11 Ekim 2018 Perşembe

Müharibə uşaqları



   Müharibənin içindən çıxmış uşaqlığa sahib biri kimi deyərdim ki, müharibə uşaqları bambaşqa kateqoriyaya qoyulacaq uşaqlardır.



   Çünki digərləri kimi oyuncaqların və nazını çəkən böyüklərin yanında böyümür onlar...

   Onların dünyası qanlı döyüşlərin tam ortası, oyun meydanları isə ölüm dəryasının sahilləridir.

    Müharibə uşaqlarının ətrafında onları əzizləyən qohumlardan daha çox, xatirələrində yaslarını tutduğu yaxınları vardır. Və sabahın qorxusu, gələcəyin əndişəsi ilə uşaqların uşaqlığını unutmuş böyükləri...

    Müharibə uşağının sevinci, kədəri, arzuları və hətta oyunları belə özünəməxsusdur. Ölüm adiləşmiş, yemək, yatmaq, oyun oynamaq kimi sıradan bir həyat məşğələsinə dönmüşdür onlar üçün. 

   Oyunları belə fərqlidir onların. Çox yaxşı xatırlayıram, uşaq vaxtı müharibədən əvvəl ən sevimli oyunumuz toy oyunu idi. Aramızdan bir gəlin, bir də bəy seçirdik. Onları bəzəyib-düzəyərdik. Sonra mahnılar oxuya-oxuya, rəqs edə-edə gəlin köçürərdik. Gəlinlə bəyin başına zərlər atardıq...

    Müharibə başladıqdan sonra bu oyunumuz da dəyişdi. Artıq gəlin deyil, ölü köçürəsi olduq evimizdən. Qardaşım maşınla gətirərdi "tabut"u. Biz də əmim qızları və qonşu qızlarla ətrafımızda az qala hər gün gördüyümüz mənzərələri təkrarlayardıq. Saçlarımızı yolar, qışqırıb fəryad edərək ağlayardıq.

   İndi düşündükcə, bapabalaca uşaqların qurduğu belə bir oyunu xəyalıma gətirdikcə dəhşət bürüyür bütün vücudumu. Buna-uşaqlara belə bir həyat yaşatmağa heç kimin haqqı yoxdur! - deyə hayqırmaq istəyirəm var gücümlə...

   Bir dəfə anam gördü, ürəyinin ağrısına ayna olan gözləri dolu-dolu izlədi bizi. Sonra böyüklərlə danışanda eşitdim. "Dünyanın axırı çatıb, vallah" dedi, "İndiki uşaqların oyunu da ölüm itimdir".

   Ən qorxulu nağıllarımız isə düşmənə əsir düşmüş uşaqların başına gətirilən müsibətlər idi. Hər kəs gizli, təsadüf - böyüklərdən eşitdiklərini danışardı. Xəyalımızda canlandırmağa çalışardıq, əsir düşsək necə qaçıb canımızı qurtara biləcəyimizi müzakirə edərdik.

   Bizim nə divlərdən, nə yeddi başlı əjdəhalardan, nə canavarlardan, nə də küpəgirən qarılardan qorxumuz vardı. Bizim ən böyük qorxumuz və ən böyük düşmənimiz, zalım və qaniçən bir erməni əsgəri idi.

   Bir də tez-tez başımızın üstündən dəhşətli bir nəriltiylə keçən qırıcılar vardı. Səslərini eşidən kimi başımızı tutub daldalanacaq bir yer tapıb gizlənmək üçün bizi ora-bura qaçıran qırıcılar.

   Yenə uşaqlığımdan unutmadığım bir anı: Torpaqlarımızdan uzaq düşmüş, bəlkə də müharibə olmasa heç vaxt ayaq basmayacağımız yerlərə sığınmışdıq. Atəşkəs elan olunmuş, müharibə müvəqqəti dayandırılmışdı. Qaldığımız yer bir hərbi hissəyə yaxın idi. Arada məşq üçün başımızın üstündən uçan qırıcıların səsini eşidən kimi bizdən yaşca kiçik əmim qızı hər dəfəsində eyni qorxu və həyəcanla başını tutar gizlənməyə çalışardı.Və bu uzun illər davam etdi.

   Yəni bir xeyli travmalarla böyüyür müharibə uşaqları...

   Bir də köçkünlük vardı. Öz evindən, məhəlləndən, məktəbindən, qohum-əqrəbandan uzaq düşmək...
   Hər dəfə sığındığınız yerlərə alışmağa çalışmaq, özünü qəbul elətdirməyə səy göstərmək, sonra təkrar köçmək...
   Hər köçdüyündə geridə qəlbindən bir parça buraxmaq...
   11 illik məktəb həyatında 8 məktəb, 9 sinif dəyişmək... Sonra məktəb illərini xatırlamağa çalışdıqda bütün xatirələri və sinif yoldaşlarının adlarını qarışdırmaq, "o hansı məktəbdə idi, hansı sinifdəydik..."
 
    Və bu müvəqqəti, parça-parça yaşamlarla həyatdan soyumaq, hər şeyə biganə olmaq, özünə ömürlük bir dost qazanmaq istək və duyğusundan məhrum qalmaq... 

   Və bizim kimi minlərlə müharibə uşağı var bu gün dünyanın hər yerində... Sarılmaq istədiyim, başını oxşayıb təsəlli etmək, onu nə qədər yaxşı başa düşdüyümü anlatmaq istədiyim...

   Bir zamanlar gələcəklə bağlı ən gözəl xəyalımız düşmənə qalib gəlməyimiz və müharibənin bitməsi idi. Onda yenə şən-şaqraq toylar olacaqdı, yenə bolluq olacaqdı, bu ağlayışlar bitəcək yenə insanlarımız ürəkdən gülməyə başlayacaq,  şad-xürrəm yaşayacaqdı...

     Biz müharibə uşaqları böyüdük artıq, düzəldik bir az, özümüzə gəldik, uzaq-uzaq ellərə alışmağı öyrəndik və unutmağa çalışdıq ən pis anlarımızı... Lakin bir an belə unutmadıq doğma torpaqlarımızı, doğma yurdumuzu. Və ən böyük xəyalımız isə heç dəyişmədi, eyni qaldı... Hələ də qələbə gününü gözləyirik böyük ümidlə... Ondan sonra həqiqətən şad-xürrəm yaşayacağımız qələbə gününü...

PS: Bu mövzuda məni yazmağa təhrik edən 9-10 yaşımda yazdığım bir şeiri xatırlamaq oldu. Şeiri aşağıya qoyuram. Müharibə uşaqlığımın dərin bir izi kimi...

Elşənin ölümü

Səhər-səhər uşaqlar,
Yerlərindən durdular.
Şirin-şirin gərnəşib
İdmana başladılar.

Birdən güllə səsləri
Kəsilmədən atıldı.
Uşaqların hamısı
Döşəməyə yatırıldı.

Elşəni göndərdilər,
Getsin görsün ki, bu nə.
Elşən yola düzəldi.
Ancaq çata bilmədi.
Bu vaxt o yerə yatdı.
Onun isə belindən
Al qırmızı qan axdı.

Xatırlatma:
Bu arada bir ara Kelebek Etkisi bloqunda öz yadda qalan xatirələrimdən birini anlatmaq üçün qonaq olmuşdum. Türk dilində olan müharibə ilə bağlı bu xatirəmi oxumaq istəsəniz buraya toxunun. 

2 yorum:

  1. Paylaşım için teşekkür ederim harika bir yazı olmuş

    YanıtlaSil
    Yanıtlar
    1. Mən təşəkkür edirəm oxuduğunuz üçün. Və bəyənmənizə sevindim.

      Sil