennidən başqa bir qadının onu xoşbəxt edə bilməyəcəyini anlayır. 

   Lakin ortada olan sinfi bərabərsizlik onların evlənməyinə mane olur. Sonradan bu birlikdəlikdən xəbər tutan Lesterin ailəsi sərt tələblər qoyaraq onların birgə yaşayışını çətinləşdirir. Və uzun illər evlənəcəklərini gizli-gizli xəyal edən Cenni artıq belə bir şeyin mümkünsüzlüyünü anlayır. Həm Lesterdən, həm də onun ailəsindən daha alicənab davranaraq Lesterə ayrılmaları üçün israr edir. Ondan çətinliklə də olsa ayrılan Lester öz təbəqəsindən olan bir xanımla evlənir. Bunların hamısını Cenni səssiz və anlayışla qarşılayır. Lester öz səhvini ən sonda ölüm döşəyində Cenniyə etiraf edir. Uzun illər qızın gözlədiyi "Səni sevirəm" kəliməsini də yalnız bu zaman söyləyir. Lakin artıq gecdir. Cenni ölən Lesterin dəfn mərasiminə belə gizli gedir. Çünki o "yaddır".
   Yazıçı da məhz ictimaiyyətdəki bu bərabərsizliyi və onun insanların xoşbəxtliyinə vurduğu zərbəni gözlər önünə sərir.
   Bir də ictimai qınaq anlayışının nə qədər dağıdıcı və məhv edici gücə malik olduğunu göstərir. Məhz bu qınaq sayəsində əvvəl Brenderlə münasibətində atası ilə arasında ciddi problemlər yaranır. Sonra senatordan olan övladını dünyaya gətirməsi onları başqa ştata köçməyə vadar edir. Lesterin  Cennidən ayrılmağına səbəb də bu olur.
   Əsəri çox sevərək oxudum. Düzü, məncə, arada indiki dayaz əsərlərdən yorulanda əvvəlki yazıçılara müraciət etmək lazımdır. Mən nədənsə köhnə ədəbiyyatdan daha çox zövq alıram. Baxmayaraq ki, əvvəldə də qeyd etdiyim kimi T. Drayzerin görüşlərinə qarşı münasibətim çox da yaxşı deyil.

Seçdiklərim:

   Müdafiəsiz adamların maraqlı bir xüsusiyyəti var: onlar milçəklər üçün bir qab baldırlar, onlara heç vaxt bir şey vermir, onlardan isə çox şey alırlar.
                                  ***
   Din heç də yalnız bazar günləri eşitdiyin maraqlı fikirlər, nitqlər deyil insanların şəxsən, bilavasitə Allahla ünsiyyətdə olduqları zamanlardan miras qalmış ilahi iradənin əzəmətli və canlı ifadəsidir.
                                  ***
   Hər bir ev hər şeydən əvvəl ana üzərində bərqərar olur, ancaq bunu yalnız axıra yaxın başa düşürlər.
                                  ***
Qocaları və uşaqları həmişə izahedilməz bir mehribanlıq, gözəl və təsirli daxili ünsiyyət bir-birinə bağlayır.
                                  ***
   Xeyirxahlıqdan, səmimi, insan xeyirxahlığından real və əbədi bir şey yoxdur. Qalanların hamısı yuxu kimi keçib gedəndir.

Hiç yorum yok:

Yorum Gönder