Hər kəsə bu ilıq payız günlərində salam olsun. Neçə vaxtdır bloqumda resept paylaşmıram. Halbuki, nə qədər çox yeni reseptlər öyrənmişəm. Hamısı da bir-birindən ləzzətli. Qərar verdim. Bundan sonra daha tez-tez resept paylaşacam sizlərlə in şə Allah.
Deməli, keçən həftələrin birində bir qurabiyə reseptini yoxladım və nəticə əla oldu. Hətta şəklini həm instagram, həm də watsapda paylaşdım. Və inandırım sizi ki, telefon mesajlarla dolub-daşdı. Hər kəs bu peçenyenin reseptini, hazırlanma qaydasını soruşurdu.
Hal belə olunca niyə bloq oxucularım üçün də bu resepti paylaşmayım deyə düşündüm. Və görünüşü ilə gözünüzü, ləzzəti ilə qəlbinizi fəth edəcək bu qurabiyə resepti ilə görüşünüzə gəlməyə qərar verdim. Elə isə sözü uzatmadan başlayaq qurabiyəmizi hazırlamağa.
Xəmir üçün:
2 yumurta
2 xörək qaşığı bal (və ya mürəbbə suyu)
1 stəkandan 2 barmaq əksik şəkər tozu
1 stəkandan 2 barmaq əksik duru yağ
1 çimdik duz
1 qabartma tozu
1 vanel
Aldığı qədər un ( təxminən 3-4 stəkan)
Üzərinə:
1 yumurta sarısı
1 çay qaşığının ucunda kakao
Hazırlanma qaydası:
• Yumurtanın üzərinə bal və şəkər tozu əlavə olunub mikserlə ağ köpük halına gələnə qədər çalınır.
• Sonra duru yağ və bir çimdik duz əlavə olunub təkrar çalınır.
• Qabartma tozu, vanel və un qarışdırılıb az-az əlavə olunur.
• Yumşaq, ələ yapışmayan bir xəmir alınır.
• Xəmirdən təxminən bir mandarin böyüklüyündə parçalar qoparıb yumrulanır.
• Azca üzərindən basaraq yastılanır(çox yox) və formata düzülür.
• Kakao və yumurta sarısı yaxşıca çalınır.
• Formata düzülmüş qurabiyələrin üzərinə kakaolu qarışıq fırça ilə sürtülür.
• Qurabiyələrin üzərindəki qarışığın bir az quruması gözlənilir.
• Quruduqdan sonra iti bir bıçaqla qurabiyənin üzərinə kəsiklər atılır.
• 170 dərəcədə , təxminən 30 dəqiqə bişirilir.
Qeyd:
* Evdə bal yoxdursa yerinə istədiyiniz mürəbbənin suyunu istifadə edə bilərsiniz. Sadəcə bir az qatı olsa daha yaxşı olar. Hətta mən məsələn bəhməz(doşab) istifadə etdim və çox da gözəl alındı.
* Kakaolu qarışığın çox qatı olmamasına diqqət edin. Yoxsa qurabiyənin üstünə səliqəli bir şəkildə sürtmək mümkün olmur. Və kəsməyə tələsməyin. Üzərinin yaxşıca qurumasını gözləyin.
* Bu qaldıqca yumşalan və dadı korjiki andıran, çox ləzzətli bir qurabiyədir.
Beləliklə, bir resepti də belə təqdim etdim sizlərə. Ümid edirəm ki, siz də bişirəcək və çox bəyənəcəksiniz. Bişirsəniz mənə düşüncələrinizi yazmağı unutmayın.
Burdan bu resepti mənimlə paylaşan Fərqanə bacıma da bol-bol öpücük göndərirəm😊😘😘
Sevgiylə qalın...
Ellerinize sağlık çok güzel görünüyor..
YanıtlaSilTəşəkkür edirəm. Dadı da gözəl idi.❤
SilEnfes olmuş! Ellerine sağlık! :)
YanıtlaSil🤗Təşəkkür edirəm. Gəlin ikram edək sizə də😊❤
SilBişim düşüm işlərinə çox cəsarət edə bilmirəm son zamanlar. Amma görünüşü superdir, əminəm ki dadı da görünüşü kimi möhtəşəmdir. Cəsarət toplaya bilsəm bişirəcəyim ilk şirniyyat bu olacaq 😍😘
YanıtlaSilMəncə də bişir mütləq birdənəm. Və nəticəni mənə yaz😊😘😘
Sil